Miqrasiya Xidmətinin əməkdaşları sahibkarlara təlim keçib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin tənzimlənməsi, müvəqqəti olma müddətinin uzadılması və onlara müvəqqəti yaşamaq üçün icazələrin verilməsi" mövzusunda təlim keçirilib.

"OLAYLAR" xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Abbasova Xəyalə və baş inspektoru Süleymanzadə Lalə tərəfindən keçirilən iki günlük təlimdə iştirakçılara Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazələrinin verilməsi və müddətinin uzadılması prosedurları haqqında ətraflı məlumat verilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli qərarı ilə təsdiq edilmiş "Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası"na görə əcnəbilərə Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi hər təqvim ili üzrə müəyyən edilmiş kvota çərçivəsində həyata keçirilir.

İş icazəsi ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır. İş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu işəgötürən tərəfindən ödənilir. Bu məbləğ 3 ayadək 350 manat, 6 ayadək - 600 manat, 1 ilədək isə 1000 manat təşkil edir. İşəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəy üçün sorğu göndərilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR