Bütün xəstəliklərin səbəbi bədəndəki mənfi enerjidir, autizm isə anadan övlada keçən neqativ koddur - Elmi Lədun sirri nədir?

 

  •  
  •  
 
 
 
"Bir xəstəm var idi, 2-3 il idi çimmirdi"
 
Klinikalardan birinə onkoloqla müsahibə üçün gedib gözləyərkən, bir həkim yaxınlaşıb mənə kitabını  təqdim etdi. Kitabda xüsusi bir metodun köməyilə müxtəlif ruhi, fizioloji xəstəliklərin, hətta autizmin sağala biləcəyini iddia edən müəllif Elmi-lədun yolu ilə bir neçə xəstəni müalicə etdiyini yazırdı. Kitabı oxuyub, müəllif psixoloq Paşa Yaqubla ətraflı danışmaq qərarına gəldik.   "Elmi-lədun nədir, niyə müasir təbabətin gücü yetmədiyi bir çox xəstəlikləri bu üsulla aradan qaldırmaq olur" suallarına cavablar aldıq. 
 
Medicina.az fikirlərinizi bir qədər qarışdıracaq, bəlkə də çox insanlara xəstəliklərinin yaranma səbəbini göstərəcək müsahibəni təqdim edir:
 
 
-Paşa bəy, siz ixtisasca psixoloqsuz, həkim deyilsiz. Necə oldu ki, Elmi-lədun adlı bir elmi öyrəndiz? Elmi-lədun nədir?
 
-Lədun - dərin qatlar mənasındadır. Yəni elmin daha dərin qatları. Peyğəmbərlər, imamlar, loğmanlar, Allah dostlarında bu bilgi olub. Loğman peyğəmbər, İsa peyğəmbər, Yusif peyğəmbər, imamlarımızın insanları müalicə etdiyi barədə faktlar var. Bilirsiz ki, Azərbaycan seyidlər yurdudur.  Ötən əsrlərdə həkim olmayan vaxtlarda insanlar şəfa qabiliyyəti olan övliyalara üz tuturdular. O vaxt seyidlər olub ki, yanına ruhi xəstə aparıblar, ocaqda yatıb, sağalıb. Uşağı olmayan gedib,  sonradan övladı olub. Bu bir şəfa proqramıdır. Allahın izniylə kimin qismətindədirsə, o insana çatır, problemi düzəlir. 
Lədun elmində şəfa metodikası fizika qanunları, metofizikaya əsaslanır. Burda heç bir dərmandan istifadə olunmur.
 
Əvvəllər yazıçı araşdırmaçıydım. Kəramət sahiblərinin, övliyaların həyat, fəaliyyətindən kitablar yazırdım. İnsan bir sahə ilə çox məşğul olduqda, gec-tez özü də həmin sahənin yoluna düşür. Heç kim ana bətnində bu elmi öyrənmir. Yatdım, yuxuda vergi verildi, deyə bir şey yoxdur. 
 
Əvvəl bu elmi yaxınlarımda sınadım, insana baxan kimi xəstəliklərinin səbəbini görürdüm, kömək etməyə başladım, alındı. Getdikcə enerjim, biliyim artdı. Daha sonra psixologiyanı oxudum ki, insanlara xidmət edə bilim, yəni rəsmi fəaliyyət göstərim. Yoxsa evdə xəstə qəbul etsəydim, buna başqa don geyindərəcəkdilər. 5 ildir rəsmən klinika şəraitində psixoloq kimi fəaliyyət göstərərək, müalicəmdə elmi-lədunu tətbiq edirəm.
 
-Hansı xəstələri qəbul edirsiz, elmi-lədun hansı problemlərdə daha çox kömək edir?
 
-Ən çox əsəb, sinir xəstələri, müxtəlif ağrılar, depressiyada olanlar, uşaqlarda ümumi zəiflik, qadınlarda müxtəlif düyünlər, kistlər, mədə-bağırsaq , miqren, başağrıları. Hətta diaqnozu tapılmayan xəstələri. Şizofreniya, intihar etmək istəyənləri asanlıqla müalicə edirəm. 
 
Bir xəstəm var idi, 2-3 il idi çimmirdi, 2 seansa düzəldi. 
Seanslara davam etdikcə xəstəliyin səbəbi də keçir. 21 gün ərzində təsir başlayır. Çünki insan hüceyrələri 21 günə yenilənir, sabitləşir. 
 
-O xəstə niyə sudan qorxurdu ki?
 
-Neqativ enerjinin yaratdığı  təsirdən. Hər mənfi enerji insanda bir şeydən qorxu yaradır. Eləsi var qaranlıqdan, eləsi var səsdən, küçədən qorxur, eləsi var yemir.  
 
-Müayinə metodunuz necədir? Əllərinizlə nəsə edirsiz?
 
-Xəstəni narahat edən səbəbləri soruşuram, ümumi energetik pozulmalara baxıram, keçdiyi analizləri, tibbi kağızları gətirə bilər. Onlara uyğun taktika seçirəm. Xəstəlik insana qorxu, narahatlıq, ağrı, depressiya verir, insanı haldan salır. Burda əsas metod hissiyyatdır. Efir enerjisi ilə işləyirəm. Xəstəliyə səbəb olan neqativ enerjini aradan qaldırıram. 
 
Xəstə ilə yalnız söhbət edirəm, sözarası parollardan istifadə edirəm. Xəstə bədənində istilik, yüngülləşmə hiss edir. Yata bilməyən gedir yatır, depressiya çəkilir, sakitləşir, sanki xəstə özünə gəlir. 
 
-O parolları açıqlaya bilməzsiz? Yəni açığı, elmi- lədunun təsir mexanizmi aydın olmadı mənə..
 
-Bu, elə bir sirdir ki, açıqlaya bilmirəm. Desəm də nə xəstə, nə də siz başa düşəcəksiz. Bu fizikadır, enerjidir. Lampanın içindəki işığı yaradan enerjini necə görmürsüzsə bu da elə. Tutaq ki, o vaxt müalicə edən seyidlərdən, övliyalardan da soruşsaydıq ki, nəyi necə edirsən, cavab verə bilməyəcəkdilər. 
 
-Deməli, istənilən xəstəlik, hətta xərçəng də neqativ enerjidən yaranır, onu da enerji ilə sağaltmaq mümkündür...
 
-Neqativ enerji bir orqan ətrafında çox toplananda orda şişlər yaradır: xoşxassəli və ya bədxassəli. Şişi cərrahlar kəsib götürür, amma yenidən başqa yerdə çıxır. Çünki səbəb hələ içəridədir. Bizim seansdan sonra o şişi yaradan səbəb aradan qalxır. Əməliyyat olandan sonra bir daha yaranmır. Xərçəng xəstələrinə demirəm ki, gəl mədəndəki, ya ciyərindəki şişi götürüm.
 
Mən həkimlərin də işinə qarışmıram. Amma tövsiyə edirəm ki, bunlarla yanaşı xəstə energetik müalicədən də keçsin. Xeyir görəcək ki, ziyanı olmayacaq. 
 
Neqativ enerji birinci onurğanı, sinir sistemini zədələyir. Daha sonra ürək, mədə-bağırsaq, qızlarda ən çox uşaqlıq, yumurtalıq, cinsiyyət orqanlarına toxunur. Baxırsan gənc qızdır, əks cinsə həvəs yoxdur, ya kişidir qadına qarşı marağı itir. Bilmir neyləsin. Deməli, neqativ enerji aşağı çanaq orqanlarında daha çoxdur. 
 
 
 
 
Son zamanlar televiziya, internet, telefonda olan fotolar, videolar, kabus filmləri, neqativ xəbərlər insanı yükləyir.
 
İnternetdə insanlara qadağan olunan paralel aləmə aid görüntülər çoxdur.
 
 
-Yaxşı, biz axı hardan, necə bu neqativ enerjiyə yoluxuruq?
 
-Texnologiyaların inkişafı bizim efir bədənimizi neqativ üçün açıq qapı edib. İnsanı neqativlə yoluxduran birinci vasitə internetdir. 
 
Neqativ - virus kimidir, necə ki, kompüterin sisteminə düşür, eyni qaydada. Adam var anasından keçir, eləsi var öz qorxularından yaradır, eləsi var kimsə bilərəkdən ona mənfi enerji göndərir: magiya yolu ilə, göz, nəfs, qarğış. Son zamanlar televiziya, internet, telefonda olan fotolar, videolar, kabus filmləri, neqativ xəbərlər insanı yükləyir. İnternetdə insanlara qadağan olunan paralel aləmə aid görüntülər çoxdur. 
 
Uşaqlar müasir cizgi filmlərindən yüklənir. Qorxulu, əcaib varlıqlar çoxdur cizgi filmlərində. Son zamanlar cinlərə aid kinolar çəkilir, cavanlar gedir baxır, sonra əsəbi olur, intihar barədə düşünür. 
 
İnsanlar profil şəklinə neqativ fotolar qoyur. Xəbərlərdə qan, ölüm, meyit şəkilləri çoxdur. 
Bir xəstəm var idi, neqativdən təmizləyirdim, yenə yüklənirdi xəstələnirdi. Özüm də məəttəl qalmışdım. Sonra gördüm ki, facebookda bu qız ancaq cin şeytan şəkillər paylaşır. 
 
 
-Həkimlər bu metodikaya nə deyir? Yəqin ki, qəbul etmirlər.
 
-Niyə ki, həkim pasiyentlərim də var. Bilənlər öz yaxın adamlarını göndərir. Bəzən həkimin özünə də yardım lazımdır, amma təbii ki bunu yad pasiyentlərə demirlər. Etiraz edənlər həmişə olur. Həkimlər tibbi oxuyub, nə yazılıb onu da icra edirlər.
 
Mən cərrahın baş, ürək, ciyər dəyişməyinə, şişi kəsməyinə, əl-ayaq tikməyinə inanıram, amma terapevtik müalicənin effektivliyinə inanmıram. Çünki müasir tibbdə xəstənin başını yeni başla əvəz etmək daha asandır, nəinki miqren, baş ağrısını müalicə etmək. Nə qədər ki, kök içəridədir, insan istəyir dünyanı gəzsin, istəyir bir aptek dərman atsın, hamısı müvəqqətidir. 
 
Həkimlər gözəl bilir ki, sinir sisteminin dərmanla müalicəsi mümkün deyil. Antidepressantlar beyni dondurur, insanı süst edir, yatırdır, saxlayan kimi yenə əvvəlki qorxular qayıdır. Amma mənim müalicələrim insanı aktivləşdirir, işləməyə, yaşamağa ruhlandırır. Həkimlər autizmi sağalda bilmirlər, bu gedişlə heç uzun müddət də sağalda bilməyəcəklər.
 
-Elə ən ciddi iddia da budur. Autizmi sağaldıram deyirsiz. Bu sindromun yaranma səbəbi nədir?
 
-Autizmli uşaqların neqativinin kökü anadadır. Hamiləlikdə bətndə o kod uşağa qoyulur, böyüdükcə üzə çıxır. Getdikcə uşaqda neqativ enerji böyüyür. 2-3 autizmli xəstəni sağaltmışam. 28 yaşlı qız idi, 2 seansdan sonra danışdı. O biri 14 yaşlı qız idi, o da normallaşdı, indi podiuma çıxır. Amma valideynlər bilsələr də, eşitsələr də autizmi sağaldan var, gətirməzlər. 100 yerə gedəcəklər, bir mənim yanıma gəlməyəcəklər.
 
 
-Həqiqətən də. Ölkədə bu qədər autzimli uşaq var, kömək edə biləcəksizsə, niyə də yox?
 
-Deyim niyə. Çünki valideyn istəməyəcək, qorxacaq, inanmayacaq. O 14 yaşlı qız niyə sağaldı, çünki ata-anası yox idi, başqası saxlayırdı. Ona görə rahat sağaltdım. Autizmli uşağın müalicəsinin qarşısını alan da valideyndir. Çünki o xəstəliyin kökü, neqativi anadadır. O insan ömür boyu o zülmü çəkməlidir. Sanki basaratları, yolları da bağlanıb. 
 
Kimsə onlara mane olmur. Ən böyük maneə özləridir. Autizmli uşağın müalicəsi ata-ananın seans olunmasından keçir. Deyəndə ki, səni müalicə etməliyəm, deyir uşağım xəstədir, məni niyə. 
 
Getdikcə bu xəstəlik dünyada daha da yayılacaq.  Çünki indiki qızlar internet, telefonla bütün günü yüklənirlər. Qızları hamiləlikdən öncə təmizləmək lazımdır. 
 
Ümumiyyətlə, qız dövründə menstrusiya pozulmaları, ağrıları olan, qapalı, nevrozu, qorxusu olan qızlar ailə qurmazdan və hamiləlikdən öncə neqativdən təmizlənməlidir. Əks təqdirdə xəstə və autist uşaq doğula bilər.
 
-Bunu açıq deyək ki, bizim insanlar magiyaya meyillidir. Eləsi var çox çirkin işlər gördürür, eləsi var taleyi üçün gedir. Eləsi var mollaya dua yazdırır. Bunların bir faydası varmı və ya insanı neqativlə yükləyə bilərmi?
 
-Bəli, bunlar da zərərlidir, hətta bütün ailəni məhv edir. Çoxu neqativdir. Evə gətirilən əşyalar, dualar, şamlar, hansısa magik rituallar insanı daha ağırlaşdırır, xəstələndirir. O baxıcı, maqların özü xəstədir, pis vəziyyətdədir. Elə mollalar da var ki, hansısa Quran ayəsi adı ilə dua yazıb verir, baxırsan ki, mənasızdır. Belə üsullarla neqativdən təmizlənmək olmaz.  Hər ərəbcə dua oxuyan enerji təmizləyə bilmir.
 
Magiyanın yaxşısı olmur. Kimsə xeyir üçün, oğlu, qızı üçün gedir. Belə şeylərə getməsinlər. Neqativ qüvvələrin təsirinə məruz qalırlar. 
 
-Neqativdən sonra yenidən yüklənmə olurmu? 
 
-Belə düşünün ki, kompüterdir, virusla yüklənib, mən təmizlədim, format etdim, 3-4 ay sonra yenə virus düşdü. Kompüteri virusdan qorumaq üçün viruslu proqramlar, saytlar açmayacaqsan, qoruyavaqsan. Amma hər necə oldu işlətsən, yenidən yoluxacaq.
 
Neqativ enerji insanı tez qocaldır, gözəlliyini alır. İşləri yaxşı getmir, uğurları olmur, tənbəlləşir.
Qızların qarşı tərəfə həvəsi, sevgisi olmur, həmçinin kişilərdə qadına qarşı istək azalır. Hər şeyə həvəssiz yanaşırlar. 
 
Ona görə bir çıxış yolu var: mütəmadi, ildə 1-2 dəfə neqativ yükdən təmizlənmək. 
 
Təmizləndikdən sonra həyatına, fikirlərinə diqqət yetirsin. İnternetdə ağır görüntülərə baxmasın.  Yaxşı əməllər, işlərlə məşğul olanlarda neqativ öz-özünə təmizlənə bilir. 
 
AYGÜN  MUSAYEVA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR