FHN: "Alpinistlər istirahət zamanı güclü qar uçqunu altında qalıb" - HADİSƏ YERİNDƏN (VİDEO) .

 

Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yürüş zamanı itkin düşən alpinistlərin cəsədlərinin tapılması istiqamətində aparılan əməliyyatların detalları məlum olub. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, itkin düşən şəxslərin hər üçünün meyiti çadırda aşkarlanıb.

Fövqəladə Hallar Nazliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bölük komandiri, axtarışlara cəlb olunan qrupun rəhbəri Toğrul Mehdiyev APA TV-nin yerli bürosuna bildirib ki, bir neçə gün öncə müəyyən ipucları tapılıb. Məhz bundan sonra bütün güclər həmin istiqamətə yönəldilib. Onun sözlərinə görə, axtarışlara kinoloji xidmətin xüsusi təlim görmüş itləri də cəlb olunub:

"Təxminən 100-120 metr olan ərazi idi. Əvvəllər 13-14 metr olan qar hazırda 4-6 metr olardı. Axtarışlar o istiqamətdə yönəldildi və gücləndirildi. 2 gün ərzində aprılan axtarışlar nəticəsində tapıldılar. Təxminən 2800-2900 metr hündürlükdə, 4 metr qar uçqunu olan ərazidə 2-2,10 metr qazıntı nəticəsində cəsədlər çadırda tapılıb".

O həmçinin bildirib ki, bundan sonra itkin düşmüş alpinistlərin meyiti Quba rayon Mərkəzi Xəstəxanasının morquna gətirilib. Yaxın saatlarda isə alpinistlərin meyiti Bakıya göndəriləcək və müayinə olunması üçün məhkəmə-tibb ekspertizasına təhvil veriləcək:

"Birinci Babur, ikinci Fəridə, 3-cü isə Namin tapılıb. Hamısı istirahətdə olduqları zamanı güclü uçquna düşüblər və hərəkət imkanları olmayıb".

Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR