Hacı Şahindən Gəncə - Çağırışı

Gəncədə baş verən iğtişaşlar həm Azərbaycan qanunlarının, həm də dini dəyərlərin tapdalanması kimi qəbul edilməlidir. Din şüarı ilə, "Allahu-Əkbər" deyərək hüquq-mühafizə orqanlarına hücum edib, onları qətlə yetirmək dəhşətli bir faciədir. Bunun dinlə heç bir əlaqəsi yoxdur.

Bu sözləri açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
Onun sözlərinə görə, həmin insanlar yalnız öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edirlər.
"Bu dini dəyərlərin istismar edilməsidir, dinə və dövlətə qarşı olan bir cinayətdir. Ona görə də, din xadimləri yekdil olaraq bu olayları pisləyirlər. Bu halın gələcəkdə təkrarlanmaması üçün əlimizdən gələni etməliyik. Bütünlüklə Azərbaycan cəmiyyəti səfərbər olmalıdır. Çünki bu tip hadisələr böyük təhlükələrdən xəbər verir. Hansısa qüvvələr din adından istifadə edib kənardan Azərbaycandakı vəziyyəti gərginləşdirmək, sabitliyi pozmaq istəyirlər. Amma Azərbaycan inanclı insanları Azərbaycan dövlətçiliyinə sadiqdir. Heç zaman dövlətçiliyə zərbə vurulmasına imkan verməməlidirlər. Bu məsələdə mövqe birmənalıdır. Azərbaycanda olan dövlət din münasibətləri modelinə zərbə vurmaq, inanclı insanları qarşı-qarşıya qoymaq məqsədi daşıyan bu qüvvələr ifşa edilməlidir, onlara qarşı ən sərt tədbirlər görülməlidir".
H.Şahin bildirib ki, din heç zaman insanın öz vətəndaşlarına qarşı silah qaldırmasına dəvət edə bilməz:
"Din hər zaman barışa dəvət edir. Din yalnız hərbi düşmənlə döyüşmək üçün cihada dəvət edə bilər. Bizim də düşmənimiz bəllidir. Düşmənimiz Azərbaycan torpağını işğal edən təcavüzkardır, ölkə daxilində düşmən axtarmaq, bu məsələni dinlə əlaqələndirmək yolverilməzdir. Bunu etmək cinayətin özü qədər böyük cinayətdir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR