Başlıq dəyişdi – Meyidi tapılan alpinistlər

4 metr dərinlikdə batan gənclik...

Ötən il dekabrın 27-dən etibarən "itkin düşən alpinistlər..." başlığı ilə bir çox xəbərlər, yazılar çıxmağa başladı. Xəbərlər ilk öncə 3 alpinistin "yoxa çıxması" ilə başladı, itkin düşməsi, həlak olması, "güman gələn" bütün istiqamətlərdə axtarışların aparılması, 3500 m hündürlükdə rast gəlinən bəzi izlər, alpinistlərin 10-15 m qarın altında olması, yağan qarın alpinistlərin axtarışını çətinləşdirməsi, avstraliyalı alpinistlərin axtarışa qoşulması, sirrini verməyən Tufandağ kimi xəbərlər, yazılar çıxsa da təəssüflər olsun ki, təsdiqlənmiş formada "itkin düşən alpinistlər tapıldı", "itkin düşən alpinistlər sağdır" kimi xəbərlər oxuya bilmədik. İndi isə 5 ay sonra "meyiti tapılan alpinistlər" başlıqlı  xəbərləri oxuyuruq.

İlk xəbər isə bu cür yayılmışdı. Beləki, "Fövqəladə Hallar Nazirliyi (FHN) alpinistlərin itkin düşməsilə bağlı məlumat açıqlayıb. FHN-dən verilən məlumata görə, dekabrın 26-da axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb. Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsi axtarışlara başlayıb. Klubun yaydığı məlumata görə, alpinistlər -Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə Şahyayalaq, Mahmuddərə marşrutu üzrə hərəkət edərkən klubla əlaqə kəsilib".

İlk xəbərdən 5 ay sonrakı xəbər isə bu cür yayımlandı. Beləki, "Ötən il dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün (16 may) saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 m dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilib və ilkin olaraq iki kişi və bir qadın meyiti aşkar edilib"

Nə qədər acı olsa da doğrudur ki, 5 ay sonra bu üç gəncin sağ qalması real görünmürdü. Buna baxmayaraq insanın içində ümidlər qalırdı... Bilmirəm. Bəlkə də bu çox film izləməyimizdən irəli gələn bir duyğudur. Çünki bu cür "sağqalma" hadisələri yalnız filmlərdə olur. Biz bu filmi real olaraq görmək istərdik. Onların sağ-salamat geri dönüşünü... "ümid sonda ölür".

Buzların gizlətdiyi adamlar

"Ölümün bizi harada gözlədiyi bəlli deyil. Yaxşısı budur biz onu hər yerdə gözləyək"- Montaigne

Xatırlayıram ki, 1 əvvəl Alp dağlarında iki alpinsit 30 ildir itkin düşmüş alman alpinistin buzun içərisindən cəsədini tapmışdı. Hətta 75 ildir cəsədi tapılmayan cütlüyün də cəsədi buzlar içərisindən tapılmışdı. Təqdiqatçılar isə bu uzun illərdən sonra cəsədlərin tapılması səbəbini Alp dağlarında qlobal istiləşmə ilə bağlı buzların geri çəkilməsində görmüşdü.

Tufandağın qlobal istiləşməyə nə qədər məruz qaldığını bilmirəm. Lakin bildiyim odur ki, burada da gənclərin taleyi haqqında tam xəbər "havalar istiləşəndən", "qarlar əriyəndən" sonra aydın oldu. Lakin 30 il, 75 il sonra yox cəmi 5 ay sonra.

Təəssüflər olsun ki, gənclərimizi itirməyimiz onların cansız bədənləri ilə təsdiqləndi. Lakin cansız belə olsa onların tapılması nə qədər üzücü olsa da sevindirdi... Yaxşı ki, axtarışlara birdəfəlik son qoyulmadı.

Hüseynov Baburun dostu onun ölümündən kədərini bu sözlərlə ifadə edib:

"Babura dair yaşam ümidlərimizin sonuna gəldik. Meyitlər tapıldı. Allah rəhmət eləsin, mənim əziz qardaşım. Heç vaxt yaddan çıxmayacaqsan, heç vaxt".

Babur, Namin və Fəridə bu üç gəncimizin bu cür fəlakətlə həlak olması yalnız onların doğmaları, yaxınları üçün deyil, millətini sevən, gəncini sevən hər bir azərbaycanlı üçün yetərincə üzücü hadisədir. Çünki onların hadisə baş verən zaman nələr yaşadığını, nələr hiss etdiyini, xilas olmaq üçün necə mübarizə apardıqlarını və bəlkə də artıq xilas ola bilməyəcəklərinə əmin olduqları zaman çarəsizcə ölümü necə gözlədiklərini düşünmək bir gənc kimi mənim üçün olduqca ağırdır...

Bu cür savadlı gənclərin qarsız, çovğunsuz, uçqunsuz bir yerdə normal bir şəraitdə işləmək, özlərini inkişaf etdirmək varkən, öz ideologiyaları uğrunda nə qədər çətin olmasına baxmayaraq belə bir sənəti seçmələri Azərbaycan gəncliyi adına qürürverici haldır. Lakin başlarına gələn fəlakət Azərbaycanda "ekstrim idman növləri adına" utancverici hadisədir. Doğrudur, heç bir idman klubu üzvlərinin məhv olmasını istəməz. Lakin istəməmək yetmir.

"Günahkar" bildiyimiz Tufandağın hündürlüyü 4191 m`dir. Everestin hündürlüyü isə 8850. Bu cür zəif təchizatlarla və bu cür aşağı məsuliyyətlə alpinstlərimizin 8850 m` hündürlüyə getməsi məsələsi olsaydı, icazə veriləcəyi təqdirdə nələr yaşanacağının düşüncəsi belə qorxuducudur...

Nigar Orucova

P.S. Alpinistlərin axtarıldığı müddətdə insanlar arasında belə bir fikir də dolaşırdı ki, bəlkə gəncləri yadplanetlilər aparıb. Alpinistlərin ölüm xəbərini eşidəndə ilk dəfə yadplanetlilərə acığım tutdu. Kaş aparaydılar...

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR