Ədəbiyyatımız, mətbuatımız Əbülfət Mədətoğlusuz olmasın!

Onu çoxdan tanıyıram. Sakit təbiəti, təmkinli danışığı, ədəb-ərkanlı davranışı və bir də kədərli gözləri ilə...

Və bilmirəm nədənsə, həmişə böyük qəmdən, böyük kədərdən söhbət düşəndə Əbülfət Məfətoğlunu xatırlayıram. Bu günlərdə ömrünün 60-cı il dönümünü qeyd edəcək Əbülfət Mədətoğlunu!

Əbülfət Mədətoğlu təkcə özünün deyil, yurdunun, millətinin, böyük mənada Azərbaycanın qayğısını çiyinlərində, ürəyində və gözlərində daşıyan söz xiridarıdı, şairdir, vətəndaşdır. Adı böyük hərflərlə yazılacaq İNSANDIR.

Tanıyanlar, şeirlərini oxuyanlar, yaradıcılığına bələd olanlar Əbülfət Mədətoğlunun hansı böyük missiyanı daşıdığını gözəl bilirlər. Bunu deməyə, xüsusilə şərh etməyə ehtiyac yoxdur. Əbülfət Mədətoğlunun bircə misrasını, bircə sətrini oxumaq kifayətdir ki, onun hansı böyük bir ürək sahibi olduğunu duya biləsən.

O, sinəsi yaralı, övladları qoynundan pərən-pərən düşmüş Qarabağımızdandır. O torpaqda doğulub. Fərqi yoxdu Qarabağın hansı bölgəsindən. Çünki, neçə-neçə maraqlı əsərlər, kitablar müəllifi olan Əbülfət bəy bütöv azərbaycanlıdır, böyük turançıdır, mübariz türkçüdür.

Əbülfət Mədətoğlu həm də qəzet redaktorudur. Müxtəlif illərdə, müxtəlif mətbuat orqanlarında çalışıb. O mətbuat orqanlarının adını sadalamağa lüzum görmürəm. Çünki yazıları Əbülfət Mədətoğlunun qələmi ilə qızaranlar bunu yaxşı bilirlər.

Uzun illər həm ədəbiyyat sahəsində, həm də mətbuat aləmində göstərdiyi xidmətlər diqqətdən kənarda qalmayıb. Əbülfət Mədətoğlu gözəl redaktor, yaxşı şair, söz xiridarı kimi tanınıb. Və ən əsası şair dövlətimizin də diqqətindən yayınmayıb. Ona bir media işçisi üçün ən şərəfli ad olan Respublikanın "əməkdar jurnalist"i adı verilib.

Bir neçə gündən sonra həm özünə,  həm yaradıcılığına, həm də işinə olan münasibətinə böyük hörmət bəslədiyim bu insanın 60 yaşı tamam olur. Çox şərəfli, çox zəhmətkeş bir ömür yaşayıb. Bəlkə də, bəzilərinə bu 60 yaş çox görünə bilər. Amma Əbülfət Mədətoğlu kimi bir vətəndaş, bir ədəbiyyat adamı və bir media mübarizi üçün bu ömür azdır, həm də çox az...

60 illik yubileyi ərəfəsində bu cavan ruhlu insana bir diləyim var: Çox yaşasın! Yaşatsın və yaratsın! Ədəbiyyatımız, mətbuatımız Əbülfət Mədətoğlusuz olmasın! 

Yunus Oğuz

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR