Bəhruz Quliyev: “Artıq KİVDF də öz nizamnaməsində dəyişikliklər etməlidir"

"Ötən gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi. Həmin iclasda mətbuatın maddi-texniki bazasının gücləndirilməsi,  stimullaşdırılması məqsədilə növbəti addımın atılmasına zərurət yarandığı bildirildi". Bu fikirləri  Olaylar.az -a açıqlamasında "SƏS" Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

"SƏS" Media Qrupun rəhbərinin sözlərinə görə, həqiqətən də bu gün elektron media ilə print-media arasında sağlam mübarizə gedir: "Dünyada baş verən proseslər onu deməyə əsas verir ki, artıq yazılı mətbuat elektron mediadan geri qalır və rəqabətdə elektron media qalib gəlir. Sözsüz ki, qəzetlərin dövriyyəliliyinin təmin olunması üçün bütün dünyada olduğu kimi, Azərbaycanda da tutarlı sənəd - konsepsiya var. Bildiyiniz kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) yaradılıb. Fond 10 illik fəaliyyəti dövründə mətbuatın inkişafını təmin edib, çoxsaylı layihələr həyata keçirib.

Bu gün yazılı mətbuat orqanları arasında da rəqabət vardır. KİVDF tərəfindən qoyulan şərtlərdən biri də budur ki, qəzetin 2 min abunəsi və minimal 5 min tirajı olsun. Bu artıq rəqabətin ilkin şərtlərini formalaşdıran elementdir. Ona görə də bəzi mətbuat orqanları buna tab gətirə bilmir və sonda söz-söhbətlərin yaranmasına rəvac verir. Birincisi, bu şərtlər rəqabətdən sağlam çıxan qəzetlərin daha da inkişaf etməsinə xidmət edəcək. İkincisi isə obyektiv olaraq Mətbuat Şurasının keçirdiyi iclasda KİVDF-nin nizamnaməsində dəyişiklərin olunması ilə bağlı müsbət təkliflər verilib. Artıq elektron qəzetçiliyə də yardımın edilməsi, maliyyələşməsi ilə bağlı fikirlər səslənməkdədir. Onu deyə bilərəm ki, bugünkü dövr üçün dünya telefonun monitorina cəmləndiyi kimi, eyni zamanda da hər kəs artıq qəzetləri, baş verən hadisələri elektron resurslar üzərindən oxuyur. Müasir dünyanın çağırışları, innovasiyanın verdiyi töhfələr, diqtə etdiyi şərtlər onu deməyə əsas verir ki, artıq KİVDF də öz nizamnaməsində dəyişikliklər etməlidir. Belə hesab edirəm ki, bu dəyişikliklər tam obyektivdir və günün çağırışlarına cavab verir. Bu, qloballaşmanın diqtə etdiyi şərtlərdir və Azərbaycanda da bu proseslər getməlidir. Bu addım həm Fondun imkanlarını daha da genişləndirəcək, həm də Azərbaycan mətbuatının inkişafını stimullaşdıracaqdır".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR