Xəyanət kadrosunun başında duranlar

Azərbaycanda etnik qrupların hüquqları dövlət tərəfindən hərtərəfli qorunur

Xeyli müddətdir ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycanı istəməyən qüvvələrin qoltuğunda özlərinə sığınacaq tapan bəzi şəxslər ölkəmizə qarşı anti-təbliğatdan doymaq bilmirlər. Azərbaycanın artan benəlxalq nüfuzundan qorxuya düşən sözügedən dairələr ölkəmizə şər, böhtan atmaqdan belə çəkinmirlər. Niyyətləri Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq olan bu kəsimlər ölkədə qarşıdurma yaratmaq məqsədilə sosial şəbəkələrdə separatizmi yaymaqla məşğuldurlar. Heç şübhəsiz ki, Azərbaycanda guya milli azlıqların hüquqlarının pozulduğunu iddia edən bir qrup şəxs ictimaiyyəti çaşdırmaq niyyəti güdür. Vəkil Rövşən Qasımov bildirib ki, uzun illərdən bəri Əlikram Hümbətov, Zabil Məhərrəmov, Fəxrəddin Abbaszadə, İsmayıl Şabanov kimi şəxslər ermənilərlə əlbir olaraq Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə zərbə vurmağa cəhd edirlər. Lakin Azərbaycan oturuşmuş, güclü iqtisadiyyata və orduya malik, öz dəsti-xətti ilə fərqlənən müstəqil bir dövlətdir. Hər zaman düşmənin belə təxribatlarının qarşısına qətiyyətlə alıb və bundan sonra da alacaq: "Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Azərbaycanın mövcud qanunvericiliyi və qoşulduğu beynəlxalq konvensiyalar mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycanda etnik qrupların hüquqları dövlət tərəfindən hərtərəfli qorunur. Postsovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikasında milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında Prezident Fərmanı imzalanıb. Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə yaşayan azlıqların dil, mədəniyyət, din azadlığı, təhsil və digər hüquqları təsbit olunub. Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nda milli azlıqların mədəni irsinin inkişafı Azərbaycan Hökumətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulur". Onun sözlərinə görə, heç kəsə sirr deyil ki, havadarlarının dəstəyi ilə 20 faiz torpaqlarımızı işğal edən Ermənistan Azərbacandakı iqtisadi inkişafdan qıcıqlanaraq pula satılmış şəxslərə boş vədlər verməklə ölkəmizdəki sabitliyi pozmağa, millətlər arasında nifaq salmağa cəhd edirlər: "Ermənistanın işğalçılıq siyasətinə dəstək verən Əlikram Hümbətov dəfələrlə zəbt olunmuş torpaqlarımızda fəaliyyət göstərən separatçıların dəvəti ilə Dağlıq Qarabağa gedərək Azərbaycanda etniklərin hüquqlarının pozulması haqqında yalançı bəyanatlar səsləndirir, özünü talış xalqının lideri adlandıraraq Azərbaycan ərazisində talış dövləti yaratmaq mübarizəsi haqqında sərsəm fikirlər səsləndirir. Sosial şəbəkədə separatçı fikirlərin yayılması təsadüfi deyil. Bu, əslində, başlı-başınalıq olduğuna görədir. Sərbəst meydandır və hər kəs istədiyini edə bilir. Hərdən hətta təəccüblənirəm, sosial şəbəkədə elə adlar var ki, Azərbaycanda yaşayır, məktəbdə müəllimdir, ancaq separatçılıq edən şəxslərin əməlli-başlı müdafiəsi üçün təbliğat aparırlar. Hüquq-mühafizə orqanları bunu ciddi diqqətə almalıdır, əks halda çox ciddi problemlər yarana bilər. Hüquq-mühafizə orqanları bunu ciddi diqqətə almalıdır". R.Qasımov qeyd edib ki, ermənilərlə birlikdə işləyən müəyyən qruplar Azərbaycana qarşı təxribat fəaliyyətini davam etdirir: "Bunlar təkcə Azərbaycanın yox, bütövlükdə talış xalqının düşmənidirlər. Çünki Azərbaycanın vətəndaşı olan, bizimlə çiyin-çiyinə dayanan insanlara xəyanət edərək, bizim düşmənimiz olan Ermənistandan Azərbaycana qarşı anti-təbliğat aparmaqdan böyük nə şərəfsizlik ola bilər? Öz torpağına, vətəninə qarşı belə namərdlik etmək olarmı? Ona görə də hüquq mühafizə orqanları tək onları deyil, onların verilişlərini sosial şəbəkələrdə yayanları da ciddi nəzarətə götürməlidir: "Həmin şəxslər sərbəst şəkildə bu fəaliyyəti göstərirlər. Həmçinin sosial şəbəkələrdə terror təşkilatı olan PKK-nın da təbliğatı gedir. Onlara qarşı da tədbirlər görülməlidir. Eləsi var ki, guya Milli Ordunun zabitidir, amma Andronikə haqq qazandırır ki, "yaxşı edib bu milləti qırıbdır". Hətta rahatlıqla təhqirə yol verir. Buna da hamı göz yumur. Yaxud da Azərbaycan Təhsil Nazirliyinin tabeliyində olan məktəbdə dərs deyən bir kənd müəllimi istədiyi şəkildə separatçılığın təbliğatını aparır. Rabil Abdinov adlı Azərbaycana, türklərə nifrət edən bir profil sahibi var. Özünü talışların hüquqlarının müdafiəçisi kimi göstərir, ancaq imkanı olsa, Əlikram Hümbətovun qoltuğu altında İrəvana gedib Azərbaycanın düşmənləri ilə birlikdə dövlətimizə qarşı hər addımı atar. Bunu statuslarından açıq-aşkar sezmək mümkündür. Dünyada və regionda baş verən gərgin siyasi situasiya fonunda belə meyllərin artması Rusiyanın təzyiqi ilə bağlıdır. Bu, daha çox kənardakı qüvvələrin təsiri ilə rellaşdırılır. Separatçılar daha çox orada aktivdirlər. Belə ki, martın 18-də Krımın birləşdirilməsinin iki illiyi ilə bağlı keçirilən marşda bir qrup şəxs tanınmayan bir bayraq qaldırır və adını da "Talışıstan" qoyurlar. Hətta "Krım-Rusiya-Talışıstan" şüarları səsləndirirlər. Bütün bunların hamısı Rusiyanın bizə təzyiq üçün yaratdığı məsələdir. Təzyiqlərin arxasında duran Azərbaycanın Türkiyə ilə, Qərblə yaxınlaşmasının qarşısını almaq, daim öz nəzarətində saxlamaq istəyi Rusiya xəttidir". O, qeyd edib ki, Azərbaycandakı vəziyyətə nəzər salıb təhlil etsək görərik ki, ölkəmizdəki milli azlıqlar həm parlamentdə, həm də icra hakimiyyəti orqanlarında geniş təmsil olunurlar: "Azərbaycan dövlətinin milli siyasətinin əsas istiqamətlərindən biri ölkəmizdə yaşayan bütün milli azlıqların dil və mədəniyyətinə müvafiq dəstəyin göstərilməsidir. Azərbaycanın milli azlıqların məskunlaşdığı bir sıra rayonlarında ali təhsil müəssisələri və kolleclərin filialları açılıb, ölkənin radio və televiziya kanallarında milli azlıqların dillərində verilişlər yayımlanır. Həmin ərazilərdə yerli telekanallar fəaliyyət göstərir. Milli azlıqların dilində qəzet və jurnallar nəşr olunur. Mədəniyyət və Turizm Nazirliyi yanında Milli Azlıqların Əlaqələndirmə Şurası fəaliyyət göstərir. Azərbaycan Milli Elmlər Akademiyasında milli azlıqların dil, mədəniyyət, tarix və etnoqrafiyasının öyrənilməsi üzrə xüsusi şöbə yaradılıb. Bakıda katolik kilsələri, sinaqoqlar məscidlərlə yanaşı fəaliyyət göstərir. Bu mənada Azərbaycan bütün dünyada multikulturalizm məkanı kimi tanınır. Milli azlıqlar öz milli mədəni mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər. Hal-hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Dövlət bu qurumları imkanı dairəsində ölkə büdcəsindən və Prezident fondunun hesabına maliyyə yardımı ilə təmin edir və mənşəyindən, mədəniyyətindən, dilindən və dinindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti gücləndirməyə yardım göstərir. Təbii ki, belə bir ideal vəziyyətdə kiminsə Azərbaycan düşmən olan şəxslərin diqtəsi ilə, onların yanından sərsəm bəyanatlar səsləndirməsinə separatizmdən başqa ad vermək olmur. Amma Azərbaycan oturuşmuş, güclü iqtisadiyyata və orduya malik, öz dəsti-xətti ilə fərqlənən müstəqil bir dövlətdir. Hər zaman düşmənin belə təxribatlarının qarşısına qətiyyətlə alıb və bundan sonra da alacaqdır."

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR