Vətəndaşların sosial rifah halının yüksəldilməsi dövlət siyasətinin əsasını təşkil edir

Xaricdəki bəzi antiAzərbaycan dairələrin qərəzli yanaşması, təzyiqlərinə rəğmən rəsmi Bakı öz müstəqil siyasətini davam etdirərək ölkənin hərtərəfli inkişaf etdirilməsi istiqamətində əzimli addaımlarını davam etdirir. Baxmayaraq ki, Azərbaycan dövlətinin, hökumətinin atmış olduğu hər bir addım həmin dairələrdə qıcıq doğurur, ancaq Bakı bütün bunlara məhəl qoymaraq öz yolunu davam etdirir. Çünki bu yol, həyata keçirilən siyasət Azərbaycan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasına, ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Ən əsası Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsasını vətəndaş məmnunluğu təşkil edir. Uzağa getməyək. Heç son 15 ildə bu istiqamətdə atılan addımlar, həyata keçirilən tədbirlərə də geniş aspektdə nəzər salmağa ehtiyac yoxdur. Hərçənd hakimiyyətə iddialı olan, mövcud iqtidarı xalqı düşünməməkdə, insanların yaşayış səviyyəsinin artırılması istiqamətində heç bir iş görməməkdə qərəzli olaraq ittiham edənlərə bütün bunları xatırlatmaq gərəkdir. Onların hakimiyyətdə olduğu illərdə Azərbaycanın hansı çətinliklər, hətta bölünmək təhlükəsi ilə üzləşdiyini, ölkədə sosial problemlərin baş alıb getdiyini, indi isə vəziyyətin tamamilə əks istiqamətə dəyişdiyini göstərmək vacibdir. Ancaq o da var ki, onsuz da hər şeyi qara görməyə vərdiş etmişlərə nə desən, nəyi sübut etsən də, mənasızdır. Çünki onların dərdi tamam başqadır. Və bu da hər kəsə, bütün Azərbaycan cəmiyyətinə bəllidir.

Yuxarıda qeyd etdiyimiz kimi təkcə son bir neçə ay ərzində Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir ki, ağı qaradan seçə bilməyənlər, hər şeyi süngü ilə qarşılayanlar üçün aydın mənzərə formalaşsın.

Belə ki, həftə sonu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı sərəncam əsasında ölkədə minimum əmək haqqı artırıldı. "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasında 2019-cu il. mart ayının 1-dən etibarən ölkədə minimum əmək haqqının məbləği 180 manat müəyyən edildi. Məlumat üçün qeyd edək ki, dövlət başçısının imzaladığı sərəncam əsasında minimum əmək haqqı 34,8 faiz artıb ki, bu da kifayət qədər böyük bir məbləğdir. Xüsusilə, indiki dövrdə, hələ də dünya iqtisadiyyatının 2015-ci ilin böhranından tam çıxa bilmədiyi, bir sıra ölkələrdə, hətta inkişaf etmiş dövlətlərdə belə bir sıra sosialyönümlü layihələrin təxirə salındığı ərəfədə. Əgər minimum əmək haqqının artırılmasının hansı kateqoriyadan olan şəxslərə şamil olunacağına, nə qədər insanı əhatə edəcəyinə diqqət yetirsək o zaman ortaya çıxan mənzərə "xalqın pulunu oğurlayırlar", "büdcəni talayırlar" deyənlərə yaxşı cavab olar. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzalamış olduğu məlum sərəncam əsasında minimum əməkhaqqının artımı dövlət qulluğu sektoru da daxil olmaqla, birbaşa olaraq 600 minədək vətəndaşı əhatə edəcək. Onu da qeyd etmək yerinə düşər ki, həmin 600 min insanın içərisində bu gün hakimiyyəti əsassız yerə tənqid edən, ona qarşı barışmaz mövqedə dayanan radikal siyasi düşərgənin də təmsilçiləri, onların yaxın qohum-əqrəbaları var. Yəni, hakimiyyətə, eləcə də dövlətə, dövlətçiliyə qarşı düşmən mövqedə dayananlar da bu və ya digər dərəcədə dövlət başçısının bu kimi sərəncamlarından yararlanmış olurlar. Ancaq onların xisləti və yerinə yetirdikləri sifariş bu reallığı etiraf etməyə imkan vermir.

Yaxud dövlət büdcəsinin talandığını iddia edənlərə elə həmin sərəncamda əksini tapan digər bir statistikanı göstərək. Belə ki, "Minimum aylıq əməkhaqqının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamın icrasına dövlət büdcəsindən il ərzində 400 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu göstərici də hakimiyyəti büdcəni talamaqda ittiham edənlərə tutarlı cavablardan biridir. Onu da nəzərə alaq ki, son 15 ildə Azərbaycanda əmək haqları 7 dəfə, minimum əmək haqları isə 6,5 dəfə artırılıb. Bu da öz-özlüyündə Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının əhalinin sosial rifah halının yaxşılaşdırılmasına nə dərəcədə böyük diqqət və qayğı ilə yanaşdığını bir daha sübut edir.

Elə məlum sərəncamdan bir neçə gün əvvəl dövlət başçısının Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncamı da məhz əhalinin sosial rihaf halının yaxşılaşdırılması, onun aztəminatlı təbəqisinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edən addımlardan idi. Eyni zamanda bir müddət əvvəl şəhid ailələri, onların ailə üzvləri və vərəsələrinə 11 min manat ödənilməsi ilə bağlı atılan addımlar da bir daha sübut edirdi ki, dövlət başçısı üçün vətəndaş məmnunluğu, onun sosial rifah halının yaxşılaşdırılması əsas prioritetdir.

Süleyman İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR