Əhalinin sosial inkişafı üçün lazım olan hər bir şərait yaradılıb

Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla irəliləyir. Bu gün əhalinin sosial inkişafı üçün lazım olan hər bir şərait yaradılıb. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir.   Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də deyir ki,  bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasəti uğurla davam etdirir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca məqsədlərindən biri də cəmiyyətin əsas sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin azaldılmasıdır. Görülən işlər nəticəsində hazırda ölkəmizdə yoxsulluğun səviyyəsinin 5 faiz civarında olması yüksək göstəricidir.  Ümumiyyətlə, əhalinin rifahının yaxşılaşması istiqamətində görülən işlər yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Respublikamızda aparılan sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir". Millət vəkili deyib ki, ötən dövrdə bu istiqamətdə atılan bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb:  "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramları davamlı iqtisadi inkişafı təmin etməklə, sosial sahədə qarşıda duran problemlərin həlli üçün etibarlı zəmin yaradıb. Son 15 ildə 2 milyona qədər iş yerinin açılması da ölkə Prezidentinin bu sahədə uğurlu siyasətinin əyani göstəricisidir. Hazırda əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində davamlı işlər həyata keçirilir. Azərbaycanın bu il dövlət büdcəsinin təxminən 34 faizinin sosial məqsədlər üçün xərclənməsi nəzərdə tutulur. Bu, elə də kiçik rəqəm deyil, əksinə, böyük rəqəmdir. Beləliklə, bizim dövlət büdcəsi həm sosialyönümlü, həm də investisiya tutumludur. Ötən illə müqayisədə büdcənin həcmi artıb, səhiyyəyə ayırmalar təxminən 70% çoxalıb, sosial müdafiə sistemində artımlar nəzərdə tutulub, pensiya ilə bağlı xərcləmələrdə illik 400 milyon manata qədər artım var. Bu artımların nəticəsi də göz önündədir. Bir məsələ də var ki, əhalinin həyat səviyyəsi yüksəldikcə, tələbatlar da artır. Bu, təbii haldır". Bəzi dairələrin sosial şəbəkələr vasitəsilə ölkəmizə qarşı qərəzli kampaniya aparmasına da toxunan Hadı Rəcəbli qeyd edib ki, onların iddialarının heç bir əsası yoxdur: "Dünyada istehlak səbəti və yaşayış minimumu məfhumları  var. Bunlardan da minimum əməkhaqqı formalaşır. Bu rəqəmlər bizim İqtisadiyyat Nazirliyinin, Dövlət Statistika Komitəsinin hesablamalarıdır. Biz bu rəqəmləri parlamentdə müzakirə edirik. Bəzi saytlar mənim adımdan yazmışdılar ki, ehtiyac meyarı yaxşı rəqəmdir. Bu dərəcə təhrif, özü də qərəzli formada, olarmı? Mən demişdim ki, ehtiyac meyarının artması hesabına filan qədər ailəyə yardım veriləcək, bu yaxşıdır. Bugünlərdə dövlət başçısının sərəncamı ilə minimum əməkhaqqının məbləğı artırılaraq 180 manata çatdırıldı. Bu, çox təqdirəlayiq haldır və əhalinin rifahının yüksəlməsinə öz töhfəsini verəcək. Azərbaycanda qanunların aliliyi qorunur. Zaman-zaman qanunlar dəyişdirilir, daha da təkmilləşdirilir. Bütün bunlar isə dövlətimizin daha da inkişafına, əhalinin rifahının yüksəlməsinə xidmət edir. Bir həqiqət var ki, dövlətimizin başçısı həmişə ortaya siyasi iradə qoyur, islahatlar aparır. Bu gün islahatlar müsbət nəticələr verməkdədir. ASAN Xidmətdən bütün vətəndaşlar razıdır. Çünki bu qurumun yaradılması ilə bır sıra problemlər aradan qaldırıldı. Sosial sahədə isə DOST Agentliyi yaradılıb və təbii ki, bu da vətəndaş məmnunluğu yaradır.  Ölkə başçısı həmçinin, məşğulluğun leqallaşması istiqamətində qərarlar qəbul edib, kiçik və orta biznesin inkişafını dəstəkləyir.  Cənab Prezident qeyd edib ki, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həqiqətən də belədir. Xüsusilə, həssas, aztəminatlı ailələr, daha çox sosial qayğıya ehtiyacı olan insanlara göstərilən diqqət göz önündədir. Şəhid ailələrinə birdəfəlik ödəmələrin verilməsi məsələsinə hamımız şahid olduq. Məsələ araşdırıldı və Prezidentimiz hər kəsin ürəyincə olan qərar qəbul etdi. Hansı ki, bu məsələdən müəyyən dairələr öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırdılar. Amma məqsədlərinə nail ola bilmədilər. Azərbaycan mənim gözümdə dolanışıq, sabitlik, əmin-amanlıq baxımından bir çox ölkələr üçün nümunədir. Təbii ki, hər kəs istəyir ki, insanlar daha da yaxşı yaşasın, maaşlar, pensiyalar, müavinətlər bir az da yüksəlsin. Dövlətimizin həyata keçirdiyi siyasətin də məqsədi budur. Amma bütün bunlara tədricən nail olunur. Baxın, fevralın 8-də dövlət başçısının sərəncamı ilə minimum əmək haqqı artırıldı. Şübhəsiz ki, bu yöndə addımlar davamlı olaraq atılacaq. Bəzi adamlar isə müəyyən məqsədlər üçün populist çıxışlar edirlər ki, bunların da heç bir əsası yoxdur". Millət vəkili hesab edir ki, vaxtaşırı olaraq müəyyən beynəlxalq qurumlar, avropalı siyasətçilər ölkəmizə qarşı bəyanatlar səsləndirirlər: "Hər hansı kiçik məsələdəni şişirdib onu qlobal problemə çevirərək   bundan ölkəmizdəki sabitliyi pozmağa, Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Eləcə də, sosial şəbəkələrdə radikal ünsürlərin mənəviyyatdan kənar davranışları da bu məqsədə xidmət edir.  İdarəetmədən, dövlət quruculuğundan xəbəri olmayanlar sosial şəbəkələr vasitəsilə çağırışlar edib respublikada qarşıdurma yaratmaq istəyirlər. Radikal müxalifətin mitinqləri də bu məqsədə xidmət edir.  Bütün bunların hamısı Azərbaycanın uğurlarını gözü götürməyən qüvvələr tərəfindən idarə olunur. Vətəni, dövləti sevən hər bir insan onlara cavab verməlidir. Biz ölkədə sabitliyi, inkişafı qoruyub, təmin etmək üçün hamılıqla çalışmalıyıq. Sabitliyimizi pozmaq istəyənlərin, inkişafımıza mane olmağa çalışanların qarşısını almalıyıq. Bünün üçün qanunlar çərçivəsində nə mümkündürsə, etmək lazımdır".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR