AƏSMA-da AXC-nin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan  Əmək və Sosial Münasibətlər Akademiyasında  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti - tariximizin şanlı səhifəsi" mövzusunda respublika konfransı keçirilib.

"Olaylar" xəbər verir ki,  Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra AXC-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Konfransı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru sosiologiya üzrə elmlər doktoru, professor Hüseyn Qaraşov açaraq AXC-nin yaranmasının 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamının əhəmiyyətindən, Şərqin ilk demokratik respublikasının ictimai-siyasi və diplomatik fəaliyyətindən, 23 ay ərzində ölkədə aparılan islahatlardan danışdı, demokratik hüquq və azadlıqların təmin edilməsi, etnik, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlara malik olması sahəsində əldə edi­lən uğurlar barədə məlumat verdi.

Sonra söz alan AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov "Azərbaycançılıq və Azərbaycan Cümhuriyyəti" mövzusunda çıxış edərək milli oyanış, azərbaycançılıq məfkurəsi, milli-azadlıq hərəkatının genişlənməsində milli ideoloqlardan olan Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və başqalarının xalqın azadlığı uğrunda mübarizəsini geniş təhlil etdi. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verdi, sinfi bərabərsizliyi ortadan qaldırdı, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərov "Milli maarifçilikdən milli istiqlala gedən yol - Azərbaycan Cümhuriyyəti" adlı məruzəsində bildirdi ki, maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının "Sosial tərəfdaşlıq, həmkarlar ittifaqı hərəkatı və humanitar fənlər" kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov "Azərbaycan Xalq Cümhuriyyəti dövründə  həmkarlar ittifaqının fəaliyyəti" adlı məruzə ilə çıxış edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR