Ön mühakimə

Yəqin ki həyatınızda bir dəfə də olsun gördüyünüz insana qarşı sizdə səbəbsiz yerə mənfi fikirlər formalaşıb, hətta o insanı ikinci dəfə gördüyünüz vaxt artıq uzaq durmağa çalışmısınız. Bir müddət keçdikdən sonra isə, o sizin ən yaxın adamlarınızdan birinə çevrilib. Bu yerdə Ceyn Ostinin "Qürur və Qərəz" və yaxud ikinci adı ilə "Qürur və ön mühakimə" romanından, "Hərdən birlikdə olmaq istədiyin ən axırıncı adam, bir gün belə onsuz yaşamaq istəmədiyin adamdır" sözlərini xatırlamaq olar.   

Həmçinin baş verən hər hansı bir hadisə zamanı sizdə ilk gördüyünüz mənzərəyə görə mənfi fikirlər formalaşıb, lakin sonradan yanıldığınızın şahidi olmusunuz. 

Bəs bu səbəbsiz olaraq deyilən ilkin rəylərin səbəbi nədir?

İnsan sərrafı olduğunu zənn etmək, yoxsa ön mühakimə? 

Əgər sonradan ciddi şəkildə yanılmalar baş verirsə, deməli bu sadəcə olaraq ön mühakimədir.

Ön mühakimə - Hər hansı bir insan və hadisə haqqında lazımi qədər məlumat toplamazdan əvvəl, qəbul edilmiş qərardır. Qulağa necə də ədalətsiz səslənir deyilmi?

İnsanın sırf öz "hisslərinə", "sərraflığına" etibar edərək tanımadan, heç bir araşdırma aparmadan, hər hansı bir insan və hadisə haqqında tam bir qərara gəlməsi nə dərəcədə məntiqlidir?

Ön mühakimə ən ədalətsiz mühakimədir. 

Bəzən ön mühakiməyə səbəb tələsik verilmiş qərardır. 

Bir zamanlar dörd oğlu olan bir müdrik adam övladlarına tələsik qərar verməməyi  və qərəzli insan olmamağı öyrətmək üçün onlara belə bir dərs verir.

Ata öz oğlanlarını, sıra ilə kənddən uzaqda bitən bir ağaca baxmağa göndərir. Oğlanlardan biri qışda, digəri yazda, üçüncüsü yayda və sonuncusu isə payızda ağaca baxmağa gedir. Bundan sonra ata oğullarını yanına çağıraraq, ağacda gördükləri haqqında danışmalarını istəyir.

Qışda ağacı görməyə gedən oğlan, ağacın pis görünüşlü, qoca və qupquru olduğunu deyir. Yazda ağacı görməyə gedən oğlan, qardaşına etiraz edərək, ağacın yamyaşıl və təbii göründüyünü deyir. Yayda ağacı görməyə gedən oğlan isə hər iki qardaşına etiraz edərək, ağacın olduqca çiçəkli olduğunu, qoxusu və görünüşü ilə onu valeh etdiyini bildirir. Ağaca payızda baxmağa gedən oğlan isə qardaşlarının hər üçünə etiraz edərək, ağacların meyvələrinin bol olduğunu, bunun ağaca xüsusi gözəllik qatdığını və ağacın təbiətə çox yaraşdığını söyləyir. Bütün bunları dinlədikdən sonra müdrik adam, oğlanlarına gülümsəyərək hamısının haqlı olduğunu, ağacı fərqli fəsillərdə gördükləri üçün aralarında mübahisə yarandığını deyir. Ağacı insanla müqayisə edərək nəticəni görməmiş, mövsümünə görə qiymət verməyin doğru olmadığını izah edir.

Lakin ön mühakiməyə səbəb təkcə, tələsik verilən qərar deyil. Təcrübələrinə inanaraq yanılan insanlar da var. Buna səbəb şəxsin bir neçə təcrübə yaşadıqdan sonra hadisələrə ümumi nəzərlərlə baxması, hər şeyi və hər kəsi eyni bilməsidir. Fərz edin ki, yazı yazmaq üçün ehtiyacınız olan qələm yazmır. İkinci bir qələm almalı olacaqsınız. O da yazmırsa təcrübələrimə əsasən yazı yazmaq üçün qələmlərin hamısı yararsızdır deyib, bir də heç vaxt yazı yazmayacaq, "yoxsa yaza bilən başqa qələmlər də var" deyib yeni qələm axtaracaqsız?

Albert Eyneşteyn insanın beynindəki ön mühakimələri parçalamağın, atomu parçalamaqdan daha çətin olduğunu deyib.

İnsan hər hansı bir bəhanə ilə beynindəki ön mühakimələrin əsiri olmağa davam etdiyi müddətcə, heç vaxt həqiqətləri görməyəcək. 

Ön mühakimə özümüzə zərərli olduğu qədər qarşımızdaki insan üçün də olduqca zərərvericidir. Ön mühakimələrə məruz qalaraq "təklənən" insanlar, özlərini cəmiyyətdən kənar hesab etməyə başlayırlar. Bu da onlarda bəlkə də minimum qədər yer tutan nifrət və kin hissini çoxaldaraq insanların hamısına qarşı qəzəb yaradır. Bununla da görürük ki, ön mühakimə, ön mühakiməni yaradır.  

Ön mühakiməyə səbəb olan mövzular olduqca genişdir və bu mövzular demək olar ki heç vaxt aktuallığını itirmir. Belə mövzulara başlıca olaraq irqçilik, dini ayrıseçkilik, cinsiyyət ayrıseçkiliyi, milliyətçilik, siyasi baxış və s misal göstərilə bilər.

Ön mühakimələrdən yaxa qurtarmaq istəyirsinizsə, yaxşı müşahidəçi olun. İnsanları irqinə, dininə, cinsinə, həyatdakı seçimlərinə görə qınaq obyektinə çevirməyin. Onları qınamamaq üçün empatiya hissi quraraq özünüzü onların yerinə qoymağı bacarın. Bunun üçün də eqoist davranışlarınızdan əl çəkin. Fərqli fikirləri qəbul etməsəniz belə başa düşməyə çalışın. 

Nigar Orucova

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR