"Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi inkişaf strategiyasının başlıca məqsədi ölkədə davamlı iqtisadi artıma və sosial rifaha nail olunmqdır. Bunun üçün hazırkı mərhələdə iqtisadiyyatın şaxələnməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsi kimi başlıca fəaliyyət istiqamətləri reallaşdırılır, genişmiqyaslı işlər görülür. Ölkədə gedən inkişaf hər bir bölgəni, şəhəri, qəsəbəni və kəndi əhatə edir. Həyata keçirilən sosial-iqtisadi inkişafı proramlarının icrası respublikanın əksər rayonlarının iqtisadi inkişafını təmin etməklə yanaşı, əhalinin sosial vəziyyətinin də yaxşılaşmasına səbəb olub. Son illərdə Bakı şəhərində və onun qəsəbələrində də tikinti-quruculuq işləri geniş vüsət alıb. "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı", eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif sahəvi dövlət proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Bakı şəhərivə ətraf rayonlarda irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin, o cümlədən kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə şərait yaradıb.
Ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları Qaradağ rayonundan da yan keçməyib. Aparılan tikinti-quruculuq, abadlıq işləri Qaradağ rayonunun simasını tamamlilə dəyişdirib. Qaradağ rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri yerli əhali ilə yanaşı, rayona gələn qonaqları da heyran edir, rayon ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Qeyd edək ki, Qaradağ rayonun sosial, iqtisadi həyatında son illərdə müşahidə olunan sürətli inkişaf həm sosial həm də iqtisadi sahələrdə yeni nailiyyətin qazanılması ilə əlamətdar olub. Belə ki, təkcə ötən il sənaye sahəsində 929 mln 693 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. 2017-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 76 mln 503 min manat, rabitə müəssisələri tərəfindən isə 3 mln 464 min manat həcmində xidmət göstərilib. Hesabat dövründə istehlak bazarı dinamik inkişaf etməkdə davam edib və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1 milyard 635 mln 968 min manatlıq və ya 2016-cı ilin müvafiq dövrünün səviyyəsinin 53,8 faiz həcmində istehlak məhsulları satılıb. İl ərzində Qaradağ rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 322 mln 404 min manat məbləğində investisiya yönəldilib.
Qaradağ rayonunun sosial-iqtisadi inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub. Məhz bu səbədən dövlət başçısı "Qaradağ Sənaye Parkının yaradılması haqqında" Sərəncam imzalayıb. "Ələt azad iqtisadi zonası haqqında" qanun qəbul edilib. Dövlət başçısı üçün hər zaman doğma olan Qaradağ rayonuna təkcə 2017-cı il ərzində üç dəfə səfər edib. Bu səfərlər çərçivəsində Prezident Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində, Gəmiqayırma zavodunda "Şahdəniz-2" layihəsi çərçivəsində inşa edilən "Xankəndi" sualtı tikinti gəmisinin təqdimat mərasimində və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edib. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatlar davamlı xarakter daşımaqla ölkə iqtisadiyyatının, o cümlədən Qaradağ rayonunun iqtisadi inkişafında əsaslı dönüş yaradıb və əhalinin sosial rifah halının daha da yüksəldilməsinə ciddi müsbət təsirini göstərib. Belə ki, Qaradağ rayonunda əhalinin sosial probleminin həlli daim diqqət mərkəzində olub. Konkrter olaraq əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə il ərzində 967 ailəyə ünvanlı sosial yardım təyin edilib. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Həyata keçirilmiş tədbirlər nəticəsində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qaçqın və məcburi köçkün ailələr üçün 1026 mənzilli yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mərasimdə iştirak edib. Hazırda Lökbatan-Qobu yolu istiqamətində qaçqın və məcburi köçkün ailələr üçün 11 çoxmənzilli yaşayış binasının, orta məktəb, uşaq baxçası və tibb məntəqəsinin tikintisi davam etdirilir.
Rayonda məşğulluq probleminin həlli də prioritet məsələlərdən hesab olunur. Təkcə 2017-ci ildə rayon ərazisində hüquqi və fiziki şəxslər tərəfindən 2700 yeni iş yeri yaradılıb. Ötən müddət ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Qaradağ rayonunda bir çox layihələr icra edilərək yeni istehsal və xidmət müəssisələri yaradılıb. Yeni yaradılmış istehsal və xidmət sahələrində 255 yeni iş yeri açılıb. Hazırda yeni istehsal və xidmət sahələrinin yaradılması istiqamətində tədbirlər davam etdirilir. Ölkəmizin əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi dəhliz rolunu oynaması, eyni zamanda sahibkarlığın inkişafına yaradılmış biznes və investisiya mühiti xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb edilməsinə geniş zəmin yaradıb. Bu məqsədlə hesabat dövründə Qaradağ rayonu ilə Çin Xalq Respublikası, Koreya və Latviya Respublikasının bir sıra vilayətləri arasında investisiyaların təşviqi, iqtisadi və mədəni sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində işgüzar görüşlər keçirilib. İqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 300 yaxın xarici iş adamları və dövlət rəsmləri ilə keçirilən işgüzar görüşlərdə ikitərəfli əməkdaşlığın gələcək inkişaf prespektivləri müzakirə olunub, xarici sərmayələrin rayonun iqtisadiyyatına cəlb edilməsi istiqamətində xarici iş adamları və rəsmi qurumlarla müvafiq sənədlər imzalanıb.
 Ərazisi 1080 kvadratmetr, əhalisi 109371 nəfər olan Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Qətiyyətlə demək olar ki, rayonun bütün qəsəbələrində sürətli tikinti-quruculuq və abadlıq işləri aparılır. Son illərdə Qaradağ rayonu ərazisində abadlıq-quruculuq istiqamətində görülən işlər rayon sakinləri tərəfindən rəğbətlə qarşılanır. Çünki, sakinlərin kommunal sahədə, həmçinin digər sosial sahələrdə mövcud olan bir sıra problemlər artıq öz müsbət həllini tapıb. Belə ki, rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi küçələrində, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış və bu istiqamətdə işlər bu gündə uğurla davam etdirilməkdədir. Həyata keçirilən abadlıq və yenidənqurma işləri çərçivəsində rayonun Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi 17, 27 saylı və Ələt qəsəbəsi Sülh küçəsi 1 saylı yaşayış binalarının ətrafında geniş abadlıq və yenidənqurma işləri həyata keçirilib. Abadlıq işləri çərçivəsində rayonun Ələt qəsəbəsində 9 yaşayış binasının fasadı təmir olunaraq 5670 kv.m suvaq-еmulsiya işləri, Lökbatan qəsəbəsində isə 3 binanın fasadında 12140 kv.m suvaq-еmulsiya işləri görülüb, 2 uşaq mеydançası və 14 kölgəlik quraşdırılıb. Ümumilikdə yeni istifadəyə verilmiş abad məhəllələrə 1650 kv.m yeni yaşıllıq sahəsi salınıb, 510 ədəd dekorativ ağac əkilib və ətrafına ümumilikdə 3880 kv.m asfalt örtüyü salınıb.
Hazırda rayonun Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev 39,41 və Hüseyn Məmmədov küçəsi 9 saylı yaşayış binalarının ətrafında abadlıq və quruculuq işləri davam etdirilir. Rayon ərazisindəki yaşayış binalarının dam örtüyündə ümumilikdə 75 010 kv.m əsaslı təmir işləri aparılıb.Yaşayış binlarının ümumi istifadə sahələrində 1100 kv.m blok pəncərələri şüşələnib, 246 ədəd pəncərə və 58 ədəd blok giriş qapısı təmir olunub. Yaşayış binalarında 4864 metr tüstü bacası, 1380 metr su navalçaları, 410 metr daxili istilik sistеmi boruları və 1380 m еlеktrik xətləri təmir еdilib. Rayonun qəsəbələrindən 103 000 kub.m məişət tullantısı daşınıb. Ümumilikdə cari ildə abadlıq və quruculuq işləri çərçivəsində rayonunun qəsəbələrində 7100 kv.m hörgü işləri, 17400 kv.m suvaq işləri, 29900 kv.m boyaq işləri görülüb. Baş Ələtdə "Azəravtoyol" ASC tərəfindən 17 500 kv.m sahə-yə asfalt vurulub. Bundan başqa Lökbatan qəsəbəsi Alim Şəbiyev küçəsində məhəllədaxili yollara 4018 m2, "Abad məhəllələrdə" 8310 m2 asfalt örtüyü vurulub. Rayonun Səngəçal qəsəbəsində 4800 m2, Müşviqabad və Lökbatan qəsəbələrində asfalt örtüyündə təmir aparılaraq 2000 kv.m asfalt örtüyü salınıb. Bakı-Qazax magistral avtomobil yolunun Qaradağ rayonundan kеçən hissəsinin və Lökbatan-Qobu yolunun kənarlarında və rayonun qəsəbələrindəki yеni salınan park və abad məhəllələrə 2220 ədəd zеytun, 35000-dən artıq müxtəlif ağac və bəzək kolları, 21500 kv.m qazon örtüyü, 20000-dən artıq mövsümü gül kolları əkilib. Rayonda əhalinin elektrik enerjisi, təbii qaz, istilik və içməli su təchizatının keyfiyyətli və davamlı təmin edilməsi və bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, həmçinin kanalzasiya şəbəkəsinin yaxşılaş-dırılması istiqamətində zəruri işlər davam etdirilib. Belə ki, təkcə ötən il ərzində ümumilikdə 11640 metr qaz xətti, 3576 paqon metr müxtəlif diametrli su və kanalzasiya xətti, 20835 metr müxtəlif gücə malik yeni kabel xətləri çəkilmiş və təmir edilib.
Məlum olduğu kimi Nazirlər Kabinetinin "Bakı şəhəri Binəqədi və Qaradağ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 8 saylı 22 yanvar 2016-cı il tarixli Qərarı ilə "Pilot layihə" formatında beş il müddətinə Qaradağ Rayon İcra Hakimiyyətinə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini və mənzil fondunun yenilənməsi haqda müvafiq tapşırıqlar verilib. Qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi, görüləcək işlərin davamlılığının təşkil edilməsi məqsədilə rayonun Lökbatan qəsəbəsində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində yeni binaların tikintisinin həyata keçirilməsi məqsədilə Azkomfort" MMC və "Babək-94" MMC ilə rayon İcra hakimiyyəti arasında müqavilə bağlanıb. Nəticədə "Azkomfort" MMC tərəfindən Lökbatan qəsəbəsi Seymur Orucov küçəsində inşası başa çatdırılmış 55 mənzilli yeni yaşayış binası sakinlərin istifadəsinə verilib. Hazırda "AzKomfort" MMC tərəfindən Rayonun Lökbatan qəsəbəsində 6 çoxmənzilli yaşayış binası və 120 yerlik uşaq baxçasının, "Babək-94" MMC tərəfindən isə 1 çoxmənzilli yaşayış binasının və 60 yerlik uşaq baxçasının tikintisi davam etdirilir. Hazırda rayonunun sənaye potensialı, xammal və təbii resursları ciddi təhlil edilməklə yeni istehsal sahələrinin yaradılması, sərmayələrin cəlb edilməsi, infrastruktur layihələrin həyata keçirilməsi, yeni iş yerlərinin açılması və sahibkarlara davamlı dəstək tədbirlərinin həyata keçirilməsi ümdə vəzifə olaraq qarşıya qoyulub.

Alim Hüseynli

Məqalə "Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" hazırlanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR