Yeni şəxsiyyət vəsiqələrini haradan almaq olar?

Sentyabrın 14-dən etibarən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilişi ərazi üzrə polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətləri ilə yanaşı, Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində də həyata keçiriləcək. 

Bu barədə DİN-dən "Olaylar"a verilən məlumata görə,  Bakı şəhərində qeydiyyatda olan vətəndaşlar həftənin 6 günü saat 9-dan axşam saat 18:00-dək yeni nəsil şəxsiyyət vəsiqələri almaq üçün nazirliyin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edə bilərlər.

Qeyd edək ki, yeni vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdirilir. Yeni nəsil şəxsiyyət vəsiqələrin verilməsi məqsədilə Ədliyyə, Səhiyyə nazirliklərinin, Dövlət Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətlərinin, Dövlət Əmlak Məsələləri Komitəsinin informasiya resurslarından istifadə edilməklə zəruri məlumat mübadiləsinin aparılması, həmçinin vəsiqə sahibinin gücləndirilmiş elektron imzasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sertifikat Xidmətləri Mərkəzindən alınması üçün qarşılıqlı əlaqənin yaradılması təmin olunub. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR