“Ərəb turistlər Azərbaycanda QİÇS-ə yoluxa bilər, amma...” - Rəsmi açıqlama

İraqlı bloger Ali Əthabın Azərbaycana gələn ərəb mənşəli turistlərin həyat tərzi haqqında hazırladığı reportajda səsləndirdiyi bəzi iddialar müzakirələrə səbəb olub. Onun "8000 ərəb Azərbaycanda QİÇS-ə yoluxub" iddiası aidiyyəti qurumları da hərəkətə gətirib.

Müzakirə olunan məsələ ilə bağlı Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova ilə əlaqə saxlanılıb. O bildirib ki, Azərbaycana gələn 8000 ərəb turistin QİÇS-ə yoluxması iddiası həqiqəti əks etdirmir.

Mərkəz direktoru qeyd edib ki, son 6 ayda Azərbaycanda QİÇS-lə bağlı qeydiyyata götürülənlərin sayı 306-dır. Oların da cəmi 8 nəfəri xarici ölkə vətəndaşlarıdır. E. Alməmmədova sözügedən 8 nəfərin Rusiya və Gürcüstan vətəndaşları olan azərbaycanlılar olduğunu deyib. 

Onun sözlərinə görə, yaxın iki ay ərzində Azərbaycanda İİV-ə yoluxma ilə bağlı əcnəbilər tərəfindən heç bir müraciət olmayıb:

"Bizim könüllü müayinə mərkəzlərinə də müraciət edilməyib. Heç bir ərəbdə QİÇS aşkarlanmayıb. Ümumiyyətlə, İİV-ə yoluxan insanların sayı səkkiz min deyil. Səsləndirilən rəqəm absurddur".

Tibb üzrə ekspert Adil Qeybulla isə deyib ki, Azərbaycanın özündə belə bu qədər QİÇS xəstəsi yoxdur: "Azərbaycanda QİÇS xəstələrinin sayı o qədər çox deyil ki, 8000 ərəbi də yoluxdurmuş olsunlar. Yoluxma halları ola bilər. Çünki bura gələn ərəblər anormal həyat tərzi sürürlər. Lakin bu rəqəm şişirdilib. 

Ola bilsin ki, bu rəqəmi Azərbaycanı sevməyən, yaxud burada aldadılmış kimsə uydurub və həmin blogerə ötürüb". 

Məlumat üçün bildirək ki, 2018-ci ilin 6 aylıq rəqəmlərinə əsasən, Azərbaycanda 5937 İİV-lə (İnsanda İmmunçatışmazlığı Virusu) yaşayan insan rəsmi olaraq qeydiyyatdadır. Onlardan 1733 nəfəri (30 %) qadın, 4204 nəfəri (70 %) kişidir. QİÇS mərhələsində olan xəslərin sayı isə 2080 nəfərdir.

Bakupost.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR