İsmayıllı nahiyəsinin faciələri

Qismət Yunusoğlu,

 Bakı Dövlət Universitetinin müəllimi

Şamaxı qəzasının İsmayıllı nahiyəsinin Qaraməryəm yaylasına və Burunoval dağına bitişik kəndləri olan Kürdmaşı, Qubaxəlilli, Pirdinar, Quşencə, Mollaisaqlı, Hacıhətəmli, Gəraybəyli... kəndlərinə 1918-ci ilin may-iyul aylarında hay-daşnak və rus-bolşevik quldur dəstələrinin A.Srvantsyanın başçılığı ilə hücumu yerli  silahlı düşmən dəstələri tərəfindən daha da gücləndirilmişdir (amansızlığı baxımından). Yerli dəstələr  quldurbaşı S.Şaumyanın rəhbəri olduğu  Bakı Xalq Komissarları  Soveti  tərəfindən (bu qurumun hərbi-dəniz  komissarı Q.N.Korqanovun birbaşa nəzarəti altında) silahlandırılmış Qalagah, Qoşakənd, Kəlbənd, Tubukənd, Gənzə, Girk... kəndlərinin (ümumilikdə bu bölgədə 15-20 hayəsilli kənd olub) xəyanətkar, azğınlaşmış üzvlərindən və onlara canı-dildən kömək edən  dindaşlarından ibarət olmuşdur.

Həmin qanlı illərin faciəvi səhifələrindən biri də o dövrdə 120 evdən ibarət və 300 il yaşı olan Quşencə kənd (onun mərkəzi hissəsi "Şıx bulağı" adlanır)  sakinlərinin taleyinə yazılmışdır. Bu kəndin "Yuxarı məhəllə", "Günbatan məhəllə" və  gündoğan hissədə "Matannı məhəlləsi"nin ailələrinin çoxusu əski şəcərə ünvanlarında uzaq Hindistandan, Dağıstandan  tutmuş, yaxın Şamaxı və Ağsu nahiyələrinə (1859-60-cı illərdəki dağıdıcı zəlzələdən sonra) qohumluğu çatanlardır.

1918-ci ildə məlum hücumlar ərəfəsində kənd sakinləri (eləcə  də  ətrafdakı  Balik, Zoğallıq, Enişdibi kəndlərinin əhli)  Baba dağın ətəklərinə ( Quşencə kəndindən Babadağ, Bazardüzü, Tufandağ zirvələri və dağətəyi kəndlər açıq-aydın görünür)-Küpünc dağına üz tutmuş, yaşlı sakinlər, qadiınlar-uşaqlar o yerlərdə Cülyan, Qəzli kəndlərində sığınacaq tapmışlar. Kəndin cavanlarından ibarət müqvimət dəstələri isə əsasən "Xurcun düzü" (kənddən  500 m kənarda) meşəliyini özlərinə səngər etmişdilər.

Kənd sakinlərindən Nazxanım və Nazpəri Səfəralı qızları, Nazilə Mustafa qızı (1901-2001), Əsli Mehdi qızı (1907-1982), Rza Nəsir oğlu Qasımovun (1923-2016), İldırım Mustafa oğlu Əliyevin (1926-1959) xatirələri əsasında həmin qətliamlar barədə məlumat verən Ə.Babayev adına Quşencə kənd tam orta məktəbinin direktor müavini Ağagül Ağasəlim oğlu Səfərov (1960) ümumilıkdə bu kənddə 20 nəfərədək günahsız sakinin qətlə yetirildiyini bildirir.

Ən amansız işkəncələri "Aşağı məhəllə"də  Qoşakənd, Tubukənd və Gərməxan (bu kəndə ermənilər XIX əsrin 30-cu illərində Cənubi Azərbaycanın Xoy əyalətindən köçürülmüşdür) kəndlərinin quldur hay dəstələri tərəfindən törədilmişdir. Kəndin  günbatan hissəsinə hücum edən Qələyə, Uştal kəndlərinin quldurları "Cırlıq" adlanan yerdə əsir götürdükləri yaşlı kənd sakinini soyunduraraq yay vəziyyətində əydikləri bir ağaca bağlayıb atıb... parça-parça edirlər... "Arpa yer" adlanan ərazidə isə Bilal kişinin atasını isə xəncərləc doğramışdılar. Ən çox qətlə yetirilənlər də  kəndin bu hissəsində yaşayanlar olub. Haylar Qoşakənd kəndində (Quşencədən 10-12 km şərqdə, bu kənddə Şamaxı nahiyəsinin quldur hay silahlıları da kömək üçün cəmlənmiş və qərargah qurmuşdur) quraşdırdıqları top atəşi ilə tez-tez atəş açmış, qədim tikililəri (məscidləri, qəbirstanlıqları) dağıtmış, evləri isə oda qalamışlar. Partlamamış  top  mərmisi Balaş  Şirəliyevin həyətinə düşmüş, keşən əsrin 70-ci illərinədək qalırdı.

Deyilənə görə, hay-bolşevik quldurları dinc sakinlərin sığınacaq yerlərini ov itlərinin köməkliyi ilə müəyyən ediblər, axtarıb  tapıblar.

Bununla belə, 5-ci Qafqaz İslam Ordusunun 40-50 nəfərlik heyəti  gələnə qədər (Mollaisaqlı-Göytəpə kəndləri istiqamətindən) kənd sakinləri yerli müdafiə qüvvələrinin səyi ilə müdafiə oluna biliblər. Belə söhbət edirlər ki, kəndin ətrafındakı "Qərib əkən" adlı yerdə (kənddən 150-200 m aralı) səngərdə olan Cəbi  süvari  erməni qatilini atın üstündə vurur, amma o, yerə düşmür, ayağı üzəngiyə ilişib qalır. Onda Cəbi əl atır tüfəngi və çiynindəki heybəni götürə bilir, görürü ki, heybənin gözləri  qonşu kəndlərdən qarət edilmiş qiymətli zinyət əşyalarıdır,  o da bir atlı ilə göndərir camaat sığınan kəndə. Sonradan o xəzinə "it-bata" düşür, onda Cəbi  əmanətə xəyanət edəni öldürmək istəyir, amma anası qoymur:

- Qızılın yiyəsi olmur, deyir.

Osmanlı Türkiyəsi ordusunun döyüşçülərinin qərargahı "dəlləklilər nəsli"nin  yaşadığı "Yuxarı məhəllə"dəki evlərin birində yerləşmişdi. Bu yer strateji əhəmiyyət daşıdığı üçün orada hərbi səyyar düşərgə də qurulmuşdu. Bu ordunun tərkibində yerli döyüşçülər də vuruşmuş, düşmənin dəf edilməsində yaxından iştirak etmişlər. Birgə müqavimət və hücumun nəticəsində haymənşəli Gərməxan kəndindən (Quşencə kəndindən 4-5 km aralıda yerləşən) olan təcavüzün qarşısı alınaraq həmin ərazi murdar töküntülərdən  bütünlüklə təmizlənir. 

Cəbhənin bu istiqamətində gedən döyüşlərin təşkilində və yerli müdafiə dəstələri ilə  hərbi təlimlərin keçirilməsində Osmanlı Ordusunun əsgər və zabitləri yaxından iştirak etmişlər. Onlar yerli döyüşçülərin döyüş qabiliyyətini nəzərə alaraq əsasən atıcılıqda istifadə etmişlər. Çox maraqlıdır ki, bu sahədə kənd qızları xüsusilə fərqlənmişlər. Və deyilənə görə, sərrast atıcılığı ilə fərqlənən bu 6 qızla elə türk ordusunun əsgərləri də ailə qurmuş, sonra isə həyatlarını türkiyədə davam etdirmişlər.

Onlardan biri kənd sakini Mələk Şahin idi. O, türk zabiti ilə ailə qurmuşdu, sonra həmin zabit ordu generalı olmuşdur. Keşən əsrin 70-ci illərində xanımın qardaşı Qəzənfər Mustafayev oğlu Alışanla Türkiyədə olur, bacısı ilə görüşür və az sonra orada ölür.

Digər bir xanım  sərrast atıcı  Ülkər həm düşmənə qarşı döyüşlərdə fərqlənmiş, həm də "arxa cəbhə"nin işlərinə kömək etmişdir. Axı onların ata ocağı həm də türk döyüşçülərinin qərargahı idi. Onun oğlu  Əli Fərzalı oğlu (1896-1943) da bu yardımların iştirakçısı olub. Sonrakı illərdə o, Moskva şəhərində K.Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasını bitirir, uzun müddər İsmayıllı rayonunun Kənd Təsərrüfatı idarəsinin rəisi, son vaxtlar isə Quşencə kəndinin təsərrüfat rəhbəri işləmişdir.   

Zoğallıq kəndindən (bu kənd hazırda Quşencəyə bitişikdir) olan Nazilə Mustafa qızı isə 5-ci Qafqaz İslam Ordusunun qazisi  Ər-Mustafa ilə (Anadolu bolgəsindən) hayatını bağlamış və Bakı şəhəri uğrunda döyüşlərdə də birgə vuruşmuşlar. Qalibiyyətdən sonra Balaxanı neft mədənlərində çalışan Ər-Mustafa orada yaşamışdır.

1918-ci ilin ağır döyüşlərində cəbhənin bu istiqamətində yaralanan türk əsgərinin  "Yuxarı məhəllə"də sarğısnın bağlanmasının, kənd əhlinin onun başına toplanmasını yada salmış Ciyərxanım Vəliyeva, həyat yoldaşı Vəli baba (1877-1977) elə oradaca ağı deyən Əsli Mehdi qızının (1907-1982) bir bəndlik nəzmini də dilə gətirmişlər:

Güllə dəyib bu maralın özünə,

Qan tökülüb dabanına, dizinə.

Xəbər verin obasına, elinə,

Keçinməmiş yetişsinlər ününə.

Quşencə kəndinin cənubundakı hay mənşəli Girk kəndinin quldurları eləcə də qədim Müsüslü-İsmayıllı ticarət yolu üstündə yerləşən Qaravəlli kəndinə də silahlı basqınlar etmişlər. Həmin illərdə Quba qəzasının soyqırım faciələrindən canını qurtara bilmiş 15-20 tərəkəmə ailəsi burada da hay-bolşevik dəstələrinin qətliamları ilə  üzləşmişlər. Bu faciələrdən yayınmaq üçün onlar 7 km aralıda, gündoğan yöndə Səlim bəyin ərazisində sığınacaq tapmışlar. Qaravəlli kəndi boşalmış, onun binələrinin yerində (indi ora Pirdinar  adlanır) isə tarixin acı rüzgarı ilə 1988-1993-cü illərdə Zəngəzur və Qarabağ bölgələrində    hayların soyqırım qurbanlarının sağ qalmış ailələrinin  yerləşməsinə səbəb olmuşdur.

1928-ci ildə Səlim bəyin torpaqlarında yerləşən tərəkəmə ailələrinin başçısı Xəlilin adına uyğun məskunlaşma yeri isə  Qubaxəlilli kəndi adlanmışdır ki, ora hazırda İsmayıllı rayonunun ərazi vahididir (bu barədə məlumatı kənd sakini, tərəkəmə ailələrinin nəslindən olan Firudin Ağakərim oğlu Hüseynov (1938) atası Ağakərim Hüseyn oğlunun (1897-1947) söylədiklərinə əsasən bildirdi.)

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR