Uşaq bağçalarında çalışanlar kimlərdir

"Bağça və məktəblərdə psixoloji xidmət ciddi şəkildə təşkil olunmalıdır"

Uşaqlara qarşı zorakılıq halarının baş verməsi hazırda dünya ölkələrini harahat etməkdədir. Xüsusən, uşaqların məcburi əməyə cəlb olunması və onların əməyinin istismar olunması müasir dünyanı narahat edən aktual problemlərdən biridir. 2002-ci ildən Beynəlxalq Əmək Təşkilatı (BƏT) uşaq əməyinin istismarı hallarının aradan qaldırılmasına cəmiyyətin diqqətini cəlb etmək, bu istiqamətdə hökumət və ictimai təşkilatların səylərinin artırılması məqsədilə hər ilin iyun ayının 12-sini Uşaq Əməyi ilə Ümumdünya Mübarizə günü kimi elan edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün dövlət siyasəti ildən-ilə güclənir.Uşaq hüquqları sahəsində BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyasına, "Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında" Ümumdünya Bəyannaməsinə və s. sənədlərə qoşulan və bu sənədlərdən irəli gələn mütərəqqi beynəlxalq normalar əsasında milli qanunvericilik bazasını formalaşdıran Azərbaycan, eyni zamanda, BƏT-in "İşə qəbul etmək üçün minimum yaş həddi haqqında", "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" Konvensiyalarını ratifikasiya edib. Bu Konvensiyaların prinsipləri milli qanunvericilikdə də əksini tapıb. Uşaqların həyat və sağlamlığına, onların mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətə cəlb edilmələri Azərbaycan qanunvericiliyində qadağan olunur. Əmək Məcəlləsinə əsasən, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. Məcəllədə yaşı 18-dən az olan işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. baxımından əlavə təminatlar, güzəştlər də əksini tapır. Uşaq əməyinin istismarı hallarına qarşı inzibati tədbirlər görülməklə yanaşı, bu istiqamətdə maarifləndirmə tədbirlərinə də xüsusi önəm verilir. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu sahədə aidiyyəti qurumlarla birgə təbliğat-maarifləndirmə tədbirləri ildən-ilə daha da gücləndirilir. Xidmət tərəfindən müvafiq Tədbirlər Planına əsasən, cari ilin ötən dövründə respublikanın 6 bölgəsində işgötürənlərin, eləcə də orta məktəblərin müəllim və şagird heyətlərinin iştirakı ilə "Uşaq əməyinin istismarının qarşısının alınması" mövzusunda seminar keçirilib. Aparılan işlərin müsbət nəticəsi olaraq, ölkəmizdə uşaq əməyindən qeyri-qanuni istifadə hallarının sayı minimum səviyyəyə enib. Lakin bütün görülən tədbirlərə baxmayaraq Azərbaycanda uşaqlara qarşı zorakılıq halları müşahidə olunmaqdadır. Hətta ümumtəhsil müəssisələrində belə şagirdlərə qarşı aqressiv münasibətdə olan pedaqoqlara rast gəlmək mümkündür. Dəfələrlə pedaqoqlar, tərbiyyəçilər tərəfindən şagirdlərə qarşı psixoloji və fiziki zorakılıq hallarının şahidi olmuşuq. Acınacaqlı məqam ondan ibarətdir ki, belə halların qarşısını almaq məqsədilə dərsverənlərlə bağlı lazımi ölçü götürülsə də problemi köklü şəkildə həll etmək hələ ki, mümkün olmayıb. Bu günlərdə "Kids Studio"da baş verənlər bir sıra vacib məqamları yenidən gündəmə  gətirmiş oldu. Bağça əməkdaşının azyaşlı uşağa qarşı aqressiv davranışı məsələ ətrafında ciddi düşünməyə əsas verir. Məhz bu kimi amillər nəzərə alınaraq "Təhsil haqqında" qanuna dəyişiklik etmək zərurəti yaradıb. Sözügedən qanunda edilən dəyişikliyə əsasən təhsil müəssisələrində psixoloji xidmətin təşkil olunması nəzərdə tutulur. Maraqlıdır, bununla təhsil müəssisələrində uşaqlara qarşı zorakılıq hallarının qarşısını almaq mümkün olacaqmı? Ümumiyyətlə təhsil qanununda edilən yeniliklər nə vəd edir, mövcud nöqsanların aradan qaldırılmasında nə dərəcədə rol oynayacaq?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, qurum tərəfindən hadisənin araşdırılması ilə bağlı aidiyyəti dövlət orqanlarına müraciətlər ünvanlanmışdır. Verilən məlumata əsasən, hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırılma aparılır və nəticələrdən asılı olaraq aidiyyəti orqanlar tərəfindən lazımi tədbirlər görüləcək. Komitə uşaqların hüquqlarının müdafiəsi və onlarla düzgün rəftar edilməsini təşviq edir və bu siyasətin reallaşması istiqamətində tədbirlər həyata keçirir. BMT-nin "Uşaq Hüquqları haqqında" Konvensiyası əsas olmaqla Azərbaycanın qoşulduğu bütün digər beynəlxalq sənədlərdə, Uşaq hüquqlarına dair Azərbaycan Respublikasının qanununvericiliyində uşaqların mənafelərinin üstün tutulması prinsipi təsbit edilmişdir. Uşağa qarşı istənilən etinasızlıq, laqeyd münasibət, zorakılıq və qəddar davranış yolverilməzdir və bu cür hallar qanunvericiliyə əsasən məsuliyyətə səbəb olur. "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən uşaqların şərəf və ləyaqətinə hörmət etmək, pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, eyni zamanda uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında bilavasitə iştirak etmək, onları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq təhsil verənlərin əsas vəzifəsidir. Bu baxımdan həmin şəxslərdən peşəkarlıq və xüsusi hazırlıq tələb olunur. Komitə baş vermiş hadisə ilə bağlı mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılmasını və psixo-emosional vəziyyətlərinin araşdırılması istiqamətində işin gücləndirilməsini məqsədəuyğun hesab edir.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, sosial mediada özəl uşaq bağçasında baş verən dəhşətli görüntülərin yayılması və bütün cəmiyyətdə, xüsusilə uşaqlarını bağçalara göndərən ailələr arasında ciddi narahatlıq yaradıb: "Bu cür psixoloji vəziyyəti olan şəxslərin təhsil müəssisələrində çalışmalarına imkan verilməməlidir". Millət vəkili  qanuna edilən yeni dəyişiklikdə təhsil müəssisələrində psixoloji xidmətin təşkil olunması maddəsini dəstəkləyib: "Bu psixoloji xidmət tək uşaqlar üçün deyil, məktəb və məktəbəqədər təhsil müəssisələrində çalışanları da əhatə etməlidir. Məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında nevrozların, aqressiv halların, intihar meyilliyin artmasının qarşısını almaq və bu halların azalmasına nail olmaq üçün məktəbəqədər müəssisələrimizdə və məktəblərimizdə psixoloji xidmət ciddi şəkildə təşkil olunmalıdır. Bu qanuna edilən yeni dəyişikliyi dəstəkləyirik. Bu işin həyata keçirilməsi üçün peşəkar kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməlidir". Millət vəkili valideynlərin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların məktəbə qəbul edilməsi və valideynlərin arzusu ilə təhsil müəssisəsinə xüsusi istedadlı uşaqların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilməsi əlavəsini də dəstəklədiyini deyib və bu dəyişiklikliyin yüzlərlə ailənin narahatlığına son qoymaqla yanaşı, bununla bağlı ortaya çıxan subyektiv halların, xoşagəlməz halların aradan qaldırılmasına da kömək edəcəyini vurğulayıb. Q.Paşayeva "olimpiada qalibləri və beynəlxalq səviyyədə akkreditə olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməklə təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə testdən kənar, müsabiqədən kənar qəbul olunurlar" maddəsinin qanuna edilən əlavə və dəyişikliklərdə öz əksini tapmasının cəmiyyətdə birmənalı qarşılanmayacağını, bu halların subyektiv məqamlara yol aça biləcəyinə dair narahatlığa səbəb ola biləcəyini nəzərə alaraq, bu istiqamətdə daha geniş müzakirələrə ehtiyac olduğunu deyib.

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR