Saxta brend mafiyası təhlükədə

Ölkədə 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırlıb. Bununla bağlı ölkə parlamentində qəbul edilən qanun hələ də qüvvədədir. Buna rəğmən bir sıra nazirlik və komitələr yoxlamaların dayandırılmasını təmin ediblər. Həmçinin  dövlət başçısı sahibkarlıq fəaliyyəti üçün xüsusi razılıq və lisenziya növlərinin sayının azaldılması, lisenziyaların verilməsinin sadələşdirilməsi və şəffaflığın təmin olunması barədə fərman imzalayıb. Bununla da  "ASAN" xidmət vasitəsilə sahibkarlara lisenziyaların verilməsinə start verilib. Məlumat üçün qeyd edək ki, həyata keçirilən tədbirlər ölkədə kiçik və orta sahibkarlığın inkişafına stimul yaratmaq məqsədi daşıyır. Ekspertlər hesab edirlər ki, bu məqsədlə nəzərdə tutulan tələblər dəqiq və düzgün yerinə yetirilsə, Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişafı üçün münbit zəmin yaranar. Çünki, dövlət tərəfindən atılan bu addım ölkədə sahibkarlığın inkişafı üçün stimul rolu oynayır. Yeri gəlmişkən xatırladaq ki, yoxlamaların dayandırılması ilə bağlı qanun qüvvəyə minəndə sahibkarlar özləri də da etiraf etmişdilər ki, həyata keçirilən siyasət onların fəaliyyətində əsaslı dönüş yaradacaq. Sahibkarlar  maneəsiz, şəffaf fəaliyyət göstərməklə yanaşı, əhaliyə yüksək keyfiyyətli məhsul təklif edəcəklər. Bəs, reallıqda nə baş verir, sahibkarlar verdikləri vədə əməl edir, yoxsa dövlət başçısının sərəncam və fərmanlarından sui-istifadə edirlər?

Məlumat üçün qeyd edək ki, həyata keçirilən siyasət nəticəsində doğrudan da  sahibkarlığın inkişafı üçün münbit şərait yaranıb. Əksər sahibkarlar yoxlamalara "xərclədikləri"  vəsait hesabına istehsalını daha da genişləndirərək daha keyfiyyətli məhsul istehsalına start veriblər. Əslində bu sahibkarların özləri üçün sərfəlidir, çünki hazırki rəqabət mühitində keyfiyyətsiz məhsul istehsalına üstünlük verən sahibkar iflasa məhkumdur. Lakin dövlət başçısının bu göstərişindən sui-istifadə edən sahibkarlar peyda olub. Belə ki, satış mərkəzlərində keyfiyyətsiz, mənşəyi məlum olmayan, insan orqanizmi üçün təhlükəli olan ərzaq və sənaye məhsullarına rast gəlinir. Belə ki, bir neçə gün bundan əvvəl DİN-in baş İdarəsi çoxsaylı şikayətlərə əsasən Bakı və bölgələrdə fəaliyyət göstərən "Lady Sharm" mağazalar şəbəkəsində, onun anbarlarında keçirdiyi əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çində istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri "Lady Sharm"ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara "Chanel", "Fendi", "Dolce Gabbana", "Valentino", "Chiristian Dior", "İtterre" və digər dünyaca məhşur bredlərin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib. "Lady Sharm"ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq "Lady Sharm" mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib. Bura baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb. O da məlum olub ki, "Lady Sharm" şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta "Made in Turkey" və "Made in İtaly" nişanları tikilibmiş.

Qeyd edək ki, eyni vəziyyət ölkənin əksər ticarət mərkəzlərində müşahidə edilməkdədir. Saxta və keyfiyyətsiz ərzaq çəhsullarına demək olar ki, istənilən satış mərkəzlərində rast gəlinir. Sosial şəbəkələrdə düyünün sintetik məhsuldan hazırlanması barədə video-çarxlara, qəndə sümük qatılması, kolbasa və sosilərin ölmüş heyvanların ətindən hazırlanması ilə bağlı məlumatlar yayılmaqdadır. Hətta  satış mərkəzlərində uşaqlar üçün nəzərdə tutulmuş şirniyyat məhsullarının da keyfiyyətinin aşağı olması barədə faktlar mövcuddur. Bu isə o deməkdir ki, bəzi sahibkarlar öz işlərində dönüş yaratmaq əvəzinə yaranmış vəziyyətdən sui-istifadə edirlər. Üstəlik mənşəyi məlum olmayan məhsulların qiymətində də artım müşahidə olunmaqdadır. Görünür bəzi sahibkarları millətin sağlamlığından çox şəxsi gəlirləri maraqlandırır. Ona görə də satış mərkəzlərinə keyfiyyəti aşağı, qiyməti isə yuxarı olan məhsul paylamağa üstünlk verirlər. Əksər bazarların müasir laboratoriya avadanlıqlarının ya olmamasından, ya da çatışmazlığı səbəbindən vətəndaşlar üçün adi qaydada həmin məhsulların tərkibini müəyyən etmək qeyri-mümkündür. Onu da qeyd edək ki, prezidentin məlum fərmanlarından sonra istehlakçılar tərəfindən Azad İstehlakçılar Birliyinə  çox sayda şikayətlər daxil olub. AİB-dən bildirilib ki, ölkə rəhbərinin fərmanlarından sui-istifadə hallarına yol verilir. Bəzi biznes qurumları özlərini həddindən artıq azad hiss edərək istehlakçıların hüquqlarını pozurlar. Belə halda yaxşı olardı ki, istehlakçıların, yaxud istehlakçı təşkilatlarının haqlı şikayətləri əsasında da yoxlamalar aparılsın. Bu heç bir halda sahibkarların hüquqlarının pozulması, yaxud müdaxilə kimi qiymətləndirilə bilməz.  Milli Məclisin deputatı Fazil Mustafa isə bu qənaətdədir ki, müştərilərin saxta brendlərlə aldadılmasına qarşı effektiv mübarizə aparmaq və belə saxta malların bazardan sıxışdırılıb çıxarılması üçün sözügedən prosesə nəzarət etməli olan orqanın özünə nəzarəti güclənidrmək lazımdır: "Burada ancaq bu istiqamətdə addım atılmalıdır. Prosesə nəzarət etməli olan orqanın özünə nəzarət gücləndirilməlidir. Belə olarsa, ölkə bazarları da belə saxta brendlərlə dolu olmaz". Məhz bu kimi hallar nəzərə alınaraq Azərbaycanda "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur. Bu dəyişiklik maliyyə bazarlarındakı yoxlamalara tətbiq edilən məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutur.  Bir daha xatırladaq ki, sözügedən qanuna görə, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2020-ci ilin sonuna qədər dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi məqsədilə qanunun 2.1-ci maddəsində göstərilən hallarda yoxlamaların həyata keçirilməsinə icazə  verilir. Təklif edilən dəyişikliyə əsasən bu siyahıya maliyyə bazarlarında aparılan yoxlamalar da əlavə edilib. Həmçinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna da dəyişiklik edilməsi təklif olunur ki, bu qanun maliyyə bazarlarındakı yoxlamalara şamil edilməsin. Maliyyə bazarlarının dövlət həyatında tutduğu yer və rol tələb edir ki, bu sahədəki fəaliyyətin tənzimlənməsinə və nəzarətə daha ciddi və fərdi yanaşmalar tətbiq edilsin, eləcə də bu sahədə aparılan yoxlamaların özünəməxsusluğu nəzərə alınsın. Qeyd olunanları əsas tutaraq, maliyyə bazarları sahəsində yoxlamaların ayrıca qanunla tənzimlənməsi nəzərdə tutulur.

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR