Azərbaycanın ən görkəmli yerlərində Nadir şahın xatirəsinə abidə ucaldılmalıdı

"Türk tarixinin, o cümlədən Azərbaycan Türk tarixininin ən böyük dövlət və fikir dühalarından biri Nadir şah Əfşardır (1689-1747). Çox yazıqlar olsun ki, İngilis, Rus və Fars imperializminin son iki əsrdə apardığı siyasət nəticəsində Türk tarixində Nadir şah Əfşar şəxsiyyətinə ya düşmən kimi baxılmış, ya da düşmənlərimizin şüurlarımıza yeritdiklərinin sonucu olaraq aşağılanmışdı. Çünki, o, bir Türk idi, Azərbaycan türkü." - bu fikirləri Olaylar.az -a AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərli bildirir.

Nadir şahın anım günlərinin Azərbaycanda və eləcə də türk dünyasında geniş şəkildə qeyd olunmamağını böyük haqsızlıq hesab edən Faiq Ələkbərli bildirdi ki, Nadir şah təkcə Azərbaycanda deyil, bütün türk dünyasının tarixində şərəfli yer tutur.

"Nadir şah ən böyük fateh və eyni zaman da böyük dövlət xadimidir. Nadir şah Türkiyə və İran əhalisi arasında geniş yayılmış sünni və şiə məzhəb davasının aradan qalxması üçün böyük səylər göstərib. Təəssüf ki, Sultan Mahmut onun bu ideyalarını vaxtında dəyərləndirmədi".

Nadir şahın sui-qəsd nəticəsində ölümünü türk dünyası üçün böyük faciə adlandıran Faiq Ələkbərli bildirdi ki, Ağa Məhəmməd şah Qacarın da sui-qəsd nəticəsində həlak olması türk xalqları üçün ağır zərbə idi.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərli qeyd edir ki, Azərbaycanın ən görkəmli yerlərində Nadir şahın xatirəsinə abidə ucaldılmalıdı. "Biz niyə hər bir təşəbbüsü dövlətdən gözləməliyik? AMEA Tarix İnstitutu, tariximizin təbliği ilə məşğul olan QHT- lər bu yöndə fəaliyyət göstərməlidirlər. Hər il Nadir şahın anım günündə tədbirlər təşkil olunmalı, Azərbaycan və Türk dünyasının böyük şəxsiyyəti xatırlanmalıdır.

Ümid edirəm ki, qısa bir zaman ərzində Nadir şaha layiqli qiymət veriləcək" - deyə, Faiq Ələkbərli qeyd etdi. 
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR