Azərbaycanda ciddi demoqrafik çətinliklər gözlənilir

Mənfi təcrübələrdən nümunə gətirmək deyil, nəticə çıxarmalıyıq...

Milli Məclisdə gedən büdcə müzakirələri Azərbaycanda yeni doğulan uşağa görə müavinət verilməsi ilə bağlı məsələni gündəmə gətirib. Parlament üzvlərinin bununla bağlı dediklərinə reaksiya verən maliyyə naziri Samir Şərifov deyib ki, bu sahədə Azərbaycanı digər ölkələrlə müqayisə etmək doğru deyil: "Məsələn, Belarusla müqayisə aparırlar. Orada vəziyyət fərqlidir. Belarusdakı demoqrafik vəziyyət Azərbaycandakı ilə müqayisə oluna bilməz, çünki arada fərq var. Yəni bu, hər dövlətdə fərqlidir. Amma bu məsələyə baxıla bilər".

Qeyd edək ki, müstəqillik dövrünün ilkin mərhələsində Azərbaycanda sovet dövründən qalma qaydalar əsasında uşaqlara aylıq müavinət ödənilməsi praktikası davam etdirilib.  2006-cı ildə ünvanlı sosial yardım prosesi başlanan zaman buna son qoyulub. Ondan bəri ölkəmizdə hamiləliyə və doğuma görə müavinəti almaq hüququ  da yalnız işləyən və sosial sığorta ödəyən şəxslərə verilir. Bu hüquq ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.  Doğuma və hamiləliyə görə məzuniyyət haqqı məzuniyyətə çıxılan aydan əvvəlki 12 ayın əmək haqqı məbləği əsasında hesablanır.

Uşağa görə kim nə verir?

Azərbaycanda əksər MDB ölkələrindən fərqli olaraq, uşağın doğulması zamanı analıq kapitalının ödənişi nəzərdə tutulmur. Bunun əvəzində övladı dünyaya gələn valideynlərə(hansı işləyirsə ona) birdəfəlik müavinət verilir. Bu müavinət hazırda 99 AZN-ə bərabərdir. İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir.

çocuklar ile ilgili görsel sonucu

Müqayisə üçün qeyd edək ki, bu müavinət Qazaxıstanda 2017-ci il 1 iyuldan etibarən 1, 2 və 3-cü uşağa görə 86 222 təngə, yaxud 465,6 manat, 4-cü və ondan sonrakı hər uşaq üçün isə 142 947 təngə və ya 771,9 manat təşkil edir.

Bundan əlavə, Qazaxıstanda uşaqların 1 yaşınadək işləməyən analara dövlət 1-ci uşağa görə ayda 13069 təngə(70,6 manat), 2-ci uşağa görə ayda 15 452 təngə (83,4 manat), 3-cü uşağa görə ayda 17812 təngə(96,1 manat), 4-cü və ondan sonrakı hər uşağa görə ayda 20 194 təngə(109 manat) "uşaqpulu" ödəyir. İşləyən analar üçünsə bu məbləğ 3-4 dəfə artıq olur.

S.Şərifovun haqqında bəhs etdiyi Belarusda 01 may-31 iyul 2017-ci il tarixinə 1-ci uşağın doğulmasına görə birdəfəlik müavinətin həcmi 1838,2 rubl və ya 1671,1 manat, 2-ci və sonrakı hər uşağa görə isə 2573,4 rubl və ya 2339,5 manat təşkil edib. Əkizlərə, üçəm və ya dördəmlərə görə əlavə olaraq hər uşaq üçün 367,64 rubl(334,2 manat) birdəfəlik kompensasiya ödənilir. Özü də ölkə üzrə orta aylıq əmək haqqına bağlı olduğu üçün bu məbləğlər hər il, əksər hallarda isə hər rüb artır. Hətta orta aylıq əmək haqqı azalsa belə, uşaq doğulandan əvvəlki yüksək məbləğə uyğun hesablanır.

Bundan əlavə, Belarusda uşaqların 3 yaşınadək hər ay valideynlər 1-ci uşaqda ölkə üzrə orta aylıq əmək haqqının 35 faizi həcmində - ötən ilin ilk yarısı üçün 261,38 rubl(237,6 manat), 2-ci və sonrakı hər uşaqda isə 40 faizi həcmində - 298,72 rubl(271,6 manat) müavinət("uşaqpulu") alıblar. Əlil uşaqlar üçün bu məbləğ 336,06 rubl(305,5 manat) təşkil edib. Əgər ana işləyirsə və tutalım ki, uşaq 6 aylıq olandan sonra işə çıxırsa, ailədəki yaxın qohumlardan kimsə(nənə, baba, xala, dayı, bibi və sair) məzuniyyət götürüb uşağa baxarsa, müavinət yenə ödənilir. Bundan əlavə, 3 yaşınadək uşağa baxan valideynin ondan başqa 3-18 yaş arasında uşaqları da varsa, onların hər birinə görə ayda 91,91 rubl(83,55 manat) ödənilir.

Rusiyada 2-ci uşaq doğulanda anaya "analıq kapitalı" adlı birdəfəlik müavinət ödənilir ki, ötən il onun həcmi 453026 rubl və ya 13 545,5 manat təşkil edib.

Azərbaycanda isə işləyən analar uşağa görə məzuniyyət götürdükdə uşağın 1 yaşınadək görə ayda 30 AZN, 1-3 yaşadək isə 15 manat müavinət alırlar.

Rusiyada uşaqların 1,5 yaşınadək 1-ci uşağa ayda minimum 2718,35 rubl(81,2 manat), 2-ci və ondan sonrakı hər uşağa görə ayda minimum 5436,67 rubl(162,5 manat) müavinət ödənilir. Bundan əlavə, 3-cü və ondan sonrakı hər uşaq 3 yaşına çatanadək valideynlər hər ay uşaqlar üçün müəyyənləşdirilən regional yaşayış minimumu həcmində vəsait də alırlar.

Azərbaycanda doğumun stimullaşdırılması zərurətə çevrilir

Yeni qəbul olunmuş Məşğulluq Strategiyasına görə, Azərbaycan demoqrafik baxımdan sabit inkişaf edən ölkə sayılır. Belə ki, 2006-2017-ci illər ərzində ölkədə əhalinin orta illik artım sürəti 1,3 faizə yaxın olub ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricilərdən biri hesab edilir.

Lakin ölkə üzrə əhalinin təbii artımında bir sıra problem yaradacaq meyllər indidən hiss olunmaqdadır. Belə ki, əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə ölkə əhalisinin təbii artımı nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək. Pensiya yaşına çatmış əhalinin sayının 2015-ci ildəkinə (841 min nəfər) nisbətən 2030-cu ilədək 2 dəfə artacağı proqnozlaşdırılır ki, bu da dövlətin sosial yükünü artıra, həmçinin yaşlı insanların sosial təminatında əlavə tədbirlərin həyata keçirilməsi zərurətini yarada bilər.

2017-ci ildə Azərbaycanda 15-24 yaş arasında şəxslərin sayı 1,5 milyon nəfərə yaxın olubsa, 2025-ci ildə bunun 17 faiz az olacağı, sonrakı illərdə isə artaraq 2030-cu ildə 2015-ci ilin səviyyəsinə (1,6 milyon nəfər) çatacağı proqnozlaşdırılır.

Azərbaycanda 15-49 yaş arası hər min qadına düşən doğum sayı da sürətlə azalmaqdadır. Belə ki, bu göstərici 1992-ci ildəki 110,8-dən 2017-ci ildə 63,3-ə düşüb. Ölkə üzrə 1 və 2 uşaqlı ailələrin sayı sürətlə artmaqdadır və bunu hər kəs öz ətrafında açıq görə bilir. Rəsmi statistikaya görə, 1999-cu ildə aparılan siyahıyaalmanın məlumatlarına əsasən, 18 yaşadək uşaqları olan ailələr arasında 1 uşaqlı ailələrin sayı 22,5 faiz, 2 uşaqlı ailələrin sayı 35,3 faiz, 3 uşaqlı ailələrin sayı 25,5 faiz, 4 və daha çox uşaqlı ailələrin sayı 16,7 faiz təşkil edib. 2009-cu ildə siyahıyaalmaya əsasən isə 1 uşaqlı ailələr 30,1 faizə, 2 uşaqlı ailələr 40,3 faizə yüksəlib, 3 uşaqlı ailələr 19,9 faizə, 4 və daha çox uşaqlı ailələr isə 9,7 faizə düşüb. 2009-cu ildən bəri baş verən dəyişikliklər yəqin ki, gələn il keçiriləcək siyahıyaalmada üzə çıxacaq. Amma görünən odur ki, bu dəyişiklik çoxuşaqlı ailələrin xeyrinə olmayacaq.

Reallıq budur ki, Azərbaycan hökumətinin demoqrafik sahədə gözlənilən problemləri nəzərə almaqla, doğumu stimullaşdırmağa indidən başlaması zəruridir. Ümid edirik ki, hökumətdə heç də hamı maliyyə naziri kimi düşünmür.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR