Regionların sosial-iqtisadi inkişafı fermerlərin maddi rifahına müsbət təsir göstərir

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası ölkə iqtisadiyyatının inkişafı ilə bərabər əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək qabiliyyətini də artırır. Məlum olduğu kimi Azərbaycanın çoğrafi mövqeyi kənd təsərrüatı məhsullarının istehaslı üçün münbit şərait yaradır. Məhz bu amildən yararlanan sahibkarlar həm də kənd təsərrüfatı məhsullarının ixracına üstünlük verirlər. Artıq ölkə sahibkarı bir sıra kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılmasına nail olublar. Azərbaycanda həyata keçirilən regionların sosial-iqtisadi ikişaf ilə bağlı dövlət proqramları isə ümumi iqtisadi artımı təmin etməklə yanaşı, əhalinin rifah halının yüksəlməsinə də səbəb olur. Təsadüfi deyil ki, sözgedən proqramın icrası nəticəsində ayrı-ayrı kənd təsərrüfatı məhsulunun artımı gözlənir ki, bu da daxili tələbatın ödənilməsi sahəsində əhəmiyyətli rol oynayır. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firdovsi Fikrətzadə bildirib ki, bu il Azərbaycanda tərəvəzçilikdə yüksək məhsuldarlıq gözlənilir. Ümumiyyətlə, tərəvəzçilkdə məhsuldarlıq göstəricisi ilbəil yüksəlir: "Bunun iki əsas səbəbi var. Birinci səbəb odur ki, fermerlər lazımi aqrotexniki qaydalara getdikcə daha yaxşı əməl edə bilirlər, məhsul yetişdirmə prosesini tələb olunan normalara uyğun aparırlar. İkinci səbəb isə hazırda örtülü torpaq sahələrində, o cümlədən də istixana şəraitində faraş tərəvəz istehsalı sürətlə genişləndirilir. Bilirsiniz ki, bu üsulla istehsal yüksək məhsuldarlığa malikdir ki, bunun da hesabına ümumi tərəvəz istehsalı üzrə orta məhsuldarlıq artır. Tərəvəz istehsalında yüksək artım bu ilin birinci rübündəki rəqəmlərdən də görünür. Yanvar-mart ayları ərzində tərəvəz istehsalı 28,3 faiz artıb ki, bununla da ümumi bitkiçilik dəyər ifadəsində 63,2 faiz çox olub". Şöbə müdiri eyni zamanda qeyd edib ki, hazırda Azərbaycanın kartofla özünütəminat səviyyəsi təqribən 89 faizdir: "2017-ci ildə ölkəmizdə 913,9 min ton kartof istehsal olunub. Ümumi istehsaldan 160,7 min ton idxal, 57,6 min ton faraş kartof isə ixrac olunub. Hazırda bazarlarda istehlakçılara təklif edilən təzə kartoflar demək olar ki, yalnız yerli istehsaldır. Yeri gəlmişkən, Azərbaycandan elə məhz faraş kartofun ixracı həyata keçirilir. 2017-ci ildə ölkəyə 14 ölkədən 160 min ton kartofun idxal olunub. Ancaq əsas idxal mənbəyi İran, Gürcüstan, Rusiya və qismən də Türkiyədir. 2017-ci ildə İrandan 50 min ton, Gürcüstandan 40,9 min ton, Rusiyadan 43,1 min ton və Türkiyədən 15,4 min ton kartof idxal olunub. Avropa ölkələrindən əsasən toxumluq kartof alınır. Yeri gəlmişkən, hazırda İsrail şirkətləri və FAO layihəsi ilə birgə müasir standartlara uyğun yerli toxum təsərrüfatımız yaradılır. Bunun hesabına kartof toxumu idxalı da kəskin şəkildə azalacaq". F.Fikrətzadə hazırda istehlakçıların narazılığına səbəb olan məsələyə - soğanın bahalaşmasına da münasibət bildirib: "Təbii ki, məhsuldalıq da bu il yüksək olacaq, məhsul istehsalı da artacaq. Ancaq niyə hesab edirsiniz kartofun, soğanın qiyməti enməldir? Axı həm kartofun, həm də soğanın qiyməti hətta devalvasiyadan əvvəlki dövrlə müqayisədə də demək olar ki, aşağıdır. Nəzərə alınmır ki, soğanın qiyməti artmır, sabitləşir. Keçən il məhsuldarlığın kəskin artımına görə fermerlər soğanı az qala mayasından da aşağı qiymətə satmağa məcbur olmasını işıqlandırmağınız yaddan çıxıb? Yəni keçən il soğanın qiyməti fermerləri ziyana salacaq həddə aşağı idi. Çünki bazara məhsul təklifi yerli istehsalın hesabına birdən-birə kəskin şəkildə artmışdı, bu da qiymətə təzyiq edərək aşağı salmışdı. Buna görə də dövlət orqanları və sahibkarlar təklifin artıqlığını ixrac bazarları hesabına aradan qaldırmaq üçün birgə fəaliyyət göstərdi. Nəticədə ötən il Azərbaycandan soğan ixracı tarixi rekord həddə yüksəldi, təklifdə yaranan artıqlıq tədricən aradan qaldırıldı. İdxal isə demək olar ki, sıfır həddinə düşdü. Bunun hesabına da soğanın qiyməti tədricən stabilləşdi. Ancaq soğanın qiyməti yenə də əvvəlki illərlə müqayisədə yüksək deyil, hələ əksinə, bir az da aşağıdır".
Yeri gəlmişkən qeyd edək ki, bu il ölkədə çəltikçiliyin də inkişafına xüsusi diqqət yetirilir. Məlumata görə, artıq fermerlər daha məhsuldar sortları sınaqdan keçiriərək müsbət nəticələr əldə ediblər. Onu da qeyd edək ki, hazırda çəltikçilik sahəsində qarşıda duran əsas hədəf məhsulun xarici bazara çıxarılmasına nail olmaqdır. Qeyd edək ki, bu il bağlanmış müqavilələrə əsasında astaralılar xaricə də məhsul ixrac edəcəklər. Fermerlər əsasən "Apola" bir də "Haşimi" sortlarının idxalını planlaşdırılar. Havaların əlverişli keçməsi bu sahədə məhsuldarlığın artmasına səbəb olub. Bir necə ilə əvvəllə müqayisədə çəltik istehsalında yüksək naliyət əldə edilib. Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə Astarada 133 hektar ərazidə çəltik əkilmişdisə, bu sahələr 3 dəfə genişləndirilərək 447 hektara çatdırılıb. Belə olan halda məhsul bolluğu da yaşanır. Yeri gəlmişkən qeyd edək ki, artıq fermerlər fərdi şəkildə xarici ölkələrlə müqavilə bağlamaq imkanı əldə edbilər. Belə ki, Astaranın Artuba kəndində fəaliyyət göstərən fermerlərr İngiltərə ilə müqavilə imzalayıb. Məhsulun satış qiyməti və keyfiyyəti imkan verir ki, xarixi partnyorlar Azərbaycan məhsuluna üstünlük versinlər. Məlum olduğu ki, Astarada becərilən çəltik növləri təbii bir məhsuldur və buna heç bir kimyəvi qatqılar qatılmayıb. O səbədən də məhsula maraq həm yerli istehlakçılar, həm də xarici ölkələrdən maraq çoxdur. Hazırda əsasən "Haşimi", "Sədri" və yeni sınaqdan keçmiş "Apola" sortları əkilib ki, bu sortlara da tələbat yüksəkdir. Ümumiyyətlə çəltikçilik fermerlərə kifayət qədər gəlir gətirir, amma bu sahə digərlərinə baxdıqda xeyli zəhmət tələb edir. Müştəri sarıdan korluq çəkmədiklərini deyən fermerlər bildirir ki, Astara düyüsü adından bazarlarda kifayət qədər məhsul satılır, özü də "Haşimi" sortu əvəzinə. Amma əsil Astara düyüsünün özəllikləri var: "Başqa rayonlardan - əsasən Biləsuvar, Salyan, Bakıdan gəlib 4-5 manata bizdən alırlar. Yerli düyü ilə çox maraqlanırlar, market düyülərindən fərqi çoxdur, qat-qat üstündür. Keyfiyyətinə, iyinə, tamına, həliminə görə çox fərqlidir". Onu da qeyd edək ki, vaxtilə yığım zamanı yaşanan problemlər artıq geridə qalıb. Hər il yığım vaxtı texnika sarıdan fermerlər əziyyət çəkirdi. Artıq biçinə kombaynlar cəlb olunub. Texnika sarıdan heç bir problem yoxdur. Elə bu səbədən də orta məhsuldarlıq artaraq 40 sentnerə çatıb. Qeyd edək ki, çəltikçilik təkcə Astarada deyil, eyni zamanda Lənkəran və ötən ildən başlayaraq Masallı rayonunda da inkişaf etdirilir. Hazırda dəyirmanlarda üyüdülən üç növ çəltiyin bir kq 1 manatdan başlayaraq 4 manata qədər dəyişir ki, bu da fermerlərin gəlirinin artması ilə müşayət olunur.
Masallı rayonunun da münbit torpağı və iqlim şəraiti kənd təsərrüfatının inkişafı üçün böyük perspektivlər vəd edir. Xüsusən, rayonda çayçılığın imkişafı prioritet sahələrdən sayılır. Statistik hesablamalara əsasən rayonda 1000 ha çay sahəsində 3000 iş yeri yaranmaqla 5 mln manatdan artıq xalis gəlir əldə etmək mümkündür. Məhsulun xarici bazarlara çıxarılması imkanları da genişdir. Təkcə ölkənin çaya tələbatı 9000 ton, xarici bazarlara ixrac imkanları bəzi hesablamalara görə 8000-10000 tondur. Ölkə üzrə çay istehsalı isə daxili tələbatın 10 faizini təşki edir. Əvvəllər rayon ərazisində 3324 hektar çay plantasiyası mövcud olmuşdur. 2159 hektarı məhsuldar olmuşdur. Plantasiyalardan 8492 ton yaşıl yarpaq toplanmış və rayon ərazisindəki 5 çay fabrikində emal edilərək 3 min ton quru çay istehsal olunurdu. Hazırda rayonda 105 hektar çay plantasiyası mövcuddur. Ondan 4 hektar əvvəllər, 101 hektarı isə yeni salınmış sahələrdir. Qətiyyətlə demək olar ki, rayonda çayçılığın inkişaf etdirilməsi istiqamətində xeyli iş görülüb. Belə ki, 5 hektar çay sahəsi bərpa edilib, rayonun Kolatan kəndi ərazisində "Azərsun Holding" şirkəti tərəfindən 100 hektar yeni çay plantasiyası salınıb.Prespektivdə isə rayon ərazisində 1000 ha sahədə çay plantasiyasının salınması nəzərdə tutulur. Təbii ki, bununla əlaqədar aidiyyati quqrumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Belə ki, 550,0 hektar sahədə çay plantasiyalarının salınmasından ötrü torpaq mülkiyyətçilərindən razılıq alınaraq həmin torpaq sahələrinin xəritə sxemləri hazırlanıb. Rayonda digər kənd təsərrüfatı məhsullarının da istehsalına diqqət yetirilir. Belə ki, əvvəllər Masallı rayonunda cəmi 148 hektar sahədə sitrus bağları olub ki, onun da 88 hektarını mandarin, 60 hektarını isə feyxoa bağları təşkil edib. Bu bağlardan il ərzində 2200 ton mandarin, 473 ton feyxoa toplanıb. Hazırda rayonda yeni salınmış 1,5 hektar mandarin, 6 hektar kivi və 15 hektar feyxoa bağları mövcuddur. Bu bağlardan il ərzində 80 ton kivi, 50 ton feyxoa yığılır. Qeyd edək ki, respublikamızın ayrı-ayrı rayonlarında çoxsaylı kənd təsərrüfatı məhsulları yetişdirilir. Həmin məhsulların tədarük edilərək xarici ölkələrə çıxarılması ölkənin gəlirlərini artırmaqla yanaşı, fermerlərin də maddi rifahına müsbət təsir göstərir.
 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR