Zəlzələdən necə qorunmalı?

Mütəxəssislər Bakı şəhərində, daha doğrusu Xəzər dənizində potensial zəlzələ ocaqlarının mövcudluğu ilə bağlı açıqlamaları gündəmə gətirəndə insanlarda istər-istəməz sual yaranır- zəlzələdən necə qorunlmalı? Qeyd edək ki, hazırda Bakıda çoxsaylı hündür yaşayış binaları var və tikiməkdə davam edir. Əgər gələcəkdə güclü zəlzələ baş verərsə, hansı hallar yaşana bilər? İllərlə yığılan məvaciblə alınan binalar sağ-salamat çıxa bilərmi? Ekspertlər hesab edir ki, bu suallara cavab tapmaq üçün bir sıra məsələlərdən xəbərdar olmaq vacibdir.  Xatırladaq ki, Xəzərdə olan çoxsaylı zəlzələ ocaqlarında gün ərzində çoxlu sayda mikrozəlzələlər baş verir. Onlar çox zaman yalnız xüsusi aparatlar və həssas heyvanlar tərəfindən hiss olunur. Bu ocaqların Xəzər dənizində və ya ölkənin başqa ərazilərində olmasından asılı olmayaraq, ölkənin ərazisi müxtəlif ballı seysimik zonalara bölünür.

Gələcəkdə hər hansısa bir vaxtda və yerdə zəlzələ olanda binalarda dağıntılar çox olmasın  deyə, tikiləcək binaların parametrləri layihə mərhələsində  nəzərə alınır. Bakı 9 ballı zonaya aiddir. Amma şəhərin heç də hər yeri belə deyil. Elə yeri var ki, 7 bala hesablanır. Ərazinin geologiyası öyrənilir, yerin strukturu, quruluşu, laylarının yatım istiqaməti, yük götürmə qabiliyyəti, lay sularının dərinliyi nəzərə alınaraq həmin ərazinin ballıq normasına uyğun olaraq xüsusi hesabat aparılır. Onun əsasında da xüsusi konstruksiyalar layihələndirilir. Bundan sonra bina tikilir. Tikilən zaman da tikinti prosesinə nəzart olunur ki, konstruksiyada göstərilənlərə əməl olunsun. Xatırladaq ki, 2001-ci ildə Bakıda zəlzələ baş verdi. Lakin Bakıda olan panel evlər ziyan çəkmədi, hündürmərtəbəli binalar ziyan çəkmədi. Bu onu deməyə əsas verir ki, ölkədə layihə normaları seysmoloji riskin qarşısını almaq üçün müəyyən qoruyucu tədbirləri nəzərdə tutur. Kimsə hardasa konstruksiyaları lazımi səviyyədə qoymur. Məlumat üçün qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən xüsusi aparatlar vasitəsilə binalar müayinə edilir. Lakin buna baxmayarq binalar da yaşlanır. Hətta elə konstruksiyalar var ki, onlar aşılanır. Buna görə də vaxtaşırı monitorinqlərin aparılması zərurəti yaranır. Bu səbədən hesab olunur ki, binaların texniki pasportu sadəcə çərçivə sənədi olmamalıdır. Məlumdur ki, binanın istismarçısı texniki təhlükəni bilməyə bilər. Belə ki, yük daşıyan divarda olan fəsadları sakin bilməyə bilər. Belə olan halda, istismarla bağlı texniki pasportu verən qurumlar  binanın istismara yararlı olması ilə bağlı zamin durmalıdır.

Bir daha qeyd edək ki, zəlzələ - qəflətən baş verən, bir neçə saniyə davam edən yer titrəməsi nəticəsində böyük dağıntılara və insan tələfatına səbəb ola bilən fövqəladə hadisədir. Bəs, zəlzələyə necə hazır olmalı? Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, zəlzələ barədə aillərdə söhbətlər aparılmalı, təhlükəsizlik məşqləri keçirilməlidir. Evdə təhlükəsiz yer təyin edilməli, kitab rəfləri, çilçıraq və dolablar divara, tavana və yaxud döşəməyə möhkəm bərkidilmlidir. Zəhərli kimyəvi və tezalışan mayelər təcrid edilmiş təhlükəsiz yerdə saxlanmalıdır. Yumşaq mebel (divan-kreslo) və çarpayı pəncərə önündə yerləşdirilməməli, pərdələrin qalın materialdan olmasını təmin edilməlidir. İçində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlanılmalıdır. Bundan başqa, bütün ailə üzvləri qaz, su və elektrik enerjisinin haradan, necə bağlanıb-söndürüldüyünü bilməlidir. Evin dəhliz və çıxış yerləri artıq əşyalardan təmiz saxlanmalıdır. Məlumatda bildirilib ki, zəlzələ zamanı ilk təkanı hiss etdikdə binanı təhlükəsiz tərk etmək üçün cəmi 10-15 saniyə vaxt olduğunu hamı bilməlidir. Evdən çıxarkən ehtiyat çantası və mobil telefonunu götürülməli, qaz, su və elektrik enerjisi ümumi şəbəkədən söndürülməlidir. Binanı tərk etdikdən sonra açıq və təhlükəsiz yerdə dayanılmalıdır. Əgər binanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, evdə qalmaq məsləhətdir. Pilləkan və lift daha tez sıradan çıxdığı üçün bunlardan istifadə etmək olmaz. Təşvişə düşüb yüksək mərtəbədən tullanmaq düzgün seçim deyil. Yaxşı olar ki, evdə təyin edilən təhlükəsiz yerə (yükdaşıyan divar və beton sütun) keçilsin,   dəmir ayaqlı masa varsa, onun altına girilsin.Diz üstə çöküb və ya böyrü üstə uzanıb ayaqları bükmək və əllərlə başın arxa hissəsini qucaqlayaraq qorunmaq lazımdır. Azyaşlı uşaqlar varsa, vakideyinlər onları öz bədənləri ilə qorumalıdır. Əgər zəlzələ insanları küçədə haqlayarsa, o zaman bina, elektrik dirək və xətləri, sıldırımlı yerlər, körpülərdən uzaq durulmalı, dərhal açıq sahəyə çıxılmalıdır. Yaxud, avtomobillə açıq sahədə hərəkət edilirsə, onu dayandıraraq pəncərələri bağlamaq və içində təkanların bitməsini gözləmək lazım gəlir. Avtomobillə binaların yaxınlığında hərəkət edilirsə, dərhal onu tərk edib, açıq sahəyə çıxmaq tövsiyə olunur.

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR