Hakimlər Probasiya xidmətinin elektron monitorinq fəaliyyəti ilə tanış olublar

Ölkə Prezidenti cənab İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamına uyğun olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülür, bu məqsədlə Ədliyyə Nazirliyində yeni Probasiya xidməti yaradılıb, həmin cəzaların icrasında müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb.

Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, bu sahədə bir sıra dövlətlərin təcrübəsi öyrənilib, müxtəlif xarici və yerli şirkətlərin elektron nəzarət qurğuları sınaqdan keçirilib və yerli istehsalçıya üstünlük verilib. Həmçinin, Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi yaradılaraq fəaliyyətə başlayıb və bu günlərdə ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə onun ictimai təqdimatı keçirilib.

Növbəti belə tədbir Bakı şəhəri Apellyasiya Məhkəməsi və paytaxtın rayon məhkəmələri hakimlərinin iştirakı ilə keçirilib. Hakimlər Probasiya xidmətinin Elektron monitorinq mərkəzinin fəaliyyəti, elektron qolbağın imkanları ilə yaxından tanış olub, elektron nəzarət vasitəsi tətbiq olunmuş məhkumlarla müvafiq sistem vasitəsilə əlaqə yaradılmaqla, onların üzərində izləmə prosesi və nəzarət qurğuları əyani nümayiş etdirilib. Məlumat verilib ki, elektron qolbaqlar azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, həmçinin məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum olunmuş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə tətbiq edilir və həmin şəxslərin ayağına bağlanılmaqla onların coğrafi yerdəyişməsinin izlənilməsinə, müvafiq məlumatların monitorinq mərkəzinə ötürülməsinə imkan yaradır. Monitorinq mərkəzi 24 saat ərzində fasiləsiz həmin vasitələrlə aparılan bütün izləmə məlumatları qəbul edir, məhkum edilmiş şəxslərlə operativ əlaqəni təmin edir və ona nəzarəti həyata keçirir. Bu tədbirlərin silsilə xarakter daşımaqla digər rayon (şəhər) məhkəmə hakimləri üçün də keçirilməsi nəzərdə tutulur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR