Təhsil naziri məzunları təbrik etdi

Təhsil naziri Ceyhun Bayramov orta məktəbi bitirən  məzunlara təbrik ünvanlayıb.

"OLAYLAR" nazirliyə istinadən xəbər verir ki, məzunları, onların müəllim və valideynlərini unudulmaz gün münasibəti ilə ölkənin bütün təhsil işçiləri və öz adımdan təbrik edən nazir Ceyhun Bayramov qeyd edib ki, siz bu gündən həyatınızın tamamilə yeni dövrünə qədəm qoyursunuz: "Ciddi qərarlar qəbul etmək, peşə seçimini dəqiqləşdirmək astanasındasınız. Seçəcəyiniz yol həyatınızın böyük hissəsini müəyyən edəcəkdir. Məktəbdə öyrəndiyiniz bilik və bacarıqlar, fəal vətəndaş mövqeyi  və dəyərlər bu yolda sizə  zəruri dəstək verəcək. Əminəm ki, Siz  özünütəsdiq  inamınızla  arzuladığınız gələcəyi quracaq,  ölkəmizin adına layiq vətəndaş və mütəxəssis olacaqsınız".

Nazir daha sonra təbrik mesajında qeyd edib: "Cənab Prezidentimizin qeyd etdiyi kimi, zaman bizə tarixin ən güclü Azərbaycanında yaşamaq xoşbəxtliyini nəsib edib. Güclü Azərbaycanı müasir düşüncəli, milli ruhlu, əməksevər vətəndaşlar yaşadır və irəli aparır. Ömürboyu öyrənmə yanaşması, səmərəli ünsiyyət və əməkdaşlıq  bacarıqları olan, Vətən sevgisi ilə yaşayan gənclərimiz bizim qızıl insan kapitalımızdır. Sizin hər biriniz Azərbaycan üçün dəyərli və əvəzolunmazsınız. Həyatınızın yeni mərhələsində sizə uğurlar arzulayıram".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR