Sevdiyinin yanında dəfnini istəyən ərli qadın...

Belə-belə işlər

Elçin Hüseynbəyli

(Bu kədərli hadisəni mənə bir dostum danışıb)

Mən işlədiyim elmi idarədə bir gözəl qız çalışırdı. İçi mən qarışıq hamımız ona vurulmuşduq. Qız onu sevdiyimi bilirdi. Hətta evlilik də təklif eləməyə hazırlaşırdım. Bunu evdə deyəndə anam daş atıb başını tutdu. Sən demə, anam mənə başqa bir qızı gözaltı eləyibmiş. Ona görə də bu sevdadan vaz keçdim.Çünki anamın dedikləri mənim üçün qanun idi. Ona görə yox ki, "mamauşağı"ydım, sadəcə Bakıda kirayədə yaşaya-yaşaya ailə saxlaya bilməzdim. Anam dediyi yaxın qohumumuz idi. Məni başa saldılar ki, biz dediyimizi alsan, heç bir korluğun olmayacaq. Oturub çox fikirləşdim və özümçün aydın elədim ki, həmin qızı ürəkdən sevmirəm, nəsə cavanlıq istəyidir. Anamın dediyi qız da xoşuma gəlirdi, ona görə də üstünlüyü ona verdim. İndinin özündə də seçimimin düz olduğunu anlayıram.

Qız məndən səs çıxmadığını görüb uzalqaşdı, amma mehriban münasibətimiz davam edirdi. Bir gün idarənin bağçasında gəzərkən mənə dedi ki, bir oğlan dalımca gəlib-gedir. İstəyirəm ki, sən də onu görəsən. Bax gör necə oğlandır, ona arxayın olmaq olarmı?

Oğlan növbəti dəfə onun dalınca gələndə pəncərədən baxdım, yaraşıqlıydı. Məndən də qəşəng idi. Səhərisi günü fikrimi qıza dedim. O da qayıtdı ki, hələ ona söz verməmişəm. Tələsmirəm. Hisslərini tam bilməmiş ona "hə" deməyəcəm...

Üstündən bir neçə ay keçəndən sonra qız xəstələndi, işə çıxmadı. İşə gələndə isə tamam soluxmuşdu, rəngi-ruhu qaçmışdı. Səbəbini soruşanda dedi ki, onun dalınca gəlib-gedən oğlan özünü asıb. Əvvəlcə elə bildim ki, qızdan "yox" cavabı aldığına görə belə edib. Amma... Sən demə, oğlanın qardaşı əsgərlikdə olarkən xəstələnib dünyasını dəyişib. Valideynləri də oğlana dirəniblər ki, ölən qardaşının nişanlısını alsın. O da mübahisələrə dözməyib özünə qəsd edib. 

-Səndən bir xahişim var, - bir gün qız mənə yanaşıb belə dedi.

-Buyur, dedim.

-Məni həmin oğlanın qəbrinin üstünə apar.

Danışdığımız kimi, səhərisi günü taksi çağırdım və oğlanın qəbrinin üstünə getdik. Qız qəbiristanlığı tanıyırdı. Ağlımdan qara-qura fikirlər keçirdi. Düşünürdüm ki, qız oğlanın qəbrinin üstündə intihar edər, işə düşərəm. Ona görə də qızı tək buraxmadım. Oğlanın məzarının üstünə çatanda qız, dizlərini yerə qoydu, boynundan  kiçik qızıl boyunbağını açdı, yerdən bir çubuq götürdü, yeri qazdı və boyunbağını ora basdırdı. Sonra ayağa derub, ağlamsına-ağlamsına:

-Bunu o, mənə bağışlamışdı, -dedi...

Müyyən zaman keçdi, hərəmiz başqa-başqa yerlərə işə getdik. Bir gün eşitdim ki, qız ərə gedib, üç uşağı da var. Ancaq dünyadan tez köçüb. Öləndə də xahiş edib ki, onu həmin oğlanın yanında dəfn eləsinlər.

-Bəs əri, əri razı olub?

-Hə...

-Böyük ürək sahibiymiş,  - kimsə böyürdən dedi.

Mən heç nə demədim. Sadəcə susdum.

Dünyanın qəribə işləri varmış...

Fevral, 2019

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR