Şamaxıda sahibkara qarşı dələduzluq: “Aldanmayaydın...” – Şikayət

Şamaxı rayonunun Göylər kənd sakini Atakişi Musayev dələduzluqla üzləşib.

Bu barədə Atakişi Musayev Teleqraf.com-un redaksiyasına yazdığı şikayət məktubunda bildirib.

Şikayətçi qeyd edib ki, şəxsi təsərrüfatında olan iri və xırda buynuzlu heyvanları saxlamaqla ailəsini dolandırıb. Onun sözlərinə görə, 2013-cü ildə Bakının Qaradağ rayonu Divanlı qəsəbəsinin sakini Rizvan Məmmədov və Qobustan rayonunun Şıxzarlı kənd sakini Ramin Cəfərov ondan xırda buynuzlu heyvan alıblar: "Həmin şəxslər pulun yarısını ödədilər, yarı məbləği isə sonra ödəyəcəklərini bildirdilər. Mən də onlara etibar elədim. Ramin Cəfərov və Ramin Məmmədovun mənə 1450 manat borcu qaldı".

Atakişi Musayev qeyd edib ki, 2015-ci ilin iyununda Rizvan Məmmədov yaylaq sahəsinə gəlib və onun etibarından sui-istifadə edərək, 119 baş xırda buynuzlu, 8 baş iri buynuzlu heyvanını alaraq aparıb: "Hazırda Rizvan Məmmədovun mənə 8500 manat borcu qalıb. Xeyli müddət keçsə də, pulumu verməyib. Dəfələrlə Rizvan Məmmədovdan pulumu tələb eləsəm də, o mənə "heç kimdən qorxmuram, nə bilirsən, et" deyə bildirdi. Dedi ki, mən dələduzluq etmişəm, sən aldanmayaydın".

Atakişi Musayev Ramil Cəfərov və Rizvan Məmmədovun ona qarşı dələduzluq etməsi barədə Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimova müraciət edib.

Şikayətçinin sözlərinə görə, onun müraciəti aidiyyəti üzrə Şamaxı rayon polis şöbəsinə göndərilib: "Şamaxı rayon polis şöbəsində işi sahə müvəkkili Telman Xasayev araşdırıb. Mənə polis şöbəsində bildirdilər ki, şikayətimdə inzibati xəta və ya cinayət tərkibi yoxdur. Polis şöbəsində mənə mülki qaydada məhkəməyə müraciət etməyim tövsiyə olundu. Mənə rəsmi cavab məktubunu Şamaxı rayon polis şöbəsinin rəis vəzifəsini müvəqqəti icra edən polis polkovnik-leytenantı Kamran Zeynalov imzalayıb".

Şikayətçinin sözlərinə görə, sahə müvəkkili Telman Xasayev icraatında olan bu dələduzluq faktı ilə bağlı təhqiqat aparılmasına imkan verməyib: "Bu da qanunsuzdur. Çünki bu məsələ ilə bağlı təhqiqat araşdırması aparılmalı, sonda qərar qəbul edilməli idi".

Atakişi Musayev qeyd edib ki, Qobustan rayon Məhkəməsinə mülki qaydada müraciət etsə də, onun iddia ərizəsi hakim tərəfindən qəbul edilməyib.

Sahə müvəkkili Telman Xasayev Teleqraf.com-un əməkdaşına bildirib ki, vətəndaş Atakişi Musayevin şikayəti polis şöbəsinə daxil olub: "Bununla bağlı araşdırma aparılıb və şikayətin mülki iş olduğu nəticəsinə gəlinib. Buna səbəb tərəflərin arasında əvvəllər də alqı-satqı aparılması olub. Müvafiq araşdırma zamanı həmin şəxslərin yaşadıqları yer müəyyən edilib, dindirilmələr olub. Həmin şəxslər Atakişi Musayevdən təkrar mal-qara alıblar, pulunu ödəyə bilməyiblər. Atakişi Musayevin dələduzluqda ittiham etdiyi şəxslərlə aralarında olan məsələ cinayət xarakterli deyil".

Sahə müvəkkili onun özü ilə bağlı olan ittihama da aydınlıq gətirib: "Mənim vəzifəm şikayətləri araşdırmaq və polis şöbəsinə təqdim etməkdən ibarətdir. Mən də bunu etmişəm. Görünür, bu işdə cinayət tərkibi olmayıb. Bu səbəbdən dələduzluq ittihamı üzrə cinayət işi başlanmayıb. Əgər dələduzluq ittihamı olsaydı, iş üzrə cinayət işi başlanardı".

Atakişi Musayev isə ümid edir ki, Şamaxı rayon polis şöbəsi, nəhayət, işə əncam çəkəcək, dələduzluq edənlər cəzalandırılacaq və onun pozulmuş hüquqları bərpa olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR