"Ümumi təhsil haqqında" yeni qanun layihəsi – Ekspertlər nə düşünür?

Kamran Əsədov: "Orta ümumtəhsil məktəbləri üçün ayrıca qanun layihəsinin hazırlanaraq qəbul edilməsi zəruridir. Bu, orta məktəblərin hüquqi problemlərinin aradan qaldırılmasına da yardımçı olacaq."

Nadir İsrafilov: "Təhsil qanunvericiliyinin əsas tərkib hissəsi təhsil haqqında qanundur. Təhsil cəmiyyət və dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik olan və inkişaf etdirilən fəaliyyət sahəsidir."

Ümumi təhsil haqqında" 5 fəsil, 33 maddədən ibarət olan yeni qanun layihəsi hazırlanıb. Yeni qanun layihəsi  Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

"Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, "Təhsil haqqında", "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, ümumi təhsil sahəsində münasibətləri nəzərdə tutan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

"Ümumi təhsil haqqında" Azərbaycan Respublikası qanunvericiliyinin məqsədi vətəndaşların ümumi təhsil sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnu təmin etməkdən, ümumi təhsil prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibəti tənzimləməkdən və ümumi təhsilin təşkilati-hüquqi bazasını yaratmaqdan ibarətdir.

Yeni qanun Azərbaycanda fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir.

Olaylar.az "Ümumi təhsil haqqında" yeni qanun layihəsi ilə bağlı təhsil ekspertlərinin fikirlərini öyrənib.

Ekspert Kamran Əsədov xatırlatdı ki, Azərbaycanda 2009-cu ildə qəbul olunmuş "Təhsil haqqında" qanunda təhsil üzrə sahə qanunlarının hazırlanması nəzərdə tutulmuşdu. Təhsil qanunu qəbul olunarkən orda çox ziddiyyətli məsələlər ortaya çıxdı. Ona görə də qərara alındı ki, çərçivə qanunu olsun.

O bildirib ki, Azərbaycanda orta məktəblər haqqında qüvvədə olan hüquqi sənəd 2011-ci ildə qəbul edilən orta məktəblərin nümunəvi nizamnaməsidir: "Bu da tam şəkildə təhsilin bu pilləsi ilə bağlı bütün məsələləri əks etdirmir. Çünki bir çox ayrı-ayrı qanunvericilik aktlarında orta məktəblərə aid hüquq və vəzifələr paylanmış haldadır. Düşünürəm ki, orta ümumtəhsil məktəbləri və ali məktəblər üçün ayrıca qanuna ehtiyac var idi. Yəni burada vəzifə bölgüləri, ali və orta məktəblərin hüquq və vəzfələri, öhdəlikləri ayrıca şəkildə öz əksini tapsın. Hesab edirəm ki, orta ümumtəhsil məktəbləri üçün ayrıca qanun layihəsinin hazırlanaraq qəbul edilməsi zəruridir. Bu, orta məktəblərin hüquqi problemlərinin aradan qaldırılmasına da yardımçı olacaq.

Ekspert "Ümumi təhsil haqqında" qanun layihəsini araşdırdığını və qanunun orta ümumtəhsil məktəblərində  təhsilin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, ümumtəhsil müəssisələrində  təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən etdiyini vurğuladı: "5 fəsil 24 maddədən ibarət olan sənədə görə, orta ümumtəhsil  təhsil müəssisəsinin təsisçisi dövlət, bələdiyyələr, Azərbaycanın hüquqi şəxsləri və vətəndaşları ola bilərlər. Məktəbəqədər təhsil müəssisəsinə lisenziya müddətsiz verilir. Bu təhsil müəssisələrinə yalnız ali təhsilli və bu sahədə ən azı 5 il təcrübəsi olan şəxslər rəhbər təyin oluna bilərlər."

Ekspert Nadir İsrafilov dedi ki, təhsil qanunvericiliyinin əsas tərkib hissəsi təhsil haqqında qanundur. Təhsil cəmiyyət və dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik olan və inkişaf etdirilən fəaliyyət sahəsidir: "Təhsil qanunu təhsil sisteminin ümumi əsaslarını müəyyən edir, sistemin sərbəst fəaliyyəti və təhsilin inkişafı üçün hüquqi təminat yaradır. 1999 - cu ilin iyun ayında təsdiq edilən "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nda qeyd edildiyi kimi 1992-ci ildə tələsik qəbul olunan təhsil qanununun inkişafın qarşısını aldığı, hətta bir sıra yeni problemlər yaratdığı qeyd edilirdi. Həmin qanunda normativ xarakterli müddəaların olmaması, bir çox maddələrin bir-birilə ziddiyyət təşkil etməsi, real inkişaf prosesinin nəzərə alınmaması müəllimlərin sosial vəziyyətini daha da ağırlaşdırdı. Qeyri-qanuni təhsil müəssisələrinin açılmasına şərait yarandı, təhsil sistemini tənzimləyən normativ sənədlərin hazırlanması və tətbiqində maneələr meydana gəldi. Beləliklə, 1992-ci ildə qəbul olunan qanun respublikada təhsil prosesinin inkişafına şərait yarada bilmədi". Nəhayət, 15 illik fasilədən sonra, 2009-cu ildə təsdiq edilən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu da öz mükəmməlliyi və dayanaqlılığı ilə ümidləri doğrultmadı. Bu qanun ciddi mübahisə predmentinə çevrilərək, "çərçivə qanunu" statusu aldı. Əlavə olaraq, sahəvi qanunların -"elm haqqında", "ali təhsil haqqında", "məktəbəqədər təhsil haqqında", "orta ümumtəhsil haqqında", "peşə təhsili haqqında" və s. qanunların hazırlanmasına və qəbuluna, eyni zamanda mövcud qanunun özünə belə əlavələrin və dəyişikliklərin edilməsi zərurəti yaranıb."

Ekspert qeyd etdi ki, təəsüfləndirici cəhət odur ki, qüvvədə olan qanun və ona edilən əlavə və dəyişikliklər nəinki ictimaiyyət tərəfindən birmənalı qarşılanmır, hətta Milli Məclis üzvlərinin belə tənqid hədəfinə tuş gəlir: "Bu barədə ənənəvi və elektron mediada kifayət qədər münasibət öz əksini tapıb. Hesab edirəm ki, "Təhsil haqqında" Qanunun ətrafında yaranan vəziyyətə ən konkret və sərrast cavabı elə Milli Məclisin spikeri Oqtay Əsədov özü verib: " İndi də deyirlər, qanun yenidən işlənməlidir. Belə olmaz axı. Qanun olmazsa, nəyə dəyişiklik edəcəksiniz? Hər şeyi yenidən işləmək olmur. Onda gəlin, Cinayət Məcəlləsini və digər məcəllələri də yenidən hazırlayaq" Kimin və ya kimlərinsə konkret təklif və təşəbüsü ilə hazırlanan qanun uzun ömürlü və dayanaqlı ola bilməz. Qanunun hazırlanması geniş müzakirə və ümumi ictimai rəyin öyrənilməsini tələb edir. Əbəs yerə ölkə başçısının sərancamına əsasən, Milli Məclis tərəfindən "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilməyib. Qanuna dəyişiklik edilsə belə, elə edilməlidir ki, onu hər dəfə dəyişdirməyə ehtiyac qalmasın."

Nadir İsrafilov qeyd edib ki, bu mənada hazırda müzakirəyə çıxarılan və növbəti sahəvi qanunlardan biri olan, ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edən "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi bu dərəcədə əhəmiyyətlidir: "Təqdiredici haldır ki, həmin layihə ilkin olaraq, Təhsil nazirliyi tərəfindən təşkil olunmuş, bir sıra məktəb rəhbərləri, təhsil ekspertləri və digər əlaqədaq mütəxəssislərin, bilavasitə mənim də iştirak etdiyim geniş müzakirələrdə hərtərəfli təhlil olunmuş, iradlar, rəy və təkliflər ümumiləşdirilərək, Milli Məclisin müvafiq komissiyasına göndərilmişdir. Ümid edək ki, bu dəfə tələskənliyə yol verilmədən,daha təkmil və sanballı bir Qanun ortalığa çıxarılacaqdır. Çünki, təhsilin pillərindən ən geniş və əhatəlisi məhz ümumi təhsildir".

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR