Qəbul imtahanları sonrası yeniyetmələrlə necə davranmalı...

 

Abituriyentlərin intiharında valideynlər günahkardır, ya təhsil sistemi?

Mayın 13-də keçirilən qəbul imtahanlarından sonra ölkədə abituriyent intiharı mövzusu gündəmə gəldi. Çünki iki abituriyentin imtahandan əldə etdiyi nəticələrə görə stresə girərək, özünə qəsd etməsi ölkəni silkələyib. Bundan öncəki qəbul imtahanları zamanı da eyni hal yaşanmışdı. Bəli, qəbul imtahanları həm də can alır. Ali təhsil almaq istəyindən daha çox, valideyn basqısı, cəmiyyətin göstərdiyi təpki uşaqlarda ciddi stress yaradır.

Sonuncu qəbul imtahanından sonra intihar edən 2001-ci il təvəllüdlü Pənah Quliyev evin tək uşağı olub.  Atası Mərkəz Quliyev aprelin 17-də qəza nəticəsində vəfat edib. İmtahan öncəsi bu hadisə də Pənaha mənfi təsir edib. P. Quliyevin ailəsi Qubadlı rayonundan məcburi köçkün düşüb. Özü də Sumqayıtda yerləşən Qubadlı-Saray məktəbində təhsil alıb. 37 yaşlı anası isə həmin məktəbdə ibtidai sinif müəlliməsi işləyib.

Bu il yanvarın 20-də 17 yaşı tamam olan Pənah marketinq-menecer ixtisasına sahiblənmək arzusunda olub. Bunu "Qafqazinfo"ya müsahibəsində Pənahın dayısı Nurlan Bayramov deyib.

Sitat: "İmtahandan əvvəl də onunla danışmışdıq, mən özüm də birinci dəfə imtahandan kəsildiyimi, sonra kollecə daxil olduğumu və ailə qurandan sonra tam ali təhsil aldığımı ona demişdim. Pənah imtahandan çıxanda özü dedi ki, "yaxşı yazmışam, inşallah qəbul olaram". Sonra birlikdə evə gəldik, müəllimləri testi yoxladı, təxminən 200-210 bal toplamışdı. Amma onun istədiyi fakültəyə bal 400-dən yuxarı olmalıdı. Biz də dedik eybi yox, gələn dəfə girərsən. Özü də gülüb dedi "əşşi girməmişəm, girməmişəm də". Amma ola bilər həm atasına görə, həm öz istədiyi fakültəyə düşmədiyi üçün stress keçirib".

Bayramov bildirib ki, hadisə gecə saat 12-nin yarısında baş verib: "Evdə anası yatmış olub, özü də intihar etmədən əvvəl anasına məktub yazıb. Orada "Evlərin hamısını anama verirəm, əgər qalsa. Özünə yeni həyat qur, mənə görə də özünə heç nə etmə. Eləsən haqqımı halal eləmirəm", - yazıb. Pənah çox özünə qapalı uşaq idi, evdə heç nə danışmazdı. Məktəbdə kiminləsə mübahisə edəndə biz 2-3 ay sonra başqa yerdən eşidirdik".

Sumqayıt şəhərində 17 yaşlı Faiq Rüstəmov isə özünü 14-cü mərtəbədən atıb və hadisə yerindəcə vəfat edib. İntihar edən yeniyetmə özünəqəsddən bir gün öncə qəbul imtahanında iştirak edib və ilkin məlumata görə, az bal topladığı üçün intihar edib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. Faiq Rüstəmov Tağıyev qəsəbəsindəki 32 saylı məktəbdə təhsil alıb. Məktəbin müəllimi Kərim Kərimovun sözlərinə görə, hələ də Faiqin intihar etməsi xəbərinə inana bilmir: "Gözəl bir ailənin uşağı idi. Çox tərbiyəli, fərasətli uşaq olub. Güclü yaddaşı vardı. Sakit uşaq kimi xatırlayıram. Tərbiyəsinə söz ola bilməzdi. Niyə belə edib, bilmirəm. Dərslərini də çox yaxşı oxuyurdu".

Bina sakinləri bildirir ki, burada baş verən ilk intihar hadisəsi deyil. Daha dəqiq desək, son beş ayda 3-4 intihar hadisəsi baş verib. Sakinlər deyir ki, bundan sonra 9 nömrəli binada intihar halları qaçılmazdır. Çünki binanın damına çıxış qıfıllanmır. Satıcı ilə söhbətləşirik, deyir ki, iki həftə əvvəl də burada intihar hadisəsi olub. Həmin şəxs də Faiqin intihar etdiyi yerdən özünü atıb:

"Bizim binanın liftləri işləmir. Ona görə də insanlar digər bloklara çıxmaq üçün gəlib buradan 14-cü mərtəbənin damına çıxırlar. Bəziləri isə şəhər yaxşı göründüyü üçün buraya çıxır. Şəkillər çəkdirirlər. Əsasən də yeniyetmələr... Dəfələrlə "JEK"-ə müraciət etmişik. Demişik ki, gəlin girişi bağlayın. Amma bir tədbir görməyiblər".

İntihar edəcək uşağı necə müəyyənləşdirməli?

intihar ile ilgili görsel sonucu

Yaxşı, bəs bu intihar olaylarının qarşısını necə almaq olar? Ümumiyyətlə, çıxış yolu nədədir? Psixiatr və uşaq psixiatriyası sahəsində çalışan həkimlərin qarşılaşdığı ən sarsıdıcı durumların başında gələn intihar Amerikada gənclər arasında motorlu nəqliyyat qəzaları və cinayətlərdən sonra başlıca ölüm səbəbidir. Ölkəmizdə də buna bənzər bir durum var.

İntihar depressiya adını verdiyimiz ruhi pozğunluqdan ayrı deyil. Depressiya müxtəlif mexanizmlərlə ortaya çıxan, ərgənlik və gənclik dönəmində başlayan, ciddi və öldürücü ola bilən bir ruhi xəstəlikdir. Uşaqlar və gənclərdə depressiyanın tipik özəllikləri, əsəb və qəzəb, davranış problemləri, ümidsizlik, daxilə qapanma kimi durumları özündə ehtiva edir və üstəlik, sürəkli şəkildə dəyişir.

Bu məqamda ailənin üzərinə düşən vəzifə isə ciddi önəm daşıyır. Belə ki, ümidli, uşaqların və gənclərin özlərini etibarlı hiss etdikləri, anlaşıldıqlarını düşündükləri bir yaşam atmosferi yaratmaq... Bu atmosfer ən ağır şərtlərdə belə yaradıla bilər. Ümidsizlik və pessimizm isə yoluxucudur. Yoluxduğu yerdə genetik-fizioloji detallarla birləşdiyi zaman öldürücü bir xəstəlik ola bilər. Bir uşaq rahatlıqla danışa biləcəyi, onu diqqətlə dinləyəcək bir başqasına ehtiyac duyar. Belə biri həyatında varsa, depressiya riski azalır.

Kimlər yüksək risk altındadılar?

Depressiya başlı-başına bir risk deməkdir. Amma depressiya zamanında və ya oncəsində bəzi məqamların baş verməsi riski yüksəldir. Müalicə forması və seansların sayı da ona görə müəyyənləşdirilir. İntihar cəhdindən və ya ölümdən danışan bir uşaq və ya gəncin intihara cəhd etmə ehtimalını artıran məqamlar risk faktoru olaraq qiymətləndirilir.

intihar ile ilgili görsel sonucu

Ölmə arzusunu dilə gətirmək, ayrılıq hazırlıqları, vida məktubları, əşyalarını hədiyyə etmə... Depressiya dönəminin içərisində ikən sürətlə "yaxşılaşma", əhvalın yerinə gəlməsi, aşırı sevinc hissləri, səhhətini və təhlükəsizliyini heçə sayaraq edilən hərəkətlər, qəza və riskli davranışlardakı artım da bura aiddir.

Əsasən uğura fokuslanmış şəkildə yetişdirilən proje uşaqları var. Bu uşaqlarda "Uğur qazansam, yaxşı bir insanam, qazanmasam pis insanam" yanaşması var. Onlar yaşam fəlsəfəsini uğura görə qurublar. Uğur hədəfinə görə yüksək motivasiya ilə yetişdirilirlər.

Psixoloqlar ailələrlə danışdıqları zaman sonuncular "Biz uşaqlarımıza təzyiq göstərmirik" deyirlər. Bu uşaqlara əslində təzyiq göstərməyə də ehtiyac yoxdur. Öz daxili dünyalarında təzyiq yaradırlar. Yüksək motivasiya ilə yetişdirildikləri üçün "ən yaxşı mən olmalıyam" hədəfi ilə həyatlarını sürdürürlər. Uğursuz olma ehtimalına qarşı isə "yaşam səbəbim ortadan qalxdı" düşüncəsi ilə yaşamına son verə bilərlər.

Sosiallıq bu kimi uşaqların diqqət mərkəzlərində daha geri planda qalır. Tək hədəfləri və maraq dairələri uğur olur. Böyük bir ruh sağlamlığı problemləri olmadığı halda əsasən uğurlu və təhsilli ailələrin uşaqlarında bu durumlarla rastlaşmaq mümkündür. Bundan başqa, uşaqda və ya ailəsində depressiya, duyğu durum pozğunluğu kimi psixiatrik narahatlıqlar da ola bilər. Belə bir problem uşağın uğur gözləntisi ilə birləşibsə, bu halda xəstəlik tətiklənə və nəticə intihar ola bilər.

Psixoloqlar bildirir ki, usagı, sadəcə, uğura indeksli şəkildə yox, xoşbəxtliyə indeksli yetişdirmək lazımdır. Uşaq son həftələrdə içinə qapanıb, yoxsa otağından çıxmır? Pərdələri də bağlı saxlayırmı? Dost münasibətlərindən qaçış özünü göstərir? Bütün bunlar intiharın xəbərçisidir və gözardı etməmək lazımdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR