Nazirlikdən Rus Dram Teatrının rəhbərliyinə tapşırıq : “Fəxrəddin Manafovun tələbləri...”

Mədəniyyət Nazirliyi xalq artisti Fəxrəddin Manafovun Səməd Vurğun adına Rus Dram Teatrından getməsinə münasibət bildirib.

Musavat.com-a nazirliyin sözçüsü İntiqam Hümbətov bildirib ki, xalq artistinin teatra qaytarılması məsələsinə nazirlik səviyyəsində baxılır: "İlk olaraq qeyd edim ki, xalq artisti, dəyərli sənətkarımızın Rus Dram Teatrı haqqında dedikləri bizim və nazirlik üçün gözlənilməz oldu. Fəxrəddin bəyin kino və teatr sahəsində xidmətləri  böyükdür. Onun kimi sənətkarın teatrdan getməsi qəbuledilməzdir. Son illər Fəxrəddin Manafovun Rus Dram Teatrında fəaliyyəti böyük auditoriya toplamışdı. Məsələyə Mədəniyyət Nazirliyi rəhbərlik səviyyəsində baxır. Rus Dram teatrının rəhbərliyinə məsələnin araşdırılması barədə tapşırıqlar verilib. Xalq artistini narahat edən məsələlərin həlli, onun rahat işləməsi üçün şəraitin yaradılması ilə bağlı göstəriş verilib. Teatrın rəhbərliyi məsələni həllinə çalışır. İnanırıq ki, Fəxrəddin Manafov tezliklə  teatra qayıdacaq və sevimli işini davam etdirəcək".

Qeyd edək ki, Rus Dram Teatrından aktyorun işdən ayrılması təsdiq edilməsə də, xalq artisti Manafov 1news.az-ın redaksiyasına məktub göndərib. O, teatrın onun adından PR məqsədi ilə istifsadə etdiyini deyib.

O, daha sonra teatr kollektivini qeyri-peşəkarlıqda və məsuliyyətsiz olmaqda qınayıb: "Ayda bir dəfə oynanılan tamaşadan qabaq məşqləri tələb etmək lazım gəlirdi. Görünür, bu, teatrda çoxdan unudulmuşdu. Aylarla səhnəyə çıxmayan balet truppası, yaxud yarışlardan qabaq məşq etməyən idman komandası təsəvvür edin. Hər dəfə bu ətalətin öhdəsindən gəlmək isə sağlamlığıma və həyat enerjimə başa gəlirdi. 

Ən ağırı isə nəyisə qışqıraraq tələb etmək idi. Yoxsa, səni eşitmirdilər və nəticə olmurdu. Bir növ karlıq epidemiyası yayılmışdı. Mən qışqırmaqdan çox yorulmuşdum". 

Xalq artisti məktubunun sonunda teatrın kassalarından onun iştirakı ilə "Mərasim" tamaşasına bilet axtarmamağı məsləhət görüb. O, tamaşanın onun iştirakı ilə bir daha olmaycağını bildirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR