AMEA Naxçıvan Bölməsində doqquz ayın yekunlarına həsr olunan tədbir keçirilib

AMEA Naxçıvan Bölməsinin 2018-ci ilin doqquz ayının yekunlarına həsr olunan tədbiri  giriş sözü ilə Bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.

Daha sonra Bölmənin Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Orxan Bağırov cari ilin tədqiqat dövründə həyata keçirilən elmi tədqiqat işlərinin yekunlarına dair hesabatla çıxış edib. Bildirib ki, ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin verdiyi sərəncam, qərar, tapşırıq və tövsiyələr layiqincə yerinə yetirilib.

Orxan Bağırov qeyd edib ki, 2018-ci ilin 9 ayı ərzində Bölmə əməkdaşlarının 16 monoqrafiyası, 10 kitabı, 4 kitabçası, 415 elmi məqaləsi, 158 konfrans materialı, 5 tezisi olmaqla 608 elmi əsəri nəşr edilib. Əsərlərdən 2 monoqrafiya, 69 elmi məqalə, 55 konfrans materialı və 1 tezis olmaqla 127 əsər xaricdə işıq üzü görüb ki, elmi məqalələrdən də 22-si impakt faktorlu jurnallarda dərc olunub. Vurğulanıb ki, bu il 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 18 əsər çox çap olunub. Məqalələrin 89-u xaricdə olmaqla 388-i beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 əsər çoxdur. Bölmə əməkdaşları tədqiqat dövründə 7 buklet tərtib edib. Əməkdaşlar 8 monoqrafiya və 2 kitab nəşrə hazırlayıb, 254 məqaləni isə çapa təqdim ediblər. Əməkdaşlarının hesabat dövründə 149 qəzet məqaləsi işıq üzü görüb.

Orxan Bağırov hesabat dövründə Bölmənin "Xəbərlər", "Axtarışlar" jurnallarının üç nömrəsinin çapdan çıxdığını, qurum əməkdaşlarının "Naxçıvan" jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100, eləcə də 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunan xüsusi nömrələrinin nəşrində iştirak etdiyini deyib. Eyni zamanda "Naxçıvan coğrafiyası" kitabının ikinci cildi hazırlanaraq çapa təqdim edildiyini söyləyib.

Məruzəçi Bölmənin Təbii Ehtiyatlar laboratoriyasında hazırlanan müalicəvi əhəmiyyətli "Şorsu" palçığı haqqında da məlumat verilib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin "Şorsu" müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığından irəli gələn vəzifələr uğurla yerinə yetirilib, "Şorsu" müalicəvi palçığı həm krem, həm də quru toz formasında qablaşdırılaraq satış üçün əczaxanalara göndərilib.

Tədbirdə, həmçinin  qeyd olunub ki, bölmə əməkdaşları Qazaxıstandakı Beynəlxalq Türk Akademiyası, Türkiyənin İstanbul, Bitlis-Ərən, Ərzurum, Sakarya, İğdır Universitetləri, İranın Tehran Şəhid Beşişdi, Təbriz Dövlət Universitetləri, Təbriz Milli Kitabxanası, Krım Astrоfizika Rəsədxanası və Rusiya Federasiyasının Moskva Dövlət, Tomsk Universitetləri, Yer Maqnetizmi, İоnоsferi və Radiо Dalğalarının Yayılması İnstitutu, Ümumdünya Təbiəti Mühafizə Fondunun, ABŞ və Fransanın elm və təhsil müəssisələrinin alimləri ilə sıx elmi əlaqələrdə olub. Hesabat dövründə 2 respublika səviyyəli qrant layihəsinin icrası başa çatıb, 1-i beynəlxalq olmaqla 2 qrant layihəsinin icrası isə hazırda davam etdirilir.

Bundan əlavə, Qarabağlar Türbə Kompleksində bərpa işlərinin elmi və tarixi əsaslarla aparılmasını təmin etmək məqsədilə Bölmədə tədqiqat qrupu yaradılıb, abidə haqqında üç dildə (Azərbaycan, ingilis və rus dillərində) "Qarabağlar Türbə Kompleksi" adlı kitab hazırlanıb.

Vurğulanıb ki, Ali Məclis Sədrinin "Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında" Sərəncamına uyğun olaraq elmi dərəcəsi olan əməkdaşlar bitirdiyi orta məktəblərdə ayda bir dəfə nümunəvi dərs deyib, 8 nəfər əməkdaşın interaktiv dərsi dinlənilib. Bölmədə 1 beynəlxalq, 12 elmi konfrans, 7 iclas və tədbir, 12 kitab təqdimatı, 30 seminar, oxunması zəruri olan 6 kitabın müzakirəsi keçirilib. Bölmənin 48 əməkdaşı respublikada və xaricdə keçirilən 26 beynəlxalq tədbirdə məruzə ilə çıxış edib.

Hesabat dövründə akademik Tariyel Talıbov Azərbaycan Botaniklər Cəmiyyətinin Rəyasət heyətinin birinci müavini, biologiya üzrə elmlər doktorları Əliyar İbrahimov və Fatmaxanım Nəbiyeva isə üzv seçilib. AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova və Fərəh Heydərovanın müəllifi olduqları "Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri" kitabı 38-ci Beynəlxalq Paris Luvr kitab sərgisinin qızıl medalına və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Moskva Təhsil sərgisinin diplomuna, Fizzə Məmmədova Rusiya Təbiətşünaslıq Akademiyasının professoru, "Elmin qızıl fondu" milli proqramı çərçivəsində Rusiya Təbiətşünaslıq Akademiyasının "Əməkdar elm və texnika xadimi" fəxri adına və Beynəlxalq Birləşmiş Elmlər Akademiyasının üzvü diplomuna layiq görülüb. Eyni zamanda Əliəddin Abbasov, Fizzə Məmmədova və Coğrafiya şöbəsinin kiçik elmi işçisi Qiyas Qurbanovun həmmüəllifi olduğu "Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit" adlı kitab Rusiyanın paytaxtı Moskva şəhərində 31-ci Beynəlxalq Kitab Sərgi Yarmarkasında elmin və təhsilin inkişafında əhəmiyyətinə görə Təşkilat Komitəsinin "Qızıl medal" mükafatına layiq görüb. Kimya üzrə fəlsəfə doktoru Günel Məmmədova İngiltərənin Kembric Skolars Pablişinq nəşriyyatının "Qeyri üzvü kimya" jurnalının məsləhətçi redaksiya heyətinin üzvü, Çinin Hangzhou şəhərində keçirilən "Ətraf mühit və geoelm" beynəlxalq konfransına rəyçi və Beynəlxalq Seolit Assosiasiyasına üzv seçilib, həmçinin Patent və əmtəə nişanları mərkəzi tərəfindən keçirilən ixtiraçılıq sahəsində beşinci respublika müsabiqəsində yer tutaraq mükafatlandırılıb. Biologiya üzrə fəlsəfə doktoru Əfruz Nəsirova uğurlu fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmana, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən "Diplom" və pul mükafatına layiq görülüb. Biologiya üzrə elmlər doktoru Fatmaxanım Nəbiyeva Bölmənin Fəxri fərmanı ilə təltif olunub. Batabat Astrofizika Rəsədxanasının Səma Cisimlərinin fotometriyası şöbəsinin müdiri Azad Məmmədli Göy mexanikası sahəsindəki nailiyyətlərinə görə Amerika Astronomiya və Astrofizika (American Journal of Astronomy and Astrophysics) jurnalının redaksiya heyətinə üzvü və rəyçisi olmaq üçün dəvət alıb.

Orxan Bağırovun məruzəsi dinləndikdən sonra müzakirələr aparılıb.

Bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək elmi göstəriciləri qənaətbəxş hesab edib, hesabatın qəbul olunmasını təklif ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR