Toy mövsümü başladı: ekoloji normalara əməl etməyənlər hələ də var

ETSN: "Restoranlarda tüstü təmizləyici qurğuların quraşdırılması istiqamətində işlər sürətlə davam edir"

Bu gün  Səfər ayının son günüdür. Artıq noyabrın 9-dan iki aydır boş qalan restoranlarda, şadlıq saraylarında toy məclisləri təşkil olunacaq. Bəs yenə də restoranların sıx yerləşdiyi əraziləri tüstü bürüyəcəkmi?

Məlumat üçün öncə qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  bir sıra əhali, ölkə üçün vacib məsələlərə toxundu. Ölkə başçısı həmçinin havanı çirkləndirən məişət obyektlərinə də ciddi xəbərdarlıq etdi.  Prezident bildirdi ki, kim əməl etməyəcəksə, o şadlıq evinin, məişət obyektinin qapısı bağlanacaq.

Prezidentin bu çıxışından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində mətbuat konfransı keçirildi və bildirildi ki, bu ilin may ayından bugünədək Bakı şəhərinin inzibati rayonları və Abşeron rayonu ərazilərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən 217-nin ətraf ərazilərində monitorinq və araşdırma aparılıb. Qeyd olundu ki, onlarla görüşlər keçirilib və qurğuların quraşdırılması məqsədilə vaxt verilib. Verilmiş vaxt müddətində 217 iaşə obyektindən yalnız 25-də qurğu quraşdırılıb, digər 129 obyekt isə qurğu quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb. Həmin tarixin məlumatına görə,tövsiyə və göstərişlərə əməl etməyən 63 obyekt barəsində sənədləşmə işləri aparılıb, bundan 7 obyekt sahibi vəzifəli şəxs qismində 23 000 manat məbləğində cərimə olunub, 11 obyektin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər məhkəməyə göndərilib, digər iaşə müəssisələri barəsində isə sənədləşmə işləri aparılır.

"Yeni Müsavat"ın əməkdaşı Nizami rayonu ərazində yerləşən bir neçə restorandan bu qurğu ilə bağlı hansı tədbirləri gördüklərini soruşub.

Restoranlardan deyildi ki, ölkə başçısının məlum çıxışından sonra problemin aradan qaldırılması istiqamətində işlər aparırlar. Restoran rəhbərləri söylədilər ki, ətraf mühiti çirkləndirməmək üçün lazımı avadanlığı quraşdıracaqlar.

ETSN-dən isə "Yeni Müsavat"a bildirildi ki, təkcə Nizami rayonu ərazisində deyil, digər ərazilərdə yerləşən restoranlarda, kafelərdə də müvafiq qurğunun quraşdırılması işləri aparılır. Qeyd olundu ki, iaşə obyektləri gözləniləndən də qısa müddətdə bu qurğuların quraşdırılmasına başlayıb, işlər aparırlar. Hansı restoranların qaydalara əməl edərək qurğunu quraşdırması ilə bağlı ictimaiyyətə konkret məlumat verəcəklər.

Oktyabrın 26-da nazirlik məlumat yayaraq bildirmişdi ki, 9 iaşə obyektinin fəaliyyətinin dayandırılması üçün məhkəmə orqanları qarşısında vəsatət qaldırılacaq. Oktyabrın ayının sonuna olan məlumata görə, 301 ictimai iaşə obyektlərinin fəaliyyət göstərdiyi ətraf ərazilərdə nazirliyin mütəxəssisləri tərəfindən monitorinqlər aparılıb. 53 ictimai iaşə obyektində müasir qaz-toztutucu qurğular quraşdırılıb, 180 obyektdə quraşdırma işləri aparılır. 58 obyekt barəsində isə qanunamüvafiq tədbirlər görülüb, akt və protokol tərtib olunub, cərimə tətbiq edilib.

Nazirlikdən "Yeni Müsavat"a o da bildirilib ki, noyabrın 7-də ETSN-ə Neft Emalı Zavodundan havaya atılmalarla bağlı daxil olan məlumat əsasında ətraf ərazidən götürülən nümunələrin üzərində aparılan analizlərin nəticələri məlum olub. Nəticələrə görə qaz birləşmələrinin sanitar normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı Neft Emalı Zavodunun hüquqi şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün sənədlər məhkəməyə göndəriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR