Ömrümün Qarabağ səhifəsi

Əməkdar jurnalist, Qarabağ Müharibəsi veteranı Əntiqə Qonaq yazır.

Əməkdar jurnalist, Qarabağ Müharibəsi veteranı Əntiqə Qonaq Qarabağ savaşında hərbi jurnalist kimi bütün cəbhə bölgələrinə dəfələrlə səfərlər etmiş və qaynar döyüş səhnələrinin şahidi olmuşdur. Döyüşlərdə iştirak edən zabit və əsgərlərlə canlı ünsiyyətdə olmuş və torpaqlarımızın müdafiəsində duran igid oğullarımızdan müsahibələr almış, onların istək və problemləri ilə maraqlanmış və bu səpkidə yazdığı müxtəlif janrlı yazıları ilə dövri mətbuatda mütəmadi çıxışlar etmişdir. Müharibə mövzusunda yazdığı iki kitabın müəllifidir: "Ölməzlik" və "Vətən, səndən keçmək olmaz!".                

"Ömrümün Qarabağ səhifəsi" layihəsində Əntiqə Qonaq müharibədə canlı şahidi olduğu hadisələrdən, cəbhə xatirələrindən söz açır.

LAÇINLI   VƏTƏN  

Laçın rayonunun ərazisi 1835 kv.km., əhalisi 58.229 nəfərdir. Şəhər, qəsəbə və 125 kəndi olub. 1992-ci il mayın 18-də erməni quldurları tərəfindən işğal edildikdən sonra rayon əhalisi respublikamızın 58 şəhər, rayon və kəndində məskunlaşmışdır.

Müharibədə 262 nəfər, o cümlədən 18 uşaq şəhid olub, 67 nəfər itkin düşüb, 65 nəfər girov aparılıb. 103 nəfər əlildir. 1071 nəfər valideynini itirib. 33 uşaq isə hər iki valideynindən məhrum qalmışdır. 1500 nəfər Qarabağ Müharibəsi veteranıdır. 5 nəfər Milli Qəhrəman adına layiq görülmüşdür.

Güləliyev Oqtay Güləli oğlu,

Şahverdiyev İsrafil Şahverdi oğlu,

Mehdiyev Fazil Umud oğlu,

Eyvazov Qorxmaz Abış oğlu,

Nəsibov Kamil Baladə oğlu.

Bəlkə də həytımda ilk dəfəydi çiçəklərə və heyvanlara insanlardan daha çox acıyırdım. Çünki Laçının işğal olunmamış 5 kəndində qarşılaşdığımız ancaq yol qırağındakı ev heyvanlarının leşləri, aclıqdan mələşən qoyun - quzular, bir də ki, əsgər məntəqələrini müvəqqəti əvəzləyən kənd məktəblərindəki dibçəklərdə qurumaqda olan çiçəklər. Və mənim ağlaya-ağlaya çubuqla bu çiçəklərin diblərini yumşaltmağım, qurumuş yarpaqlarını qoparıb atmağım, sulamağım... Bir neçə dibçək gülünü isə özümlə Bakıya aparmağım. Və mən bu çiçəkləri yalnız bir-iki il yaşada bildim. Ömürlük nədi, heç çoxillik də deyilmişlər... Bəlkə də doğma yurdlarının xiffətini çəkdiklərindəndi, bəlkə də onlar üçün uyğun sayılmayacaq bir məkanda özlərini qərib, yad hiss etdiklərindəndi... hər nədisə soldular, məhv oldular...

... Və mən Laçının və bütün Vətənimin, laçınlıların və hamımızın ən hüznlü günündə 1992-ci ilin 6 iyununda çalışdığım "Həyat" qəzetində çap etdirdiyim, həmin günlərin əhvalı ilə qələmə alınmış "Laçın əyilməzdi... onu kim əydi?!" sərlövhəli yazımı bu günkü oxucuların nəzərinə çatdırmaq istəyirəm. Çünki Laçın Azərbaycanın qədim yaşayış məskənlərindən biridir.... və biz onu işğaldan azad edəcəyik və həmişə də bizim olacaqdır.

****

... Şuşanın işğalından sonra Laçının taleyi tükdən asılı idi. Acı bir həqiqət olsa da, əksəriyyət Laçının Şuşasız duruş gətirəcəyinə şübhə edirdi. Amma heç kəs bu günü arzulamırdı, xəyal belə etmirdi.

Xocalı faciəsi, Şuşa müsibəti kimi Laçının da işğalını bir neçə gün xalqdan gizlətdilər. Yalanın isə ömrü uzun olmur, - deyirlər. Olmadı da. Laçının itirilməsi həqiqəti hamıya məlum oldu. Çoxumuza elə gəlirdi ki, Laçın təklikdə düşmənə müqavimət göstərə bilməz. Demə...

Başı bəlalı Laçının hər daşına, kəsəyinə bələd olanlar tamam başqa fikir yürüdürdülər. Laçını qorumaq olardı. Amma...

Hələ ki, Laçının varlığı beş kəndlə - Güləbird, Səfiyan, Türklər, Yuxarı Fərəcan, Aşağı Fərəcanla müəyyən olunur. Bu kəndləri isə laçınlı Vaqif Cabbarovun könüllülərdən ibarət dəstəsi və Qubadlı igidləri qoruyurlar. Bizi həmin kəndlərə Qubadlının könüllülərdən ibarət batalyonunun komandiri, məşhur idmançı (ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı) Əliyar Əliyev, onun müavinləri Sadiq Paşayev və Yaqub Əliyev apardılar. Əliyar Əliyev əlini qarşı tərəfə uzadaraq deyir: "Baxın, o torpaqları görürsüz, hamısını biz Qubadlı döyüşçüləri azad edəcəyik". (Elə Laçın torpaqlarının müdafiəsində də şəhid oldu. Allah rəhmət eləsin).

GÜLƏBİRD

kəndinin girəcəyindəki laləli düz nədənsə mənə şəhid qanına bələnmiş bir parça vətən torpağını xatırlatdı. Azadlığa gedən yol şəhidlikdən keşir. Torpağın azad nəfəs alması üçün bu qan onun damarlarına hopub axmalıdır. Biz hələ də o məqamı gözləyirik. Yəqin torpaq hələ doymayıb. Ulu ustadımız Sarı Aşığın qarşı dağdakı tənha məzarı indi elə bil sakinləri tərəfindən tərk edilmiş Güləbirdin xiffətini çəkir. Bu gözəllik, bu füsunkar təbiət sanki heç kəsə lazım deyilmiş. Elə bil şəninə şeirlər yazılan, dastanlar qoşulan Laçın torpağının bu kiçicik parçası heç kəsin ömründə iz salmayıbmış. İllər uzunu kənd əhlinin dişlə, dırnaqla, alın təriylə, min bir əziyyətlə düzəltdikləri ev-eşik, həyət-baca kimsəsizlikdən təngə gəlib, biganəliyin, baxımsızlığın, atılmışlığın xiffətini, zillətini çəkir. Sahibsiz həyət-bacada  o tərəfə, bu tərəfə vurnuxan toyuq-cücə, qoyun-quzu, mal-qara, it-pişik məzlum-məzlum yoldan ötənlərə boylanır, acından səs-səsə verib qaqqıldaşır, mələşir...

Yol boyu iylənmiş heyvan cəmdəklərinin üfunəti gülün-çiçəyin ətrini üstələyib. Bu gözəlliyin qəlbinə iri bir xal düşüb. Lalələrin qəlbindəki qara yara kimi... Zorla qəhərimi boğuram, dişim dodağımı kəsir. Nə ətrafıma toplaşanlardan bir kəlmə soruşa bilirəm, nə də ki, qəlbimdən keçənləri söyləyə. Yol yoldaşım, döyüşçü Babəkin də qanı damarında donmuşdu sanki. Köməyimizə Vaqif Cabbarov çatır: "Hə, indi gördünüz ki, biz nələr çəkirik", - deyə sözə başlayır:

-Bu cür torpağa, daha doğrusu, cənnətə üz çevirəndən Allah da keçməz. Adamı yandırıb-yaxan odur ki, bir güllə belə atılmadan şayiələrə uyub Laçını tərk etdilər. Müqavimətsiz təslim ediblər bu cənnət məkanı düşmənlərə. Mayın 3-ü və 4-də Qayğı qəsəbəsini hərbi vertolyotlarla bombaladılar, bir nəfər qaçmadı. Bəs, indi nə oldu? Kimlər yoldan çıxardı onları? Kimlərin felinə düşdülər? Kimlərin fitnə-fəsadına uydular? Axı, bütün bunlar başlı-başına buraxılmayacaq. Bir gün tariximiz doğru-dürüst yazılacaq. Belə şərəfsiz tarix kimə lazımdır? Məgər babalarımız bişim üçün şərəfsiz tarix qoyub gediblər? Məgər onlar belə vəsiyyət ediblər? Nankor övladlar cəzalarına çatmalıdılar, ya yox?..

Ahıllığın astanasında duran Vaqifin tüstülənə-tüstülənə dediyi bu sözlər ürəyimi xəncər kimi ovur. Eloğlularının dönüklüyünə dözməyib könüllüləri başına toplamış və işğal olunmuş Azərbaycan torpaqlarının geri alınması uğrunda mübarizəyə başlamışlar. Könüllülər deyəndə oğlanları Cabbar, Valeh, Cəlal və Aqil, yeznəsi Şakir, əmisi uşaqları Rizvan, Səfa, Nurəddin, Elşad, Malik, Tahir, Habil, Məhərrəm, Qafar... Qohum-qardaşın bu igidliyini və qeyrətini görən ayrı-ayrı kəndlərin cavanları da dəstəyə axışıb. Fərhad, Sərhad, Tahir, Saday, Etibar, İlqar, Şamil və bir çox başqaları.

Rafael Abdullayev əslən Laçınlıdır. Xeyli müddətdir Bakıda yaşayır. Bu xəbəri eşidəndən doğma yurda üz tutub. Qərib Mirişli ağırlıq qaldırma üzrə çempiondur, keçmiş SSRİ miqyaslı yarışlarda dəfələrlə uğurla iştirak edib. Torpaqlarımız düşmən təcavüzünə məruz qalan gündən silaha sarılıb dədə-baba yurdu Cəbrayılın müdafiəsinə qalxıb. Gənc olmasına baxmayaraq, altı qız, iki oğul atasıdır. Laçın dərdi ona daha çox yer eləyib.  Səkkiz uşağını həyat yoldaşının ümidinə qoyaraq bura gəlib. İndi Cəbrayıl rayonunun Pirəsət kəndində yaşayan yeganə ailə Qəribin ailəsidir. Çünki digərləri çoxdan ailələrini kənddən çıxarıblar.  Qəribin ailəsinə isə nə həyan duran var, nə də ki, köməklik göstərən. Söz verib ki, Laçını azad görməyincə geri dönməyəcəkdir. Müsahibə verməkdən boyun qaçırdı. Qədim bir bayatının son misralarını pıçıldadı: "Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı, -deyiblər. Qanımız vətən torpağına qarışacaqsa, bunun özü də əlçatmaz xoşbəxtlikdir".

Rayonun icra hakimiyyəti başçısının Güləbird üzrə nümayəndəsi Qaçay Aslanovun sinəsi isə həm dərdlə, həm də sözlə doludur:

-Güləbirdin 1700 nəfər əhalisi, 348 təsərrüfatı var. İndi kənddə qalanları barmaqla saymaq olar. Buralara erməninin ayağı dəyməyib. Bəs, niyə qaçıblar? Sarı Aşıq kolxozunun 36 maşınından heç biri gözə dəymir. Hamı qeybə çəkilib elə bil. Hərə idarə etdiyi texnika ilə birlikdə aradan çıxıb. Heç olmaya qoyub gedəydilər, indi karımıza gələrdi. 670 baş qara mal, 400 baş qoyun-quzunun harada olmasından da kimsənin xəbəri yoxdu. Kolxozun sədri Tahir Salahov əmin-amanlıq vaxtı özünü bəy kimi aparırdı. Birincilər sırasında qaçanlardandır. Bu cür quru bəylər nəyimizə lazımdı? Bəs, Güləbirddə qalıb işləyənlərin maaşlarını kim verməlidir? Onların ortabab təchizatını kim təmin etməlidir? Laçını satanlara onun duzu, çörəyi haram olsun, gözlərini tutsun. Amma üzümü Güləbirddən qaçanlara tutub deyirəm: "Qayıdın doğma kəndinizə, burada müdafiəçiləriniz çoxdu. Həm də lap çox".

Qubadlı rayon daxili işlər şöbəsinin rəis müavini Əli Mehdiyev qəzəbinni boğa bilmir. Hadisələrin şahidi kimi reallıqları, həqiqətləri açıqlayaraq deyir:

-Məğlubiyyətimizin əsas səbəbi odur ki, hələ də müharibə qanunları ilə yaşamırıq. Daha doğrusu, indiyədək müharibədə uduzmamışıq, siyasi oyunlarda uduzmuşuq. Bir mafiya digərini yıxmaqdan ötrü cinayətə belə əl atır. Torpaq xalqındır. Məgər onunla alver etmək olar? Şuşanın mövqeyi ona alınmaz qala adını qazandırıb. Buna baxmayaraq, qeyd-şərtsiz təslim etdilər şəhəri. Kosalar Xankəndinin 16 kilometrliyində olmasına baxmayaraq, bir gün artıq nüqavimət göstərib düşmənə. Kəndin müdafiəçiləri ayın 9-da tərk ediblər Kosaları. Şuşanı qoruyan müxtəlif qüvvələr arasında birlik olmadı. Döyüşlər vahid komandanlıq altında getmirdi. Mən ayın 8-də Turşsuda idim. Kirs dağını aşaraq keçmişəm bu tərəfə. Fikirləşirdim ki, heç olmaya Laçını qoruya bilək. İlk günlər ümidimiz də artmışdı buna. Mayın 13-də Laçına güclü texnika gətirildi. Bu texnikayla Qarabağdakı quldur yuvasını darmadağın etmək olardı. Təəccüblü olsa da, bir gün sonra texnikanı elə gəririldiyi yolla da geri qaytardılar. Soruşanda da cavab verdilər ki, belə əmr almışıq, təcili Bakıya dönməliyik. Qubadlının milis işçiləri, müdafiəçiləri xahiş etdilər ki, heç olmaya texnikanı qoyub getsinlər, onlar Laçına kömək etmək istəyirlər. Gedənlər isə güclü müqavimət göstərdilər. Real qarşıdurma vəziyyəti yaranmışdı. Hətta bir milis nəfərini də öldürdülər. Həmin qüvvələr Bakıda kimləri müdafiə edəcəkdi? 14 may çevrilişinin əks-sədası cəbhə xəttində də özünü göstərmişdi.

Laçının səlahiyyət sahibləri kənd-kənd gəzərək camaata car çəkmişdilər ki, Şuşa gedəndən sonra sizin təhlükəsizliyinizi təmin edə bilməyəcəyik. Təxribatçı qrupun üzvləri Mehdixanlı kəndinin sakinlərinə bildirmişdilər ki, niyə oturmusunuz, Laçın əhalisi çıxıb, ermənilər gəlib sizi qıracaq. Amma kənddə həmin çağırışa səs verən bir nəfər də tapılmayıb.

Yuxarı Fərəcan kəndinin sakini Kazım Əmrahovu da həmyerlilərinin dönüklüyü, bir də xəyanəti yandırıb-yaxır. Deyir ki, bu kənddə atışma olmayıb. Hadrutla ortaq sərhədlərimizə yerli milis işçiləri və Milli Ordunun əsgərləri nəzarət edirdilər. Mayın 12-dən 13-nə keçən gecə mövqeləri  daha da möhkəmləndirdilər. Biz də arxayınlaşdıq. Sonra əmr gəldi ki, kəndi boşaltmaq lazımdır. Çox keçməmiş daha bir əmr gəldi. Halbuki atışma olmamışdı. Çarəsiz qalıb ailəmi İmişlidə yerləşdirdim. İndi qayıtmışam torpaqlarımızın geri alınması uğrunda döyüşənlərin yanına. Amma texnikanın  yoxluğu üzündən Güləbirddən irəli gedə bilmirik. Məgər erməni tapdağında qalan torpaqlar dövlətimizə lazım deyil?

Laçınlı Sabir Həsənov da Bakıda yaşamasına baxmayaraq, kəndini qorumaq üçün bura qayıdıb. Onun da nigarançılığı texnika sarıdandır. Suarası deyilən əraziyə ermənilərin çoxlu texnikası toplanır. Bu da o deməkdir ki, yaxın günlərdə güclü hücum olacaq. Biz isə durub gözləyirik. Nə vaxta qədər?

SƏFİYAN

kəndi Güləbirdin 18-20 kilometrliyindədir. Kəndə doğru gedən dağ yolunu mübaliğəsiz dünyanın ən gözəl, yaraşıqlı, əsrarəngiz, möcüzə yollarından biri sayardım. Zümrüd meşələrə qərq olmuş dağların sinəsi ilə qıvrıla-qıvrıla qalxıb-enən bu yol adamın canından yorğunluğunu sorub çıxarır. Hər iki tərəfi sıldırım qayalıqlarla əhatələnmiş bu yol yolçunu əsla qorxutmur. Əksinə, yaşıllıq gözlərə dinclik, qəlblərə rahatlıq  bəxş edir. Səfiyana yaxınlaşdıqca təbiətin füsünkarlığı, cazibə qüvvəsi də artır elə bil. Qeyri-ixtiyari özünə sual verirsən: Adam belə gözəlliyə üz çevirərmi? Buraların təbiəti insanı nə qədər valeh edirdisə, boş qalmış evlər, ev heyvanlarının kimsəsizliyə və baxımsızlığa etiraz əlaməti kimi səs-səsə verməsi bir o qədər məyus edirdi bizi. Kimi şəxsi maşınını, kimi idarə etdiyi texnikanı, kimi də bütün əmlakını qoyub qaçıb. Həyət-bacanın kimsəsizlikdən, susuzluqdan bağrı çatlayır. Çat-çat olmuş torpaq insan hənirinə, insan qayğısına möhtacdır. Burada nə gördüksə,  hamısı qəmli həsrət nəğməsinin fəryadını andırırdı bizə. Kəndin sakini, poçt şöbəsinin müdiri Fazil Aslanov isə bircə dəqiqəliyə olsa da, buranı tərk etməyib. Ağrılarını bizimlə bölüşən ilk müsahibimiz də o oldu. Dedi:

-Camaatın qaçmasına heç bir lüzum yox idi. Küyə düşdülər. Axı, kəndin cavanları mövqedə möhkəm durmuşdular. Məzahir Həsənov, Famil Murtuzayev, Xaqani Xıdırov, Elxan Məmmədov, İlqar Zeynalov və başqaları sayıqlığı bir an da itirmirdilər. İlqarın, Cəmşidin, Ziyadın, Elxanın, Səfyarın, Zakirin, Rasimin, Namiqin, Hamletin və adlarını yazmadığım bir çoxlarının igidliyi dillərdə gəzir. Belə oğulları olan valideynlər nədən qorxmalıdırlar axı?

Kənddə xeyli təqaüdçü var. İndi hərə bir səmtə dağılışıb. Xəbər yollayırlar ki, sənədlərini göndərim, müvəqqəti sığınacaq tapdıqları yerin poçt şöbələrindən pensiyalarını alsınlar. Mən əlimə əsa götürüb el-el, oba-oba onların arxasınca düşən deyiləm. Zəhmər çəkib gəlsinlər, nə lazımdırsa götürüb aparsınlar. Amma döyüşçülər kənd camaatını, ələlxüsus cavanları geri çağırırlar. Dar ayaqda adam yoldaşını meydanda tək qoyub qaçmaz, - deyirlər.

BÜTÜN BUNLARA BAXMAYARAQ,

Güləbird, Səfiyan, Türklər, Yuxarı Fərəcan, Aşağı Fərəcan kəndləri bu gün etibarlı əllərdədir. Kəndləri həm yerli cavanlar, həm də Qubadlı igidləri mərdliklə qoruyurlar. Könüllülərin dəstə komandiri Mehman Kərimov dedi:

-Biz bura ürəyimizin çağırışı ilə gəlmişik. Məcbur edən olmayıb. Nə olsun ki, müxtəlif yerlərdə dünyaya göz açmışıq. Vətənin hər hansı bir guşəsi dardadırsa, hamı əlindən gələn köməyi göstərməlidir. Tank heyətinin komandiri Cəlal Babayev Qubadlıdandır. Bəxtiyar Osmanov Ağsudan, Ramiz Allahverdiyev isə Sumqayıtdan gəlib. Ələkbər Əliyev, Sahib İsmayılov, Ənvər Məmmədov, Nəsir Süleymanov, Camal Paşayev, İlqar Şirinov, Çingiz Həsənov, Aslan Atakişiyev buraları özlərinə doğma yurd-yuva sanırlar. Deyirlər ki, bu torpaqlarda əmin-amanlıq bərpa olmayınca, evimizə dönməyəcəyik.

Onu da deyim ki, Laçının kəndlərini qoruyanlardan bir qismi yerli əhalidir. Bölmə komandiri Çingiz Qəhrəmanov xahiş etdi ki, hamısın adını qəzetdə yazım. Qoy yaşıdları, dostları onların adlarını vətən müdafiəçilərinin arasında görüb xəcalət çəksinlər. Bəlkə bundan sonra doğma kəndə qayıdan oldu. Mən məmnuniyyətlə bu xahişə əməl edirəm. Tanış olun - Fazil Aslanov, Elçin İsmayılov, Firudin Kərimov, Nazim Qorçiyev, Məhyəddin Səfərəliyev, Nazım Bayramov, Əziz Əliyev, Fikrət Həsənov, Nüsrət Məmmədov, Ağa Mehdiyev, Firdovsi Məmmədov, Bakıdan köməyə gələnlərdən Zakir Mehdiyev, Sabir Həsənov, Vidadi Mehdiyev, Saday Mustafayev...

Bu gün Laçının varlığı, həyatı onların şücaətinə bağlıdır. Qarşı dağlarda mövqe tutan ermənilər nə yolla olur-olsun irəliləmək, işğal etdikləri ərazilərə Qubadlını da qatmaq niyyətindədirlər. Yaşıl ormanlar, laləli düzlər atəş səslərinə öyrəşib. Zərif dağ çiçəklərinin insan nəfəsindən xəfifcə titrəyən ləçəkləri qumbara səsindən diksinmir daha. Hər şey müharibə qanunlarına tabedir burda. İnsanlar da, təbiət də. Bəzi üzüdönüklərdən başqa...

Əmin-amanlıq vaxtı xalq işləyib milisi, hərbçini, camaatın təhlükəsizliyinə cavabdeh olmalı şəxsləri yedirib-içirib. Dolandırıb ki, dar ayaqda onlara həyan dursun, təhlükəsizliyi təmin etsinlər. Həmin gün gəlib çatsa da, çoxları vətəndaşlıq borcu bir yana, heç vəzifə borclarını da yerinə yetirmir. (Səlahiyyətli şəxsləri nəzərdə tuturuq). Laçın daxili işlər şöbəsinin əməkdaşlarının əksəriyyəti gözə dəymirdi. Yalnız Güləbird kəndinin sakinlərindən baş leytenant Nəriman Şirinov, serjant Qorxmaz Eyvazov, milis işçilərindən Əlvan Eyvazov və Gəray Məmmədov müdafiəçilərin arasındadır. Onların həmkarlarından isə, nə qədər çalışsaq da, soraq belə verən olmadı.

Qubadlı rayonundakı Həcər adlı kolxozun sədri Əvəz Hüseynquliyev bütün ağsaqqalların fikrini ifadə edərək bildirdi:

-İndi nizam-tərəzi qurub suçluyla suçsuzu ayırmaq zamanı deyil. Umu-küsü etməyə də heç birimizin haqqı yoxdur. Gedənlər səhvlərini daxilən etiraf etsinlər və gəlsinlər torpaqları qorumağa. El elə arxa, dayaq olmalıdır.

Yazımı Laçının igid müdafiəçisi Vaqif Cabbarovun sözləri ilə bitirmək istəyirəm: "Laçının işğalına etiraz əlaməti olaraq mübarizəyə atılanda beş nəfər idik. Mən və oğlanlarım. Yavaş-yavaş dəstəmiz böyüdü. İndi qohum-qardaşım, dost-tanışım mənimlə birlikdə vuruşur. Laçın heç vaxt əyilnəzdi. Onu əydilər. Xəyanətkarlar yaxın vaxtlarda aşkarlanacaq. Amma biz Laçının qəddini düzəltməliyik. Bu, namus, qeyrət məsələsidir. Ciddi yanaşmasaq məğlubiyyətlərimizin sayı artacaq, rüsvayçılıqla barışmalı olacağıq. Qaçanlar səhvlərini dərk edib qayıtmasalar, dinc dövrdə onları bağışlamayacağıq. Onlara Laçında yer olmayacaq. Sözlərimi yaxşı-yaxşı dinləsinlər və yadlarında saxlasınlar. Qadınları, uşaqları təhlükəsiz zonalarda yerləşdirən kişilər əlinə silah alıb bizə qoşulsunlar. Biz onların yolunu gözləyirik".

Bəli, müharibə dövrünün ab-havasıyla, həyəcanıyla, təlaşıyla, ümidsizlikləriylə...yazdığım yazıların hamısının sonluğu nikbin notlarla tamamlanırdı. Çünki odun-alovun içində vətənimizin keşiyini çəkən və erməni quldurları ilə ölüm-dürüm mübarizəsi aparan igidlərimizin hamısı beləcə ruh yüksəkliyi ilə qələbəyə köklənmişdilər. İnam olmayan yerdə, ümidi öldürdüyün yerdə dura bilməzsən təbii. İndi bu yazının yazıldığı tarixdən elə Laçının işğalı qədər bir zaman ötüb. Ötsün. Amma bu son deyil ki... Yazımın sərlövhəsini "Laçınlı Vətən" qoydum. Mənim üçün hələ də müvəqqəti işğal altında qalan o torpaqlar Vətənimin bütöv hissələridir. Sadəcə bir qismi dağınıq düşüb...nizamı pozulub...bəlkə də inciklikdən... laqeydlikdən...biganəlikdən...daha nələrdən küskündülər...amma... Toparlayacağıq! Bütövləşəcəyik! Var olacağıq! Gücümüzü hər kəsə göstərəcəyik!

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR