Azyaşlılara siqaret satışının qarşısını necə almaq olar?

Bu məsələdə valideynlər də məsuliyyət daşıyırlar

Azərbaycanda uzun müddətdən bəri gözlənilən tütün məhsullarından istifadəni tənzimləyən qanun qəbul edilib. "Tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi  hazırlanarkən  model qanun olaraq Türkiyə və Rusiya təcrübəsindən istifadə olunub. Belə bir qanunun qəbul edilməsində məqsəd Azərbaycan əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, pis vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə zərərli təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən etməkdir. Odur ki, qanunun qəbulu  təxminən on il müzakirədən sonra reallaşdırmaq mümkün oldu. Hazırda ölkə qanunvericiliyinə görə, ictimai yerlərdə siqaret çəkmək, eləcə də azyaşlı uşaqlara siqaret satmaq qadağandır, belə hərəkətlərə yol vermək inzibati məsuliyyət yaradır.

Lakin müəyyən olunmuş qadağalara baxmayaraq metro çıxışlarında, qəzet köşklərində azyaşlı uşaqların ciblərinin gizli qonağı olan siqaretlərin ədədlə satışı bu gün də davam etməkdədir. İlk baxışdan təhlükəsiz görünsə də, az çəkilməsi kimi təəssürat oyatsa da əslində siqaretlərin tək-tək satışı daha təhlükəlidir. Xatırladaq ki, ölkə qanunvericiliyinə əsasən Azərbaycanda 18 yaşına kimi şəxslərə siqaret və spirtli içki satılması qadağandır. "Tütün məmulatları haqqında" Qanunun 15.5-ci maddəsinə görə, tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir. Tütün məmulatlarını nə avtomatla, nə də dükanda ədədlə, tək-tək satmağa icazə yoxdur. "Reklam haqqında" Qanun isə bir qədər daha sərt tələb qoyur. Belə ki, uşaq, təhsil, idman müəssisələrində, həmçinin onlardan 100 metrədək məsafədə spirtli içki və tütün məmulatlarının reklam yayımına yol verilmir. İnzibati Xətalar Məcəlləsinin 236.2-ci maddəsinə görə, ticarət və ya ictimai iaşə müəssisələrində yetkinlik yaşına çatmayanlara siqaret və içki satanlar şərti maliyyə vahidinin 15 mislindən 40 mislinədək miqdarda cərimə edilir. Təəssüf ki, qanunun bu tələblərinə əməl olunduğunu demək olmaz. Bakıda istənilən məktəb yaxınlığında kiçik dükanlar, köşklər, marketlər var. Orada spirtli içki olmasa belə, siqaret mütləq satılır. İndi belə köşklərə metro stansiyalarının çıxışında, dayanacaqlarda da rast gəlmək olar. Burada açıq şəkildə siqaret satışı var. Əksər satış mərkəzlərində siqaretlər həmçinin ədədlə satıldığından, azyaşlı uşaqların  da bunu almağa imkanı yaranır. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis orqanları tərəfindən tədbirlər davam etdirilir. Belə ki, dekabrın 5-də Baş İctimai Təhlükəsizlik və Nəsimi Rayon Polis İdarələrinin əməkdaşları rayon ərazisində növbəti belə tədbir keçiriblər. Bu zaman Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığındakı mağazanın sahibi paytaxt sakini Anar Kazımlının yetkinlik yaşına çatmayan 11-ci sinif şagirdinə tütün məmulatı satması müəyən edilib. Fakt təsdiqini tapandan sonra həmin mağazanın sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və o, qanunvericiliyin tələblərinə uyğun olaraq cərimə edilib. Qeyd edək ki, son günlər Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərində keçirilən bu tipli tədbirlər zamanı yetkinlik yaşına çatmayan şəxslərə spirtli içki və tütün məmulatları satan 20-yə yaxın obyekt sahibi inzibati qaydada məsuliyyətə cəlb edilib. Daxili İşlər Nazirliyi alkoqollu içkilər və tütün məmulatlarının satışı ilə məşğul olan şəxslərə xəbərdarlıq edərək bildirir ki, azyaşlılaraq və yetkinlik yaşına çatmayan şəxslərə qeyd edilən məhsulların satışı qanunla qadağan edilib. Paytaxt, eləcə də regionlarda bu qanunsuz hərəkətlərə yol verən şəxslərə qarşı polis əməkdaşları tərəfindən mütəmadi reydlər və qətiyyətli tədbirlər bundan sonra da davam etdiriləcək. Maraqlıdır, sözügedən tədbirlərlə azyaşlılara siqaret satılmasının qarşısını almaq mümkün olacaqmı? Millət vəkili Fazil Mustafa bildirib ki, hüquq mühafizə orqanları tərəfindən azyaşlılara siqaret satılmasının qarşısının alınması məqsədilə reydlərin keçirilməsi başlanğıc üçün yaxşı haldır: "Polis əməkdaşları tərəfindən keçirilən reydlərin hər yerdə effektli olacağını düşünmürəm. Çünki, məyyən "imtiyazlı" alış-veriş mərkəzləri, marketlər var ki, onlara müdaxilə edilməyəcək. Xəbər gəlsə ki, məsələn, hansısa marketlərə güzəşt edilir, o zaman qanunun obyektiv icrası ilə bağlı da şübhə yaranacaq. Gərək qanunun tətbiqi istisnasız, hər yerdə ədalətli olsun. Belə olduğu halda keçirilən reydlər effektli ola, gözlənilən nəticəni verə bilər. Yoxsa, marketlərə, satış nöqtələrinə fərq qoyulsa, o zaman qanunun ədalətli tətbiqindən danışmağa dəyməz". Millət vəkili hesab edir ki, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının qarşısının alınması üçün  video-müşahidə kameralarının qoyulması yetərli sayıla bilməz: "Hazırda əksər marketlərdə müşahidə kameraları var və hüquq-mühafizə orqanları bunlara əsasən harada qanun pozuntusu baş verdiyini aşkarlaya bilir. Amma bizim əsas nöqsanımız vətəndaş cəmiyyətinin passivliyidir. Təkcə müşahidə kameralarına bel bağlamaq olmaz. Vətəndaşlar özləri də müşahidəçi olmalıdır. Xüsusilə də valideynlər övladlarının sağlamlığını düşünürsə, marketlərdə, kiçik, gözdən uzaq, könüldən iraq satış nöqtələrində, xırda "butkalar"da uşaqlara siqaret satışına dözümsüz yanaşmalıdırlar. Hamımız bilirik ki, həyətlərdə, məhəllələrdə kiçik köşklər var, orada gündəlik tələbat malları satılır, o cümlədən də siqaret və ya spirtli içki. Binaların, evlərin sakinləri kimlərin bu köşklərdən, kiçik ərzaq marketlərindən nə aldığını çox yaxşı bilir. Gərək valideynlər məsuliyyətli olsun və uşaqlarının bu cür satış yerlərindən siqaret və ya spirtli içki almasına imkan verməsinlər. Elə valideyn var, uşağı özü göndərir siqaret ardınca. Belə valideynlər cinayət məsuliyyəti daşıyır və qanuna müvafiq qaydada cəzalana bilər".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR