Mənə bax, mənlə danış, məni dinlə...

Elə şeylər var ki, onlar olur, sən sadəcə baxırsan,

Qarışa bilmirsən olanlara  olsan da yaxın sən.

Gözünü çəkə bilmirsən, olanlardan,

Donub heykəl kimi qalırsan o anlarda.

("Heykəllər" 2016)

Cəmiyyətdə aqressiya və şiddətə meyillilik artır. İnsanlar bir-birinə münasibətdə hədsiz dözümsüzlük sərgiləyir. Hər kəs özünü əsəbi insan hesab edir. Bəzi belə insanlar üçün şiddətə üz tutmaq, əsəblərini cilovlamaqdan daha asandır. Kiçik anlaşılmazlıqlar böyük qarşıdurmalar yaradır. Hər kəsdən anlayış gözləyənlər, özləri bu anlayışı başqalarına göstərmir. Anlaşılmazlıq öz həllini tapmır. Bir kəs bir başqası üzərində öz üstünlüyünü, öz gücünü hərisliklə sübut etməyə çalışır. Hirs və axmaqlıq öz nirvanasına çatmaqdadır, çünki nəzakətlik və alicənablıq bugünki cəmiyyətdə "bitkisəl həyat"ını yaşayır. Onları həyata qaytarmaq getdikcə çətinləşir.  Son vəziyyət? Stabildir...

Heç bir şiddət halı, ən amansız cinayət belə insanlarda təəccüb hissi doğurmur. Şüurlarda iz qoyan olay, yaddaşlarda sadəcə üç gün qalır, o da yerini başqa bir hadisəyə buraxdığı üçün...  Həqiqətdir ki, hər vəhşilik daha böyük vəhşilik gördüyümüz, eşitdiyimiz günə qədər yaşayır.

Cəmiyyətə "mənə bax, mənlə danış, məni dinlə" deyə bilmirsən.

Onun üzünə baxırsan, o isə uzağa baxır. Sənin gözün ondadır, onun baxışları geri dönüşü olmayan yollarda. Dərində, daha dərində... Danışır, dinləmirsən, danışmaq istəyirsən, susdurur. Belə bir küskünlük var cəmiyyət və insan arasında. Hər gün birlikdə, lakin sən ondan uzaq, o da səndən.

Çünki siz üz-üzə gələrkən təbəssüm etməyi unutdunuz. Siz onu yanıltdınız. Hər zaman hər şeyi doğru etməsinə öyrəşdiyiniz insana səhv etmə haqqını tanımadız. İlk səhvində dinləmədən, anlamadan, daha bir şans vermədən uzaqlaşdız. "Mükəmməl insan"  sən, qazandığını düşündün- şah; lakin bir düzdən dörd səvhə getdin və məğlub oldun-mat.

4 səvhin 1 düzü ölümə apardı. Həyatlarındakı ilk sınağın nəticəsi onunla vidalaşmaq oldu. Gənclik yeni bir sabaha göz aça bilmədi. Uğursuzluq, qınaq qorxusu, günahkarlıq hissi öldürdü onları.

Qorxduz, yıxılana balta vurduz. Həqiqəti bildiyiniz halda susduz, ayağa qaldırmadız, dəstək olmadız. Fərdlərin ön mühakimələrinə qurban getdiz. Əqidənizi itirdiz...

İntihara cəhd edən zavallıdan da zavallı olduz. Ölümün özü olan intiharın       reallaşmasını maraqla gözlədiz. Cəhdi məsxərə etdiz. Elə bu vaxt insanlığınızı itirdiz. Yaşayaraq, ölmək bu olsa gərək.

İnsanların vicdanından, mərhəmət hissindən istifadə etdiz. Publikaya, tribunalara oynadız. Həqiqət aşkara çıxdı stadionda tək qaldız. Sizə qalan qulaqlarda küy oldu.

Ağıllıydız-sizi görsünlər deyə simanızı itirəcək qədər lüzumsuz ağıllı. Gedən simaların yerində sırtılan sifətlər qaldı.

Sırtılan sifətlərlə əmanətə xəyanət etdiz. Sənə arxayın olana, xəyanət necə də pisdir (Hz. Əli ). Sizə tapşırılan kiçik canları, saçının bir telinə zərər belə verməyəcək olduqlarınızı şiddətə məruz buraxdız. Vəhşiliyinizi qəbul etmədiz, inkar etdiz. Özünüzə haqq qazandırdız. Mənəviyyatınızı itirdiz.

Əxlaqi tərbiyəni əxlaqsız dəyərlərlə ifşa etdiz. Şərəfinizi, heysiyyatınızı belə, görüntüləşdirib sosial şəbəkələrə daşıdız. Öz namusunuzdan belə gündəm yaratdız. İbtidai təfəkkürlər, sədaqəti tanımadan xəyanəti günah bilənlər, pedofilliyə belə bu qədər etiraz etmədilər. Hər gün dünyada cinsi zorakılıq səbəbindən 5 uşaq dünyasını dəyişir. İstənilən bədbəxt hadisədən ən çox zərər çəkən uşaqlar olur.

Siz nə vaxt uşaqları düşünəcək, nə vaxt onların gələcək həyatını, psixoloji vəziyyətini təhlükələrdən qoruyacaqsız, nə vaxt qürurunu mühafizə edəcəksiz? Adı belə qoyulmayan uşaqlara qeyri-qanuni damğasını vurub ölümə sövq etdiniz. Beş qəpik dəyərində olmayan vicdanınızla 5 günlük körpələrinizi zibil qutularına atdınız...

Hər vicdansızlığın, hər əxlaqsızlığın, hər pisliyin təməlində cahillik dayanır. Macar atalar sözündə deyilir ki, sərxoş insan axır əvvəl ayılır, lakin cahil insan yox. Ümid edək ki, macarlar yanılar, cahillər də ayılar...

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR