Regional proqramlar Göyçay rayonunda uğurla icra edilir

Respublikanın digər regionlarında olduğu kimi Göyçay rayonunda da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilib. Proqramın icra edildiyi son 14 il ərzində rayonda geniş tikinti, quruculuq və abadlıq işləri aparılıb, yeni istehsal, ticarət və xidmət obyektləri inşa edilib, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Təkcə "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunları ərəfəsində Göyçayda daxili istehsalı artırıb, məhsul istehsalında əsaslı dərəcədə artım qeydə alınıb.

Hesabat ilində Göyçay rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 2016-cı ilin müvafiq dövrünə nisbətən 7,9% və ya 31,7 milyon manat artaraq 283,4 milyon manat olub.
Rayonun sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 32,9 milyon manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib, keçən illə müqayisədə sənaye məhsulu istehsalı 2,6% artıb.
Dövlət Proqramının uğurlu icrası nəticəsində aqrar sahədə də müəyyən uğurlar əldə edilib, 2016-cı illə müqayisədə taxıl istehsalı 4654 ton, dən üçün qarğıdalı istehsalı 3,3 dəfə artıb. Aqrar bölmənin aparıcı sahələri olan meyvəçiliyin və faraş tərəvəzçiliyin inkişaf etdirilməsinə diqqət daha da artırılıb, 62,6 min ton meyvə istehsal edilib, meyvə istehsalı 1,4% artıb. 138,1 hektar yeni bağ salınaraq meyvə bağlarının ümumi sahəsi 5896,2 hektara çatdırılıb ki, bunun da 82,9%-i bar verən bağlardır.
Ümumilikdə, rayonda 41,6 min ton tərəvəz istehsal edilib ki, bu da əvəlki illə müqayisədə 2,2 dəfə çoxdur. Fərdi təsərrüfatlarda istehsal edilmiş faraş tərəvəz məhsulunun böyük hissəsi ixrac olunub və təsərrüfat sahiblərinə xarici valyutada gəlir gətirib .
Kənd əməkçiləri tərəfindən 2018-ci ilin məhsulu üçün 16049 hektar sahədə şum qaldırıb, 14739 hektar sahədə taxıl əkilib ki, bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 282 və 122 hektar çoxdur.
Ölkə Prezidentinin baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına müvafiq olaraq müəyyən tədbirlər həyata keçirilib, ötən ilin may ayında kumdarlara 1900 qram barama qurdu paylanılıb və 5293 kq. barama tədarük edilib ki, bu da 2016-cı ilə nisbətən 4,6 dəfə çoxdur. Baramaçılığın yem bazasının yaradılması istiqamətində əməli tədbirlər görülüb, ötən il rayonun kəndlərində Çin Xalq Respublikasından gətirilmiş 86 min ədəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən göndərilmiş 46,6 min ədəd tut tingi əkilib.
Rayonun iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 29,7 milyon manat və ya 2016-cı illə müqayisədə 1,8% çox investisiya yönəldilib, tikinti quraşdırma işlərində istifadə edilmiş investisiyaların həcmi 1,6% artaraq 28,5 milyon manat olub.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası çərçivəsində əhalinin kommunal problemlərinin həlli, elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, rayon əhalisinin içməli su, elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülüb. Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına müvafiq olaraq "Azərsu" ASC tərəfindən rayonun 15 kənd yaşayış məntəqəsinə içməli suyun verilməsi üçün tədbirlər görülüb, kəndlərin ərazisində 148 bulaq quraşdırılaraq bürövlükdə 28656 nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun 6 kənd yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular o cümlədən, 101 ədəd bulaq quraşdırılıb. Rayon əhalisinin, müəssisə və təşkilatların elektrik enerjisi ilə təminatının etibarlılığının artırmaq üçün ötən il şəhər və kənd yaşayış məntəqələrində istifadəyə yararsız 12 transformator daha güclü transformatorlarla əvəz edilib, Ərəbcəbirli, Yalman, Çaxırlı, Mollahacılı, Şıxbəy, Bəydövül, Qaraməryam və Çayarxı kəndlərində 22,6 km uzunluğunda elektrik naqilləri yükünü özü daşıyan kabellərlə əvəz olunub.
Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması üçün 9 ədəd yeni tipli qaz tənzimləyici şkaflar quraşdırılıb, 1243 p.m müxtəlif diametrli qaz boruları yeniləri ilə əvəz edilib.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində rayon ərazisində tikinti, abadlıq və quruculuq sahəsində xeyli işlər görülüb.
1970-ci ildə istifadəyə verilmiş, tam yararsız vəziyyətə düşmüş, ümumi sahəsi 2 hektar olan 1500 yerlik şəhər stadionunda əhalinin asudə vaxtının səmərəli təşkili, idman-sağlamlıq tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün 2016-cı ildən başlanılmış əsaslı yenidən qurma işləri davam etdirilib, yeni işıqlandırma sistemi, oturacaqlar və idman avadanlıqları quraşdırılıb, basketbol və voleyboll meydançaları, sanitar qovşağı istifadəyə verilmiş, idmançılar üçün soyunub-geyinmə otaqları inşa edilib.
Ümumi ərazisi 6 hektar olan Əli Kərim adına şəhər parkında əsaslı təmir işlərinə aparılıb, yeni giriş qapıları inşa edilib, işıqlandırma sistemi quraşdırılıb. Əli Kərimin abidəsi parkın mərkəzinə, daha münasib yerə köçürülüb, parkda göyçaylı şairlərin dəfn olunduqları ərazi abadlaşdırılıb, Soyqırım abidəsi Şəhidlər xiyabanına köçürülüb. Bayraq meydanında aparılan yenidənqurma işləri başa çatdırılıb, Heydər Əliyev parkının ərazisi 1500 kv.m.-ə yaxın artırılıb. Avtovağzal binası qəzalı vəziyyətdə olması ilə əlaqədar 2015-ci ildə sökülüb, rayon sakinləri və qonaqlar həmin ərazidəki primitiv qaydada düzəldilmiş müvəqqəti avtostansiyadan istifadə edirlər.  Sərnişin daşınması üçün heç bir rahatlığın olmaması vətəndaşların haqlı narazılığına səbəb olduğu üçün rayon icra hakimiyyətinin təşəbbüsü ilə ötən il şəhərin Natəvan küçəsində yeni 120 yerlik gözləmə zalı olan avtovağzal binasının tikintisinə başlanılıb və yaxın vaxtlarda obyektin istifadəyə verilməsi nəzərdə saxlanılır.
Göyçay-Bərgüşad avtomobil yolunun Yuxarı Şirvan kanalına qədər olan 2 km-lik hissəsi yenidən qurularaq genişləndirilib, dörd zolaqlı olmaqla yeni asfalt örtüyü vurulub, həmin ərazidə yol kənarlarında baxımsız vəziyyətdə olan ticarət və xidmət obyektlərinin qarşısında lazımi səliqə və səhman işləri aparılıb. Kərpic zavodunun yaxınlığında fərdi layihə əsasında ünvan göstəricisi inşa edilib.
Olimpiya İdman Kompleksinin qarşısında müasir memarlıq uslubunda vaxt göstəricisi inşa edilib, ətrafı abadlaşdırılıb, yeni çəmənlik salınıb və gül kolları əkilib, gecə işıqlanması təmin edilib. Bu ərazidə həmçinin Göyçay şəhərinə giriş qapıları inşa edilib, qapılara şəhərin adı, həmçinin rayonun simvolu olan nar maketi vurulub.

Bundan başqa proqram çərçivəsində şəhərin Ə.Səmədli, Həbibi, Ş.Qurbanov, İ.Coşqun, Ə.Cavad küçələrində və 13 çoxmənzilli yaşayış binalarının həyətlərində 44 min kv.m-dən artıq yeni asfalt örtüyü salınıb, şəhərin park və xiyabanlarının, mövcud bağların abadlaşdırılması istiqamətində xeyli işlər görülüb, şəhərin bir çox küçələrində yeni yaşıllıqlar və çəmənliklər salınıb, 10 mindən artıq qızıl gül kolu əkilib.
Rayon icra hakimiyyətinin inzibati binasında, şəhərin mənzil fonduna daxil olan 11 ədəd 5 və 10 ədəd 2 mərtəbəli binalarında əsaslı təmir işləri aparılıb. Hesabat dövründə şəhər təsərrüfatının idarə edilməsinin təkminləşdirilməsi, şəhərin təmiz və səliqəli saxlanılması, məişət tullantılarının vaxtında daşınması, küçə və məhəllələrdə sanitar-gigiyenik və ekoloji tələblərə əməl edilməsi istiqamətində xeyli işlər görülüb, əvvəlki illərə nisbətən bu sahəyə cavabdeh olan müəssisə və təşkilat rəhbərlərinin fəaliyyəti müsbətə doğru dəyişib. Şəhərdə ticarət, sanitariya qaydalarını pozanlara, ərazini çirkləndirənlərə qarşı mübarizə xeyli gücləndirilib. Rayon əhalisinə kənd təsərrüfatı məhsulları satışında lazımi qayda yaradılması üçün tədbirlər görülüb, rayon Gigiyena və epidemiologiya mərkəzinin və Baytarlıq idarəsinin qaldırdıqları iddia əsasında uzun illər keçmiş Avtonəqliyyat müəssisəsinin ərazisində fəaliyyət göstərən ən adi sanitar və baytarlıq qaydalarına cavab verməyən bazarın fəaliyyəti dayandırılmış, əhalinin rahatlığını təmin etmək üçün şəhərin M.Hüseynzadə küçəsində örtülü kənd  təsərrüfatı  məhsullarının   pərakəndə  satış  bazarı  istifadəyə verilib.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi rayonumuzun da inkişafında ciddi dönüş yaradıb. Son 14 ildə rayon üzrə ümumi məhsul buraxılışı 6 dəfə, sənaye məhsulunun həcmi 8,3 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 3,6 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 28,3 dəfə artıb. Birinci dövlət proqramı qəbul edildikdən sonra rayonda 2984 yerlik 14 məktəb binası istifadəyə verilib, 5124 şagird yerlik məktəb binası əsaslı təmir edilib və ya yenidən qurulub, 5 məktəbdə 576 şagird yerlik əlavə sinif otaqları inşa edilib. 9 min nəfər əhalinni yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ləkçıplaq-Şıxəmir, 7 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Cəyirli-Yenikənd avtomobil yolu, Göyçay-Ucar avtomagistralı çəkilib, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Göyçay çayının məcrasında səviyyə qaldıran qurğu, Yuxarı Şirvan kanalı üzərində 3 mq.v gücündə su elektrik stansiyası inşa olunub.

Həmçinin proqramın uğurlu icrası nəticəsində bir sıra infrastruktur obyektləri istifadəyə verilib, Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemi yenidən qurulub, rayon mərkəzi də daxil olmaqla 44 yaşayış məntəqəsi qazlaşdırılıb. Emal müəssisələrində əsaslı yenidənqurma işləri aparılıb, ən müasir avadanlıqlarla təmin olunaraq ixrac yönümlü məhsul istehsalına başlanılıb. Ötən illər ərzində Heydər Əliyev və Gənclər Mərkəzləri, Olimpiya İdman Kompleksi, Şahmat məktəbi, Musiqi məktəbi, YAP rayon təşkilatı üçün inzibati bina istifadəyə verilmiş, genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb.

Üçüncü Dövlət Proqramında Göyçay rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi sahəsində 2017-ci ildə də müəyyən işlər görülüb.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR