Çala-çala min zəfər hər nəfər yurdumuzda… ARZU SOLTAN YAZIR

Arzu  SOLTAN

Yubiley tədbirində "Onu bağışlamaq olarmı" filmindən Mehdi Məmmədovun canlandırdığı kadrları görəndə nədənsə rejissor dostum Rövşən İsax yadıma düşdü. İçimdən keçdi ki, gedib Rövşənə deyim, can verdiyin o gözəl filmlərdə və film kimi seriallarda mütləq özün də çəkil. Tarix üçün, yəni. Bilirsən axı, nə qədər güclü rejissor olursan ol, tamaşaçının yadında səndən çox rol verdiyin aktyorlar qalacaq. Nahaq yerə deməyiblər ki, film görüntü sənətidir)).

Amma... sonra düşündüm, tarix bizə nə üçün lazımdır ki? Bu gün Azərbaycan teatr məktəbi Mehdi Məmmədov kimi sənətkarlar yetişdirmirsə, teatr sənəti onun ideallarına layiq inkişaf etmirsə, biz o tarixi niyə öyrənirik? Ya da Zəhra xala demişkən, nəyi öyrənirik?

Bizim tarixi anlatmağımız kiçikyaşlı uşaqlar üçün şəkilli kitablar tərtib etməyə bənzəyir. İstəyir görkəmli sənətkarların yubileyləri, anım günləri olsun, istər də başqa əlamətdar tarixlər, eyni formatda bir tədbir, televiziya verilişi və ya kitab hazırlayırıq. Miqyasından asılı olmayaraq hamısının strukturu eynidir. Müxtəlif adamlar tərif və bəlağətli sözlərlə (ya da nifrət və əzabla) dolu xatirələrini danışırlar. Xatirələrin arasında da görüntü sənətinin nümunələrindən istifadə olunur. Yəni səbəbkarla bağlı foto, video və ya səhnəcik nümayiş olunur, vəssalam.

Mehdi Məmmədovun 100 illiyi dövlət səviyyəsində qeyd olunur. Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqı öhdələrinə düşənləri edirlər. Xatirə gecələri, sərgilər, kitablar... bunlar gözəldir.

Bəs biz nə edirik? Onun irsini öyənib davam etdirməyə ehtiyacı olanlar nə edirlər?

Hazırda Mehdi Məmmədov haqqında yalnız şəxsi xatirələr, ən yaxşı halda isə rəqəmlər danışır. Quru statistika. Neçə tamaşaya quruluş verib, neçə obraz canlandırıb, neçə kitab yazıb, neçə əsər tərcümə edib. Amma heç kim o tamaşalara necə quruluş verdiyindən, iş üslubundan, yaradıcılıq texnikasından danışmır. Heç kim demir ki, məsələn, Mehdi Məmmədovun 28 yaşında səhnələşdirdiyi "On ikinci gecə" tamaşası hansı məziyyətlərinə, fərqlərinə görə yüksək səhnə mədəniyyətinə malik tamaşa adlandırılıb və Akademik Dram Teatrının repertuarında 10 il qalıb. Rejissor necə işləyib ki, onun hazırladığı "Dəli yığıncağı" tamaşası Azərbaycan mədəniyyəti tarixində ən vüsətli sənət nümunəsi adlandırılıb. Yəni birbaşa təcrübədə bu əsəri (və ya hər hansı başqa əsəri) niyə seçib, necə təhlil edib, rol bölgüsünü necə aparıb, aktyorlarla, rəssamla, bəstəkarla, səhnə və geyim tərtibatçıları və başqa mütəxəssislərlə necə işləyib, bunu araşdıran yoxdur. Texnologiyaların, texniki vasitələrin, rəqəmsal rabitənin indiki qədər inkişaf etmədiyi bir dövrdə o, teatr və kino ilə yanaşı, pedaoji və elmi sahədə də səmərəli fəaliyyət adlandırdığımız bu qədər işi necə çatdırıb, bunu öyrənən yoxdur.

Axı belə div sənətkarlara həsr olunmuş elmi konfranslar, müsabiqələr, yaradıcı forumlar, festivallar və dünya təcrübəsində olan və olmayan başqa layihələr də gerçəkləşdirmək olar. Qoy mütəxəssislər, gənclər, tələbələr onların iş prinsiplərini, təcrübələrini öyrənib təqdim və tətbiq etsinlər, özlərindən sonra gələnlərə öyrətsinlər. Qoy gənc rejissorlar, aktyorlar, sənət müəllimləri onlar kimi, onların ideallarına layiq olmağa çalışsınlar. Çünki nəyinsə yaxşı, gözəl, əla olduğunu bilməklə onu öyrənmək, ondan dərs almaq, onu tətbiq və inkişaf etdirmək, ona sahib çıxmaq, onu məktəbə çevirmək fərqli məqamlardır.

Nəsimi il başlayar-başlamaz biz Nəsimi dəryasında boğuluruq. Amma, gəlin etiraf edək ki, İsa Hüseynov, Həsən Seyidbəyli, Tofiq Quliyev, Rasim Balayev və başqa qüdrərtli sənətkarların iş birliyindən doğan "Nəsimi" filmi olmasaydı, Azərbaycan tamaşaçısı Nəsimini heç indi tanıdığı qədər də tanımazdı və bayağılıqdan qorumağa çalışmazdı.

Mehdi Məmmədovla bağlı da belə bir film çəkmək üçün 500 il gözləməkmi lazımdır?

Yoxsa biz həqiqətən atamızı ona görə öldürürük ki, qəbrinə and içək?

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR