Valideynlər uşaqlarını öz istəklərinə qurban verirlər - SORĞU

Azərbaycan teleməkanında yayımlanan sosial və şou məzmunlu verilişlərin bir çoxunda tamaşaçı qismində körpə uşaqların da olduğunu hər kəş müşahidə edib. Bəzən, axşam saatlarında yayımlanan və uşaqların gələcək dünyagörüşü üçün heç bir məna kəsb etməyən verilişlərdə uşaqlarını tamaşaçı kürsüsündə əyləşdirən, onların məşhur simalarla ünsiyyətlərinə can atan valideynlər üçün hansısa tədbirlərin görülməli olduğu ilə bağlı sorğu keçirdik.

Sorğuda yazarların,  sosioloq və psixoloqların fikirləri yer alıb.

Günel Aslanova (psixoloq) - Bu sualın cavabını birbaşa verməzdən öncə, prosesə və nəticəyə yönəlməklərindən asılı olaraq bir-birindən fərqlənən şəxslər haqqında məlumat verəcəm. Birincilər gördükləri işdən, məşğul olduqları fəaliyyətdən nəticənin necə olacağından asılı olmayaraq zövq alırlar. İkincilər isə əksinə fəaliyyətin zövqünü yaşamadan, dadmadan gərgin şəkildə nəticəyə yönəlir, onun necə olacağını hesablayırlar. Beləliklə, hüzurlu, əyləncəli, zövqlü ŞƏXSİYYƏTə qarşı nevrotik, səbrsiz, gərgin, stresli, rəqabətcil ŞƏXSİYYƏT. Daha dəqiq vurğulasaq birinci özü, ruhu, daxili aləmi ilə vəhdətdə, balansdadır, başqaları tərəfindən dəyərləndirilmək onun üçün əhəmiyyət daşımır. İkinci isə nəinki ətrafla, özü ilə də rəqabətdə olub birinci olmağa can atır, ictimai rəydən asılıdır. Onun zamanla bir arzusu yerinə yetir, amma kifayət etmir, daha sonrakına can atır. Təəssüf ki, nəticəni əldə etdikdən sonra belə arzuladığı hüzura qovuşa bilmir. Sual yaranır, bu iki fərqli model necə formalaşır? Nə səbəb olur bu fərqliliyə? Ətrafımızı, özümüzü müşahidə etsək hər kəsdə bu ikisindən birini tapacağıq, sanki bu istiqamətdə başqa model mövcud deyil. Müşahidəmizi daha da müfəssəlləşdirsək aydınlaşacaq ki, birincilər uşaqlıqdan təzyiq edilmədən, başqaları ilə müqayisə edilmədən zövq aşılanaraq böyüdülmüş, ikincilər isə "qonşudan qalma geri" prinsipi ilə tərbiyə edilmişlər. Buna istinadən iddia etmək olar ki, bir valideyn öz övladını məşhurla onun həyat tərzini öyrənmək, uşağın dünyagörüşünü formalaşdırmaq, maraqlarını inkişaf etdirmək məqsədi ilə tanış edirsə, bu həmin uşağın psixi sağlamlığı baxımından faydalı olacaqdır. Əgər ki, valideyn uşağı məşhurla göstəriş məqsədli tanış edirsə, yəni əsl hədəf görüntüdürsə, sosial media və s. vasitəsilə ictimai rəy formalaşdırmaqdırsa uşağın da psixikası bundan birmənalı olaraq zədələnəcəkdir. Təsvir edilən şəxsiyyət modellərinin təməli valideynlərin bu kimi davranışları sayəsində yaranır. Ümumiyyətlə, biz bir uşağa yeni nəsə vermirik, onun mövcud potensialını ya qapadır ya da açırıq. Valideyn bilməlidir ki, göstərişli, nümayişkar şəraitdə, ətrafla rəqabət mühitində böyüdülən uşağın mövcud potensialı qapanır, mexaniki təfəkkürlü, həyatdan zövq almayan birinə çevrilir. Valideynlərin övladlarına qarşı ehtimal olunan zərər məzmunlu maarifləndirici tədbirlərə cəlb edilmələri şərtdir. Yaradıcı təfəkkürlü, zövq almağı bacaran, həyatdan doyasına zövq alan övlad yetişdirmək hər bir valideynin hədəfi olarsa cəmiyyət daha da rifahlı olar.

Cavid İmamoğlu (sosioloq) - Heç bir hal uşaqların istismarına yol verməməlidir. Valideynlər diqqət etməlidirlər ki, uşaqları ilə qatıldıqları tədbirlər, izləməyə getdikləri fillmlər və.s uşaqların yaşına uyğundur, ya yox. Bəzən görürsüz ki, valideynlər uşaqlarını öz istəklərinə qurban verirlər. Gəlirlər filmə baxmağa, filmin kontenti uşağın yaşından yuxarıdır və beləcə film boyu uşaq mənəvi-emosional zədələr alır.

Tədbirlərə də cəlb etmə bu cür olmalıdır. Uşaqları onların sağlamlığına zərər verəcək, yaşlarına uyğun olmayan bütün məkanlardan və kontentlərdən uzaq tutmaq valideynin borcudur. Əgər valideynlər bu məsuliyyətlərinin öhdəsindən gələ bilmirlərsə, o zaman müvafiq icra orqanları tədbir görməyə məsuldurlar.

Ruhəngiz Əhmədova (psixoloq) - Deməli, belə bir suala "bəli" və ya "xeyr" deyə bilmək üçün məsələnin nə qədər problemli və uşağın hüquqlarına, istəklərinə nə qədər zidd olduğuna baxmaq lazımdır. Əgər vəziyyət daimi olaraq təkrarlanırsa, uşağın hüquqları pozulursa, xüsusilə, rahatlığı nəzərə alınmadan sadəcə efirdə görünməsi üçün can atılırsa əlbəttə tədbirlər görülməlidir. Çünki uşaq müəyyən bir yaşa qədər məsələnin mahiyyətini anlamır, sərbəst qərarlar verə bilmir və valideyn də "uşaq mənimdi, özüm bilərəm" düşüncəsi ilə hərəkət edirsə o zaman 3-cü şəxsin (və ya şəxslərin) müdaxiləsi vacib olur.

Ən təsirli tədbirlər isə əlbəttə ki, televiziya tərəfindən qoyula bilər. Məsələn, müəyyən bir yaşa kimi(ən azından uşaq özü istəyini dilə gətirəcək yaşa qədər) uşağın efirə çıxarılmasına, verilişlərdə, reklamlarda, seriallarda aktiv və ya passiv fiqur kimi istifadə edilməsinə qadağalar qoyula bilər.

Xanım Niftəliyeva (psixoloq) -Valideynlər bəzən körpə uşaqlarının öz dünyası olduğunu unudur. Biz onların həyatda uşaq fikirləri, uşaq oyunları, sevgi, qayğı nəvazişlə böyüməli olduğunu yaddan çıxarırıq. Çox təəssüf ki, bəzi valideynlər ya işinin çoxluğundan, yaxud özü rahat olsun deyə telefon, komputerlə işini rahat görsün, televizioru rahat izləsin deyə uşaqlarını televizordan asılı vəziyyətə salırlar. Uşaqlarla birlikdə filmə, seriala baxırlar. Cizgi filmlərində belə uşaqlarda şiddət, dəcəllik, hiperaktivliyə və digər psixoloji problemlərə səbəb olan məqamlar var. Məsələn, buna misal olaraq "Maşa və medved". Maşa azyaşlı - 3-5 yaşlı uşaqlara örnək olacaq xarakter deyil. Onun etdiyi dəcəllik, lazımsız hərəkət övladlarımıza mənfi örnəkdir. Maşanın Medved tərəfindən cəzalandırılması, şiddət göstərməsi bunun uşaqlarımız üçün doğru seçilmiş cizgi film olmadığını göstərir. Bunun kimi bir neçə cizgi filmləri də var. Analarımız bəzən o filmlərdə nələrə üstünlük verildiyini, nələrin rol aldığına nəzər yetirmir, bunun uşaqlara nə qədər psixoloji problem, travma yaradacağını və onun şüur altına mənfi şəkildə siqnal verəcəyini düşünmürlər. Bu xüsus daha çox  işləyən qadınlarda müşahidə edilir. 
Psixoloq olaraq azyaşlıların nəinki televiziya verilişlərinə tamaşaçı kimi cəlb edilməsini, hətta bu valideynlərin ( xüsusi ilə anaların) övladlarını məşhur simalara bənzətməsinin, gələcəkdə onlar kimi olmasını arzulamalarının tərəfdarı deyiləm. Hətta bəzən valideynlər övladlarını çıxartdıqları verilişlərdə məhşur insanlarla ünsiyyət qurmağa məcbur edir. Bu da onların psixologiyasına mənfi təsir edir. Burada biz prezident, müəllim, vəkil, yaxud hər hansı öz işinin peşəkarı olan ixtisas sahiblərini deyil, serial qəhrəmanlarını nəzərdə tuturuq. Seriallarda, ölüm, ayrılıq, üzüntü, sevgi, xəyanət yaşanır. Azyaşlı uşaqların filmə baxması, buradakı xarakterə özünü oxşatmağa çalışması fəlakət deməkdir. Gəlin, övladlarımızı fəlakət, neqativ enerji, şiddət, ayrılıq olan seriallarla böyütməyək. Bunun əksinə olaraq, biz hətta evdə iş gördüyümüz zaman övladımızın təhsilinə, inkişafına kömək edə bilərik. Mətbəxdə iş gördüyümüz zaman gözəl rəsm albomu, rəngli karandaşları onun qarşısına qoyub nəsə çəkməsini istəyə bilərsiniz. Bunun heç bir mənfi təsiri olmayacaq. Həm bilikdə zaman keçirəcəksiniz, həm onun nə etdiyini müşahidə edəcəksiniz, həm də o sizin hərəkətlərinizi özünə örnək alacaq. Bizim dediklərimiz yox, davranışlarımız, atdığımız addımlar övladlarımız üçün örnəkdir. Biz onları müşahidə etdiyimiz kimi onlar da bizi müşahidə edir. Hansısa serialda məşhur birini, cizgi film qəhrəmanını övladlarınıza örnək göstərib o ruhda böyüməsinə icazə verməyin.

Sevinc Elsevər (yazıçı)- Uşaqların ancaq mədəni-maarifləndirici verilişlərdə iştirak etməsi arzulanan olmalıdı. Valideynlərin uşaqlarını məşhur adamlarla tanış etmək istəyini başa düşürəm. Məsələn, mən uşaqlarımı tez-tez kitab təqdimatlarına, tamaşalara aparır, onları yazıçılarla, rejissorlarla, aktyorlarla tanış edirəm. O adamlarla şəkillərini belə çəkirəm. Bir dəfə bir konfransda Ayaz Salayevlə rastlaşdım. Oğlumu da özümlə aparmışdım elmi konfransa. Ordan çıxanda Ayaz Salayevdən 6 yaşlı oğlumla şəkil çəkdirməsini xahiş elədim. Uşaqlarımın zəngin uşaqlıq xatirələri olsun istəyirəm. Maraqlı yerlərdə , maraqlı adamlarla vaxt keçirsinlər, ünsiyyətdə olsunlar. Amma əsla əsl sənətdən, elmdən, kitabdan uzaq adamlarla ünsiyyətlərini arzulamıram. Uşaqlarım da o cür məkanlara can atmır. Bayağı musiqi dinləmir, film izləmirlər. Məncə, uşaqları veriliş çəkilişlərinə də aparmaq olar, onları filmlərə də çəkmək olar, tamaşalarda oynaya bilərlər. Amma valideynlər çalışmalıdır ki, bu uşaqlarda zövq, dünyagörüş formalaşdırsın. Toyxana səviyyəli şou proqramların çəkilişlərində uşaqların zövqlərini korlamasınlar, onları belə lazımsız şeylərlə yormasınlar.

Xanbala Əhmədli (sosial işçi) - Ümumiyyətlə, Azərbaycanda ailə institutunun köklərinin daha sıx olmasına baxmayaraq, ailədə valideyn-övlad münasibətlərinin idarə olunmasında bir sıra problemlər var. Sanki uşaqlar valideynlərin istəyini yerinə yetirən bir alət rolunu oynayır. Körpə yaşda uşaqlar hələ özlərini belə dərk etmədən onların televiziya verilişlərində tamaşaçı qismində valideynləri ilə iştirak etməsi günümüzün qarşısı alınmaz problemlərindən hesab etmək olar. Bir sıra valideynlər körpə uşaqlarının verilişlərə apararkən, orada baş verən halların uşaqların psixikasına necə təsir etməsindən xəbərsizdirlər. Belə televiziya verilişlərinin gündüz yayımlanmasına baxmayaraq, yenə də qeyri-etik davranışlar, uşaqlar üçün uyğun olmayan münasibətlər məşhur insanlar tərəfindən sərgilənir. Bir növ valideynlər öz uşaqlarındakı arzularını uşaqları üzərində reallaşdırırlar. Valideyn ola bilsin ki, uşaqlıq illəri ərzində görmək istədiyi, ancaq görə bilmədiyi məşhur insanları indiki vaxtda uşaqlarını məcbur bu verilişlərə aparıb onlar ilə ünsiyyət qurmasına çalışırlar. Bu halı özləri üçün bir uğur hesab edirlər. Ancaq onun gələcəkdə yaradacağı fəsadları nəzərə almırlar. Bu halın qarşısını almaq üçün bir sıra müdaxilə tədbirləri görmək lazımdır. İlk öncə ata və ana olmağa hazırlaşan gənclər üçün sistemli ailə planlaşdırılması təlimləri və ya kursları təşkil olunmalıdır ki, onlar uşaq olduqdan sonra onunla necə rəftar etməli, uşağa bir "obyekt" kimi yanaşmamağı, onun öz istək və arzusu olduğunu və s. nəzərə alsınlar. Daha sonra uşaqlarını televiziya tamaşalarına cəlb edən və orada məşhur insanlar ilə ünsiyyət qurmasına çalışan valideynləri bu prosesin uşaqların psixi sağlamlığında mənfi təsirlər yaratdığı ilə bağlı məlumatlandırma tədbirləri aparılmalıdır. Ölkədə mərkəzləşdirilmiş Ailə Planlaşdırılması Sisteminin yaradılması belə halların qarşısının alınmasına öz töhfəsini verəcək.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR