Hər yer, hər şey dəyişə bilər, lakin...

Mən unudulmuş tarixəm,

Gələcəkdən xəbərsiz,

Dünənində durmayan.

Mən gələcəyəm əsərsiz

Məni sonlar gözləsin

Sabahında olmayan.

Keçmişəm

(Qara Dərviş - Keçmiş)

Dövrün istənilən vaxtında  əksəriyyət insanlar bir-birlərinə retro ab-havalı əşyalar hədiyyə etməyi və belə hədiyyələri qəbul etməyi sevirlər. Bu hədiyyələri də maddi dəyərindən asılı olmayaraq evlərində qiymətli əşya kimi saxlayırlar. İşin maraqlı tərəfi budur ki, bunu yenilik, fərqlilik olsun deyə edirlər. Deməli yenilənmək üçün keçmişə qayıtmağa ehtiyac var.

Bəzi insanlar ikinci əl kitablar oxumaqdan zövq alırlar. Başqa cür ifadə etsək daha əvvəl bir başqasının toxunduğu, oxuduğu və anlamağa çalışdığı kitabı əldə etməyi sevirlər. Səndən əvvəl kimin oxuduğunu bilmirsən, tanımırsan. Oxuyub düşünürsən ki, nə hiss etdi, bəyəndimi? Karandaşla altından xətt çəkdiyi yerlərə diqqət yetirirsən. (Onu da qeyd edim ki, mən bunun nəyə gərək olduğunu anlamıram. Əgər ifadə həqiqətən sənə təsir edibsə, onsuz da yaddaşında qalacaq, karandaşa nə lüzum var?) Bəzən vərəqlərin arasında unudulan nəyisə tapırsan, yaxud da kənarlara yazılmış notlar görürsən. İkinci əl kitab oxumaq əslində iki kitab oxumaq kimidir. Həm kitabı oxuyursan, həm də kitabı səndən əvvəl oxuyan adamı. Lakin sırf saydığım bu səbəblərdən təzə kitab oxumağı sevən adamlar da var. Yeni, bəyaz səhifələr oxumaq kimi zaman rahatlıq verir. Köhnə səhifələr köhnə duyğulara şərik olmaqdırsa, yeni səhifələr yaranan yeni hisslərdir.

Köhnəyə sevgi təkcə kitablarla bağlı olmur, bu həm musiqi, də həm də filmlərdə də özünü göstərir. Retro musiqi və filmlər istənilən dövrdə sevilməkdədir. Əslində "köhnə" film və "köhnə" musiqi ifadəsini qəbul etmək çətindir. Neçə il əvvəl bəstələnməsindən, yaxud neçə il əvvəl çəkilməsindən asılı olmayaraq ortada hisslər varsa bunu necə köhnə adlandırmaq olar? Hisslər köhnəlmir axı... Yaxşı film, yaxşı musiqi sədaqətli dost kimidir. Dostun da təzəsi, köhnəsi olmur.

İnsanlar tez-tez uşaqlıq və gənclik dövrünün keçdiyi yerləri istər kənd, istər şəhər, yaxud hər hansı bir səmt olmasından asılı olmayaraq bəzən "köhnə"adlandırırlar.Halbuki sən necə böyümüsən, necə yaşlanmısansa, ora da bu cür böyüyüb və bu cür də yaşlanıb. Lakin bunu qəbul etmək çətindir, çünki insanlar xoş xatirələrinin keçdiyi yeləri toxunulmaz və zamanın gerisində hesab edirlər... Hər yer, hər şey dəyişə bilər, lakin ora yox. Çünki ruhunun hiss etməsi üçün görməyə, eşitməyə ehtiyacı yoxdur. Zatən görmək istədiyini görüb, eşitmək istədiyin səsləri duyacaqsan. Hətta getdiyin vaxt belə gözün əvvəlki adamları axtaracaq. İndiki zamanda yanında olan adamları zamanın gerisinə aparmaq istəməyəcək, aparsan da görməyəcəksən.

Bəlkə də bu səbəblərdən bir çox insan uşaqlıq və gənclik çağının keçdiyi illəri ən gözəl dövr olaraq görür. Əgər 2000-ci illərin əvvəlində 80-ci illər təriflənirdisə, bugünki gənclər və 90-ların uşaqları hər şeyin ən maraqlı, ən əyləncəlisinin o dövrdə olduğunu iddia edir. Hər nəsil öz nəslinin ən yaxşı olduğunu deyir, özündən sonra gələn nəsli tənqid edir. Və bu əsrlərdir belə davam edir və görünən mənzərə odur ki, belə də davam edəcək...

Əslində maraqlı, əyləncəli, gözəl olan dövr deyil, uşaqlıq və gənclik xatirələridir.

Saatın əqrəbləri hər zaman irəli getmir, onun geriyə getdiyi vaxtlar da var. İnsanların nostalgiya adlandırdığı hisslərin vaxtıdı o vaxt. Həqiqətdir ki, insanlar keçmişdeyildiyi vaxt daha çox, itirdikləri doğma, əziz adamları üçün darıxırlar. Amma bəlkə də çox zaman özləri üçün darıxırlar. Güzgüdə baxanda dəyişən cizgiləri üçün, yaxuddəyişən idealları, əqidələri üçün darıxırlar. İnsanın özündən daha əlçatmaz nə var ki?!

Araşdırmalara görə keçmiş zamandakı xoşbəxt xatirələrini düşünən insanların beynində yaşanan fəaliyyət "heç gözləmədiyi anda ona pul verilən" birinin beynindəbaş verən fəaliyyətlə eynidir. Başqa bir araşdırmaya görə isə əgər insan keçmişdəki özü ilə bugünki özü arasında bir vəhdət tapırsa daha xoşbəxt olur. Bu isə o deməkdir ki, ümidsizliyə qapıldığımız zaman keçmişdəki xoş xatirələri yada salmaq bizə ümid verə bilər. Lakin daima keçmişlə, oradakı xatirələrlə yaşamaq ağır xəstəlikdir. Keçmişini unutmaq deməyəcəm, çünki bu mümkün deyil. Bəzən qəribə sözlər eşidir, qəribə sözlər oxuyuruq. Deyirlər, yazırlar ki, "keçmişinizi unudun və güclü insan olun!". Bu sözlər motivasiya mənbəyi ola bilməz. İnsan güclü, iradəli və daha ağıllı olması üçün keçmişi yaddaşında canlı saxlamağa məcburdu. Mövlananın dediyi kimi, heç vaxt keçmişlə yaşama, hər zaman keçmişindən dərs al...

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR