"Fast food" asılılığı

Demək olar ki, hər gün müxtəlif zəhərlənmə xəbərləri eşidirik. Dəm qazından zəhərlənmə, kimyəvi maddələrlə zəhərlənmə (özəlliklə də azyaşlı uşaqlar) və qida zəhərlənməsi bunların ən geniş yayılanlarıdır. Zəhərlənməyə məruz qalanlar əksər hallarda sağaldılsa da təəssüflər olsun ki, ölümlə nəticələnən zəhərlənmə halları da kifayət qədər çoxdur.

Qazdan istifadə qaydalarını bilməmə, standarta uyğun olmayan cihazlardan istifadə, bəzən tüstü bacalarının təmizlənməməsi ən yüksək ehtimalla isə ehtiyatsızlıq dəm qazından zəhərlənmə riskini artırır.

Əvvəldə qeyd etdiyim kimi özəlliklə azyaşlı uşaqlar  məişətdə istifadə edilən kimyəvi maddələrdən zəhərlənməyə məruz qalırlar. Bu halın baş verməsinin əsas səbəbi isə valideyn ehtiyatsızlığıdır. Valideynlər uşaqların təhlükəsizliyi məqsədilə məişət kimyası, kosmetik vasitələr, ətirlər, müxtəlif dərmanlar və s. bu kimi əşyaları hələ yeni sərbəst gəzməyə başlayan uşaqların əli çatmayan yerlərdə saxlamalıdır. Əks təqdirdə zəhərlənmə hallarının baş verməsi labüddür.

Bu iki zəhərlənmə halından təhlükəsinə görə heç də geri qalmayan, əksinə bəzi aspektlərdə onları qabaqlayan qida zəhərlənməsi ən çox məruz qalınan zəhərlənmə halıdır. Qida zəhərlənməsi dediyimiz zaman ağla ilk olaraq "fast food" qidaları gəlir. Artıq bəzi ölkələrdə bu səbəbdən bir sıra fast food (hazır qida) restoranlarının fəaliyyətinə son qoyulub. Müasir dövrdə bir çoxlarımızın bu cür hazır qidalara üstünlük verməsinin bəzi səbəbləri var. Belə qidalar satan obyektlər adətən müxtəlif iş yerlərinin və adətən təhsil müəssisələrinin yaxınlığında yerləşir. Sırf  bu səbəbdən bir çox işçilər iş çıxışı, tələbə və şagirdlər isə dərs çıxışı sürətli və əksər hallarda ucuz başa gəldiyi üçün bu cür qidalar satılan obyektlərə üz tuturlar. Təəssüflər olsun ki, bu cür obyektlər çox vaxt küçələrdə, daha pisi isə avtomobil yollarının kənarında qarşımıza çıxır. Normalara cavab verməyən bu satış obyektlərinin üstüaçıq qidaları gigiyenik olmadığı üçün müxtəlif xəstəliklərin yaranma səbəbidir.

Əksəriyyət insan bu cür obyektlərdə satılan qidalardan vaxta qənaət məqsədilə istifadə etdiyini açıqlayır. Çünki işin çoxluğunu nəzərə alan kütlə belə bir vəziyyətdə səhhətini düşünmür. Bu cür hazır qidalardan istifadə edərək, tələsik qidalanır və yenidən öz fəaliyyətini davam etdirir. Lakin bütün hallarda həm baha satılan, həm də sağlamlıq problemləri yaradan bu qidalardan istifadə edən və etməyən hər kəs onun nə qədər zərərli olduğunun fərqindədir. Bu isə uşaqlardan tutmuş yaşlılara qədər əksər insanlarda ləzzəti ilə aslılıq yaratmış qidadan imtina etməyə kifayət etmir.

Bu cür qidaların zərərli olmasının başlıca səbəbi onların düzgün olmayan yağlarda bişirilməsidir. Bu cür məhsullarda təbii yağlardan deyil, suni trans yağlardan istifadə edilir. Səbəb isə bu yağların daha ucuz başa gəlməsidir. Ucuz, suni trans yağlar isə ürək xəstəliklərinin yaranmasında vasitəçidir. Dahası isə bu cür qidaların hazırlanmasında istifadə olunan yağlar 10-12 saat istifadə olunduğuna görə onun tərkibindəki E vitamini dağılır və xərçəng xəstəliyinin yaranması riskini artırır. Yəqin ki, bu qidaların nə qədər zərərli olduğunu göstərmək üçün bundan daha əsaslı səbəb ola bilməz.

Bu gün bir çox insan artıq çəki problemindən əziyyət çəkir. Hər zaman olmasa bunun da əsas səbəblərindən biri məhs fast food asılılığıdır. Çünki bu qidaları qəbul etdikdə lazımsız kalorilər artıq çəkilərə səbəb olur. Beləki, fast foodların şahı adlandırılan kartof firi, hamburger və şəkərli içkidən istifadə etsəniz bədəniniz lazımsız 1500 kalori alır. Nə qədər kalori alırsınızsa, o qədər kalori itirməlisiniz. Lakin bir gündə 1500 kalori itirməyin heç də sadə olmadığını düşünürəm.

Təkcə artıq kilolarla  bitməyən zərər sizi gözəlliyinizdən də edə bilər. Bəzi qadınlar üz dərisindəki yağlardan və ləkələrdən şikayət edir. Bunun səbəbi bir çox hallarda fast food qidalardan istifadə göstərilir.

Hətta 2015 - ci ildə məşhur "Daily Maily" yazarı, öz üzərində təcrübə aparmaq məqsədilə 1 həftə ərzində yalnız fast food məhsulları ilə qidalanıb. Yazar həftəsonu ətrafda baş verənlərə qarşı diqqətini toplaya bilmədiyini, gecə yuxusunu isə yetərincə almasına rəğmən günün bütün saatlarında özünü yorğun hiss etdiyini bildirib.

Bütün bu zərərlərdən xəbərdar olunmasına rəğmən maraqlısı odur ki, birinci dəfə bu qidalardan dadan insanlar ikinci, üçüncü, dördüncü .... dəfə də yenidən dadmaq istəyir. Aydındır ki, özündən bu cür  asılı vəziyyətə salan bu qidanın psixoloji zərərləri də fiziki zərəri qədər yetərincə çoxdur. Beləki bu qidalardan asılı olan insanlarda depressiyaya meyillilik digər insanlarla müqayisədə yüzdə 51 nisbətində daha yüksəkdir. Bu cür insanlar digərlərinə nisbətən daha hövsələsizdir.

Bəziləri bu qidaların daha çox uşaqlara təsir etdiyini bildirir. Açığı aydındır ki, zərərli olan hər şeydə ziyan ilk növbədə uşaqlara toxunur. Lakin fast foodların zərərli təsirində yaş amili üstünlük təşkil etmir. Yaxşı olardı ki, valideynlər ilk növbədə özlərini bu zərərli qidalardan qorusunlar. Sonra isə zatən imtina edib istifadə etmək istəmədikləri bu qidaların satıldığı yerə uşaqlarını da aparmayacaqlar. Lakin təəssüflər olsun ki, valideynlər uşaqlarını gələcəkdə onlarda asılılıq yarada biləcək bu qidalardan uzaq tutmaq yerinə uşaqları əyləndirmək üçün gəzintiyə çıxardıqları vaxt, ən əsası isə övladlarının xüsusi günlərində onları məhz həmin satış obyektlərinə aparırlar. Bu isə uşaqlara həmin yerə yenidən getmək istəyi yaradır. Valideynlər isə onları incitməmək üçün həm özlərini, həm də uşaqlarını bu cür yerlərə vərdiş etdirir.

İllərdir mütəxəssislərin, həkimlərin fikirləri, bu barədə yazılan yazılar, araşdırmalar "fast food"un sağlamlığa nə qədər zərərli olduğundan bəhs edir, mövcud təhlükədən xəbərdar edirlər. Ancaq vəziyyət heç də ürəkaçan deyil. Çoxumuz bu tövsiyələrdən çəkinsək də yenidən bu qidalardan istifadəyə başlayırıq. "Ayda ildə bir dəfə yeməklə heç nə olmaz" deyib bu yolla özümüzü zərərdən sığortaladığımızı düşünürük. Yalnız bir dəfə belə fast food yediyimiz vaxt bədənimizdə nələr baş verdiyinin bir daha şahidi olduq...

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR