Vərəm xəstələri niyə qeydiyyata düşməkdən çəkinirlər?

Bu məsələdə məsuliyyət kimin üzərinə düşür?

Statistik məlumata görə, planetdə yaşayan hər üç insandan biri vərəm çöpünə yoluxur. Vərəm dünyada ən çox yayılmış yoluxucu xəstəliklərdən biridir. Beynəlxalq aləmdə bu istiqamətdə son illər ərzində müxtəlif profilaktik tədbirlər həyata keçirilsə də, bu gün vərəm yalnız həkimləri deyil, cəmiyyəti də narahat edən bir problem olaraq qalır. Xatırladaq ki, vərəm yoluxucu xəstəlikdir və bu xəstəlik vərəm mikobakteriyası tərəfindən törədilir. Vərəm xəstəliyi insanın bütün orqanlarını zədələyə bilər, lakin ən geniş yayılmış forması ağciyər vərəmidir. Ağciyər vərəmi həm xəstənin özü, həm də onun ətrafında olan insanlar üçün təhlükəlidir. Belə ki, mikobakteriyalar xəstə insan danışdıqda, asqırdıqda və ya öskürdükdə hava vasitəsilə sağlam insanlara ötürülür. Vərəm xəstəliyinin törədicisi şüalı göbələklərə aid olan mikrobakteriyalardır. Bu törədici 1882-ci ildə alman alimi R. Kox tərəfindən kəşf olunmuşdur. Bu törədicinin eni 0,2-0,6, uzunluğu 1-6 mikrondur. Bu çöplərin hazırda 5 tipi məlumdur. İnsan, heyvan, quş, çöl siçanı, qarışıq tipləri var. Vərəm çöpləri spirtə, turşuya davamlıdır. Bir sutka ərzində ya­rıya bölünməklə çoxalır. Tozlu bəlğəmdə 72 saat, qurumuş bəlğəmdə 5-6 ay, əşyalarda 3 aya kimi havasız, günəşsiz yerdə bir neçə ay, suda 5 ay, 0°C-də illərlə həyat qabiliyyətini saxlayır.
Qeyd edildiyi kimi vərəm xəstəliyinin yayılması 95% hava damcı yolu ilə xəstə İnsanın asqırması, öskürməsi, tənəffüsü zamanı ətrafa yayılan hava damcılarının sağlam insanın tənəffüs yollarına düşməsi zamanı baş verir. Bu proses dərhal baş vermir. Bunun üçün təmasın uzun müddətli olması, mikrobların çoxluğu, orqanizmin immun sisteminin zəif­ləməsi olmalıdır. Vərəmin yayılması mədə-bağırsaq yolu ilə də mümkündür. Beləki, bəlğəmin udulması, xəstə inəyin südünə vərəm xorasından mikrobakteriyaların qarışması zamanı südü 3-5 dəqiqə qaynatmadıqda, xəs­tə quşların yumurtasını yaxşı qaynatmadıqda və s. hallarda yoluxa bilir. Vərəmin yayılması zədələnmiş dəri, selikli qişalardan da mümkündür.
Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatına əsasən 2015-ci ildə dünyada vərəmdən ölənlərin sayı 1,5 milyondur. Həmçinin 2050-ci ilə qədər 700 milyon insan vərəm xəstəliyindən dünyasını dəyişəcəyi bildirilir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda vərəmə qarşı görülən tədbirlər nəticəsində vərəmlə xəstələnmənin dinamikasında azalma baş verib. Xüsusən, son onillikdə görülən mübarizə tədbirlərin öz müsbət nəticəsini verib. Məlumata görə, 2010-cu ildə hər 100 000 nəfər əhali arasında 53 nəfər, 2016-cı ildə isə 38,9 nəfər vərəmlə xəstələnib. Bu isə vərəmə qarşı mübarizə sahəsində görülən işlərin effektivliyindən xəbər verir. Lakin buna baxmayaraq, bu sahədə həyata keçiriləsi tədbirlər kifayət qədərdir. Məsələ orasındadır ki, vərəm xəstəliyinə yoluxan bəzi şəxslər rəsmi qeydiyyata düşməkdən çəkinirlər ki, bu da xəstəliyin yayılma ehtimalını artırır. Tibb elmləri namizədi Tahir Qurbanov hesab edir ki, vərəm xəstələrinin qeydiyyata düşməməsi düzgün addım deyil: "Əksər halda vərəm xəstələri bunu gizlətməklə qohum-əqraba qınağından yayınmaq istəyirlər. Çox təəssüf ki, indiyə qədər bu streotipləri qıra bilməmişik. İş orasındadır ki, bəzi həkimlər də rəsmi qeydiyyatı olmayan vərəm xəstələrini müalicə edirlər. Bununla bağlı məsuliyyət müəyyən edilməlidir ki, həkimlər xəstələri rəsmi qeydiyyata saldırmağa məcbur edə bilsin. Çünki, xəstələr rəsmi qeydiyyata düşəndə düzgün müalicə aparılır, onun müalicəsi üçün məsuliyytət daşıyan həkim olur, həm də xəstə nəzarətdə olduğundan vərəmin yayılma ehtimalı azalır. Odur ki, çalışmalıyıq ki, xəstələr rəsmi qeydiyyata düşsünlər. Hamı bilməlidir ki, vərəm xəstələrinin qeydiyyata alınmadan müalicəsinin aparılması bu müalicənin sistemsiz olmasına və sonda xəstələrin vərəmin daha ağır forması olan dərmana davamlı vərəm xəstəsi olmasına gətirib çıxarır". Onun bildirdiyinə görə, bu problemə daha çox kənd yerlərində rast gəlinir. Bəzən həkimlər xəstələri qeydiyyata almadan müalicə edirlər. Həkimlərə qarşı bir cəza olmalıdır ki, onlar xəstələri rəsmi qeydiyyata almadan müalicə etməsinlər, heç bir tibb müəssisəsi bu addıma əl atmasın. Həkimlərimiz bunun məsuliyyətini başa düşsünlər". Onun sözlərinə görə, əsas problemlərdən biri də vərəm xəstəliyinin 25-44 yaşlı insanlar arasında təsadüf olunmasıdır: "Xəstələnmə hallarının demək olar ki, yarısı bu yaş dövründə olan insanlarda olur. Bu gün bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyirlər. Bəzi vərəm xəstələri qeydiyyata alınmadığından onlara nəzarət edilmir: "Bir çox restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri işləyir və onlara nəzarət də edilmir. Bununla da gənclər və uşaqlara arasında xəstəliyin yayılma riski artır. Əvvəllər belə obyektlərdə işləyənlər 3-4 aydan bir məcburi müayinədən keçirdilər. Bunu bərpa etmək və çox ciddi nəzarət etmək lazımdır". Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda hesab edirlər ki, vərəm xəstəliyinin müalicəsində vacib məsələlərdən biri xəstələrin dərmanlara davamlılığıdır. Bunun isə iki növü var: "Bir var ki, çoxsaylı dərmanlara davamlı vərəm, bir də onun ən çətin forması geniş sayda dərmanlara davamlı vərəm. Bu məsələ ilə bağlı problemlər var. Çox təəssüf ki, Avropada bu xəstəliyin 2 faizi Azərbaycanın payına düşür. Bu xəstəliyin əmələ gəlməsinin əsas səbəbi düzgün müalicənin aparılmamasıdır. Xəstələrin qeydiyyatdan kənar mülaciə olunması düzgün deyil. Elə həkimlər var ki öhdəlikləri, andlarını pozurlar, düzgün müalicə aparmırlar. Çünki bu gün Ümumdünya Səhiyyə Təşkilatının tamamilə yeni protokolları var, vərəmin diaqnozu və müalicəsi tamam başqa üsullarla aparılır".
Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR