10-cu sinifdə 700 bal topladı: nazirə ilginc təklif

Nərimanov rayonunda yerləşən 45 nömrəli məktəbin 10Ç sinfində təhsil alan Fərid Əhmədli Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınaq imtahanında iştirak edərək, 700 bal toplayıb. O, bu nəticə ilə bütün yaşıdlarını geridə qoyub və Azərbaycanda bir ilkə imza atıb.

Fərid Əhmədli  bu il keçiriləcək ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istədiyini deyib. O, attestatı olmadığı üçün imtahanda iştirak edə bilmədiyini qeyd edib:

"10-cu sinifdə oxumağıma baxmayaraq, iyunun 10-da DİM-in keçirdiyi sınaq imtahanlarında iştirak edib, 700 bal topladım. Belə bir nəticəni indiyə qədər göstərən olmayıb. Attestatım olmadığına görə qəbul imtahanında iştirak edə bilmədim. İstəyirəm ki, Təhsil Nazirliyi builki attestat imtahanında iştirak etməyimə icazə versin. Əgər belə olsa, dördüncü ixtisas qrupu üzrə iyulun 18-də keçiriləcək ikinci imtahanda iştirak edə biləcəm".

F.Əhmədli bildirib ki, yüksək nəticə toplayaraq vaxtından tez qəbul imtahanında iştirak etmək üçün əvvəlcədən hazırlıq görüb:

"Bu vaxta qədər iştirak etdiyim dövlət imtahanlarında 680, 663, 655, ən sonuncuda isə 700 toplamışam. Yüksək bal toplamaq üçün həm məktəbə, həm də kursa getmişəm və çox çalışmışam. Kursdakı və orta məktəbdəki müəllimlərim 11-ci sinif üçün nəzərdə tutulan tədris proqramını tam şəkildə öyrənə bilməyimə imkan yaratdılar. Gələcəkdə həkimlik ixtisası üzrə ali təhsil almaq istəyirəm. Niyyətim cərrah olmaqdır".

O, sinif adlamaq üçün keçirilən imtahanlardan məlumatsız olduğunu deyib:

"10-cu sinifdə oxuyan uşaqlara eksternat imtahanı təşkil olunur və onlar bir sinif qabağa atıla bilir. Dekabr ayında Bakı Şəhəri Baş Təhsil İdarəsinin təşkil etdiyi eksternat imtahanında iştirak etməmişəm, çünki bu imtahandan məlumatsız idim. Əslində, sənəd qəbulu da başa çatıb. Bunun həll olunması hələlik ikinci bir məsələdir".

Fəridin atası Əhməd Əhmədli bildirib ki, oğlu dərs proqramını tam şəkildə mənimsədiyinə görə onun bir il də artıq oxumağına ehtiyac yoxdur:

"Həmin bir ili Fərid istədiyi hər hansı dili öyrənməyə, Azərbaycanımız üçün savadlı mütəxəssis kimi yetişməyə ayıra bilər".

Axar.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR