Uşaqlarda özgüvən problemi – NƏDƏN YARANIR

Özgüvən insanın sahib olacağı çox əhəmiyyətli şəxsi keyfiyyətdir. Uşaq yaşlarından formalaşmağa başlanan bu keyfiyyət, yetəri qədər formalaşmadığı zaman uşaqların valideynləri, yaşıdları ilə münasibətinə, onların xarakterinin inkişafına mənfi təsir göstərir. Uşaqlarda özgüvən problemi, özgüvənin inkişafına təsir edən başlıca amillərə diqqət çəkmək üçün Olaylar.az psixoloqlara müraciət etdi.

"Avtoritet, mükəmməlliyyətci (İş həyatında çox məsuliyyət boynuna götürdükləri və həddindən artıq çalışdıqları üçün ailələrinə kifayət qədər zaman ayırmır və problemlər yaşayırlar. Belə insanlar ən kiçik bir tənqidə görə belə pis olur və günlərlə bu haqda düşünürlər. Müvəffəqiyyətsizlik zamanı çox asan depressiyaya girirlər. Çox mübahisə edirlər. Riskə getməyi sevmədiklərindən risk tələb edən vəzifələrdən qaçırlar) ailələrdə böyüyən uşaqlarda özgüvən əksikliyi olur"

Bu fikirlərin müəllifi olan Alidə Əhmədova özgüvənin başlıca olaraq ailədən qaynaqlandığını bildirib: "Özgüvənin inkişafında valideynlərin rolu böyükdür. Mükəmməliyyətci ailədə özgüvənin inkişafı düzgün olmur, yəni uşaqlardan hər şeyi mükəmməl gözləyirlər, amma gəlin onların uşaq olduğunu unutmayaq, ən əsas da daima yanlışlarının üzlərinə vurulması, olmazların çox olduğu ailədə uşaqlar özgüvən problemi yaşayırlar. Ataların uşaqlarla az zaman keçirməsi də buna daxildir. Uşaqlar anaları ilə xoşbəxt, ataları ilə iradəlidirlər. Bu bir faktdır. Özgüvən ailədən qaynaqlanır. Avtoritet, mükəmməlliyətci ailələrdə böyüyən uşaqlarda özgüvən əksikliyi olur. Ən çox isə yeniyetməlik çağında özünü biruzə verir. Özgüvəni inkişaf etmiş uşaqlara ətrafın təsiri də böyük olmur"

Valideynlərə məsləhət: uşağa azadlıq vermək və sərbəst inkişaf etməyə şərait yaratmaq lazımdır

Afaq Əmirli isə özgüvənsizliyin, uşağın öz daxili potensilanı reallaşdırmağa mane olduğunu və bu cür uşaqların çəkingən, ünsiyyətdən qaçan, daima başqalarının onun haqqında hansı fikirdə olduğunu düşündüklərini bildirib. Psixoloq əlavə edib ki, məktəbəqədər yaş dövründə özgüvənsizlik ən çox 5-6 yaşlarda özünü biruzə verir: "Uşaqlarda özgüvən problemi ilk növbədə xarici faktorlardan asılıdır: ailədaxili münasibətlərdə böhran, bir və ya hər iki valideynin olmaması və bunun nəticəsində uşaqlara göstərilən qayğının az olması, əksinə aşırı qayğı və bunun nəticəsi olaraq uşağın sərbəst fikir yürütmək və sərbəst seçim etmək ixtiyarının olmaması, ailə üzvləri və yaxın əhatədə olan insanların nümunəsi və s. Özgüvənsizlik uşağın öz daxili potensialını reallaşdırmağa mane olur. Onlar çəkingən, ünsiyyətdən qaçan, daima başqalarının onun haqqında hansı fikirdə olduğunu düşünən olurlar. Həmçinin bu uşaqlar kollektiv fəaliyyətə tez qoşula, qrupun tamhüquqlu üzvünə çevrilə bilmir, yeni fəaliyyətə başlamaqdan çəkinirlər. Adətən qaranlıq və xəstəliklərdən qorxurlar. Məktəbəqədər yaş dövründə özgüvənsizlik ən çox 5-6 yaşlarda özünü biruzə verir. Bu yaşda uşaqların xüsusən özlərinə qarşı hörmətli münasibətə, tərifə, diqqətə ehtiyacları olur. İstənilən xoşagəlməz zarafat, məzəmmət və pisləmə onlarda inciklik və qəzəb və aqressiyaya səbəb olur. Həmçinin hesab olunur ki, ailədə böyük uşaqlarda daha çox utancaqlıq və çəkingənlik müşahidə olunur. Çünki məhz onların qarşısına daha çox tələb qoyulur, daha çox müsbət nəticə gözlənilir və bu müsbət nəticə əldə olunmadıqda məhz onlar valideynlər tərəfdən daha çox danlağa məruz qalır və utandırılırlar. Valideynlərə məsləhət: uşağa azadlıq vermək və sərbəst inkişaf etməyə şərait yaratmaq lazımdır. Uşaq özü yaranmış çətinliklərdən çıxış yolu tapmağı, fikir yürütməyi, ətrafdakı insanlarla ünsiyyət qurmağı, əlaqə yaratmağı öyrənməlidir. Uşaqların əvəzinə yaranmış konflikt situsiyaları çözən valideyin, onda yəni uşaqda sərbəst şəkildə, valideyinin köməyi olmadan bu konflikti çözə bilməyəcəyi fikrini yaradır və uşaq daima valideynin köməyini gözləyir. Uşaqda özünəhörmət, özgüvən və özünəinam hissini yaratmaq lazımdır. Bunun üçün uşağa "sən hələ balacasan", "sən bacarmırsan", " səndə alınmaz" əvəzinə " səndə alınacaq", "sən bacaracaqsan", "səndə çox yaxşı alınır" sözlərini demək lazımdır. Adekvat özünüqiymətləndirmə hissi uşaqlıqdan formalaşdırılmalıdır. Uşağa öz arzu, istək və fikirlərini sərbəst şəkildə bildirməyi öyrətmək lazımdır. Çox vaxt uşaqlar öz fikirlərini deməyə qorxur və ya çəkinirlər. Bu cür uşaqlar öz arzu- istəklərini deyə bilmədikləri üçün, başqalarının fikirləri ilə hərəkət etməli, başqa sözlə desək oturub-durmalı olurlar. Uşaqları həddindən artıq başqalarının fikirlərindən asılı olmamağa öyrətmək lazımdır. Hər bir valideyin övladının cəmiyyət tərəfindən adekvat qəbul olunmasını arzulayır,lakin bunu əsas məqsədə çevirərək, uşağın azadlığını əlindən almaq düzgün deyil. Bəzi insanlar öz şəxsi neqativ fikirlərinə görə istər böyük, istərsə də uşağı yersiz tənqid hədəfinə çevirə bilər. Odur ki, uşağı tam şəkildə cəmiyyətin fikrindən asılı vəziyyətə salmaqla onda, yəni uşaqda çəkingənlik və daima öz hərəkətlərinə qarşı şübhəcil olmağı öyrədir"

İlk olaraq uşağınızı olduğu kimi qəbul edin

Psixoloq Əminə Qurbanlı özgüvəni uşağın özünün ümumi dəyərinə və uğuruna olan inanc adlandırıb. Onun fikrincə özgüvən çox kiçik yaşlardan formalaşmağa başlayır və zəka, fiziki xüsusiyyətlər, xarakter, kənar dəyərləndirilmələrdən təsirlənir. Əminə Qurbanlı həmçinin bildirib ki, aşağı özgüvənli uşaqlar həyəcanlı, utancaq, içə qapanıq, təkliyə meyilli olaraq izlənə bilirlər.

Psixoloq uşaqlarda özgüvənin inkişafı üçün baçlıca amillər olaraq bu fikirləri sadalayıb: İlk olaraq uşağınızı olduğu kimi qəbul edin, onlardan mükəmməl olmalarını tələb etməyin.

Müqayisə etməyin - Hər uşaq fərdidir. Eynilə sizin kimi, siz də digər insanlarla eyni deyilsiz. Hər kəsin özünə məxsus güclü və zəif tərəfləri var. Uşaqların sahib olduğu müsbət keyfiyyətləri ön plana çıxardın. Bununla birgə zəif olduğu yanlarını da göstərin. Uşaqların da, əksikliklərini müsbət şəkildə qəbul etmələri lazımdır. Onlara əksiklikləri və güclü tərəflərini nəzərə alaraq real hədəflər yerləşdirmələrinə kömək edin. (Voleybol oynamağı bacarmırsa voleybolist olmağına ehtiyac yoxdur, sadəcə bununla əylənə bilərsən).

Gözləntilərinizi uşağın qarşılaya biləcəyindən daha yüksək tutmayın -Bu, onların özlərini yetərsiz hiss etmələrinə təsir edə bilər.

Hər şeyi onların yerinə etməyin - İcazə verin ayaqqabılarını özü geyinsin.  Səhv də geyinsə düzgün halını göstərin, gələn dəfə daha gözəl edəcəyini deyin və bu davranışı üçün ona müsbət geri dönüş edin.

Uşaqlara, seçim etmə haqqı verin - Şokolad, yoxsa dondurma kimi iki seçim verin, birini seçməsi üçün zaman tanıyın. Gələcəkdə daha rahat qərar vermə, qərarlarına güvənməsinin təməlini buradan yerləşdirə bilərsiniz.

Qabardılmış tərif etməyin - Çəkdiyi rəsmə mükəmməldir demək yerinə, "burada mənim saçımın rəngini qeyd etmisən" çox diqqətlisən deyə bilərsiniz.

Öz gücləri daxilində kiçik məsuliyyətlər verin. Əks halda 10 - 15 yaşlarında onlardan bir anda böyük olmalarını tələb edəcəksiniz. Məsuliyyət almaq öyrənilən bir davranışdır.

Davranışlarla bağlı qaydalar qoyun və bu qaydalarda tutarlı olun - Etdiyi yalnış davranışlara görə uşağın şəxsiyyətinə deyil, davranışına irad tutun. "Sən pissən" yerinə "bu davranışın bu səbəbdən yalnışdır deyə izah edin".

Uşaqların danışmasına şans yaradın və onlara irad tutmadan dinləyin - Düşüncələrində ümumiləşdirilmiş yalnış cümlələr varsa, bunları o fikrini tamamladıqdan sonra düzəldin. "Heç bir müəllimə mənimlə yaxşı davranmır" yerinə "bəzi müəllimlərlə bəzən problemlər yaşayıram" kimi dəyişimlər edin.

Son olaraq isə özünü seven özgüvənli valideynlər olaraq uşaqlarınıza model olun.

Valideynlər mükafatlandırma metodundan yersiz istifadə etsələr...

Fuad Əsədov həmkarları ilə müqayisədə məsələyə mükafatlandırma və cəzalandırma metodu ilə yanaşıb. O bildirib ki, valideynlərin mükafatlandırma və cəzalandırma kimi tərbiyə metodlarından düzgün istifadə etməsi lazımdır. Tutaq ki, valideynlər mükafatlandırma metodundan yersiz istifadə etsələr, yəni uşağın  haqq etmədiyi təqdirdə belə onu yüksək qiymətləndirsələr bu ərköyünlüyü və özünü həddən artıq yüksək qiymətləndirməyə səbəb olacaq. Ya da cəzalandırma metodundan çox istifadə etsələr bu zaman uşağın şəxsiyyətinin alçalmasına və özgüvənsizliyə gətirib çıxaracaq.

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR