"Anam özü xoşbəxt olmaq istəmədi"

Heç vaxt bəxti gətirmədi, xoşbəxt ola bilmədi.

Metbuat.az xəbər verir ki, bu sözlər mərhum əməkdar artist Vəfa Fətullayevanın anası xalq artisti Hökümə Qurbanova haqqında yazdığı xatirə dəftərindəndir. O, 1913-cü il, 11 iyun tarixində dünyaya gələn anasını belə təbrik edib:

"İyun ayının 11-də mənim dünyalar qədər sevdiyim anamın ad günüdür. Mən anamı həmişə bir gün qabaq təbrik edərdim. Səhər tezdən qaçardım Passaj bazarına, böyük bir gül buketi bağlatdırardım, ad gününü təbrik edərdim. Anam da gülümsəyərək, "Ay qız,mənim ad günüm sabahdır" deyərdi. Ayın 11-də isə səhər açılar və bütün gün telefonumuz susmaq bilməzdi, ölkənin hər yerindən anama təbrik zəngləri, teleqramlar, məktublar gələrdi. Sanki anamı qısqanırdım və ona görə də onu bir gün qabaq təbrik edirdim.

Anam 1913-cü il, iyun ayının 11-də Bakıda, Qubernskaya küçəsi, 49 nömrəli evdə dünyaya göz açıb. Nənəm sonralar xatirələrində deyirdi: "Toyumuzdan 3 ilə yaxın keçmişdi, amma övladımız olmurdu. Abbasəli sanki utandığından nə edəcəyini bilmirdi. O zamanlar uşağı olmayana yaxşı baxmırdılar. Qonşumuzda Zoya adlı yəhudi qadın yaşayıdı, Abbasəli hər gün hava qaralandan sonra məni həmin qadının evinə aparırdı və Zoya xala mənə suda pörtlənmiş otları yedizdirirdi. Həmin otlar zəhərdən də acı idi. Bir müddət keçdi, amma o otların heç bir xeyri olmadı. Günlərin bir günü Abbasəli məni Bibiheybət məscidinə apardı. Bu, onun son ümidi idi. Biz orada dualar etdik, Allahdan övlad istədik. Bir neçə aydan sonra mən hamilə qaldım. Deyəsən, Allah bizim dualarımızı eşitmişdi. 1913-cü idə bir qız uşağı dünyaya gətirdim. Abbasəli heç düşünmədən adını Hökumə qoyacağını dedi. Sonra Qəmər və Ağasadiq dünyaya gəldi".

Nənəmin anam haqqında xatirələrinə qulaq asdıqca anam barəsində daha çox şey öyrənməyə çalışırdım. Düşünürdüm ki, böyüyəndə anam haqqında xatirələr kitabı yazacağam. Anam isə öz gənclik illərindən danışmağı heç xoşlamırdı, çünki keçmişində çəkdiyi əzab-əziyyəti, qorxunu yenidən gözünün qabağında canlandırmaq istəmirdi. O, keçmişini unutmaq istəyirdi, atasız min bir əziyyətlə böyüdüyü həmin illəri yaddaşından tamam silmək istəyirdi. Ona görə də onu çox incitmirdim. Ancaq hərdən mənə keçmiş günlərin xatirələrindən danışardı və danışdıqca da əlləri əsər, gözləri dolar, kədərlənərdi. Heç kimin ağlına belə gəlməzdi ki, dualarla dünyaya gələn bu qızcığaz illər sonra böyük bir aktrisa olacaq - SSRİ xalq artisti, SSRİ Ali Sovetinin deputatı, SSRİ-nin ən qüdrətli aktrisalarından biri... Bəli, bu, mənim anam Hökumə Qurbanovadır.

Anam nə qədər böyük olsa da, onun daxiində həmişə bir uşaq yaşayırdı. O, çox kövrək, qayğıkeş bir ana idi. Nə bağımız olub, nə də maşınımız, hamı kimi sadə yaşamışıq. Anam işə piyada gedib gələrdi. Hüsü Hacıyev küçəsi ilə teatra gedəndə hamı ayaq saxlayıb bir anlıq anama tamaşa edərdi. Bəzən çoxları ona salam verməyə cürət etmirdi, çəkinirdilər, çünki anam xaricən çox zəhmli, bəzən də əzazil kimi görünürdü. Əslində isə o heç də göründüyü kimi deyildi. Anam dünyanın ən gözəl, ən mehriban, ən qayğıkeş insanı idi. Bütün bunlara baxmayaraq, o, dünyanın bəlkə də ən bədbəxt qadını oldu. Heç vaxt bəxti gətirmədi, heç vaxt xoşbəxt ola bilmədi. Bəzən mənə elə gəlirdi ki, anam özü xoşbəxt olmaq istəmədi və daima bədbəxtliyə tərəf qaçdı. Bəlkə də bu, qismət idi, onun taleyi belə yazılmışdı və belə də yaşadı.

O, bütün varlığı ilə teatra bağlı bir insan idi və özünü sənətə qurban verdi. Həyatının sonuna qədər tənha yaşadı. Bibiheybət məscidində dualarla dünyaya gələn körpə... Baxın, mənim necə gözəl anam olub. Mən onu dünyalar qədər çox sevirdim, o da məni çox istəyirdi. Mən həmişə anamla bir yerdə yaşamışam, atam gedəndən sonra biz ikimiz qaldıq - anam və mən. İkimiz də tənha... Sonralar mən də anamın taleyini yaşamalı oldum, özümü bilə-bilə bədbəxtliyə tərəf sürüklədim. Hərdən mənə elə gəlirdi ki, bəlkə mən də Bibiheybət məscidində dualarla dünyaya gəlmişəm.

Taleyimiz nə üçün belə yazıldı, ana?! Vaxtı ilə sənə həsəd aparan insanlar sonda səndən qisas almağa başladılar. Bütün bunlar sənə daha da əzab verirdi. Sənin kimi məğrur bir qadının xəstəlik qarşısında əyilərək necə çarəsiz qaldıgını görmək mənim üçün çox çətin idi, anacan. Sonda isə həyatımda heç vaxt sənin dilindən eşitmədiyim bir sözü eşitdim: "Kaş ki, oğlum sağ qalaydı, o, mənə arxa, dayaq olardı". Bu söz ox kimi ürəyimə sancıldı və mən hər şeyin sona çatdığını başa düşməyə başladım.

Anacan, bağışla məni, qurban olum, bağışla...

Anacan, bu gün sənin ad günündür, təbrik edirəm səni. Sən çətinliklə dünyaya gəldin, əzab-əziyyətlə yaşadın və ağrılar içərisində dünyadan getdin. Sənin həyatın belə yazılmışdı və yazıldığı kimi də yaşadın, ancaq sən Hökumə Qurbanova kimi əbədi yaşayacaq bir ad qoydun. Səni təbrik edirəm, gözəl anam, ürəkdən təbrik edirəm. Ad günün mübarək!

Sənin vəfasız Vəfan".

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Vəfa Fətullayeva 1987-ci ildə Bakı şəhərində vəfat edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR