Qərb bölgəsində ziyanvericilərə qarşı mübarizəyə başlanıldı

May ayının 16-dan etibarən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzinin əməkdaşları və mobil bitki mühafizəsi dəstələri Tovuz, Qazax, Ağstafa, Şəmkir və Samux rayonlarını əhatə edən Ağdağ və Çeyrançöl ərazilərində, eyni zamanda Gürcüstan Respublikası ilə həmsərhəd olan Qazax rayonunun Şıxlı kəndi ərazisində sürü halında yaşayan Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə başlayıblar.

"OLAYLAR"-a  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən daxil olan məlumata görə, Şəmkir rayonunda 2000 ha, Tovuz rayonunda 2500 ha, Ağstafa rayonunda 2100 ha, Samux rayonunda 600 ha və Qazax rayonunda 800 ha sahədə (ümumilikdə 8000 ha sahədə) aparılmış monitorinqlər nəticəsində bu ərazilərin 5400 ha sahəsində sirayətlənmə aşkar edilib və kimyəvi mübarizə tədbirlərinə start verilib. Mübarizə
tədbirləri "Pikap" tipli avtomobillərə quraşdırılmış ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyətinə malik "AU 8115 M" çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir.
Kənd təsərrüfatı bitkiləri üçün əsl təhlükə mənbəyi sayılan Mərakeş çəyirtkələri əkin sahələrinə kütləvi şəkildə miqrasiya edərək bir neçə saat ərzində sahəni yararsız hala salır. İsti günlərdə Mərakeş çəyirtkələri çəkisinin yarısı qədər su itirir ki, bu da onların zərərli fəaliyyətini daha da artırır. Zərərvericilər 250 kilometr məsafəni uça bilirlər ki, bu da təsərrüfatlar üçün nə qədər təhlükəli olmalarından xəbər verir.
 

Çəyirtkəkimilər bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla miqrasiya etmək qabiliyyətinə malikdirlər. Bu səbəbdən də mübarizə tədbirlərini qısa zamanda həyata keçirmək lazımdır ki, kənd təsərrüfatı bitkilərinə vurula biləcək itkilərin qarşısı vaxtında alınsın.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR