Onu bütün Azərbaycan tanımalıdır...

Sadə, eyni zamanda zadəganlara xas olan mədəni davranışı ilə çox ürəkləri fəth edib. Bu nəcib, əsilzadə xanımın Azərbaycan xalqı qarşısında xidmətlərini nəzərdən keçirəndə heyrətlənməyə bilmirsən. Görəsən, onun qədər Azərbaycanı ABŞ-da təbliğ edən ikinci bir insan varmı?.. 
O, Azərbaycan qadının qəhrəmanlıq obrazları Nigar, Həcər qədər məhəbbətə, ehtirama layiqdir. Bu insan bütün varlığı ilə Azərbaycana bağlıdır. Azərbaycanla nəfəs alır, Azərbaycanla yaşayır. Maraqlısı da odur ki, onun boynunda Azərbaycanın heç bir haqqı yoxdur. ABŞ-da doğulub, burada boya-başa çatıb...
Haqqında söhbət açdığım insan- Tomris Azəridir. İkinci nəsil amerikalı azərbaycanlılardandır. O, 1950-ci ildə Amerika Birləşmiş Ştatlarında anadan olub. Və bu necə baş verib qısa xronikada:
Atası Nağı bəy Şeyxzamanlı 1883-cü ildə Gəncə şəhərində dünyaya gəlib. 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən əsası qoyulan Difai təşkilatının üzvü olub. 1917-ci ildə isə Nəsib bəy Yusifbəyli tərəfindən təsis edilən Türk Ədəmi-Mərkəziyyət partiyasına üzv seçilib. 1917-ci ilin may ayında üzvü olduğu partiya Müsəlman Demokratik Müsavat partiyası ilə birləşərək Müsavat partiyası adını alıb. O, həmin partiyanın üzvü kimi Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edib. 1919-cu ildə Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanı olan Əksinqilab ilə mübarizə təşkilatının rəisi vəzifəsinə təyin olunub...
1920-ci il aprelin 28-də Azərbaycanın Rusiya tərəfindən işğalından sonra mühacir həyatı yaşamağa məcbur olan Nağı bəy Şeyxzamanlı bir müddət Türkiyədə, sonra Almaniyada, sonda isə ABŞ-da yaşayıb. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini Keykurun imzası ilə yazan Nağı bəy Şeyxzamanlının 1957-ci ildə "Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev", 1963-cü ildə "Dərdləşmə" və 1964-cü ildə "Azərbaycan istiqlal mücadiləsi xatirləri" adlı kitabları İstanbulda çapdan çıxıb. 1967-ci ildə 84 yaşında ikən ABŞ-da vəfat edib...
Tomris xanım Amerika-Azərbaycan Cəmiyyətinin prezidentidir. Rəhbərlik etdiyi təşkilat Azərbaycan həqiqətlərinin Birləşmiş Ştatlar ictimaiyyətinə çatdırılmasında böyük işlər görür. O, Azərbaycanın Amerika ictimaiyyətinə tanıdılmasına xidmət edən bir sıra layihələrin müəllifidir. Onun təşəbbüsü ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Birləşmiş Ştatların siyasi dairələrinə məlumatların çatdırılması üçün kampaniyalar təşkil edilib...
Nə vaxtsa Azərbaycandan gətirilmiş kimsəsiz uşaqları övladlığa götürmüş amerikalılarla tez-tez görüşüb həmin uşaqların taleləri ilə maraqlanır. Hər il həmin ailələri bir yerə yığıb tədbirlər keçirir. Onlara Azərbaycandan gətirilən sovqatlar paylanılır. Rəhbərlik etdiyi cəmiyyət təhsildə seçilmiş amerikalı azərbaycanlı tələbələrə təqaüd verir. Bu cəmiyyət Xocalı soyqırımı ilə bağlı müxtəlif səviyyələrdə, eləcə də Kaliforniya Universiteti-Berklidə, Kolumbiya Universitetində, Kapitol Hill-də və s. yerlərdə konfranslar keçirib...
Erkən gəncliyindən özünü Azərbaycanın təbliğinə həsr etmiş bu xanımın adam öz doğma anası kimi əllərindən öpüb, qarşısında baş əymək istəyir.
Amerikada doğulasan, amerikalıların arasında böyüyüb boya-başa çatasan və bu qədər Azərbaycana bağlı olasan, bu möcüzədir...
Hörmətli Tomris xanım, sizə minnətdarlıq etmək üçün söz tapa bilmədim, gücüm yaxın dostum, şair Sakit İlkinin misraları ilə təşəkkürümü bildirməyə çatır:

Xoş sözün gəlib çatıb,
Dolub qəlbimin çatı...
Sağola gücüm çatır,
Sağ ol, a YAXŞI ADAM!

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR