“Həyatımda qeyri-adiliklər çox olub” - Müşfiq Ələsgərli ilə MÜSAHİBƏ

Metbuat.az-da "Medianın üzü" adlı layihənin məqsədi jurnalistikanı, medianı öz çiyinləri üzərində daşıyan insanları daha yaxından tanımaq və tanıtdırmaqdır. Media nümayəndələrini jurnalistlər yaxşı tanısa da, cəmiyyətdə heç də hamı yaxından tanımır. "Medianın üzü" layihəsində məhz medianın üzü olan şəxsləri daha yaxından tanıyacağıq.

Layihənin budəfəki qonağı Azərbaycan Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi Müşfiq Ələsgərlidir.

"Respublika fənn olimpiadasının qalibi olandakəndimizdə məni qəhrəman kimiqarşılamışdılar"

- Müşfiq müəllim, Cəlilabad rayonunun Əsədli kəndində doğulmusuz. Uşaqlığınız da bu kənddə keçib. Necə xatırlayırsız uşaqlıq illərinizi?

- Bəli, Cəlilabad rayonunun Əsədli kəndində doğulmuşam və orta məktəbi bitirənə qədər də orada yaşamışam. Məncə, uşağın həyatının şən keçməsi üçün çox şey tələb olunmur: valideynlərinin qayğısını görməsi; nənə-babasının ona nağıl danışması, əyləncəli vaxt keçirmək üçün həmyaşıdlarının olması.... və s. Şükürlər olsun ki, bunların hamısı bizdə də olub. Kənd həyatı kifayət qədər maraqlıdır, sevimlidir. Çox təəssüf ki, indi insanlar daha çox şəhərə meyl edirlər, kənd həyatı yalnız yaz-yay fəslində, istirahətə getmək, təmiz hava almaq üçün yada düşür. Amma kənd həyatı təkcə bundan ibarət deyil. Kənd həyatı ekzotikdir, əxlaqı, ədəb-ərkanı, mədəniyyəti diqqətçəkicidir.

Bildiyiniz kimi, Cəlilabad rayonu cənub bölgəsində yerləşir və o bölgədə ailələr, adətən, çoxuşaqlı olublar. Biz də həm ailənin içində çoxuşaqlı olmuşuq, həm də valideynlərimiz çoxuşaqlı ailədə böyüyüblər: əmilər, dayılar, xalalar, bibilər, onların da uşaqları... Yaşıdlarımız çox idi, günümüz onlarla birlikdə çox maraqlı, qayğısız keçirdi. Kəndimiz bu baxımdan, yaddaşımda xoş xatirələrlə qalıb. Özüm bir az ərköyün olmuşam. Amma o dövrdə ərköyünlük indi dərk olunduğu kimi deyildi. Dəcəlliyin, ərköyünlüyün özünün də bir çərçivəsi var idi. Çərçivə daxilində dəcəllik, şirinlikdir. Çərçivə aşılanda isə problemə çevrilir. Kənddə ədəb-ərkan münasibətləri çox sərt olub. Yəni, böyük-kiçik münasibətləri, ailədə hər kəsin yerinin bilinməsi... Qırmızı həddi aşmaq olmaz. Mənim də ərköyünlüyüm bu çərçivələr daxilində olub.

- Məktəblə bağlı xatirələriniz də eyni ovqatdadırmı?

- Orta məktəbi kəndimizdə bitirmişəm, hər şey normal olub. Bircə sıxıntım var idi məktəbdə: dərs əlaçısı olmuşam, amma dostlarla, tay-tuşlarla vaxt keçirməyə meylli olmuşam. Məsələ bundadır ki, yaşıdlarım, deyək ki, günün 3 saatını dərslərini oxumağa, tapşırıqları yerinə yetirməyə sərf edirdisə, mən həmin tapşırıqları öyrənmək üçün 1 saat sərf edirdim, yaddaşım güclü olduğu üçün, 1 saat kifayət edirdi. Bu isə valideynlərimdə, xüsusən atamda narahatlıq yaratmışdı. Deyirdi necə olur ki, tapşırıqlara çox az vaxt sərf edirsən, amma qiymətlərin hamısı əladır. Atam tibb işçisi olub və kənddə tibb işçisinə çox böyük hörmət olur. O dövrdə kəndlərdə həkimlər az olduqları üçün daha çox diqqət çəkirdilər. Hər kəs də onlara qayğı ilə, hörmətlə yanaşırdı. Atam ehtiyat edirdi ki, bəlkə onun hörmətinə görə müəllimlər mənə məqsədli şəkildə güzəşt edirlər. Tez-tez məktəbə gəlib mənim dərslərimə baxırdı.

Düzdür, həmişə dərsə hazır olurdum, amma şagirdlərin arasında valideynini görəndə, onun qarşısında dərs danışmalı olanda, psixoloji gərginlik yaşanır. Gözlənilmədən qapı açılırdı, atam direktorla birgə dərs otağına daxil olurdu, arxa oturacaqlarda oturur və müəllimdən xahiş edirdi ki, məni çağırıb dərsimi soruşsun. Nəzərə alın ki, uşaqlar və atalar arasındakı münasibətlər də indiki kimi deyildi. Bizim kəndlərdə maraqlı bir şey var idi ki, çox vaxt atamıza deyəcəyimiz sözü anamızın vasitəsilə sifarişlə göndərərdik. İndiki qədər açıq münasibətlər yox idi ki, atanın yanında istəklərini, tələblərini dilə gətirəsən, nəyəsə etiraz edəsən. Aramızda pərdə var idi. Xüsusilə də bizim böyüdüyümüz kənddə bu münasibətlər bir az daha sərt formada idi. Ailədə böyük-kiçik münasibətlərinin belə sərt, hər şeyin bir işarə ilə həll olunduğu dövrdə valideynin sinif otağına gəlib içəri girir, dərsini izləyir, deyir ki, "çıx dərsini danış". İstər-istəməz bildiyini də unudursan... Allah rəhmət eləsin, Qurbanqulu müəllim, ibtidai sinif müəllimim, Mirzə müəllim, məktəb direktorumuz, həm də böyük əmim idi, sonra Səxavət müəllim və digərləri, məni başa düşürdülər, atam sinfə daxil olanda dərsi danışmağa başlamaq üçün mənə ilkin yardım göstərirdilər, sonra hər şey yaxşı olurdu, qaydasına düşürdü.

Yuxarı siniflərə qalxanda, xüsusən, IX-X-XI siniflərdə vəziyyət dəyişdi, oxumağa daha çox vaxt sərf edirdim. Çünki universitetə qəbul olunmaq istəyirdim və bizim dövrümüzdə universitetə daxil olmaq indikindən 10 dəfə çətin idi, ciddi rəy tələb edilirdi. Amma bu, atamın narahatlığını aradan qaldırmadı, onun narahtlığı mən universitetə daxil olana qədər davam elədi. Daha doğrusu, universitetdən əvvəl maraqlı bir şey yaşandı: orta məktəbdə oxuyanda məni Respublika Fənn Olimpiadasına gətirdilər. O vaxt Olimpiada 3 mərhələdə keçirilirdi, rayon birinciliyi, sonra zona birinciliyi, hər iki mərhələni keçən şagird də gəlirdi respublika birinciliyinə. Mən 11-ci sinifdə oxuyanda Olimpiada üzrə rayon birinciliyinə çıxdım, hələ atamın xəbəri yox idi, məktəbdən gətirmişdilər. Sonra məktəbimizin direktoru Səxavət müəllim atama xəbər verdi ki, mən ikinci mərhələyə getməliyəm. Onda təbii ki, uzaq yerə gedirdinsə, mütləq valideyndən icazə alınmalı idi. Atam özü də bizimlə gəldi. Şansım çəkdi, olimpiada yarışlarının nəticəsinə görə, 8 rayon üzrə zona birinciliyinə də çıxdım. Artıq atamın baxışlarında fərqlilik yarandığını hiss edirdim. Respublika birinciliyinə gələndə isə onun təsəvvürləri tamamilə dəyişdi. Düzdür, Respublika turunda birinci yerə çıxa bilməmişdim, 3-cü olmuşdum. Amma bu özü də böyük hadisə idi. Çünki o vaxt Olimpiadaların statusu var idi. Birinci yeri tutan şagird həmin sahə üzrə istənilən universitetin istənilən fakültəsinə qəbul olunurdu. Məsələn, humanitar elmlərdən birinci olmusansa, istənilən universitetin humanitar sahə üzrə fakültələrinə imtahansız qəbul olunurdun. İkinci-üçüncü yeri qazanırdınsa, universitetə müsabiqəsiz qəbul olunurdun. Bunlara görə də Olimpiadada ciddi mübarizə gedirdi. Valideynlərimin də mənə baxışı dəyişdi ki, Fənn Olimpiadasında gəlib artıq Respublika turu mərhələsinə çıxmışdım. O vaxt üçün qeyri-adi hadisə idi, çünki kənd yerində oxumuş uşağın Respublika turunda gəlib 2-ci, 3-cü yerə çıxması kifayət qədər böyük uğur idi. Olimpiadadan qayıdıb kəndimizə gələndə, məni az qala qəhrəman kimi qarşıladılar. Bununla da baxdım ki, atamda mənə qarşı güvən hissi artır. Amma indi də hərdən zarafatla deyir ki, sən o vaxt necə qalib gəldin, bilmədim (gülür).

- Hansı fənn üzrə qatılmışdınız olimpiadaya?

- Tarix fənni üzrə. Mən tarixi çox sevirəm, indi də hansı ölkəyə gedirəmsə, mütləq tarixi məkanlara, ən azı muzeylərə baş çəkirəm. Azərbaycanın tarixi məkanlarını isə demək olar, qarış-qarış gəzmişəm...

- Bəs, necə oldu ki, Bakı Dövlət Universitetinin Tarix fakültəsində yox, Filologiya fakültəsində oxudunuz? Öz seçiminiz olub, yoxsa valideynlərinizin təkidi ilə?

- Yox, bu, valideynlərimin seçimi deyildi. Ümumiyyətlə, valideynlərim bizim həyati əhəmiyyətli seçimlərimizə müdaxilə etməyiblər, sərbəstlik veriblər. Sadəcə, o vaxt təhsil sistemi bir az fərqli idi. Onda test imtahanları yox idi, hər universitet imtahanı özü götürürdü. Özü də imtahanlar indikindən dəfələrlə çətin idi. Biz hazırlıqlara ömrümüzü-günümüzü həsr edirdik. Hər il gəlib yalnız bir fakültəyə imtahan verə bilərdin, əgər keçmədinsə, növbəti ili gözləməli idin. Buna görə də, bəzən insanlar 5-6 il gəl-get edirdilər ki, hansısa universitetə daxil ola bilsinlər. Təsəvvür edin, mən Universitetə qəbul olunanda, tələbə yoldaşlarım arasında 27-28 yaşlıları da var idi. Əksəriyyət 20 yaşdan yuxarı olurdu. Şansım çəkdi ki, mən orta məktəbi bitirən kimi qəbul olundum. İnsanlar Universitetlərə daxil olmaq üçün illərlə hazırlaşmalı olurdular, qəbul prosesi sərt, ağır idi. Bileti çəkirdin, 3 sual olurdu, 3 suala cavab verəndən sonra açıq suallar başlayırdı. İmtahanı, adətən 2 müəllim götürürdü. Əgər sən yüksək qiymət almaq istəyirdinsə, biletdəki 3 sualdan əlavə olaraq, həmin müəllimlərin açıq suallarına cavab verməliydin. Hər müəllim özünün biliyi, düşüncəsi səviyyəsində və istədiyi qədər suallar verə bilərdi, çox gözlənilməz suallar olurdu. Mən onda sənədlərimi Bakı Dövlət Universitetinin Tarix fakültəsinə vermişdim. İmtahanı verdim, amma yüksək qiymət ala bilməyim üçün (həmin vaxt imtahan nəticələri 5 ballıq sistemlə qiymətləndirilirdi) əlavə suallar verilməliydi. İmtahan götürən müəllimlər istədiyim qiyməti vermirdilər. Müraciət elədim, komissiya yaratdılar. Komissiyada 3 nəfər müəllim, 1 nəfər də sədr var idi, çoxlu suallar verdilər və axır ki, istədiyimə qismən də olsa, nail oldum. Ədəbiyyat imtahanından da qiymətim qənaətbəxş idi, inşa yazısından "4" almışdım. Bir problem var idi ki, kənd məktəbində xarici dil keçməmişdik, yalnız yuxarı siniflərdə rus dili qısa müddətli tədris olunmuşdu. Onda Universitetdə belə bir qayda var idi, xarici dil keçməyənləri kəsmirdilər, sadəcə kafi qiymət verirdilər, indiki qiymətlə desək "3". Məndə də belə oldu.

O dövrün çətinliklərindən biri də bu idi ki, universitetə daxil olmaq üçün təkcə aldığın qiymət, topladığın bal yetərli deyildi. İş təcrübəsi olmayan, ən əsası, fəhlə işləməyən, Sovet ordusunda hərbi xidmətdə olmayan biriydinsə, onda qiymətlərin yüksək olsa belə, səndən daha az bal toplamış birisi, iş təcrübəsi olanı seçirdilər, sən geri qalırdın. Onda deyirdilər ki, "filankəs konkursa düşüb". O vaxtki anlamda "konkursa düşmək" o demək idi ki, imtahan balın yetərlidir, amma hansısa göstəricilərə görə qəbul olunmamısan, yəni, müsabiqə şərtlərindən keçməmisən. Məni də o vaxt "konkursa" saldılar, çünki onda rəqabət güclü idi və Sovet ordusunda hərbi xidmət çəkib gələnlər çox idi, mən isə orta məktəbi bitirdiyim il gəlmişdim. 1991-ci ildə imtahan vermişəm, həmin vaxt hələ Sovetlərdən qalma sistem işləyirdi. "Konkursa" düşdüm, amma dediyim kimi Olimpiadada üstünlüyüm var idi, həm də imtahanlardan yüksək bal toplamışdım. Onları nəzərə alıb məni tamam kənarlaşdıra bilmədilər. Dövrün maraqlı praktikası var idi: Universitetlərin nəzdində hazırlıq mərhələsi olurdu. Əgər sən universitetə imtahan verib bal toplamışdın, amma "konkursa düşmüş"dünsə, Universitet nəzdində olan hazırlıq kursuna qəbul olunurdun, bir ildən sonra müsabiqədə iştirak edirdin və o kursu bitirib artıq fakültəyə qəbul olunurdun, yəni, digərlərindən fərqlənirdin. Hazırlıq kursuna qəbul olunmaq, elə fakültəyə qəbul olunmaq demək idi, sadəcə bir il geri düşürdün. Mənim də Olimpiadada üstünlüyüm olduğuna görə bunu təklif etdilər. Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov həmin dövrdə BDU-nun tarix fakültəsinin dekanı idi. Fənn Olimpiadasında da komissiya sədri Yaqub müəllim olmuşdu və məni oradan xatırlayırdı. Mənə dedi ki, "yaşına, iş təcrübənin olmamasına görə fakültəyə götürə bilmirik, amma qiymətlərinə də heyfim gəlir, sən ki, cəsarət elədin, imtahanda kommisiya təşkil etdirdin, oradan yüksək qiymət aldın, ona görə istəyirəm ki, qalıb oxuyasan". İş elə gətirdi ki, Tarix fakültəsinin hazırlıq kursu da artıq müəyyən standartlara görə dolmuşdu, yer yox idi. Baxdılar ki, bircə Filologiya fakültəsinin hazırlıq kursunda 1 yer var. Oranı təklif elədilər, valideynlərim də uyğun gördüyü üçün qəbul etdim. Artıq 1 ildən sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Tərslikdən 1 il sonra test sistemi tətbiq edildi. Əgər 1 il də gözləsəydim, onsuz dayüksək balla qəbul olunacaqdım..

- Nə yaxşı istəyinizi belə asanlıqla dəyişmisiz, tarixdən filologiyaya?

- Yox, istəyimi dəyişmədim. Təbii ki, tarix üçün imtahan versəm də, ədəbiyyata da marağım çox yüksək idi. Həmçinin, onda mənə belə bir təklif olundu ki, filologiya fakültəsinə qəbul olunandan 1 il sonra əgər istəsən, tarix fakültəsinə yerdəyişmə edə bilərsən. Şərtlər yaxşı, qaneedici idi. Amma 1 il sonra şans olsa belə, filologiyadan tarix fakültəsinə keçmədim. Çünki ədəbiyyat fakültəsində çox yaxşı müəllimlərimiz var idi, rəhmətlik Çərkəz müəllim, Yolçu müəllim, Tofiq Hacıyev, Təhsin Mütəllibov, Yusif Seyidov, Nizami Cəfərov... və başqları. Onlar filologiyanı bizə daha çox sevdirdilər. Əslində tariximizə baxanda görürük ki, bizim tarix də, ədəbiyyat da, dilçilik də, fəlsəfə də elə ədəbiyyat üzərindən gəlib. Tutaq ki, NizamiGəncəvi ədəbiyyat adamıdır, amma ona təkcə ədəbiyyat adamı deyə bilmərik. Nizami Gəncəvi, Qazi Bürhanəddin, İmadəddin Nəsimi, Füzuli... və başqa onlarla dühamız güclü filosof idilər, onların əsərlərində tarix, ədəbiyyat, fəlsəfə, astronomiya.. və digər elmlər paralel şəkildə yer tutublar. Tariximiz də, ədəbiyyatımız da, mədəniyyətimiz də, psixologiyamız da onların əsərlərindədir. Biz ədəbiyyat tariximizi oxumaqla həm də elə tariximizi oxuyuruq....

"Jurnalistika üzrə təhsilimin ilk mərhələsini ABŞ-da almışam"

- Fakültəni bitirib yönləndiniz jurnalistikaya...?

- Arada başqa mərhələ də var. Filologiya fakültəsini bitirəndən sonra aspiranturaya da qəbul olundum. İndi sistem belədir ki, 4 il bakalavr, 2 il magistratura, 2 il doktorantura. Amma onda sistem başqa idi, indiki bakalavr əvəzinə onda 5 il baza təhsili idi, sonra da aspiranturaya daxil olub 3 il də orada oxuyurdun. O vaxtki aspirantura indiki magistraturayla doktoranturanın qarışığı idi. Mən də aspiranturaya qəbul olundum, elmi iş götürdüm, dissertasiyanı müdafiə etməyə hazırlaşanda təəssüf ki, həyat şəraitim buna imkan vermədi. 1990-cı illər bildiyiniz kimi, sosial-iqtisadi baxımdan ağır dövrlər idi, ölkədə müharibə şəraiti var idi, müstəqil dövlət quruculuğu gedirdi, iqtisadi, sosial durum çətin idi. Beləliklə, disssertasiya müdafiə işimi maddi sıxıntılarım və həyat şərtlərimə görə tamamlaya bilmədim... İşləmək, dolanışıq qurmaq lazım idi. Açığı, indi də fikirləşirəm ki, bəlkə dissertasiya işimi bərpa edim. Çox maraqlıyam.

- Jurnalist işləməyə başlamağınız da bu çətinliklərlə bağlı oldu?

- Jurnalistikaya gəlişimin maraqlı tarixçəsi və səbəbləri var. Əslində Universitetdə oxuduğum vaxt jurnalistika ilə bağlı idik. Oxuduğum dövrdə fakültə Tələbə Elmi Cəmiyyəti deyilən struktur var idi, bir müddət ona rəhbərlik etmişəm. Cəmiyyətin tərkibində fakültənin qəzetini - "Filoloq" adlı divar qəzetini hazırlayırdıq. Paralel olaraq, BDU qəzetilə əməkdaşlıq edirdik. Daha sonra qəzetçiliklə əlaqələrimiz daha sıx oldu. Mən aspiranturaya qalanda, digər tələbə yoldaşlarımız işləməyə getdilər. Jurnalist kimi işləyən tələbə yoldaşlarımız çox idilər, onların çoxu bu gün məşhur imzalardılar. Mən də onlarla sıx ünsiyyətdə idim, bəzən görüşmək üçün iş yerlərinə, redaksiyalara gedirdim. Jurnalist işləyən qrup yoldaşlarımın yanına gedib-gələndə mənə iş təklif edilirdi. "Olaylar" İnformasiya Agentliyində işləyən bir dostum var idi, eşitmişdim xəstədir, baş çəkmək üçün getmişdim. Yeri gəlmişkən, həmin vaxt mobil telefon və internet ölkədə yenicə tətbiq edilirdi, indiki qədər yayqın, əlçatımlı deyildi. Tanışlarla ünsiyyətimiz yalnız canlı olurdu. Redaksiyaya gedəndə gördüm ki, halı yaxşı deyil, əlindəki yazını bitirib, icazə alacaqdı. Fikirləşdim ki, ona kömək edim, yazını tamamlasın. Onun yerinə informasiyanı mən hazırladım, təhvil verdi, çıxdıq. İki gün sonra yenə görüşdük, sevincək dedi ki, redaktor mənim yazımı ilk dəfədir heç bir qeyd etmədən götürdü. Bu, "Olaylar" İnformasiya Agentliyində baş verib. Həmin vaxt redaktor Fatma xanım Abbasquliyeva idi, indi də elə "Olaylar"da işləyir. Dostum açıb demişdi ki, yazını mən yazmışam. Ona görə Fatma xanım mənimlə görüşmək istədiyini bildirmişdi. Görüşdüm, söhbət elədik, təklif elədi ki, onlarla əməkdaşlıq edim. Dedim sahəm başqadır, o isə "amma çox yaxşı yazı bacarığınız var" dedi və beləcə məndə maraq yaratdı. Sonra Yunus bəylə görüşdük, Yunus Oğuz "Olayların" təsisçisi idi. Söhbətimiz maraqlı oldu, Yunus bəy həm yazıçıdır, həm jurnalistdir, həm də milli düşüncə sahibidir. Söhbətimiz alındı. Dünyada qismət deyilən bir şey də var. İndi də Fatma xanımla tez-tez telefonla danışırıq. Orada işləməklə bütün həyatımda dəyişiklik oldu, jurnalistikaya gəldim. Razılaşdım ki, aspirantura təhsilimi pozmadan, ştatdankənar gəlib işləyərəm.

3 ay orada ştatdankənar işlədim, çünki Bakı Dövlət Universitetində aspiranturada təhsilim davam edirdi. Bir gün Fatma xanım təkid elədi ki, gəl səni ştata keçirim, vakant yer var, əmək haqqını da artırım. Mənə əmək kitabçası açdı, kitabçamı oxuyanda gördüm ki, adıma siyasət şöbəsinin redaktoru vəzifəsi yazılıb. Dedim axı hələ jurnalistikaya yeni başlayan müxbirəm. Dedi bizə yetərlidir. Bir şey də var ki, artıq ən yüksək təhsili almışdım, aspiranturanı bitirmək üzrəydim. "Olaylar"da işlədiyim vaxt keçmiş tələbə yoldaşım Azər Həsrət (İndi İTV Yayım Şurasının və Mətbuat Şurasının İdarə heyətinin üzvü ) artıq jurnalistikada məşhur imza sahibi idi. O təklif elədi ki, jurnalist təşkilatı yaradaq. Biz onda Jurnalistlərin Həmkarlar İttifaqı təşkilatını təsis elədik, Azər bəy sədr, mən də müavin oldum. Beləliklə, jurnalistika sahəsində təşkilatda da təmsil olundum. Bu minvalla, jurnalistikanın mərkəzinə düşdüm. Fikirləşdim ki, filologiya üzrə ali təhsilim olsa da, jurnalistikanın incəlikləri var, onları öyrənməliyəm, bu sahədə təhsil almalıyam. Praktiki baxımdan jurnalistikanı bilsəm də, nəzəri baxımdan bilgilərimi artırmaq istəyirdim. Prinsipim belədir ki, əgər bir sahədə çalışırsansa, o sahənin incəliklərini, dərinliklərini bilməlisən. Bir gün elanla qarşılaşdım. Beynəlxalq təşkilat var idi, Amerika Təhsilin İnkişafı Akademiyası adlanırdı. Onlar müsabiqə elan eləmişdilər: jurnalistika sahəsində ixtisasını artırmaq istəyən şəxsləri müsabiqəyə dəvət edirdilər. Təhsil də ilk mərhələdə ABŞ-da keçiriləcəkdi. Sənədlərimi təqdim elədim. Müsabiqənin birinci mərhələsindən sənədlərim keçdi. 1998-ci ildə ikinci müsabiqəni də keçirdilər. O müsabiqədən də keçdiyim üçün məni Amerikaya kursa göndərdilər.

Uzunmüddətli kurs idi, o kursun tam olaraq 1 ayını ABŞ-da keçdik, sonra geri qayıtdım və kursun davamı oldu. Daha sonr Brüsselə, ardınca Polşaya göndərdilər. Yəni, 1 ay hansısa ölkədə kurs keçirdik, sonra geri qayıdıb 1-2 aylıq burada təcrübəmizi tətbiq edirdik, sonra başqa ölkəyə göndərirdilər, kursu davam etdirirdik. Ümumilikdə 1 illik kurs idi, müxtəlif yerlərdə keçirilirdi. Kursları müvəffəqiyyətlə tamamladığım üçün, sonradan məni başqa kurslara da cəlb etdilər. Beləcə, 3 il müddətində mükəmməl bir jurnalistika təhsili aldım. Təsəvvür edirsizmi, bir-iki ilin içində nələr dəyişdi?! Hadisələr o qədər sürətli oldu ki. Bu hadisələr qısa bir zaman kəsiyində, 1997-2000-ci illər arasında sürətlə baş verib. Sanki hansısa sehrli bir qüvvə məni jurnalistikanın içinə sürüklədi. Görünür qismətim burada imiş. Qısa müddətdə beynəlxalq jurnalist təşkilatları ilə təmasım quruldu, onların üzvlüyünə cəlb olundum. İş elə gətirdi ki, jurnalistika ilə bağlı qlobal müzakirələrin keçirildiyi məkanlara düşdüm. Beynəlxalq jurnalistika proseslərinin kursunu keçdim. Burada işlərim uğurlu alındı....

- "Olaylar" İnformasiya Agentliyindən başqa hansı KİV redaksiyalarında çalışmısız?

- Jurnalistikanın bütün istiqamətləri üzrə iş təcrübəm var: qəzet redaksiyası, informasiya agentliyi, televiziya, jurnalist təşkilatı və sair. İş təcrübəm zəngin olub. Qeyd etdiyim kimi, "Olaylar"da işlədiyim dövrdə, 1997-ci ildə Jurnalistlərin Həmkarlar İttifaqı təşkilatını təsis elədik. İndi tanıdığınız məşhur jurnalistlərin çoxu orada bizimlə birlikdə olublar. "Olaylar"dan sonra "Bu gün" qəzetində çalışdım. "Bu gün" qəzeti 1997-2000-ci illər arasında nüfuzuna və tirajına görə, ölkənin təqribən 2-ci, 3-cü qəzeti olub, o dövrdə əlavələri ilə birgə təxminən 80 min tirajla çıxırdı. Qəzetin maddi durumu çox yaxşı idi, yüksək əmək haqqı verirdi. Qəzetin təsisçisi Nəsib İsmayılovla, demək olar ki, həmyaşıd idik, 1-2 yaş fərqimiz var idi. Bu baxımdan, düşüncələrimiz, baxışlarımız yaxın idi, qəzetdə sağlam mühit mövcud idi. Ən əsası o idi ki, Nəsib bəy bizə heç bir məhdudiyyət qoymurdu. Tutaq ki, sən hər hansı başqa bir təşkilatda çalışırsan, yaxud, səfərə gedirsən və s. Qadağan etməzdi. Bilirsiniz ki, bəzi iş yerlərində qısqanclıqla yanaşırlar, məhdudiyyət qoyurlar belə şeylərə. Amma Nəsib bəy, hətta səfərdə olduğum müddəti də əmək haqqımı yüksək məbləğlə ödəyirdi, pulumu nəinki kəsmirdi, üstəlik əlavə verirdi ki, qayğılarımız yaranmasın. Deyirdi ki, sizlərin bilik və bacarıqlarını artırması, həm qəzetimiz, həm də ümumilikdə jurnalistikamız üçün vacibdir.

2000-ci ilə qədər həmin qəzetin siyasət şöbəsinin redaktoru olmuşam. Qəzet çoxtirajlı və nüfuzlu olduğu üçün çox tanınırdı, buna görə də üzümüzə bağlı qalan qapı yox idi. Müstəqil qəzet idi, müstəqilliyinə görə də hamı hörmətlə yanaşırdı. Elə olub ki, mən eyni gündə müxalifət partiyasının lideriylə də görüşüb müsahibə götürmüşəm, eyni gündə ən yüksək dövlət idarələrində də görüşüb müsahibə almışam. Müsahiblərim özlərini sərbəst hiss edə bilirdilər, qəzet üçün hazırladığım suallarımdan əlavə sərbəst söhbətlərimiz də olurdu və bütün bunlar mənim həm bilgilərimin, həm də əlaqələrimin genişlənməsinə şərait yaradırdı. Heç kim də qayğılanmırdı ki, onun rəsmiyyətdən kənar danışdığı söz başqa tərəfə çata bilər. Yəni, peşə sirrini, peşə etikasını qorumuşam. Bu güvəni də qazanmaq lazımdır. Mən jurnalistikada o etimadı qazana bilmişdim.

2001-ci ildə "Bu gün" qəzeti maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırdı. Onda "Cümhuriyyət" qəzetində fəaliyyətimi davam etdirdim. Paralel şəkildə də Jurnalistlərin Həmkarlar İttifaqı təşkilatının fəaliyyətini davam etdirmişəm. 2003-cü ildə ABŞ Milli Demokratiya İnstitutunun Bakı Ofisinin media ilə bağlı layihəsində çalışdım. Çox böyük töhfələr vermiş təşkilat idi. Təəssüf ki, sonra onun bəzi siyasi ambissiyaları ortaya çıxdı, bu isə Azərbaycanda müəyyən problemlərə səbəb oldu və 2-3 il əvvəl fəaliyyətini dayandırdı. Məncə, problemlər təşkilatdan daha çox, onun Bakı ofisinə rəhbər göndərilən şəxslərdə idi. Çünki təşkilat 2000-ci illərin əvvəlində normal fəaliyyət göstərmişdi. Biz onun fəaliyyətinin siyasi tərəfinə toxunmurduq, onların media proqramı var idi və məni də ora dəvət etmişdilər. Çünki Amerikada təhsilim var idi, prosesləri bilirdim, ona görə dəvət elədirlər. İki il müddətində, 2003-2005-ci illərdə MDİ - Bakı ofisinin media proqramında fəaliyyət göstərdim, Milli Demokratiya İnstitutunun media proqramında aparıcı idim. Seçki müşahidəçiliyi, seçki proqramları üzrə maarifləndirici xarakterli maraqlı qəzet və televiziya materialları hazırlanırdı. Həmin o proqram çərçivəsində bir il müddətində "Space" televiziyasında fəaliyyət göstərdim. Seçki maarifləndirilməsilə bağlı çox maraqlı verilişimiz oldu, verilişin redaktoru idim. Bu baxımdan, mənim həm də televiziya təcrübəm var. 2005-ci ildən sonra oradan ayrıldım. Çünki elə 2005-ci ildə hiss etdik ki, MDİ-nin Azərbaycanla bağlı siyasətində problemlər yaranır, ölkəmizə qarşı qeyri-adekvat bəyanatlar yayırdılar. Mən də ona görə kənarlaşdım. Sonra iki il müddətində sırf təşkilatımızdakı işlərlə məşğul oldum. Müxtəlif beynəlxalq donorlarla əməkdaşlıq qurdum, proqramlar aldıq və icra etdik.

"Azərbaycan tarixində medianın inkişafı üçün ən ciddi proqramlar Mətbuat Şurası və KİVDF-nin vasitəsilə həyata keçirilib"

- Necə oldu Mətbuat Şurasının sədr müavini təyin edildiniz? Burada da qeyri-adilik, təsadüfi nə isə olubmu?

- 2008-ci ildə, Jurnalistlərin 4-cü qurultayında, Mətbuat Şurasının İdarə heyətinə keçirilən seçkilərdə özümü sınamaq istədim. Mətbuat Şurası özü 2003-cü ildə, Azərbaycan Jurnalistlərinin I Qurultayında yaradılıb. Mən həmən qurultayda, yəni Mətbuat Şurasının təsis edildiyi Birinci Qurultayda say komissiyasının sədri olmuşam. Bu baxımdan artıq Mətbuat Şurasında təmsil olunan şəxslərlə münasibətim var idi. Amma 2003-cü ildə özüm İdarə heyətinə namizədliyimi verməmişdim, baxırdım ki, imkanlarım hələ ona adekvat deyil. Həm də biz ora komanda ilə getmişdik, komandanın namizədləri var idi, onları dəstəkləməli idik. 2003-cü ildə namizədimiz Azər Həsrət idi və o, seçkilərdə qalib gəldi, MŞ İdarə Heyətinə düşdü. 2008-ci ildə isə hesab elədim ki, artıq mən özüm də hazıram. Çünki təşkilatımız ölkənin aparıcı jurnalist təşkilatlarından biri idi. 2003-cü ildə isə Azər Həsrət istefa vermişdi, mən Jurnalistlərin Həmkarlar İttifaqına rəhbərlik edirdim, təşkilatın güclü beynəlxalq əlaqələri var idi. Yeri gəlmişkən deyim ki, Jurnalistlərin Həmkarlar İttifaqı həm də Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisidir. Yəni, mən Jurnalistlərin Həmkarlar İttifaqının sədri statusunda həm də Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi olduğuma görə, beynəlxalq tədbirlərə çox dəvət olunurdum, praktikam da yüksək idi.

Hesab edirdim ki, jurnalistika sahəsində yetəri qədər bilgilərim, peşəkarlığım, təcrübəm var. Jurnalistikanın bütün qollarında da özümü sınamışdım, həm qəzet jurnalistikasında, həm agentlik, həm televiziyada və s. Namizədliyimi irəli sürmək qərarına gəldim. Fikirləşdim ki, ölkənin ən böyük media qurumu olan Mətbuat Şurasının İdarə Heyətində təmsil olunmaqla, jurnalistikaya faydam toxunacaq. Sağ olsunlar, qurultay iştirakçıları etimad göstərdilər və mən İdarə Heyətinə seçildim. Amma açığı deyim ki, müavinlik bir sürpriz oldu mənim üçün. Müavin olacağımı nə düşünmüşdüm, nə də təsəvvür eləmişdim. Bu, sırf Mətbuat Şurasının sədri Əflatun Amaşovun etimadı olub. İdarə Heyətinin ilk iclası olanda Əflatun müəllim məni və Umud Mirzəyevi sədr müavinliyinə təqdim etdi. İdarə heyəti də etimad göstərdi. Açığı, həqiqətən də sürpriz oldu. Sonralar Əflatun müəllimə dedim ki, bunu bir az əvvəldən deyərdiniz, mən də sevinərdim (gülür). Əflatun müəllim dedi ki, "biz gənclərə etimad göstəririk ki, həm özünüz təcrübə toplayın, həm də bura töhfələrinizi verin".

- Əflatun müəllim razıdırmı həmin dövrkü təyinatından?

- Bunu Əflatun müəllimdən soruşsanız, daha yaxşı olar (gülür). Mən, nəinki özümlə bağlı, ümumiyyətlə, heç bir məsələ barədə Əflatun müəllimin adından danışmamışam...

- Məhdudiyyət qoyulub danışmağınıza?

- Heç bir məhdudiyyət qoyulmayıb. Əflatun müəllim çox demokratik adamdır, inkişafa stimul vermək onun xarakteridir. Açığı deyim ki, mənim "müdirlər" məsələsində həmişə bəxtim gətirib və bu, Əflatun müəllimlə də davam edir (gülür). Yuxarıda Fatma xanımı, Yunus bəyi, Nəsib bəyi dedim, KİVDF-də Vüqar Səfərli, MŞ-də Əflatun müəllimlə də belə olub. Qismətdən, bütün iş yerlərində şansım gətirib, rəhbərlik normal olub. Harada olmuşamsa, işə girəndə də halallıq almışam, çıxanda da. Bu, mənim üçün çox önəmli bir dəyərdir. Onlar da belə yanaşmamı dəyərləndiriblər, hörmət göstəriblər. Əflatun müəllim məsələsinə gəlincə, o heç bir məhdudiyyət qoymur, əksinə, müsbət təşəbbüslərin hamısını dəstəkləyir. Amma məsələlərin həssaslıqlarını, mürəkkəbliklərini bildiyim üçün fikirləşirəm ki, hadisələr barədə yalnız Əflatun müəllim özü düzgün danışa bilər. Çox-çox ağır hadisələr olub ki, onlar yalnız Əflatun müəllimin düzgün qiymətləndirməsi, düzgün ifadəsi ilə zərərsiz ötüşüb. Mənim müavinliyimə etimadı ilə bağlı, deyim ki, 2013 və 2018-ci illərdə, təkrarən müavin təyin edilmişəm. Ehtimal edirəm ki, fəaliyyətimdən razı olduğu üçün bu təyinatlarını təkrarlayıb...

- Vüqar Səfərlinin adını çəkdiniz, siz KİVDF-də də təmsil olunmusuz eləmi?

- Bildiyiniz kimi, Prezident İlham Əliyev 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyinin Konsepsiyasını imzaladı. Həmin konsepsiya əsasında da 2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının ilk üzvləri sırasında mən də olmuşam. Cənab prezident sağ olsun ki, 2 dönəmdə, 2009-2013 və 2013-2017-ci illədə KİVDF MŞ üzvlərinin təyin olnması barədə sərəncam imzalayanda, mənim də adım daxil edilmişdi. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev idi. Fondun icraçı direktoru isə Vüqar Səfərlidir. Vüqar müəllim icraçı direktor qismində Fonda ümumi rəhbərliyi həyata keçirir. Mən 2009-2013-cü illər arasında birinci dönəmdə, 2013-2017-ci illəri əhatə edən 2-ci dönəmdə KİVDF MŞ üzvü kimi onunla birgə çalışmışam. Həm sevinirəm, həm də minnətdaram cənab prezidentə ki, belə bir kollektivlə işləmək üçün imkan yaradıb. Ayrıca, Prezidentin Sərəncamına düşmək böyük bir şərəfdir, böyük şansdır. Həm də kollektiv və rəhbərlik çox layiqli olub. KİVDF də təsəvvürümdə xoş xatirələrlə qalıb. Azərbaycan tarixində medianın inkişafı üçün ən ciddi proqramlar Mətbuat Şurası və KİVDF-nin vasitəsilə həyata keçirilib. Xoşbəxtəm ki, hər iki qurumda təmsil olunmuşam və bu proqramların icra edilməsində iştirak etmişəm.

- Niyə ayrıldınız KİVDF Müşahidə Şurasından?

- Nizamnaməyə görə, eyni adam KİVDF Müşahidə Şurasına ard-arda 2 müddətdən artıq seçilə bilməz. Mən də 2009-2013-cü illər arasında birinci dönəmdə, 2013-2017-ci illəri əhatə edən 2-ci dönəmdə KİVDF MŞ üzvü təyin edilmişəm. Sadəcə Nizamnamə üzrə limit bitib, 2 dəfə seçilmişəm.

- Jurnalistikanın mərkəzində olsanız da, indi yazan jurnalist deyilsiz. Heç olubmu ki, qəribsəyəsiz yazmaq üçün? Yazılarınız içində xüsusi seçdiyiniz, sizin üçün daha doğma olan yazılarınız varmı?

- Təbii ki, yazıları iki cür yazırsan: müxbir və ya redaktor olanda bu, sənin gündəlik işindir, redaksiya tapşırığıdır. Yəni, xoşlasan da, xoşlamasan da, gündəlik yazılar hazırlamalısan, redaktə etməlisən. Biri də var ki, öz içindən keçən yazılar. İkinci qisim yazılardan, yəni, içindən keçənləri qələmə almaq məsələsindən heç vaxt kənar düşməmişəm, fasilə verməmişəm. Diqqətimi çəkən mövzularda həmişə yazmışam. 2015-ci ildə isə yazılarım daha da intensivləşdi, bir növ yenidən yazar jurnalist kimi fəaliyyətimi bərpa elədim. Baxmayaraq ki, həm Jurnalistlərin Həmkarlar İttifaqının sədriydim, həm Beynəlxalq Jurnalistlər Federasiyasının təmsilçisi idim, həm Mətbuat Şurasının sədr müaviniydim, həm də KİVDF-də təmsil olunurdum, ancaq həmin dövrdə vaxt tapıb intensiv yazmağa başladım. Çünki Azərbaycana qarşı xaricdən çox ədalətsiz bir hücum vardı. Bildiyiniz kimi, 2015-ci ildə Azərbaycanda "Bakı: I Avropa Oyunları" keçirildi, böyük kampaniya idi. Bundan istifadə edən məkrli qüvvələr, xaricdən ölkəmizə qarşı düşünülmüş kampaniyalar təşkil etdilər, Azərbaycanın uğurunu gözdən salmağa çalışdılar. Elə bir zamanda həqiqətən də içimdən keçdi ki, bu məsələlərə münasibət bildirməliyəm. Çünki fikirləşdim ki, uzun müddət beynəlxalq tədbirlərdə iştirak etmişəm, dünyada medianın, demokratiyanın vəziyyəti nə yerdədir, onu bilirəm. Özü də bunu nəzəriyyə əsasında deyil, praktiki bilirəm, gedib öz gözümlə görmüşəm. Dünyada Qeyri-Hökumət Təşkilatlarının vəziyyəti nə yerdədir, söz azadlığı, media azadlığı nə yerdədir, çox gözəl bilirəm. Azərbaycana qarşı ittihamlar irəli sürülürdü, mən də bilirəm ki, dünyanın hər bir ölkəsində vəziyyət Azərbaycan adına deyilənlərdən dəfələrlə pisdir. Məsələ ondadır ki, öz vəziyyətləri dəfələrlə pis olan ölkələr bizə qarşı ittihamlar irəli sürürlər. İçimdən keçdi ki, bu məsələlərə münasibət bildirməliyəm. Beləcə, intensiv, gündəlik yazmağa başladım yenidən, içimdən nə keçirdisə, hər gün onu yazırdım. Yazılarımı verdiyim saytdan xahiş elədim ki, mənim yazılarıma İP qazandıran yazı kimi baxmasın, necə yazıramsa, elə getsin, əl vurulmasın. Sağ olsun Milli.az portalının rəhbərləri, maraqlarını cəlb elədi, razılaşdılar. İş elə gətirdi ki, il də bir az gərgin oldu. Çünki həmin dövrdə Bakıda I Avropa Oyunlarından sonra, payızda parlament seçkiləri keçirildi, 2016-cı ilin əvvəlində isə, aprel döyüşləri oldu və s. bütün bu hadisələr haqqında hər həftə 1-2 yazı yazırdım. İki il müddətində təxminən 80-ə yaxın yazı yazdım. Yenə də mənim xəbərim olmadan bu yazılarım diqqət cəlb eləmişdi. Mənə bir neçə yerdən təşəkkürnamə gəldi, o cümlədən də Müdafiə Nazirliyindən. Həmçinin, Ali Media Mükafatına layiq görüldüm.

Bu yazıları sevə-sevə, böyük əmək sərf etməklə, çoxlu araşdırma aparmaqla yazmışam. Deyərdim ki, bu yazıların hər biri bir dissertasiya işi qədər ağır və dəqiq olub. Hər bir yazını yazmaq üçün ən azı bir gün araşdırma aparırdım. Bilgilərim çoxdur, hadisələrin çoxunu bilirəm, xarici təcrübəm var, amma hər yazı üzərində əlahiddə araşdırma aparırdım. Bütün yazılarımda da sitatı verib, link qoymuşam, etik standartları gözləmişəm. Ali Media Mükafatı təqdim edilərkən, çıxış etdim, bildirdim ki, mən o yazıları həqiqətən də mükafat almaq üçün yazmamışam, içimdən gəlib, sevə-sevə yazmışam. Amma dəyər verirsinizsə, çox sağ olun. Onda bir daha əmin oldum ki, kim nə yazırsa, hamısı müşahidə olunur, deməli kimlərinsə diqqətini çəkir. Bu həm də mənim məsuliyyətimi daha da artırdı. Biz elə hər gün danışırıq, nələrsə deyirik keçir, amma onların hər biri bir informasiyadır, buna kimlərsə baxır, kimlərsə müşahidə edir. Mənim yazılarım da, özümdən xəbərsiz, məndən xəbərsiz diqqət çəkmişdi, dəyərləndirilmişdi...

- İndi eyni sualın əksini vermək istəyirəm: elə yazılarınız olubmu ki, onlara görə narahatlıq keçirmisiniz, incimisiniz? Yaxud, hansısa səbəbdən jurnalistikadan getmək, yazmaqdan imtina etmək istəmisiniz?

- Ümumilikdə jurnalistikadan getmək barədə düşünməmişəm. Çünki bu, artıq mənim həyat tərzimdir, həyatımın böyük bir hissəsidir. Amma bəzən yazmağa ara vermək barədə düşünmüşəm. Belə hallar keçici də olsa, baş verib. Məsələn, bir ara çalışdığım bir qəzet var idi. Əvvəl müstəqil qəzet kimi fəaliyyətə başlamışdı, ancaq sonradan siyasiləşmə prosesi başlamışdı. Mən də hazırlaşırdım ki, o qəzetdən gedim. Çünki siyasi partiyalılığım yoxdur, heç vaxt heç bir partiyanın üzvü olmamışam. Düzdür, bütün partiyaları dəyərləndirirəm, yollarına hörmətlə yanaşıram, ancaq mən hesab edirəm ki, jurnalist azad olmalıdır. Onun baxışları da, düşüncələri də, fəaliyyəti də müstəqil olmalıdır. Çalışdığım qəzetdə artıq hiss eləmişdim ki, müəyyən partiyaya simpatiya yaranıb. Mən də həmin qəzetdə siyasət şöbəsinin redaktoru idim. Vaxt keçdikcə partiyadan gələn yazıların sayı artırdı. Mən və bəzi həmkarlarım da bir şey edə bilməzdik, çünki, "redaksiya tapşırığını" icra etməlisən. Baş redaktorun, təsisçinin istəyi idi. Amma içimdən qəbul edə bilmirdim, bilirdim ki, bunlar həmin partiyanın siyasətinə, reklamına uyğunlaşdırılmış, bəzən reallıqdan uzaq olan yazılardır. Təbii ki, o cür yazılar mənim imzamla getmirdi, sadəcə şöbə redaktoru idim, yazılar gəlirdi, oxuyub redaktə etməli, qəzet səhifəsinə qoymalıydım. O arada mənim adıma iki dəfə məktub gəlmişdi redaksiyaya, ikisi də eyni ünvandan. O məktubları oxumaq istəyirdim, amma boş vaxtımın olmağını gözləyirdim ki, sərbəst oxuyum, oxucu məktubu idi. Düşünmüşdüm ki, təcili deyil, vaxt edib oxuyaram, hər iki məktubu çəkməcəmə qoymuşdum.

Günlərin birində redaksiyanın mühafizəçisi gəldi ki, yaşlı bir adam qapıdadır, sizi görmək istəyir. İşin də elə vaxtıdır ki, axşamçağı 5-6 olardı, qəzet səhifələrini yığırdıq, vaxt ayırmaq çətin idi. Amma mühafizəçi deyəndə ki, yaşlı adamdır, işin çoxluğuna və gərginliyinə baxmayaraq, dedim görüşək. Heç demə, həmin adam da mühafizəçinin arxasınca gəlibmiş. Gəlsin deyən kimi, qapını açıb içəri girdi. Gördüm yaşlı və çox nurani biridir, əlində də əsa var idi. Görüşdük, dedi ki, "tanıdın məni?" Dedim, xeyr. Dedi "hə, məktubları yazan mən idim, oxusaydın, məni tanıyardın". Təbii ki, məktubları oxumadığıma görə üzrxahlıq elədim. Oturdu, dedi ki, "mən müəlliməm". Onda da hələ müəllim işləmək üçün yaş limiti yox idi. Müəllimlərə həmişə yüksək hörmətim olub. O, bizim qəzetin bir neçə nömrəsini çıxarıb stolun üstünə qoydu. Dedi ki, "Müşfiq müəllim, mən sizi uzun müddətdir izləyirəm". Biz onda həm də köşə yazıları yazırdıq. Dedi ki, "yaxşı redaktorsuz, yaxşı yazılarınız var. Amma son zamanlar hiss edirəm ki, sizin qəzetinizdə bəzi səhvlər gedir. Özü ilə götürdüyü qəzet nüsxələrini açıb korrektura səhvlərini göstərdi. Bir-iki nümunə göstərdi mənə, baxdım ki, bizim qəzeti oxuyub, korrektura səhvlərini işarələyib. Dedi "görürsənmi, mən bir məqalədə 8 səhv işarələmişəm. Əgər qəzeti bütöv yoxlasam, yüzlərlə səhv taparam". Dedi "xahiş edirəm, belə şeylər etməyin. Belə şeyləri görəndə mənim artıq o yazının məzmununa da etimadım itmiş olur ki, deməli siz korrektura işinə laqeyd olduğunuz kimi, getdikcə bunun məzmununa da laqeyd yanaşarsız". Dedi, "axı oğul, biz bunu oxuyub onun əsasında günümüzü müəyyən edirik. Mən müəlliməm, vəziyyətim o qədər də yaxşı deyil, amma hər gün 20 qəpik pul verib bu qəzeti alıram. Siz necə qıya bilirsiniz bizə, mən bu qəzetə inanıram axı".

İnanın ki, adamın dedikləri elə bil mənə tərs sillə kimi dəydi. Müəllimin korrektura səhvləri tutduğu yazı həmin o partiyadan gələn yazılar idi. Mən o ağsaqqala deyə bilmədim ki, sən bunun nöqtə-vergülünü deyirsən, amma məzmunu daha çox problemlidir. Çünki bir partiyanın təbliğatına yönələn bir şeydir, məzmununda qeyri-dəqiqliklər var. Çox pis oldum və jurnalistikanın 100 faizlik mahiyyətini onda anladım ki, biz insanların taleyilə oynayırıq. Təsəvvür edirsiz, insanlar bizim yazdığımızla öz həyatlarını, sabahlarını müəyyən edirlər?! Bizim üçün adi bir informasiya, maaş, qonorar xətrinə verilən yazıdır. Ancaq 70 yaşlı bir insan bizim yazdığımıza baxıb özünü, sabahını müəyyən edir. Görün biz necə məsuliyyətli işin altına girmişik? Düzünü deyim ki, o hadisədən sonra, mən nəinki həmin qəzetdən, ümumiyyətlə jurnalistikadan getmək qədər ciddi qərar vermək istədim. Dediyim kimi, çox məsuliyyətli, ciddi standartları olan ailədə böyümüşəm. Söz nədir, insan taleyi nədir, böyük-kiçik hörməti nədir bilirik, bütün həyatım o tərbiyənin təsiri altında keçib. Bir insanın o qəzetlə bağlı fikri mənim bütün karyerama təsir etdi. Bizim bilmədən nəzərdən qaçırdığımız bir yanlış cümlə, kiminsə həyatına təsir edə bilər!

Jurnalistikada olduğum dövrdə bir neçə belə hadisə baş vermişdi. Bir dəfə də, yenə həmin qəzetdə bir informasiya getmişdi. İnformasiyaya aidiyyatı olan valideyn redaksiyaya gəldi. Mənə dedi ki, "sizdə bir yazının anonsu gedib". Düzdür, o yazı mənim redaktor olduğum siyasət şöbəsinə yox, sosial şöbəyə aid idi. Amma fərqi yoxdur, qəzetə görə hamımız məsuliyyət daşıyırdıq. Məsələ onda idi ki, bu kişi daşıdığı vəzifəyə görə üzdə olan adam idi. Qızı isə ailə həyatı qurmaq ərəfəsindəymiş. Jurnalist də onun həyatı barədə bir sıra detalları yazmışdı. Sən demə, bu qız daha əvvəl ailəli olub, həyat yoldaşını itirib və uzun müddət depressiya yaşayıbmış. Valideynləri qızlarının həyatını normala döndərə bilmək üçün çox böyük əziyyət çəkiblər. İkinci dəfə ailə həyatı qurmaq ərəfəsində bu informasiyanın qəzetdə çıxması ilə xanımın özündə də yenə əvvəlki qayğıları, problemləri üzə çıxıb, xanımın ailə quracağı qarşı tərəfdə də narahatçılıq yaradıb. Mən heç bu yazıya fikir verməmişdim, öz şöbəmizin yazılarına baxmışdım. Yazını yazan jurnalisti çağırıb dedim ki, insanların şəxsi həyatına toxunmaq olmaz. O da mənə dedi ki, "həmin adam həm də ictimai şəxsdir". Dedim nə olsun ki, hamının şəxsi həyat hüququ var. Təbii ki, xahiş elədim anonsu verilən yazı dərhal dayandırıldı. Amma artıq anons öz təsirini göstərmişdi. Bir müddət sonra eşitdim ki, məhz həmin informasiyadan sonra o xanımınailə qurmaq məsələsində ciddi problem yaşanıb. Stress keçirdim, uzun müddət özümü onun yerində hiss elədim ki, insan taleyilə bu qədər oynamaq olmaz! Çətin məsələdir, gərək insanlara hörmətlə yanaşasan. Jurnalistika məsuliyyətli peşədir, biz özümüz də bilmədən insanların taleyinə təsir edə bilirik. Buna görə də hərdən fikirləşirəm ki, tez-tez yazıb hər şey yazmaq yox, az-az yazıb məsuliyyətlə yazmaq daha yaxşıdır...

- Jurnalistikada olan adam üçün bu cür qaynar həyatdan uzaqlaşmaq çətin olur. Sizin üçün yazı yazmayanda çətin olmur ki?

- Jurnalistika bilikdir, elmdir, nəzəriyyədir, amma bir tərəfi də vərdişdir. Bir müddət reportyor da olmuşam, parlament müxbiri də olmuşam, şöbə redaktoru da olmuşam, həmin müddətdə olurdu ki, 1,5 saata 10 min işarəlik yazı yazırdım. Çünki yazmağa vərdiş eləmişdik. Amma müəyyən məsafə verəndən sonra yenidən yazmağa başlayanda hiss elədim ki, çətinlik çəkirəm. İndi 10 min işarəlik yazı üçün ən azı 3-4 saatımı sərf etməliyəm. Reportyorluğum dövründə məqalə yazmağa o qədər vərdiş eləmişdim ki, hadisələrə hadisə kimi yox, xəbər kimi yanaşırdım. Tutaq ki, yolda bir qəza baş verirsə, o mənim gözümə xəbər başlığı və yarımbaşlıq kimi görünürdü. Gündəlik vərdiş etdiyinn bir işdən ayrılmaq insana stress yaşadır. Bir şey var ki, jurnalistikada qalmaq da, uzaqlaşmaq da eyni dərəcədə stresslidir. Jurnalist də insandır, onun da emosiyaları var. Siz də bilirsiniz ki, bizim yazdıqlarımız gün ərzində əldə etdiyimiz informasiyaların çox az qismidir. Çünki biz onları jurnalist süzgəcindən keçiririk, elə şeylər var ki, ictimai marağa zidd olduğu üçün yazmırıq, elə şeylər var ki, etik standartlara cavab vermir, yazmırıq. Amma yazmasaq da, bilirik axı. Biz robot deyilik, canlıyıq və o informasiyaların məzmununun yükünü öz üzərimizdə daşıyırıq.

Bir insan faciəyə düşübsə, mən onu yazıramsa, demək həm də onu yaşayıram axı. Gün ərzində insan nə qədər stress keçirər, nə qədər başqalarının qayğısını, dərdini çəkər? Həyat heç də ancaq xoş hadisələrdən ibarət deyil: bunun kriminal hadisələri var, siyasi hadisələri var, geopolitik prosesləri, bəd xəbərləri, insan həyatı məsələləri var. Elə şeylər var ki, jurnalist onu beyin süzgəcindən keçirib vermir, amma aldığın xəbəri ən azından özün bilirsən və sanki sən də yaşayırsan, bunun iztirablı tərəfləri çoxdur. Fikir verirəm ki, jurnalistikada işləyənlər, içi mən qarşıq yaşımızdan artıq görünürük. Bunlar hamısı gündəlik informasiyaların təsiridir. Bu baxımdan jurnalistikada qalırsansa da stressdir, gedirsənsə, köhnə vərdişlərin üçün darıxırsan, bu da bir stressdir. Loru dillə desək, bir bəladır düşmüşük (gülür).

Azərbaycan dövlətinin, dövlət başçısının jurnalistikaya münasibəti dünya ölkələrindən fərqlidir, təqdirəlayiqdir

- Son illər görürük ki, həmkarlarımız arasında erkən yaşda həyatını itirənlərin sayı çoxalıb, xüsusilə də ürək tutmasından. Bu, jurnalistikanın verdiyi stress səbəbindən ola bilərmi, bu qədərmi riskli sahədir?

- Deməzdim ki, bütün bu ölüm hallarının səbəbi işlədiyi peşə səbəbindəndir. Amma bu da faktdır ki, 1990-cı illərdən sonra dünyada jurnalistika yavaş-yavaş riskli peşələr siyahısına aid olunur. 2006-cı ildə BMT səviyyəsində dünya hökumətlərinə bir çağırış edildi ki, jurnalist təhlükəsizliyinə ciddi diqqət yetirsinlər. Beynəlxalq Jurnalistlər Federasiyasının maraqlı bir hesabatı var: 1991-ci ildən 2016-cı ilə qədər dünyada təqribən 2800-ə yaxın jurnalist peşə fəaliyyətini yerinə yetirərkən dünyasını dəyişib. Az rəqəm deyil. Peşə fəaliyyətinə görə, həbsə düşən, təhdid olunan jurnalistlərin sayı 50 mindən çoxdur. Bunlar hələ rəsmi statistikaya düşənlərdir. Amma rəsmi statistikadan kənar olanlar da var, açılmayan cinayətlər də var. Jurnalistikada açılmayan cinayət çoxdur. BJF-nin və İFEX-in təşəbüsü ilə 2013-cü ildən etibarən dünyada bir kampaniya aparılır. Bu kampaniyanın adı Jurnalistikada Cəzasızlığa Qarşı Gün adlanır. Hər il noyabr ayında bu gün beynəlxalq səviyyədə qeyd edilir. Bütün bunlar göstərir ki, jurnalistika artıq riskli peşələr sırasına daxil olur və bu sahədə çalışanların həyatına təsir edir. Hazırlanan materillardan yaranan stress, xəbərin ağırlığı da öz yerində.

- Müşfiq müəllim, sədri olduğunuz Jurnalist Həmkarlar İttifaqı hansı işləri görüb?

- Təşkilatımız çox böyük işlər görüb. Qısa formada ifadə etsəm deyə bilərəm ki, Azərbaycanda jurnalistika ilə bağlı elə bir proses, elə bir kampaniya yoxdur ki, biz onun tərkibində olmayaq. Bizim təşkilatımız iki istiqamətdə fəaliyyət göstərir. Bunlardan biri jurnalistika sahəsində beynəlxalq təcrübənin öyrənilib Azərbaycanda tətbiq olunmasıdır. Bu işin də öhdəsindən layiqincə gəlirik. Jurnalistlərin Həmkarlar İttifaqı Azərbaycanda yeganə jurnalist təşkilatıdır ki, paralel şəkildə 3 beynəlxalq jurnalist təşkilatının üzvüdür. Düzdür, Azərbaycanda beynəlxalq media təşkilatlarının üzvü olan başqa jurnalist təşkilatları da var. Amma onlar ən yaxşı halda bir və ya iki təşkilatın üzvüdürlər. Biz isə paralel şəkildə 3 beynəlxalq təşkilatın üzvü və onlardan ikisinin Azərbaycan üzrə təmsilçisiyik. Bu əlaqələr imkan verir ki, təşkilatımız dünyada media ilə bağlı gedən bütün müzakirələrdə aktiv şəkildə iştirak etsin, media ilə bağlı ortalığa çıxan bütün tendensiyaların müzakirə olunduğu tədbirlərdə iştirak etsin və onları öyrənib Azərbaycanda tətbiq eləsin. Hər il təqribən 7-8 xarici tədbirə qatılırıq, hansılar ki, dediyim kimi, ciddi tədbirlərdir və hər il Azərbaycanda ən azı 10 tədbir keçirib həmin tədbirlərdə öyrəndiklərimizi burada tətbiq edirik, auditoriyaya təqdim edirik. Bundan əlavə, press-relizlər yazaraq gördüklərimiz, eşitdiklərimiz barədə yenə də açıqlamalar yayırıq.

Jurnalistlərin Həmkarlar İttifaqının ikinci vəzifəsi öz üzvlərinin sosial-iqtisadi və peşə hüquqlarını müdafiə etməkdən ibarətdir. Nizamnamədə də qeyd olunan "öz üzvlərinin" ifadəsini xüsusi vurğulamaq istəyirəm. Çünki bəzən bizə irad bildirirlər ki, "filan jurnalistlə bağlı filan problem yaranıb, niyə buna müdaxilə etmirsiz"? Mən də cavab olaraq çox rahat şəkildə deyirəm ki, həmin jurnalist hüquqlarının müdafiə olunmasını istəyirsə, zəhmət çəkib gəlib Jurnalistlərin Həmkarlar İttifaqına üzv olsun. Hazırda 300-ə yaxın üzvümüz var. O üzvlərin çox intensiv şəkildə görüşləri keçirilir, bir-birimizlə əlaqələr saxlayırıq, qayğılarımızla maraqlanırıq, qayğılarımız varsa, onun aradan götürülməyinə səy göstəririk. Hüquq pozuntusu varsa, o hüququn bərpa olunmasına çalışırıq. Eyni zamanda, bildiyiniz kimi biz, Beynəxalq Jurnalistlər Federasiyasının Azərbaycanda həm də beynəlxalq jurnalist vəsiqəsini veririk. Bu, jurnalistin beynəlxalq jurnalist tanıtımıdır, o kartı da yalnız öz üzvlərimizə veririk. Beynəlxalq Jurnalistlər Federasiyası heç bir ölkədə fərdi üzvləri qəbul etmir, ancaq özünün yerli üzv təşkilatına üzv olan jurnalistləri qəbul edir. O adamlar ki, bizim təşkilatımızın üzvləridirlər, biz onlara beynəlxalq jurnalist kartı veririk, beynəlxalq tədbirlərə çıxışını təmin edirik. Onlar kurslara, seminarlara gedirlər, konfranslara gedirlər, özlərinin peşə bacarıqlarını, bilgilərini artırırlar və gəlib öz işlərində tətbiq edirlər. Lazım olanda biz də onlara dəstək veririk hər sahədə. Jurnalistlərin Həmkarlar İttifaqının missiyası çoxşaxəlidir və bunun öhdəsindən uğurla gəlir...

- İndi də olursunuzmu xarici ölkələrdə keçirilən tədbirlərdə? Müqayisə edə bilərsinizmi Azərbaycan jurnalistikası ilə başqa ölkələrin jurnalistlərinin durumunu?

- Bir neçə beynəlxalq təşkilatın üzvüyəm, media üzrə beynəlxalq ekspert statusum var. Çalışıram ki, üzv olduğum təşkilatların tədbirlərində intensiv şəkildə iştirak edim, yenilikləri öyrənim, zərurət olanda, öz təcrübəmizi onlarla bölüşüm. İşimlə əlaqədar olaraq, dünya ölkələrini çox gəzirəm, indiyə qədər təxminən 54 ölkədə olmuşam, Afrikadan tutmuş Amerikaya qədər hamısını gəzmişəm. Getdiyim ölkələrdə jurnalistikanın vəziyyəti ilə yaxından tanış oluram. Həmişə fəxrlə deyirəm ki, Azərbaycan xalqının jurnalistika sahəsində bəxti gətirib. Bizim jurnalistlərimiz peşəkar olmaqla yanaşı, çox ciddi vətənpərvər və ziyalıdılar. Həqiqətən də, Azərbaycan mühitində, jurnalistikasında ziyalılıq çox yüksəkdir və bu, bünövrədən belə olub. Azərbaycan dövlətinin, dövlət başçısının da jurnalistikaya münasibəti dünya ölkələrindən fərqlidir, təqdir olunasıdır. Dünyanın heç bir ölkəsində, jurnalistlərin sosial rifah halının yüksəldilməsi üçün bu qədər proqram icra edilmir. Xüsusən, jurnalistlər üçün mənzillərin tikilməsi hadisəsi orijinaldır, bizim dövlətimizə aiddir. Mən hərdən deyirəm ki, Azərbaycan prezidenti media mühitinin inkişaf etdirilməsi üzrə dünyada ən çox sərəncam imzalamış prezidentdir.

Qalan şeylər: inkişaf tendensiyası da, problemlər də, demək olar ki, dünya ilə eynidir.

- Amma hərdən ölkəmizin adı media sahəsində beynəlxalq təşkilatlar tərəfindən qınanan ölkələr siyahısında çəkilir. Bunu necə izah etmək olar?

- Jurnalistikada real durum başqa şeydir, bu duruma subyektiv baxış isə başqa şeydir. Təbii ki, hər bir ölkədə jurnalistikada problemlər də var, risklər də var. Amma baxır hansı ölkədə problemlər hansı səviyyədədir. İnanın ki, bizim ölkədə jurnalistika ən az problemi olan ölkələr sırasındadır. Bütün beynəlxalq təşkilatları şübhəyə almaq olmaz, aralarında normal işləyən, peşəkar, qərəzsiz olanları da var, medianın inkişafına ciddi töhvələr verirlər. Amma aralarında siyasi sifarilə işləyənlər, hansısa güc mərkəzlərinin sifarişlərini icra edənlər də var. Hazırlanmış hesabatlardan manipulyasiya məqsədi üçün istifadə olunma halları geniş yayılıb. Baxın, hazırda ABŞ media sahəsində ciddi problem yaşanan ölkələrdən biridir. ABŞ dövlət başçısı hər fürsətdə medianı tənqid və təhdid edir, hətta təhqirlərə yol verir. Bu, çox pis tendensiyadır və dünyanın əksər beynəlxalq media təşkilatları ona kəskin etiraz edirlər. Amma bəzi təşkilatların hazırladıqları hesabatlarda ABŞ-ın adı media sahəsində "ən demokratik" ölkələr siyahısına salınır. Deməli, məsələlərə subyektiv və qərəzli yanaşılır. Azərbaycan media mühiti baxımından dünyanın ən rahat ölkələrindən biridir. Mən bunu havadan demirəm, siz monitorinq aparan, hesabat hazırlayan beynəlxalq təşkilatların saytlarına daxil olub baxın, görəcəksiz. Dünyada elə dəhşətli ölkələr var ki, o ölkələr jurnalistlər üçün bir növ həbsxanadır. Elə ölkələr var ki, ümumiyyətlə söz azadlığı yoxdur, elə ölkələr var ki, azad medianın fəaliyyəti ümumiyyətlə mümkünsüzdür. Özü də onlar dünyanın aparıcı ölkələridirlər. Amma çox təəssüf ki, bəzən hazırlanan hesabatlara baxırsan ki, həmin o bəlaların mövcud olduğu ölkələr qalır, digər ölkələrin adların pisliyə doğru qeyd olunur. Yəni, çox təəssüf ki, jurnalistikanın mövcud problemləri qalır bir tərəfdə, jurnalistika problemi adından hansısa ölkələrə təzyiq göstərmək üçün bir manipulyasiya vasitəsi kimi istifadə olunur. Bu da dünyanın reallıqlarından biridir. Bu cür təzyiqə məruz qalan ölkələrdən biri də bizim ölkəmizdir. Bunu sübut edə bilərik, dəfələrlə də sübut etmişik. Mən şəxsən qatıldığım bütün beynəlxalq tədbirlərdə həmişə bunu deyirəm. Əslində, ötəri bir haldır, Azərbaycan artıq o səviyyəyə gəlib çatıb ki, özünün haqq səsini dünyaya çatdırmaq, isbat eləmək gücündədir. İnanırıq ki, gec-tez haqq-ədalət öz yerini tutacaq və ölkəmizin adı məhz layiq olduğu siyahılarda öz əksini tapacaq.

- Yuxarıda vurğuladınız ki, elə bir dövr var idi, qəzetlər 80 min tirajla dərc olunurdu. İndi qəzetlər əvvəlki qədər oxunmurlar. Bu baxımdan Azərbaycanda qəzetin gələcək taleyinin necə olacağı barədə fikirləriniz varmı?

- Açığı deyim ki, qəzetlərin oxunmaması barədə fikirlərlə çox razılaşmıram. Xatırlayıram ki, 90-cı illərdə qəzetlərin tirajı çox yüksək idi, təqribən 100-150 min tirajla çıxanlar var idi. Bu gün isə Azərbaycanda qəzetlərin tirajı yaxşı halda 5000-6000, təsadüfi halda 8000 olur. Bu zahiri bir göstəricidir. Adamlarda belə qənaət yaranmasın ki, bu qəzetin tirajı bu gün 5000-6000 olursa, demək qəzet oxuyan yoxdur. Elə deyil. Əvvəla, həmişə deyirəm ki, əgər 90-cı illərdə 150 min tirajla qəzet çıxırdısa, onda Bakıda çıxan qəzetlərin sayı çox az idi. Ümumilikdə 2-3 qəzet idi, 150 minlə biri çıxırdı, 80 minlər biri çıxırdı, 30 minlə biri çıxırdı. Üst-üstə götürəndə 250 min tirajla qəzetlər çıxırdı. Bu gün baxın ki, Azərbaycanda nə qədər qəzet çıxır? 1990-cı illə müqayisədə bu gün ümumiyyətlə müqayisəyə gələ bilməz. Bu gün ölkədə qeydə alınan KİV qurumlarının sayı 5000-dən yuxarıdır. Konkret qəzetlərə gələk, mən hələ 5000-i kənara qoyuram. Bakıda və bölgələrdə ən azı 70-100 arası qəzet gündəlik çıxır. Onlardan 50-yə qədəri gündəlik, ümumrespublika yayımlı qəzetlərdir. Orta hesabla 3000-5000 tirajdan götürsək, ümumi tiraj 250 minə yaxındır.

Deməli, 90-cı illərdə çıxan qəzetlərin ümumi tirajından az deyil. Sadəcə olaraq, bu gün həmin tiraj, oxucu kütləsi daha çox müxtəlif qəzetlər arasında bölünüb. O vaxt 2-3 qəzet bu qədər tirajla çıxırdı, indi 70 qəzet ümumilkdə həmin tirajla çıxır. Nəticə etibarı ilə toplayanda 90-cı illərdəkindən yüksək tirajdır. Bu baxımdan demək olmaz ki, qəzet oxucusu azalıb. Amma təbii ki, zamanın tələbləri bir az başqadır, indi internet media-onlayn media daha öndədir. Amma onlayn media dediyin də fərqli anlam deyil. Məsələn, qəzetlərin özünün onlayn versiyası var. Tutaq ki, "Yeni Azərbaycan" qəzetini götürsək, bu qəzetin kağız versiyası ilə onlayn versiyasının oxunması arasında çox ciddi fərqliliklər var. Bu da zamanın texnologiyasıdır, bundan qaçmaq olmaz. Yəni, qəzetlər sıradan çıxmır, sadəcə onların kağız versiyasına nisbətən onlayn versiyaları daha çox populyar olub. Əslində ölkədə istehsal olan xəbər kontentinin çox böyük bir qismi qəzet redaksiyalarına aiddir. Söhbət həm də etimadlı, peşəkar hazırlanmış xəbərdən gedir. Bu başqa məsələdir ki, qəzetlər özlərinin onlayn versiyalarının marketinqini qura biliblərmi? Onlayn versiyadan kağız versiyası kimi gəlir götürə bilirlərmi? Bu artıq başqa bir sualdır və əlavə izahata ehtiyacı var.

- Fikrinizcə, onlayn medianın problemləri nələrdir?

- Yaxın zamanlara qədər fikir belə idi ki, onlayn media ənənəvi media ilə müqayisədə qeyri-ciddi və aşağı etimadlı media qurumlarıdır. Amma bu düşüncənin üzərindən uzun müddət keçib, vəziyyət dəyişib. Artıq Azərbaycanda oturuşmuş onlayn media qurumları yaradılıb. İstər ənənəvi media qurumlarının onlayn versiyası olsun, istər internet üzərindən birbaşa fəaliyyət göstərən yeni media qurumları olsun, onlar artıq kifayət qədər təcrübə toplayıblar. Mənə elə gəlir ki, bunların da çevrəsində kifayət qədər ciddi olanlar önə gəliblər. İnternet media olanda da, olmayanda da həmişə demişəm ki, hər şeyə fərdi yanaşmaq lazımdır. Biz media deyəndə ümumi danışırıq. Təbii ki, qeydiyyatdan keçən 5000 KİV-in hamısından ciddiyyət gözləyiriksə, bu yanlış yanaşmadır. Biz onun hamısından ümumi şəkildə ciddiyyət gözləyə bilmərik, amma kimsə qeyri-ciddidirsə, bunu da hamının adından yaza bilmərik.

Biz əgər ciddi media çevrəsindən danışırıqsa, tutaq ki, təqribən 50-yə yaxın qəzeti nəzərdə tuturuqsa, 30-a yaxın xəbər portalı redaksiyası, 15-ə yaxın televiziya və radio redaksiyasını götürəndə, burada durum fərqlidir. Onlar tam mahiyyətilə bütün media standartlarına cavab verirlər, həm informasiya əhatəliliyi baxımdan, həm peşəkarlıq, həm də auditoriya baxımından standartlara cavab verirlər. Danışanda, müzakirə aparanda, bunların üzərində fokuslanmalıyıq. Yox, əgər ümumilikdə qeydə alınmış 5000 KİV-dən danışırıqsa, orada problemlər də var. Elə KİV redaksiyası qeydiyyatdan keçib ki, adı var, özü yoxdur, eləsi var ki, ayda bir dəfə xəbərini yeniləyir, eləsi var ümumiyyətlə 5 ayda bir dəfə xəbər yeniləyir, eləsi var ki, ancaq başqalarının istehsalı olan xəbərləri, materialları götürüb yayır, eləsi var yalan xəbər yayır və s. Burada müstəvi çox böyükdür, biz onu ümumiləşdirə bilmərik. Gərək redaksiyalara fərdi yanaşaq. Əgər söhbət konkret olaraq Azərbaycanın informasiya məkanının gündəlik yükünü çəkən KİV qurumlarından gedirsə, bura dediyim kimi, təxminən 50-yə yaxın qəzet, 30-a yaxın onlayn resurs, 15-ə yaxın televiziya və radio daxildirsə, burda vəziyyət çox yaxşıdır. Əmək haqqı da yüksəkdir, insanların əmək müqaviləsi də rəsmiləşdirilir, iş yerində mühit yaxşıdır, xəbərlər keyfiyyətlidir.

- Bildiyimiz kimi, dövlət qəzetlərə maliyyə yardımı edir, onlayn mediaya da yardım edilməsi barədə təkliflər səsləndirilsə də, bu, hələ ki, həllini tapmayıb. Bu məsələnin həlli ilə bağlı hansı işlər görülür?

- Azərbaycanın tətbiq etdiyi mediaya yardım strategiyası yeni müstəvidir. Düzdür, dünyada bunun bənzəri var. İnkişaf etmiş dövlətlərin hər birində, Amerikadan başlamış Fransaya,Almaniyaya, İsveçə, Avstriyaya qədər hər bir ölkədə mediaya yardım proqramları var. Formalar müxtəlifdir, amma bu, mahiyyəti dəyişmir. Amma məsələ belədir ki, Azərbaycanın yerləşdiyi regionda, xüsusilə də keçmiş sosialist rejimli ölkələrdə, həmçinin qonşu ölkələrdə mediaya yardım ənənəsi yoxdur və olmayıb. Sovet dövründə yardım göstəriblər, amma orada media müstəqilliyi olmayıb. Mediaya dövlətin təbliğat-təşviqat qurumu kimi baxılıb. Post Sovet məkanında mediaya yardım göstərmək, amma onun müstəqilliyinə toxunmamaq ənənəsi yox idi. Bu ənənə ilk dəfə Azərbaycanda tətbiq olunub. Təbii ki, ilklər də həmişə çətin olur, uzun müddət bu proqram üzərində işlənilib. Sağ olsun cənab prezident, iradə göstərdi, bu addımı atdı, 2008-ci ildə proqramı qəbul etdi. Ondan qabaq da hələ mərhum prezident Heydər Əliyevin dövründən başlayaraq mediaya yardımlar olurdu. 2008-ci ildə isə bu yardımlar proqram halına salındı. Bu proqram çərçivəsində KİV-ə fasiləsiz yardımlar göstərilir. Artıq ənənəvi KİV-ə dövlət yardımı göstərilməsinin ənənəsi yaranıb, mexanizmlər formalaşıb.

Onlayn media isə tamamilə yeni məsələdir. Təbii ki, internet mediaya yardım üçün də təşəbbüslər olub. Mətbuat Şurasının sədri Əflatun Amaşov dəfələrlə bu məsələ ilə bağlı öz münasibətini bildirib, parlamentdə çıxış edib. Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənov da bu məsələ ilə bağlı özünün müsbət mövqeyini qeyd edib. Təklifin nəzarətə götürülməsi, dəyərləndirilməsi isə parlamentdən və hökumətdən asılı olan məsələdir. Onlayn mediaya yardım verilməsi mexanizmi öyrənilməlidir, hazırlanmalıdır, ondan sonra bir qərar verilməlidir. Bu sahədə tələsik qərar vermək olmaz. Çünki bir qərar verilirsə, o qərarın işlənmə mexanizmləri olmalıdır. Hesab edirəm ki, Azərbaycan dövləti bu məsələni də reallaşdıracaq. Çünki artıq Azərbaycan dövlətinin bu sahədə gücü, təcrübəsi var. Hesab edirəm ki, onlayn mediaya yardımla bağlı addım gec-tez atılacaq. Ən azı ortada təkliflər var.

Şanslıyam ki, çəkdiyim zəhmətlər hədər getməyib

- Müşfiq müəllim, sonda istəyərdim övladlarınızdan danışaq. 3 övladınız var, Murad adlı böyük oğlunuz bu il ADA Universitetinə qəbul olundu. Dediniz övladlarınıza bir az sərbəstlik verirsiz, necə tənzimləyirsiz münasibətlərinizi, seçimlərinə qarışırsızmı? Ümumiyyətlə, ailə mühitiniz barədə bir az bilgi verə bilərsinizmi?

- Mən övladlarımdan çox razıyam və bu məsələdə həyat yoldaşıma borcluyam. Ailəmizdə əvvəldən bir centlmen razılaşması olub (gülür). İşimin xarakteri belədir ki, bəzən uzun müddət, həftələrlə səfərdə oluram. Bu isə ildə dəfələrlə baş verən hadisədir. Ona görə də yoldaşımla razılaşmamız var ki, evin daxili qayğılarını, uşaqların gündəlik tənzimlənməsini o üzərinə götürsün, baxmayaraq ki, o da ixtisaslı adamdır, işləyə bilərdi. Amma biz razılaşdıq ki, uşaqların gündəlik tənzimlənməsinə o baxsın, gəlir məsələlərini isə mən həll edim. Bu təbii ki, bizim şəraitimizə uyğundur, "hamıda belə olmalıdır" deyə düşüncəm yoxdur. Hər bir ailənin fərdi tənzimlənməsi olmalıdır, hər ailə özü üçün yaşam tərzini müəyyən etməlidir. Bir sadiq ənənəmiz də var ki, Azərbaycan daxilində olduğum müddətdə harada oluramsa-olum, mütləq şam yeməyində evə çatmalıyam və ailəmlə şam yeməyi etməliyəm. Səhər yeməyində, günorta yeməyində bir yerdə olmaq mümkün deyil, mənim işim, uşaqların dərsi var. Şam yeməyində isə mütləq toplaşırıq və gündəliyimizi müzakirə edirik. Hesab edirəm ki, bu lazımdır, bizim ailə gələnəyimizdir, böyüklərimizdən də belə görmüşəm.

Təbii ki, uşaqlarla klassik mənada davranmaq olmaz, çünki dövr başqadır, artıq kommunikasiya o qədər açıqdır ki, onların dünyagörüşündə fərqlilik yaranır. Bizim vaxtımızda bircə televiziya var idi, orada da daha çox maarrifləndirici verilişlər gedərdi. İndi standartlar başqadır, insanların seçim imkanı çoxalıb. Bununla yanaşı, uşaqlar üçün ən vacib olan ailə tərbiyəsidir. Onlara mütləq istiqamət verməliyik. Yəni, sərbəstliklə yanaşı, müəyyən istiqamətlərdə tənzimləmə, mütləq olmalıdır. Sağ olsunlar, müəyyənləşdirdiyimiz çərçivələri gözləyirlər. Zatən, valideyn olaraq bizim istəklərimizi gerçəkləşdirmək də onlar üçün imkansız deyil. Uşaqlardan bir-iki tələbimiz olur: Birincisi, təhlükəsizliklərinə xəta gətirəcək bir hərəkətə yol verməsinlər. İkincisi, ədəb-ərkan məsələsinə diqqət etsinlər, böyük-kiçik yeri bilsinlər. Bu, bizdə çox klassik formada qorunur. Üçüncüsü, təhsil məsələsidir. Təhsil məsələsində uşaqlara demişəm ki, heç bir güzəşt ola bilməz. Hər axşam mütləq şəkildə 1 saat da olsa, onların dərslərinə nəzarət üçün vaxt ayırıram. Onlar da görüblər ki, dərslərinə belə ciddi şəkildə yanaşılır, daha çox məsuliyyət hiss ediblər. Çox sağ olsunlar ki, üzümüzü də ağ çıxarırlar. Murad bu il yüksək balla ADA Universitetinə qəbul olundu. Çox sevindim. Allah bütün valideynlərə belə sevinc yaşatsın. Digər uşaqlarımız da təhsildə müvəffəqiyyətlər qazanırlar. Nəhayət, onlardan sonuncu istəyimiz hansısa işə zəhmət sərf etməkdir. Onları günün müəyyən hissəssində ev işlərinə cəlb edirik ki, zəhmətə alışsınlar.

Hər həftə ailəlikcə birgə sosial proqramlara vaxt ayırırıq. Baxmayaraq ki, kommunikasiyanın bu vaxtıdır, internet, televiziya istədiyimizi tapmağa, görməyə şərait yaradır, amma biz hər həftə teatra gedirik, canlı ifalara baxırıq, birgə vaxt keçiririk. Bundan əlavə, ayda ən azı 1 dəfə vaxt tapıb rayona gedirik, valideynlərimizə baş çəkirik, rəhmətə gedənlərimizin məzarlarını ziyarət edirik. İldə bir dəfə ailəlikcə ətraf ölkələrdən birinə gedirik. TürkiyəRusiya,Gürcüstan, İranda və başqa ölkələrdə olmuşuq. Çalışırıq, günlərimizdə rəngarənglik olsun.

Təbii ki, heç kimin həyatı qayğısız deyil, hər kəsin qayğıları var. Təsəvvürüm belədir ki, xoşbəxtlik var-dövlətdə, yaxşı işdə, çox gəlirdə deyil. Yaxud, hər hansı problemin olmasını da faciəyə çevirmək lazım deyil. Əsas məsələ ailədə qarşılıqlı anlaşmanın olmasındadır. Əgər qarşılıqlı anlaşma, hörmət varsa, hər bir problemin öhdəsindən gəlmək, günləri mənalı, sevincli keçirmək olar. Sevinirəm ki, ailəmizdə qarşılıqlı anlaşma var.

Həyatımda qeyri-adiliklər çox olub, qismətim gətirən vaxtlar da olub, gətirməyən vaxtlar da. Əziyyət çəkdiyim günlər çox olub. Amma özümü şanslı adam hesab edirəm ki, əziyyətlərim hədər getməyib. Hər bir nailiyyətimi mübarizə ilə, zəhmətlə, halallıqla qazanmamışam. Çətinliklə də olsa, arzularımı reallaşdıra bilmişəm...

METBUAT.AZ

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR