Uşaqlara edilən zülmün simvolu olan gün

Bismilləhir-Rahmənir-Rahim!

Məhərrəm-səfər əyyamına daxil olmuşuq. Əvvəlindən sonunadək iradəvi kədərin yaşantısı olan bir əyyama qədəm qoymuşuq. Aşura səhnəsində nəzər salınacaq, diqqət ediləcək hər mövzu - başdan-başa müsibət, ağrılı, dərdli, qəmli bir səhnələrdir. Və dəyərli İslam alimlərindən birinin söylədiyi kimi, əgər biz Kərbəla hərəkatına, Aşura səhnəsinə ümumi bir səhnə kimi nəzər salsaq, hər bucağında, hər çalarında, hər rəngində bir vücudi müsibət görərik. Belə bir bənzətmə edə bilərik ki, sanki buzdan düzəldilmiş böyük bir təqdimatdır və hər bir tərəfi, hər bir hissəsi eyni dərəcədə soyuqdur.

Məhərrəmin ilk cüməsi - dünya uşaqlarının məzlumiyyətinin simvoludur

Bəli, Kərbəla məktəbinə, Aşura səhnəsinə nəzər saldıqda görəcəyik ki, hər bir guşəsi - bəşəri müsibət səhnəsidir. O səhnələrin içində öz məzlumiyyəti ilə bağlı ürəkləri sızladan, insanların qəlblərini əsrlər boyudur silkələyən, pak fitrətli insanların duyğularını cuşa gətirən səhnə - altıaylıq südəmər bir körpənin şəhadət səhnəsidir. Artıq neçənci ildir ki, dünyanın müxtəlif yerlərində, müxtəlif dünya ölkələrində müsəlmanlar Məhərrəm ayının ilk cümə gününü Əli Əsğər ağaya həsr edərlər və o gün dünya uşaqlarının məzlumiyyətinin simvolu kimi qeyd olunar.

Necə ki, mübarək Ramazan ayının son cümə günü - Qüds günü kimi qeyd edilir, bu, artıq dünya mədəniyyətinə, ürfünə daxil olub, bu cür də Məhərrəmin ilk cüməsi - uşaqlara qarşı zülmü simvolizə edən, bu zülmə qarşı insanda etiraz yaradan bir gündür.

Bu, həm onun üçün edilir ki, Kərbəla səhnəsində uşaqlara edilmiş zülm tanıtdırılsın, o məzlumiyyət, ağrı, yanğı dünya insanlarına çatdırılsın. Və eyni zamanda, həm də o niyyəti güdür ki, dünyada uşaqlara qarşı edilmiş, edilən və ediləcək zülmləri xatırlatmaq üçün bu gün seçilib.

Çünki ən böyük zülm - Aşura günü Kərbəla çölündə bir uşaq, südəmər olaraq Əli Əsğər ağaya qarşı edilib. Və bu gün dünyanın hər yanından terror qurbanı olan günahsız körpələrin fəryadı bizə Əli Əsğər ağaya edilən zülmü xatırladır.

Uşaqlara qarşı edilən zülmü bizlər Xocalıda yaşamışıq

Bu gün də dünyanın müxtəlif yerlərində uşaqlar, körpələr öldürülməkdədir. Bizlər üçün də bu, çox yaxın mövzudur. Bizlər Yəmən dərdini, Qəzza dərdini, Əfqanıstanda olan zülmləri, İraqda və ümumən dünyanın hər yerində uşaqlara qarşı edilən zülmləri çox yaxşı duya bilirik. Çünki, həm inancımızda bunu yad etmə var, həm də özümüz də bütün bu zülmləri Xocalıda yaşamışıq. Və bu mənada artıq neçə ildir ki, dünyada uşaqlara qarşı yol verilən zülmlərin xatırlama gününün birbaşa olaraq bizim toplumumuza da yaxınlığı var.

Həmin gün körpələrin başına gətirilən müsibətlər gündəmə gətirilməlidir, bu haqda danışılmalıdır. Bu yaxınlarda erməni terrorunun növbəti qurbanı olan kiçik qızcığaz, bu kədərli siyahını bir daha təzələdi...

Kərbəla səhnələrinə qoşulan təhriflər, İmam Hüseynin (ə) şəxsiyyətinə xələl gətirir

Kərbəla hərəkatının çox özünəməxsusluqları var. Elə cəhətlər var ki, onu tamamilə başqa hər bir şeydən ayırır. O cəhətlərdən də biri budur ki, Əba Əbdillah (ə) zülmə qarşı etiraza gedəndə, zülmə qarşı çıxanda, bunu öz Əhli-beyti ilə, ailəsi ilə, yaxınları ilə birlikdə edir. O qədər faciəvidir ki, burada südəmər uşaqlar da iştirak edir.

Əfsuslar olsun ki, Əba Əbdillahın (ə) mübarək şəxsiyyətinə Kərbəlada edilən zülmlər bir tərəfə qalsın, onun mübarək şəxsiyyətini yanlış çatdırlanlar heç də bundan az zülm etməyiblər. Məgər Kərbəla səhnələrinin gerçək olanları azdır ki, əlavə qondarma təhriflər də qoşurlar?! Xüsusən də biz bu təhriflərə Əli Əsğər ağa ilə bağlı rast gəlirik. Ümumən bu təhriflər, bu qondarmalar o qədər İmam Hüseynin (ə) mübarək şəxsiyyətinə, izzətli durumuna xələl gətirir ki, Aşuranın əsas məqsədi, hədəfi, əsas xətti unutdurulur. Çox zaman Əli Əsğər ağa ilə bağlı səhnələr çatdırılarkə,n bu təhriflərin zərərlərindən də danışmaq gərəkir.

Lakin, əlbəttə ki, ötəri buludlar Günəşə xələl gətirə bilmədikləri kimi, hər hansı təhriflər də bu misilsiz hərəkata, Aşura məktəbinə kölgə sala bilməz.

İmam Hüseynin (ə) çağırışlarında insanların pak fitrətlərinə müraciət var

Bəzən çox təəssüflər olsun, bunlar artıq dillər əzbəri olub ki, Əba Əbdillah (ə) guya düşmənin qarşısına çıxır, balası üçün su istəyir, zalımlardan su istəyir. Amma İslamın çox ciddi mənbələri və İslami mütəfəkkirlər bildirirlər ki, bu rəftar, İmam Hüseynin (ə) meydana çıxıb düşmənə layiq olan dildə danışmaq halı ilə ziddiyyət təşkil edir. İmam Hüseyn (ə) Aşura günü Kərbəla meydanında düşmənə kimliyini tanıtdırır, müraciətləri izzətlə dolu bir müraciətlərdir. Və birdən-birə belə çıxır ki, guya yazıq bir durumda düşməndən balası üçün su istəyir?!

Ola bilər xoşumuza gələr, ola bilər hisslərimizin tərbiyəsində belə keçir, ola bilər bunlar olmayanda gözlərimiz az yaşarır. Amma məgər bu, az müsibətdir ki, Aşura səhnəsində altıaylıq bir südəmər uşaq mövcuddur? Bundan artıq nələrə ehtiyac var, bundan artıq hansı əlavə nöqtələrə ehtiyac var ki, insanın qəlbi titrəsin?!

Bir bu hal bəsdir ki, İmam Hüseyn (ə) özünün hər hansı zorakılıqdan uzaq hərəkatı ilə dünyanın zülm saraylarını titrədir və bu zülm sarayını titrətmək üçün Əhli-beytini də, körpə balalarını da özü ilə götürüb, qızmar səhrada bir yenilməzlik abidəsi qoyur. Bundan artıq nələr olmalıdır ki, pak qəlblər silkələnsin?!

İnsanlar gərək gerçəkliyin özünü bilsinlər. Gerçəkliyin əksi olanda, çoxlu suallar yaranır. Deyirlər, onda bəs İmam (ə) niyə övladlarını aparmışdı? İndi ki, çıxıb su istəyəcəkdi, niyə bu vəziyyəti yaradırdı?

Düzdür, İmam Hüseyn (ə) düşməni xar etmək üçün hər məqamdan istifadə edir. Hər addımdan, hər fürsətdən istifadə edir ki, düşmənin nahaqlığı, düşmənin iç üzü daha da üzə çıxsın. Və bu anlamda biz Kərbəla səhnəsinə nəzər saldıqda, görürük ki, İmam (ə) bütün səhabə və dostlarının şəhadət məqamı çatdıqdan sonra, səslənir: "Fəryadımıza yetişəcək bir şəxs varmı?"

Diqqət etsək, görərik ki, burada insanların pak fitrətinə ünvanlanma var. İmam (ə) burada insanların vicdanlarına çağırış edir. Bu çağırışda, düşmən tərəfində daha kimlərinsə silkələnərək, hidayət olma potensialına ünvanlanma var. Əba Əbdillah (ə) özünü tanıtdırır, öz haqq mübarizəsini, nə üçün buraya gəldiyini, kimlərlə buraya gəldiyini, qarşı tərəfin kim olduğunu, qarşı tərəfin əcdadlarının kim olduğunu, qarşı tərəfin nə vəziyyətdə olduğunu tanıtdırır.

Bütün bunları etməsi - əslində düşmən tərəfində olan insanların haqq tərəfinə keçməsi üçün müfaviq şəraitin yaranması üçündür. Həqiqətən də çoxlu sayda insanlar haqqa tərəf dönürlər, tövbə edirlər, bu səhnələrə baxaraq, ayılırlar.

İmam Hüseynin (ə) çatdırışlarında izzət dərsi, oyanış dərsi, yaxşılığa dəvət, pisliklərdən çəkindirmə dərsləri var.

İmamın (ə) körpə balasının şəhadət səhnəsi

Bəzən nəyin necə olmasını göstərmək üçün İmam Hüseynin (ə) "Fəryadımıza yetiçəcək bir şəxs varmı?" kimi çağırışına diqqət edilməlidir. Və bu səslənmələrdən sonra Əba Əbdillah (ə) xeymənin kənarına gəlir, qəhrəman bacısı Həzrət Zeynəbə (s.ə) buyurur: "Kiçik oğlumu mənə verin. Onunla vidalaşmaq istəyirəm".

Bütün bunlar o səhnələri müşahidə edənlər üçün ayıltmalardır. O mənzərənin əqli, düşüncəvi, məfkurəvi tərəfi ilə yanaşı, ruhi, vücudi, zövqi titrəyişlərə səbəb olan tərəfi da var. Əba Əbdillah (ə) öz Əli Əsğərini Həzrət Zeynəbdən istəyir. İmam (ə) pak körpəni qucağına alıb öpmək istəyərkən, zalım düşmənin zalım nökəri Hərmələ (lənət olsun ona!) bir ox tuşlayaraq atır və ox körpənin zərif boğazından keçib, hülqumunu kəsir. Bundan artıq nə müsibət olmalıdır? Bundan artıq düşünən beyin üçün, ayıq qəlb üçün nə məzlumiyyət ola bilər?!

Seyyid Heydər Hilli bu barədə buyurur: "İmam Hüseyn (ə) körpə övladını öpmək üçün əyildi, amma amansız ox ondan əvvəl uşağın boğazını öpdü". Məzlumiyyəti, zülmə məruz qalmanı çatdırmaq üçün bundan daha ağır nə səhnə ola bilər?! İmam Hüseyn (ə) uşağı bacısı Həzrət Zeynəbə (s.ə) verib, buyurur: "Saxla, bacım". Əba Əbdillah (ə) əlini körpənin yaralı boğazına çəkir, əllərini qana bulandırır və qanı göyə səpərək, buyurur: "Allah Təalanın bu hadisəni gördüyünə əmin olduğum üçün, bu ağır müsibət mənə asandır!".

Əba Əbdillahın (ə) məntiqi budur. Burada həqiqi məzlumiyyət - yəni zülmə məruz qalma var, amma zəiflikdən qaynaqlanan yazıqlıq qətiyyən yoxdur. Çox diqqətli olmalıyıq. Əba Əbdillah (ə) narahat halda, peşmançılıq halında danışmır burada. İmamın (ə) sözlərində köklü, fundamental məntiq, əminlik mövcuddur.

Həzrət Hüseyn (ə) buyurur: "Allah Təalanın bu hadisəni gördüyünə əmin olduğum üçün, bu ağır müsibət mənə asandır". Burada Kərbəlanın həqiqəti açılır. İmamın (ə) buyurduğunun mənası budur ki, "Mən əminən Allah bu səhnəni görür, mən əminən Allah dərgahındayıq, mən əminəm ki, altıaylıq Əli Əsğərimi Allah yolunda, Onun üçün, izzət üçün fəda edirəm".

Burada aydınlıq var. Belə deyil ki, İmam (ə) acizcəsinə balası üçün düşməndən su istəsin, onlar da su vermək əvəzinə ox atsınlar. Uşağın susuz olaraq dünyadan getməsi, düşmənlərin qəddarlığını və İmamın (ə) müsibətini göstərir. Amma bir ata kimi bütün müsibətlərə səbir edən Həzrət Hüseyn (ə), ümmətin İmamı (ə) olaraq, sonadək hüccət tamam edir, insanları düzgün yola çəkmək missiyasını yerinə yetirir.

Bu baxımdan, insanların heysiyyətinə təsir etmək üçün yaradılmış təhriflər, əslində İmam Hüseyinin (ə) şəxsiyyətini dəyişdirmək cəhdidir və onun amallarını dərk etməməyin göstəricisidir.

Əgər İmam (ə) bircə addım geri çəkilsəydi, Peyğəmbərin (s) nəvəsi olmazdı

Əba Əbdillah (ə) hara getdiyini də bilir, qarşısında kimin dayandığını da bilir. Əgər İmam Hüseyn (ə) bir kəlmə ilə, bir addımla geri çəkilsəydi, hər şey dəyişərdi. Amma bir kəlmə də geri çəkilmir, çünki, belə olan halda izzətinə xələl gələrdi. Əgər bir kəlmə geri çəkilsəydi, İslamın bir din olaraq sığortalanması aradan gedərdi. Əgər geri çəkilsəydi, Peyğəmbərin (ə) nəvəsi olmazdı, izzət simvolu olan Həzrət Əmirəlmömininin (ə) o gözəl balası olmazdı, zülmə məruz qalmış anası, pak ətək yiyəsi olan Həzrət Zəhranın (s.ə) gözəl oğlu olmazdı.

Əhli-Beytin (ə) təmsilçiləri hər şey edirlər, fəqət izzətdən kənara çıxmaqdan savayı. Gərək biz öz naqisliklərimizi, anlaya bilməməkliklərimizi Aşuraya yapışdırmayaq. Bu anlamda biz görürük ki, tarixin ən böyük faciəsi baş verir. Altıaylıq bir körpə, haqla batilin üz-üzə dayandığı bir səhnədə iştirak edir. Bu səhnə - düşmənin nə qədər zalım olmasını üzə çıxartmaq üçün ən önəmli səhnədir. İnsanlığın ən böyük faciəsi budur ki, Kərbəla məktəbini tanımır, buraya qoşmağa əlavə nələrsə axtarır. O səhnələri tanısaq, o səhnələri yaşasaq, o səhnələrlə zövqlərimiz formalaşsa, bir İmam Hüseyn (ə) kəlməsi bəs edər ki, qəlbimiz titrəsin.

İllər öncə körpə Rüqəyyənin də adı gələndə qəlblər indiki qədər silkələnmirdi. Həzrət Rüqəyyə toplumda tanındı, indi bir dəyərli mərsiyəxan xalis durumla Həzrət Rüqəyyədən mərsiyə deyəndə, qəlblər titrəyir, göz yaşları axır.

Uşaqların qəlbləri Kərbəla səhnələrinə daha tez uyuşur

Nə gözəl olar ki, məhərrəm-səfər əyyamında günlərimizi bu məsələləri düşünməklə keçirək. Nə gözəl olar ki, duyğularımız bu məsələlərin yanında olsun. Çünki, onlar övladlarla gündəlik sıx təmasda olurlar. Gərək qoymayaq dünya məşğuliyyətləri bizləri öz əsirinə çevirsin. Bizim arzularımız, zövqlərimiz, düşüncələrimiz yalnız maddi məsələlərin yanında olmamalıdır. Gərək məhərrəm ayı girəndən vətənimizin hər guşəsində bu əyyamı necə yaşatdırmaq barədə düşünək. Bəlkə ömrümüz buna bəs etmədi. Amma ən azından nəvəmiz, nəticəmiz, kötücəmiz gələndə desin ki, mənim babam bu duyğularla yaşayıb.

Anaların bu mənada məsuliyyətləri daha böyükdür. Kərbəla məktəbi övladlarımıza indidən tanıdılmalıdır. Körpə yaşlarından uşaqlarımıza əzadarlıq mədəniyyəti çatdırılmalıdır. Çünki, uşaqlarımızın qəlbləri bu məsələlərlə daha yaxından uyuşur. Övladlara "sən Hüseynçi olmalısan" ruhiyyəsi aşılanmalıdır. Ailələr gərək məhərrəm-səfər əyyamında evdə elə bir ab-hava yaratsınlar ki, uşaqlar əzadarlıq təbərrüklüyünü yaşaya bilsinlər.

Bu işlərin hamısının bir hədəfi var: insan hər zaman haqqın yanında olsun. Öz cılız maraqlarını rəhbər tutaraq, haqqı tapdalamasın. Zəruri şərt budur ki, insanın xəmiri bu duyğularla yoğrulsun. Bu baxımdan, uşaq yaşlarından etibarən haqla batilin ayırd edilməsi kimi bir vərdişlər aşılanmalıdır övladlara. Gələcəyin vətəndaşının vicdanlı və izzətli durumu, bügünkü tərbiyədən asılıdır. Bütün bunlar öz-özünə düzələn mövzular deyil. Hərtərəfli diqqət, himmət göstərilməli məsələlərdir bunlar.

Allahım, bizləri Əli Əsğər ağaya xatir bağışla!

Allahım, ruhiyyələrimizi altıaylıq südəmər körpə şəhid Əli Əsğərə layiq et! Amin!

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR