Azərbaycanda ədalətli hüquqi müdafiə institutları formalaşıb

Bu sistem pozulmuş hüquqların bərpasında əhəmiyyətli rol oynayır

Azərbaycanda uğurla həyata keçirilən məhkəmə hüquq islahatları nəticəsində ölkəmizdə əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən yeni hüquq sistemi yaradılıb, qısa müddət ərzində demokratik prinsiplərə və beynəlxalq tələblərə uyğun qanun və məcəllələr qəbul edilib. 21 oktyabr 2005-ci il tarixdə İnzibati icraat haqqında qanun qəbul edilmiş, dövlətimizin başçısı İlham Əliyevin 2010-cu il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" qanunla yerli iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələr yaradılmış və məlum olduğu kimi, "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli Qanunu ilə qəbul edilmiş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 2011-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. İnzibati məhkəmələrin yaradılmasının, İnzibati icraat haqqında qanunun və İnzibati Prosessual Məcəllənin vacibliyi ilə bağlı qeyd edilməlidir ki, şəxsi inzibati orqanların qanunsuz inzibati aktlarından və hüquqazidd hərəkətlərindən (hərəkətsizliyindən) qorumaq üçün səmərəli və ədalətli hüquqi müdafiə institutlarının yaradılması hüquqi dövlət prinsipləri baxımından çox önəmlidir.

İnzibati prosessual icraat haqqında qanunun qəbul edilməsi inzibati orqanların icraat qaydalarını hüquqi dövlət prinsiplərinə uyğunlaşdırmaq və şəffaflaşdırmaq, inzibati orqanların fəaliyyətinin qanuna əsaslanmasını təmin etmək, habelə vətəndaşlara və hüquqi şəxslərə inzibati orqanların onlara dair qəbul etdiyi qərarlarını məhkəmə qaydasında yoxlamaq hüququ vermək məqsədi daşıyır. İnzibati Prosessual Məcəllə isə maraqlı şəxsə inzibati akta və digər inzibati fəaliyyət formalarına qarşı hüquqi baxımdan müdafiə olunmaq, öz mövqeyini müdafiə etmək üçün daha səmərəli və təsirli hüquqi vəzifələrdən istifadə etmək imkanları verir. Qeyd olunmalıdır ki, bu qanunlar vətəndaşlarla dövlət arasındakı münasibətləri fərqli bir şəkildə tənzimləyərək Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş qanunun aliliyi prinsipini daha da möhkəmləndirir.

İnzibati Prosessual Məcəllə bir tərəfdən inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında yaranmış inzibati mübahisələrə baxılması və həll edilməsinin prosessual qaydalarını müəyyən edir, digər tərəfdən isə şəxsin bu sahədə hüquqi müdafiəsinin inzibati məhkəmə prosesi formasında təmin olunmasını nəzərdə tutur. Bu məcəllə qəbul olunanadək inzibati orqanlardakı icraat qaydaları ayrı-ayrı qanunlardakı müxtəlif normalar və bir sıra normativ-hüquqi aktlarda yalnız səthi şəkildə tənzimlənirdi. Bu sahədə vahid bir qanun olmadığı üçün müxtəlif inzibati orqanlarda bu münasibətləri tənzimləyən normalar çox fərqlənirdi. Hər bir dövlət orqanı vətəndaşlara münasibətdə icraat qaydalarını özü müəyyən edirdi. Əksər hallarda bu qaydalar dövlət orqanlarının deyil, vətəndaşların vəzifələrini tənzimləyirdi.

İnzibati icraat barədə hüquqi dövlətin tələblərinə cavab verən bu qaydalar demokratik bir dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Yalnız inzibati orqanların bütün prosedurlarına və qəbul etdiyi qərarlara şamil olunan vahid müddəaların müəyyən edilməsi ilə hüquqi təhlükəsizlik və bütün vətəndaşların bərabərhüquqluluğu təmin olunur. Bu məqsədlə yeni inzibati icraat, hər şeydən əvvəl, dövlətin vətəndaşlara münasibətdə vəzifələrini, eləcə də vətəndaşların dövlətə münasibətdə malik olduqları hüquqları tənzimləyir. Azərbaycanın yeni inzibati icraat hüququ inzibati orqanın daxilində onun qərarlarına qarşı inzibati şikayət formasında hüquqi müdafiənin şərtlərini tənzimləyir. Lakin vətəndaşın onun razı olmadığı tədbirə qarşı heç də inzibati orqanın özünə müraciət etməsi zəruri deyil, belə ki, o, hüquqi müdafiə əldə etmək üçün birbaşa məhkəməyə də müraciət edə bilər. Bununla bağlı müddəalar İnzibati-Prosessual Məcəllədə nəzərdə tutulmuşdur. Həmin məcəllənin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir.

İnzibati məhkəmə icraatında iştirak etmək hüququna fiziki və ya hüquqi şəxslər, dövlət orqanları və ya bələdiyyələr malikdirlər. İnzibati Prosessual Məcəllənin tələbləri baxımından inzibati məhkəmələrin üzərinə böyük məsuliyyət qoyulur. Belə ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulan məhkəmə icraatı mülki icraatdan kəskin olaraq fərqlənir. Bu fərq məhkəmə icraatının prinsiplərində də öz əksini tapıb. Belə ki, işin hallarının araşdırılması prinsiplərinə həsr olunmuş 12-ci maddənin 1-ci və 2-ci bəndlərinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin məcəllənin 13-cü maddəsində məhkəmələrin yardım etmək vəzifəsi göstərilir. Bu maddəyə əsasən məhkəmə irəli sürülən iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Halbuki Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin tələblərinə əsasən sübutetmə vəzifəsini qanun tərəflərin üzərinə qoyur.

İnzibati Prosessual Məcəllənin müddəalarına əsasən, iddiaçı inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi, bu cür iddialara mübahisələndirmə haqqında iddia deyilir, eləcə də özünün arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə iddialar isə məcburetmə haqqında iddia adlanır. Məsələn, dövlət orqanının və ya bələdiyyənin qəbul etdiyi qərar hər hansı bir fiziki və ya hüquqi şəxsin hüquqlarını pozur. Belə olan halda həmin fiziki və ya hüquqi şəxs məhkəmədə iddiaçı qismində çıxış edərək qəbul edilmiş inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini (mübahisələndirmə haqqında iddia) məhkəmədən tələb edə bilər (İPM-in 32-ci maddəsi). Eyni zamanda, yuxarıda artıq göstərildiyi kimi, qanun iddiaçıya onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin (dövlət orqanı və ya bələdiyyə) üzərinə qoymağı məhkəmədən tələb etmək hüququnu da vermişdir (İPM-in 33-cü maddəsi).

Məhkəmə inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. Təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə qərar qəbul edir və məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bundan başqa, şəxs inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialar qaldıra bilər.

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR