Günah o siyahını hazırlayıb, prezidentin qarşısına qoyanlardadır- NADİR QAFARZADƏ DEYİR Kİ, ONA EFİR QADAĞASI QOYULACAQSA...

 

"Söz azadlığıdır və bu hüququmdan istifadə etmişəm"

Azərbaycan prezidentinin bir qrup mədəniyyət və incəsənət xadiminə fəxri adlar verilməsi ilə bağlı sərəncamı bu sahədə müzakirələrə səbəb olub. Adlarını bu siyahıda görməyən bəzi sənətçilər mediada öz narazılıqlarını ifadə edbi.

Müğənni Nadir Qafarzadə bu münasibətin haqsızlıq olduğunu vurğulayaraq, adının siyahıda olmamasını ədalətsizlik kimi qiymətləndirib. Hətta o, bu çıxışına görə, həbs edilmək ehtimalının da olduğunu deyib.

GUNUNSESİ.İNFO-nun əməkdaşı Nadir Qafarzadənin özü ilə bu mövzu ətrafında söhbət edib.

  • Nadir bəy, çıxışınız inciklikdən daha çox üsyan təsiri bağışladı. Deyəsən, fəxri adı çoxdan gözləyirdiniz və bu gözləntiniz özünü doğrultmadı...
  • Artıq səbr kasam doldu və mən partladım. Məni hər kəs doğru başa düşsün. Kiminsə paxıllığını çəkmirəm. Başqa tələbim yoxdur. Mən haqqımı tələb etmişəm. Demişəm ki, həyatımın illərini bu sənətə vermişəm. Bütün dövlət tədbirlərində pulsuz oxumuşam. Umacağım olmayıb. Seçkisindən tutmuş, əksər tədbirlərə könüllü getmişəm. Amma sənətçi kimi mənim də gözləntim olub. Gedib, xaricdə musiqimizi təmsil etmişəmsə, bu dəyərləndirilməlidir.
  • Məlum çxışınızda bir qorxu da sezildi. "bəlkə bu çıxışdan sonra gəlib aparacaqlar və bunu gözləyirəm" deyə bildirdiniz. Gəlib, aparmadılar ki?
  • Mən nə demişəm ki, qorxum olsun. Dövlət çevrlişinə çağırış etməmişəm ki? Demişəm bu adı haqq edirəm və mənə verilməli idi. Azərbaycan demokratik dövlətdir və söz azadlığı hüququmdan istifadə etmişəm. Bu sözümün də üstündə dururam ki, mən və bir sıra sənətçilərimiz başda olmaqla haqsızlıqla üzləşmişik. Ancaq elə başa düşünülməsin ki, bu haqsızlığı bizə cənab prezident edib. Yox, bunu qəti ağlıma gətirmirəm. Hesab edirəm ki, baş verənlərin günahı və məsuliyyəti bu təqdimatı cənab prezidentin qarşısına qoyanlar daşıyır. Prezidentin işi çoxdur, ölkənin siyasi-iqtisadi məsələləri onun üçün prioritetdir. Qarşısına qoyulan siyahıdakı adamları bir-bir təftiş edəsi deyil. Ona görə, burada günah Mədəniyyət və Turizm Nazirliyinindir.
  • Bu çıxışınızdan sonra efir qadağası ilə qarşılaşa bilərsinizmi?
  • Olacaqsa canları sağolsun. Məni sevən çox minli dinləyicilərim var. Onlar ki, məndən imtina edəsi deyil ki...Amma inanmıram ki, bunu etsinlər. Demokratik ölkədə yaşayan hər bir vətəndaşın öz haqqını tələb etməsi təbiidir. Prezidentimi sevirəm, onu dəstəkləyirəm. Dediklərimdə də hansısa siyasi məqamlar yoxdur. Öz haqq etdiyimi adımı tələb etmişəm.
  • Bəs sizə "yuxarılardan" telefon edib, hansısa fikir bildirənlər oldumu?
  • Yox, belə bir hal olmadı. Amma sənətçi dostlarım, bir sıra şəxslər bildirdi ki, hüququnu tələb etməklə doğru olanı etmisən.

Qeyd edək ki, Nadir Qafarzadənin bu çıxışı sosial şəbəkələrdə rezonansa səbəb olub:

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR