“Zəngi” liseyində son zəng mərasimi

İyunun 14-də Bakının Nizami rayonundakı "Zəngi" liseyində son zəng günü ilə  əlaqədar bayram tədbiri keçirildi.

Məktəbin pedaqoji kollektivinin, valideynlərin və şagirdlərin iştirak etdikləri mərasimdə "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə məzunları təbrik etdi, onlara ali məktəblərə qəbul imtahanlarında uğurlar arzuladı.

Azərbaycanda təhsilin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətindən danışan V.Rəhimzadə bildirdi ki, bu gün ölkəmizdə həyatın bütün sahələri kimi, təhsilin inkişafına da xüsusi önəm verilir. Yeni-yeni məktəb binaları tikilir, xaricdə təhsil alan azərbaycanlı tələbələrin, beynəlxalq olimpiadalarda qalib adını qazanan şagirdlərimizin sayı ildən-ilə artır. Təbii ki, bu uğurların qazanılması Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan irəli gəlir. "Zəngi liseyi" də respublikamızın qabaqcıl təhsil ocaqlarından biridir. Özünəməxsus fəaliyyəti ilə seçilən liseyin naliyyətləri ildən-ildən daha da artır.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tariyel Hüseynov, valideynlər, liseyin müəllimləri, ötən illərdə yüksək nəticələr əldə etmiş məzunlar və digər çıxış edənlər "Zəngi" liseyinin qazandığı uğurlardan danışdılar, onbirincilərə qəbul imtahanlarının ikinci mərhələsində müvəffəqiyyətlər arzuladılar.

Çıxış edənlər bildirdilər ki, "Zəngi liseyi" bu tədris ilində də yüksək naliyyətlər qazanıb. Bu ilki qəbul imtahanlarının birinci mərhələsində liseyin 24 şagirdi 600, 28 nəfəri isə 500 baldan artıq nəticə göstəriblər. 6 nəfər şagird yüksək balla Türkiyənin, 1 nəfər isə İngiltərənin ali məktəblərinə qəbul olunub. Ümumilikdə, bu il liseyi 130 məzun bitirir. İl ərzində liseyin bir şagirdi Respublika fənn olimpiyadasının, iki müəllimi isə qrant layihələrin qalibi olublar.

"Zəngi" liseyinin direktoru Bayram Heydərov rəhbərlik etdiyi təhsil ocağının fəaliyyətindən söz açdı. Cari tədris ilində fərqlənən şagirdləri xüsusilə təbrik edən liseyin direktoru bu il məzun olan 130 şagirdin hamısının ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərəcəyinə ümidvar olduğunu bildirdi.

Mərasim şagirdlərin ifasında maraqlı bayram proqramı ilə başa çatdı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR